Aynur Təmkin
***
Bu gediş son gediş oldu. Vasifin bünövrəsi möhkəm sandığı sevgisi bir andaca kağız qüllələr kimi uçub dağıldı. Səmanın söylədiklərini nə qədər çalışsa da əfv edə bilmədi. Amma boşanmadı da. Özünə zaman qazanıb nə qədər bağışlamağa səy göstərsə də, sınmış qüruru buna yol vermədi. Əlləri hər şeydən üzülən İlham və ətrafı Rəhmanı və Vasifi gözdən salmaq üçün müxtəlif şayiələr uydurdular. Rəhman hər dəfə şəhərə-bazara çıxıb gələndən sonra saatlarla özünə qapandı. O və ailəsi gəlini yaşasın deyə hər cür çətinliklərə sinə gəlsə də, son nəticədə yaman dillər onun ailəsinin içinə qədər uzanıb ocağına kül üfürmüşdü. Vasifin qaşqabağı açılmırdı. Həyat indi sanki əlvan rənglərini bozun müxtəlif çalarlarıyla əvəz etmişdi. O düzülü-qoşulu yataq otağı göz dağı kimi hər dəfə oğlanın gözünə batıb ruhunu incidirdi. Niyə axı o, hamı kimi evini qurub xoşbəxt olmağı bacarmamışdı?..
– Bala, sənin fikrin nədir? – Rəhman qarşısında oturub gözlərini bir nöqtəyə zilləyən oğlundan soruşdu. Onun eşitmədiyini görüb əlini Vasifin çiyninə qoydu. Xəyal dünyasından qopub ayılan Vasif atasının nə deyəcəyini gözlədi. – Bax, bala, sən Səmanı elə-belə, bir günlük sevmədin. Hamımız buna şahid olduq. İndi nə olubsa olub. Yaxşı-yaxşı düşün. Mən görürəm ki, sən bu ayrılığa dözə bilmirsən. Son dəfə özünə də, ona da şans ver! – Rəhman bunu deyib oğlunun boynunu qucaqladı. Atasının qüdrətli əli vücudunda xoş istilik yaradaraq içinə fərəh gətirdi. At-oğul başların bulayaraq gülüşdülər.
Telefon zəng çaldı.
Rəhman:
– Ətiqə! – deyib səslənsə də, arvadından səs çıxmadı. Kişi ayağa qalxmaq istəyən Vasifin çiynindən basaraq dəstəyi özü götürdü. Amma cavab verən olmadı. Rəhman dəstəyi yerinə asandan sonra zarafatla oğluna ded. – Yəqin qızlar idi, səni axtarırdılar. Mənim səsim xoşlarına gəlmədi. – Yenə telefona aramsız zənglər gəldi. Vasifin tərpəmədiyini görüb yenidən dəstəyi özü götürdü. Bir andaca rəngi qaraldı, dodaqları göyərdi. Vasif atasının halını görüb özünü itirdi. Atasını qucaqlayıb dəstəyi əlindən alanda aramsız danışan adamın həqarətlərini eşidib qanı damarında dondu. Danışan Səmanın atası İlham idi. Vasif dəstəyi yerinə atıb atasını zorla stula oturtdu. Bu zaman cücələrə dən verib evə çıxan Ətiqə kişinin halını pis görüb qorxudan içini çəkdi. Lakin tez də özünü ələ alıb dərmanlar saxladığı siyirməni açıb həbi götürdü. Güclə Rəhmanın dilinin altına qoyub onun sakitləşməyini gözlədi.
Həyat gözlənilməz sürprizlərlə doludur deyirlər. Hər saniyə, hər dəqiqə nə gətirəcək, bizlər bilə bilmərik. Bir az öncə gəliniylə oğlunun barışması üçün vəsilə olan ata indi ürək ağrıları içində qovrulurdu. Və bunun səbəbkarı evinə dönməyini istədiyi gəlininin atası İlham idi.
