Aynur Təmkin
***
Rəhman cibində qalan son manatlarını çıxardıb baxdıqdan sonra qaytarıb yerinə qoydu. Bu gün yeni qohumlarının qardaşı evində “Vağzalı” səslənəcəkdi. Kişi çıxılmaz vəziyyətdə idi. Əliboş, az miqdarda pulla toyda iştirak etmək istəmirdi. Başını itirb çarəsiz halda oturmuşdu.
– Ay kişi, niyə bikefsən? Toya getmirik? – Ətiqənin sualı qarşısında Rəhman başını qaldırıb ömür-gün yoldaşının gözlərinin içinə baxdı.
– Arvad, bir az pulum qalıb. Az pulla gedə bilmərik. Olan-qalanım da budur. Bunu da salsam toya, nə yeyibiçəçəyik?
Ətiqə ərinə yaxınlaşıb əlini onun əlinin üstünə qoydu.
– Dərd etmə, ay kişi. Nəyin varsa, onu qoy. Emindən xahiş edək, aparıb salsın. İnşallah, uşaqlar salamat qayıdıb gəlsinlər, bir qəşəng pay alıb gedərik evlərinə.
– Doğru deyirsən, Ətiqə. Yaxşısı elə budur.
Kişi sevincək ayağa qalxıb Eminə zəng vurdu. Əlliliyi zərfə qoyub ağzını bağladı.
Artıq yeməyin olmayacağına alışan Vasif dönər alıb yaxındakı kafedə əyləşdi. Ürəyi istəmədən bir dişlək alıb buz kimi ayranı başına çəkdi. Hər gün evə tələsən Vasif bu gün nədənsə evə tələsmirdi. Saatına baxdı. Saat on ikini göstərirdi. Asta-asta pillələri qalxıb qapıya açar saldı. Ev səssizlik idi. “Yəqin yatıblar” düşüncəsiyə asta-asta otağa doğru yollandı. Amma qaynatasıyla qaynanasının zəhər yağan simasını görüb ayaq saxladı.
– Salam, – deyə səslənsə də, cavab verən tapılmadı.
Səmaya yaxınlaşıb qara saçlarına əlini uzatmaq istəyəndə qız gözlərini süzüb başını yana çevirdi.
– Nəsə olub? – Artıq əsəbləri tarıma çəkildi.
– Olub, özü də necə olub. Ə, mən sənə demədim ki, atangil qardaşım qızının toyunda iştirak etsin? – İlham səsinin cod yerinə salıb kükrədi.
Vasif sakitcə susub qarşısında əl-qol ölçən qaynatasını istehzayla süzdü. Bunu görüb indi də Gülşən əlini belinə apararaq oğlanın qarşısına dikildi.
– Biabır olduq e, sizin sayənizdə. Aləm sizə gülüb toyda.
– Ba!.. – Vasif lağlağı tonda qaynanasına etiraz etdi. – Niyə, bimək olar?
– Olar, niyə olmur ki. Hamı sənin dədəni, ananı gözləyib ki, biz bəxtəvərlərin qudaları gələcək. Dədən dilənçi payı bir əllilik paketə qoyub göndərməklə işini bitmiş hesab edib. Amma bizə yeridir, a bala. Təqsir bizdədir ki, biz sizi adam yerinə qoyub toya çağırmışıq.
Vasif yanaqlarının necə qızardığını, boğazındakı damarların necə şişdiyini hiss edirdi. Əlləri əsir, beyni zoqquldayırdı. Güçlə udqunub əsəbini udmaq istəsə də, alınmadı. Gördüyü, eşitdiyi həqarətlər boğazına qədər gəlib düyünlənmişdi.
– Sizsizniz adam? Siz hansı ixtiyarla mənim anamın, atamın adını hallandırırsınız? Sağolunuz budurmu?
– Ə, sənin nəyinə sağ ol deyəcəm, ay oğ… – İlhamın dediyi sözlərdən oğlanın gözü kəlləsinə çıxdı. Bir bu qalmışdı. Sonunda bunu da eşitdi. – Gül kimi qız vermişdim sənə. Anan olan o arvad uşağımı zəhərləyib dərdə saldı. Bizi aylardır onun-bunun qapısında süründürdünüz. Balamızı ayağa qalxızaq deyə üzümüz görməyən şey qalmadı. Evimizə-eşiyimizə, isti yorğan-döşəyimizə həsrət qaldıq.
Yox, bu qədəri də çox idi.