Vasif ağlamaqdan qızarmış gözlərin övkələyib rəngi solmuş atasının bütün cizgilərini incələməyə başladı. Elə bil ona aid olan hər şeyi son nöqtəsinə qədər beyninə yazmaq istəyirdi. Anası pərişan halda divanın bir künçünə sığınıb oturmuşdu. Həkimin vurduğu iynələrdən sonra Rəhman azca rahatlanıb dərin yuxuya getmişdi.
Yaz günəşi dağların ardından boylanaraq ilıq şəfəqləriylə qəlbləri isitməyə çalışırdı. Həyətdə şən-şən civildəşən sərçələrin şən çingiltiləri eşidilirdi. Rəhman ayılaraq biri ayaq ucunda, biri divanda yatan arvadıyla oğluna baxdı. Onları oyadıb narahat etməmək üçün təkrar gözlərini qapayıb özünü yuxuya təslim etdi.
Rəhman iki gün yatdıqdan sonra heç kimin sözünə məhəl qoymadan çıxıb işə getmişdi. Vəziyyəti belə görən Vasif bir iki fəhlənin köməkliyi ilə Səmaya aid olan bütün cehizləri çağırdığı yük maşına yükləyib əmisindən onlara gəlməyi xahiş etdi. Gördükləri mənzərədən çaşbaş qalan Şahinlə Sənəm Vasifə nə qədər yalvarsalar da, gözü dönən oğlanı fikrindən daşındıra bilmədilər. Ətiqə ağlayıb-sıtqasa da, axırda o da sakitləşib bir kənara çəkilib oturdu.
– Əmi, Sənəm əmidostunu da yanına al, bunları yiyəsinə təhvil ver.
Şahin oğlanın qolundan tutub kənara çəkdi:
– Yəqin bilirsən də bunun dönüşü yoxdur.
– Bilirəm, əmi. Qoy hər kəs birdəfəlik qəbul edib otursun. Mənim buram yansa da, -Vasif əlini qəlbinin üstünə basdı, – daha Səmayla ailə ola bilmərəm, əmi. Başqa söz demə. Mənim ən təmiz hisslərimin qatilidir onlar. – Mama, Səmanın əmanətləri əmidostuya ver. Aparıb hamısını bircə-bircə qarşılarına saysın.
Sənəm nəsə demək istəyirdi. Lakin Vasif heç kimi dinləmək istəmədiyni bildirb işə getmək üçün hazırlandı.
Gülşən böyük maşının qapıları ağzında dayandığını görüb qapıdan boylanırdı ki, Sənəm və Şahinlə üz-üzə gəldi. Onların gəlişinin səbəblərindən xəbərsiz arsızcasına gülümsəyərək “Evə çıxın” deyə təklif etdi. Bu zaman fəhlələrin həyətə daşıdıqları əşyaları görüb hiddətindən qızardı. Gələnləri söyüb təhqir etməyə başlayanda qonum-qonşu səsə toplaşdı. Səma anasının nədən belə qəzəbləndiyini öyrənmək üçün eyvana çıxdığı an gördüyü mənzərədən dəhşətə gəldi. Pillələri sürətlə enib gah Şahinin, gah Sənəmin ətəyindən tutub ağlamağa başladı. Sənəm qızı yerdən qaldırdı, gözünün yaşını silib nə qədər sakitləşdirməyə cəhd göstərsə də, alınmadı. Səma onu möhkəm-möhkəm qucaqlayaraq buraxmaq istəmirdi. Səsə gələn Rəşidin arvadı Səmanı güclə Sənəmdən qopardıb evə doğru apardı. Şahin qızıl olan mücrünü Gülşənin qucağına dürtüb Sənəmlə bərabər qapıdan çıxdı.
Dəhşətli mənzərə idi. Bir zamanlar qibtə olunacaq qədər sevən iki gənc taleyin onlara oynadığı oyunun qarşısında aciz qalaraq xəzəl kimi küləklərə sovrulmuşdular. O böyük məhəbbətin yerində sadəcə acı və xəyal qırıqları qalmışdı.
***
Bu gün Ətiqənin bacısı qızının xeyir işi idi. Rəhman zorla Ətiqəni getməyə razı salmışdı. Vasifə: “Apar ananı xalangilə qoy, arvadın könlü açılsın. Sonra get sexə mənim açarlarımı al mənə gətir” tapşırığını vermişdi. Nədənsə Ətiqə getmək istəmirdi. Ürəyi yaman sıxılırdı. Nə qədər sakitləşməyə çalışsa da, sıxıntısı getdikcə artırdı. Deyib-gülən əzizlərinə baxıb gülümsəsə də, ürəyindəki həyəcanı yatırda bilmirdi.
Rəhman tərlədiyni hiss edib özünü kresloya güclə çatdırdı. Nəfəs almağa çətinlik çəkirdi. Ürəyi dəhşətli dərəcədə ağrıyırdı. Sancı sol kürəyi boyunca yayılıb vücudunu gərirdi. Getdikcə bədəni gücdən düşürdü. Boyun-boğazından tər sel kimi axıb gedirdi. Güclə dəstəyi qulağına yaxınlaşıdırıb Natiq müəllimgilin ev nömrəsini yığdı. Aparatın o başında Natıq müəllimin səsini eşidib zorla gülümsədi. “Bizə gəlin” deyə bilib dəstəyi əlindən saldı. Tək qorxusu Vasifdən idi. Oğlunun evə döndükdə onu ölü görüb qorxmasından narahat idi. Həyət qapısının açıldığını eşidəndə xeyli sevindi. Natiq müəllim iki dəqiqəyə özünü onlara çatdırmışdı. Elə onların öz həyətlərindən Neməti köməyə səsləmişdi.
– Rəhman, ay Rəhman! – Müəllim qonşusu adını çəkib evə girdi. Kresloda oturan Rəhmanı görüb yaxınına gəldi. Əlini üzünə vurdu. Buz kimi idi. Nəbzini tutmağa çalışdı. Döyüntü yox idi. Dəhşətə gəldi. Tükləri biz-biz oldu. Bu zaman Nemət də gəlib çatdı. Müəllim tələsik təcili yardıma zəng edib kömək istədi. Heyhat, Rəhman qonşuları gəlincə canını tapşırmışdı. Son nəfəsində belə oğlunu düşünən ata bir əlində qızının və nəvələrinin şəklini tutaraq əbədi olaraq dünyaya gözlərini qapamışdı. Nəvə həsrətiylə yanan Rəhman dünyanın, insanların ədalətsizliyinə qarşı mübarizə aparmaqdan yorularaq özünü zülmətlərə qərq eləmişdi.
***
Vasif açarları Nihadın maşının baqajına atıb evə qayıtdı. Qapılarının ağzında toplaşan kütləni görüb üşürgələndi. “Görəsən kimə nə olub? Allah xeyir eləsin” deyib maşından endi. Lakin qapılarını açıq görüb qorxu içində insanları yararaq özünü evə saldı. Atasının cansız üzünü görüb ürək dağlayan hönkürtüylə ağlayaraq onu qucaqladı.
– Ata, qurbanın olum, aç gözlərini. Aç deyirəm sənə. Bunu mənə edə bilməzsən, ay ata. Niyə məni göndərdin? Niyə məni gözləmədin? Niyə baxırsınız? Qaldırın atamı xəstəxanaya aparaq. Sizinləyəm. Eşitmirsiniz məni? – Dəli fəryad qopardıb yenidən atasının üstünə qapandı. – Ata, ayıl deyirəm sənə. De ki, məni bağışlayırsan. Ay ata! Qurban olum məni tək qoyma. Mən sənsiz neyləyərəm. Vüsaləyə, mamaya nə deyəcəm? Ataaaa. Ataaaaa… Mən elədim bunu sənə. Mən bir ölünü dirildib səni öldürdüm. Bağışla məni, ata. Bağışla!
Ayağa qalxıb görünməz bir qüvvəylə atasını qucağıana aldı.
– Yol verin! – deyib duranlara bağırdı.