– Səma… – Bir anlıq sevdiyi qadının dillənib hər kəsə susun deməsini gözlədi. Amma Səma ərinə göz süzdürüb onu günahsız yerə suçlayan ata-anasına qahmar çıxdı.
– Nə Səma! Düz deyirlər də…
– Nəyi? – Bağırtısından üçü də səksənərək ona baxdılar. – Mənim atamın-anamın bu işdə heç bir günahı yoxdur. Əsl günahkar sizsiniz. Xəstə olan qızınıza bunları yaşadan sizsiniz. Onu ölümə atan, onun yaşaması üçün barmaq belə tərpətməyən də sizsiniz. Siz öncədən Səmanın xəstəliyini bilərək onun ərə getməsinə əngəl olmamısınız. Zamanında müalicəsini tam almış olsaydı bu gün bütün bunlar yaşanmayacaqdı. Neylədin sən qızın sağalsın deyə? Bir kərə, yalnız bir kərə sənə kömək et dedim, qabağıma dilənçi kimi pul atdın. Ehtiramı çıxmaq xaric, sən ata, sən ana bu qız həyata dönsün deyə neylədiniz? Atamı-anamı bəyənmirsiniz. Siz mənim xalamın evində rahat olasınız deyə o kişi çıxıb getdi buralardan. İsti yorğan-döşək davası çəkən sən, nə tez sənə öz yatağını verən adamı unutdun. Maşınımı satdım, halal xoşu olsun. Yığdığım pulu xərclədim. Halal xoşu olsun. Borc sandığım pulu atamın əməliyyat pulu olduğunu bilmədən xərclədim. Anam qızıllarını satdı. Bəs siz neylədiniz? Toya getməyiblər, əcəb ediblər. Heç düşündünüz ki, atam-anam nə haldadırlar? Olan-qalan nələri varsa sizin övladınızın yolunda fəda edən insanlara haqqdırmı bu? Yazığım gəlir sizə. Yazığım.
Vasifin bu həmləsindən çaşan İlhamla Gülşən quruyub qalmışdılar. Dilsiz-ağızsız bildikləri yeznələri bir andaca onların paxırını açıb hər şeyi üzlərinə vurmuşdu. Bütün ağır ittihamları Vasifə söylədikləri zaman nə düşünüb hansı ağıla qulluq etmişdilər? Onlar Vasifin sonsuz məhəbbətinə deyəsən çox güvənmişdilər. Əmin olduqları bir şey vardı. Vasifin Səmaya olan sönməz eşqi. Bu böyük sevgiyə güvənərək İlhamla arvadı gənc adamı olmazın şeylərlə ittiham etmişdilər.
Ortaya dərin süküt çökmüşdü. Heç kim dillənib danışmırdı. Vasifin qəlbindəki fırtına dinmək bilmirdi.
– Ondan-bundan dilənib məni müalicə etdirmisən. İndi də atama-anama qovzanırsan, eləmi? Mənim heç nəyim yox idi. Məni bu hala sənin anan saldı. Allahdan tək bir istəyim var. Mənim yaşadıqlarımı yaşayasınız. – İlham qızının dediyini eşitcək irişərək arvadına baxdı. Başıyla Səmanı göstərərk qürurla sinəsini qabağa verdi.
Bunu deyən o idi. Canını, qanını, ömrünü verməyə hazır olduğu qadın. Demək ki, bunca zaman Səmanı yanlış tanımışdı. Gözlərini yaş pərdəsi bürüdü. Amma yox. O, o qədər aciz və əqidəsiz biri deyildi. Vasif onun böyük sevgisini yerlə-yeksan edən qadına baxıb içində nəyinsə qopduğunu hiss etdi. Yatdığı otağa keçib hesab kartını götürüb geri qayıtdı.
– Al bunu, Səma xanım. Dilənib yığdığım pulun qalan hissəsi. Mən gedirəm. Allah şəfanı versin. Sağlamlığına qovuşmusan. Amma insanlığını o xəstəxananın boz divarlarında qoyub çıxmısan. Artıq anladığımı anladım. Sən məni həyatından sildiyin çox zaman olub. Sən gəzməyi öyrəndin, bundan qabaq sevməyi, mərhəmətli olmağa da öyrən. Sevmək qapının kandarına salınan bez olmaq deyil. Sevmək o sevgini qoruyacaq qədər, ona layiq olacaq qədər cəsarət sahibi olmaq deməkdir.