Təcili yardım maşını xəstəxanaya üz tutdu. Vasif tək bir ümid, tək bir xəbərlə atasının ölmədiyini eşitmək üçün özünü qurban verməzdimi? Verərdi. Amma daha faydası yox idi. Ölüm faktı təsdiqlənib ölüm saatı yazılmışdı.
Bunu eşidib acısından çılğına dönən Vasif həkimin üstünə hücuma keçdi.
– Sizə deyirəm mənim atam ölməyib. Verin atamı, ayrı xəstıxanaya aparacam. Sizin qandığınız heç nə yoxdur. Atam ölməz deyirəm sizə. Ölləəmməəzz!
Boynunun damarları qabarıb partlamaq dərəcəsinə çatmışdı. Qəhərindən özünə yer tapmayan Vasif hələ də sakitləşmək bilmirdi. Gah özünü ora, gah bura çırpır, əlindən daman qana əhəmiyyət vermədən divarı yumruqlayırdı. Natiq müəllim oğlanın sakitləşmədiyini görüb onu arxadan qüvvətli qolları arasına aldı. Vasif kişinin qıçına güclü təpik ilişdirib onun qolları arasından çıxmağa səy göstərsə də, alınmadı. Nəhayət, Vasif dərin stress içində keyləşərək yerə çökdü. Başını qolları arasına alıb uşaq kimi hıçqıra-hıçqıra ağlamağa başladı. Şahin xəbəri eşidib xəstəxanaya çatanda artıq cənazəni evə gətirmək üçün maşına qoyub yola düşmüşdülər.
Aləm bir-birinə dəymişdi. Vüsalə atasının cənazəsini qucaqlayıb içini çəkir, “Sən etdin” deyə qardaşını atasının ölümündə günahlandırırdı.
– Bax, qardaş, öləni həyata qaytardın, yaşayanı öldürdün. İndi yaşa görüm bu günahla, necə yaşayaqsan! – deyib atasının üstünə qapandı.
Ətiqə göz yaşları içində ərinin baş uçunda oturub həzin-həzin ağlayırdı. Rəhman onların üçünü də bu dünyada tək qoyub ölümü seçərək gözlərini əbədi yummuşdu. Özüylə bərabər ailəsinin sevinc və nəşəsini qaranlıq zülmətə qərq etmişdi. Rəhmanın öldüyünü eşidən İlham: “İlahi ədalət buna deyərəm” deyib sevincini gizlədə bilməmişdi.
Son
Torpağın üzü soyuqdur deyirlər. Ölən heyif olur deyirlər. Zaman çox şeyin çarəsidir deyirlər.
Torpağın üzü soyuq olsa da, insanın qəlbi hər daim istidir. Ölənlərin həsrəti zaman-zaman bağrının başına elə od qoyar ki, heç nə onu soyutmağa yetməz. Zaman çox şeyə çarə olsa da, həsrətə çarə ola bilməz. Həsrət dediyin o hiss gecə yuxuda belə sənə dinclik verməz. Könlünün həsrətlə yanıb tutuşduğu əzizin sağmış kimi yuxuna qonaq gələndə için yandıqca yanar. Yumruq boyda olan o ürəyin dünya boyda dərdi qoynuna alıb zaman-zaman yaralarına duz basar. Sən gülərsən. Sən yeyib-içərsən. Sən yaşayarsan. Amma içindəki o həsrət bitməz ki, bitməz.
Yenə atasının məzarına gəlmişdi. Uzun-uzun söhbət edib dərləşdi. Daşdan ona baxan atasının məzarını doyunca öpüb qoxlayaraq ayağa qalxdı. Gözündəki yaşı silib məzarlıqdan ayrldı.
Aradan iki ildən çox vaxt keçmişdi. Yenə xatirələr təzələnib köhnə yaralarını tərpətmişdi. Vasif atasının ölümündə payı olan qaynatasının yasa gəldiyin eşidib elə həmin an dostu Nihaddan onu yas mərasmindən uzaqlaşdırmağını xahiş etmişdi. Rəhmanın qırxı çıxanın sabahı günü Vasif boşanmaq üçün ərizə verib Səmanı ömürlük həyatından çıxartmışdı. Səma işlədiyi musiqi məktəbində Vasifin illər sonra doğulan əmisi oğlunun oxumağını eşidib onun vasitəsiylə Vasifdən məlumat toplamağa çalışmışdı. Dəfələrlə Vasifə yaxınlaşmaq istəsə də, sonunda geri çəkilməli olmuşdu. Vasifin hələ də evlənməməyini özüylə əlaqələndirərək xəyallar qursa da, bütün səyləri boşa çıxmışdı. Sənəmin dəfələrlə Vasiflə Səmanı yenidən barışdırmaq istəyini eşidən Ətiqə axırda Sənəmdən inciyərək ondan üz çevirmişdi.
Tənhalıq Ətiqəni çox qocaltmışdı. Ərinin vaxtsız ölümü onun qəddini əymişdi. Bir yandan da Vasifin hələ də evlənməməyə israrlı olması qadını çox sarsıtmışdı. Bir gün oğlunun yenidən biriylə evlənəcəyi xəyalıyla qadın özünü ovudaraq, gecə-gündüz Tanrısına dua edirdi.
Vasifin sevgiyə, eşqə olan sonsuz güvənci tar-mar olmuşdu. Onun sevgisini qəddarlıqla ayaq altına alıb tapdayan hər kəsə nifrət edirdi. Lakin bu nifrətlə yaşamaq onu inçidirdi. Qəlbindəki kin-küdurətdən qurtulmaq istəyirdi. Yenidən həyata bağlanıb yaşamaq istəyirdi. Yaşıdları kimi oğlunun, qızının əlindən tutub atasını anlatmaq istəyirdi. Soyuq divarların çağa səsiylə isinməyini istəyirdi.
Arzular bitəndə bitir insan. Xəyallar tükənəndə ölür insan. Artıq Vasif yenidən xəyallar qurub arzuların qanadlarında göylərə pərvazlanırdı. Nəhayət, uzun illərdən sonra yenidən qəlbini aça biləcəyi bir qızı özünə ömür-gün yoldaşı seçmişdi bizim qəhrəman.
Küçədə gördüm illər sonrası onu. Artıq övlad atası idi Vasif. Ağrı-acılarını unudub xoşbəxt olmağı bacarmışdı o. İlk oxu daşa dəyib gənc yaşında böyük fəlakətlə qarşılaşsa da, bunu üstələyib yaşamağına davam etməyi bacarmışdı mənim qəhrəmanım.
İki yaşlı uşaq üçün bez alıb gülə-gülə aptekdən çıxıb maşınına doğru yeridi. Düzü, onun bu halı məni sevindirdi. Maşını sürüb bir doqqaz aşağıda olan evlərinə tələsdi Vasif. Axı onu orada qonur gözlü, şirin dilli, nənəsinin təsəllisi olan kiçik Rəhman gözləyirdi.
“Bəs Səma?” deyəcəksən oxucu dostum. Səma hələ də subaydır. Ailə qurmayıb. Tanrıdan diləyək ki, o da Vasif kimi xoşbəxt olmağı bacarsın. Həyatını qurub ailə olsun. Ana olmağın ləzzətini yaşasın.
Sevgi nədir? O bir dərin ümmandır. Hərə onu bir cür anlayır. Mənə görə, sevgi yolunda ölümü gözə ala biləsi qədər möhtəşəm duyğudur. Ruhunu əsir alan duyğuların ən alisidir. Qarşılıqlı dəyər və hörmətin elə özüdür. Sevgi dəyər istər, sevgi qayğı istər, sevgi mübarizə istər.
Oxucu dostum, sənə bu həyatda Sevgilərin ən möhtəşəmini diləyərək burada hekayətimi tamamlayıram. Uca yaradandan hər kəsə mənalı və gözəl ömür arzulayaraq sizinlə sağollaşıram.