Onlar bunu gözləmirdilər. Kor gözlər yalnız indi açılmışdı. Səma buraxdığı səhvi hələ indi anlayaraq yumruğunu ağzına tutdu. Ərinin getməyə hazırlaşdığını görərək arabasını əlləriylə tərpədib ona yaxınlaşdı. Ağlaya-ağlaya oğlana yalvarmağa, dizlərini qucaqlayıb sarmalamağa başladı. Ancaq nə fayda. Səma Vasif üçün müqəddəs olan hər nə varsa məhv eləmişdi. Ata-anasına söylədiyi sözlərlə gənc adamın sevən qəlbini parça-parça etmişdi. Sevgisi od olub alovun dilimləri göylərə ucalarkən Səma buz kimi suları bu odun üstünə ələyərək onu söndürmüşdü. İndi yerində gözləri kor edən tüstü qalmışdı.
Qapını çırpıb çıxdı. Səmadan ucalan nalə səsinə dönüb belə baxmadan yola düzəldi. Yaxınlıqda boş duran taksiyə oturub onu xalasigilə sürdürdü. “Siz burada gözləyin, indi dönürəm” deyib binaya girdi. Lifti gözləmədən pillələri tez-tez qalxdı.
Züleyxa gecənin gec vaxtında bacısı oğlunu görüb qorxdu.
– Səmaya bir şeymi olub? – soruşanda oğlan yalnız başını yelləməklə kifayətləndi.
– Xala, təcili işim çıxdı. Rayona qayıdıram. Gəldim sizinlə halallaşam.
Züleyxanı qucaqlayıb bağrına basdı. Səsə çıxan Təbriz kişinin əlini sıxıb onunla da salamatlaşdı. Təbriz kişi nə qədər cəhd etdisə, oğlanı bu gecəni onlarda qalması üçün razı sala bilmədi. Vasif “Taksi məni gözləyir” deyib çıxıb getdi.
Avtovağzala gəldi. Soraqlaşa-soraqlaşa rayona getməyə sərnişin gözləyən sürücünü tapdı. On dəqiqə sonra Bakıyla vidalaşaraq gözlərini qapadı.
Səma dəfələrlə Vasifə zəng etsə də, zəngləri cavabsız qaldı. Sonunda Vasifin telefonu söndürdüyünü görüb ağlaya-ağlaya yatağına girdi. Qəlbi sızıldayırdı. Vasifi itirmək qorxusu canına kabus kimi köçmüşdü.
Bütün gecəni ağlamaqla keçirdən Səma erkəndən yenə Vasifə zəng etdi. Nömrə işləmirdi. Çarəsiz halda dünən təhqir etdiyi qaynanasına zəng vurdu. Ətiqə yuxulu halda telefonu qulağına yaxınlaşdırdı.
– Salam, Səma. Xeyirdimi erkəndən, qızım? Yox… Həyəcanla yerindən sıçrayıb qalxdı. Nə olub ki, aranızda? Ay qızım, bir şey yoxdur deyirsən, bəs onda Vasifi niyə məndən soruşursan?
Qadın gəliniylə danışa-danışa oğlunun yataq otağının qapısını açdı. Vasif yox idi. Mətbəxə boylandı. Orada da görmədi. Artıq dizləri əsməyə başlamışdı. Tək ümidi böyük şüşəbənd idi. İçəri boylandıqda büzüşüb yatan oğlunu gördü. Ananın həsrəti dilə gəldi.
– Ay Səma, narahat olma, bala. Get başını qoy yat. Vasif bərk yatıb. Oyatmağa qıymıram. Durub özü zəng edər.
Qadın yaxınlaşıb qalın ədyalı Vasifin üstünə örtdü. Oğlunun pərişan görkəminə gözləri doldu. Göz dolusu baxdı, ürək dolusu qoxusunu içinə çəkdi. Balası necə də qocalmışdı. Alnında dərin qırışlar qat salmışdı. Saçlarında ağ bəyazlar cığır salmışdı.
Durub mətbəxə keçdi. Vasif durana qədər onun sevdiyi yeməkləri hazırlmağa başladı.
***
Səma bu gün sonuncu dəfə müayinədən keçmişdi. Arif bəy Vasifi görməyib xeyli təəccüblənsə də, heç kimdən onu soruşmamışdı. Səmanın bulud kimi dolmuş gözlərindən heç də yaxşı şeylər oxumamışdı həkim.
– Səma xanım, – Arif bəy dedi, – şükürlər olsun ki, o qorxulu kabus dolu günlər geridə qaldı. Artıq yeriyə də bilirsiniz. Özünüzə son dərəcə diqqət etməlisiniz. Sizə təyin olunan dərmanları atmağı unutmayın. Qida rasionunuza çox diqqət edin. İnşallah, zaman-zaman səhhətiniz daha da yaxşı olacaq. Mən sizi üç aydan sonra müayinə üçün gözləyəcəm. Səhhətinizə “Yaxşıyam, sağalmışam” deyib biganə yanaşmayarsınız.
Atasının çağırdığı taksiyə oturub yaşadıqları evə qayıtdılar. Gülşən əvvəldən yığışdırıb hazır qoyduğu zənbilləri əriylə köməkləşib aşağı endirdi. Nəhayət, yola çıxa bilərdilər. Səma Vasifə zəng edib gələcəklərini desə də, Vasifdən heç bir reaksiya görmədi. Ondan əli üzülən Səma əvvəl qaynanasına, sonra qaynatasına zəng edərək evinə gəlmək istədiyini söyləyib ağladı. Rəhman Səmanın yalvarışalarına dözməyib “Gəl” dedikdə Vasifin gözlərinin dərinliyindəki böyük kədəri görüb yıxıldı.
Ətiqənin ana qəlbi parçalansa da, axan göz yaşlarını silib qollarını çırmalayaraq Səmanın çox sevdiyi qıymalı aş süzmüşdü. Adına layiq süfrə açıb gəlininin gəlişini gözləyirdi.
Vasif bağçanın aşağısına enib tərgitdiyi siqareti damağına qoydu. Ciyərlərini yandıracaq qədər acı tüstüsünü sovurdu. Bütün xəyalları, arzuları qışın sazağına tab gətirməyib ayaz vuran yarpaq kimi parçalanıb yerlə bir olmuşdu. Daha sevmirdimi? Sevirdi. Hələ də çox sevirdi. Amma təəssüf ki, içində qırılan, bərpası mümkün olmayan o böyük güvən tamamilə yox olmuşdu. Səmanı gözündə pak göstərən nə var idisə, o gün məhv olmuşdu. Onunla bərabər Vasifin səadət dolu günləri zamanın sınağına tab gətirməyib elə ömür yolunun başlanğıcında çilik-çilik olmuşdu.
Qapıda maşın dayandı. Ətiqə Rəhmanın arxasıyca qapıya çıxıb gələnlərə xoş gəldin dedi. İlham qudasının onları qarşıladığını görüb ürəkləndi. Vasifin yəqin olanları valideynlərinə anlatmadığını düşünüb irişərək kişiylə əl tutdu. Səma ayaqlarını ehtiyatla yerə basıb maşından düşərək gülə-gülə qaynanasını qucaqladı.
– Ata, – deyərək Rəhmanın boynuna sarıldı. Sonra aylar öncə ölümcül halda tərk elədiyi evini göz dolusu nəzərdən keçirdi. Hər yanda gözü Vasifi axtardı. Uzaqdan onlara doğru gələn ərini görüb üstünə yeridiı. Rəhman gənc ər-arvadı tək buraxmaq üçün qonaqları yuxarıya dəvət elədi.
– Vasif, bax, mən gəzirəm. – Zorla pıçıldayaraq oğlanın boynunu qucaqladı. Başını onun sinəsinə söykəyib ürəyinin aramsız döyüntülərinə qulaq asdı. – Bir bilsən sənsiz necə darıxmışam. Səndən ötrü burnumun ucu göynəyirdi. – Altdan-yuxarı ərinə baxdı. – Bağışla məni, Vasif. Yalvarıram, bağışla.
Vasif əlindəki siqaretin kötüyünü yerə atıb qızı özündən araladı. Bu hərəkətiylə Səmanı qırdığını bilsə də, onun sualına cavab vermədən evə addımladı. Səma yaşarmış gözlərini silib onun ardıyca yollandı. Vasif stolun baş guşəsində şəstlə oturan adamı görüb tutuldu. Heç kimlə danışmadan qabağına qoyulan aş boşqabını könülsüzcəsinə qaşıqlamağa başladı. Səma bir gözü ərində yeməyini yeyib ayağa qalxdı.
– Ana, mən öz otağına getmək istəyirəm. – Səma o qədər məzlum bir hal almışdı ki, Ətiqənin ürəyi ağrıdı.
– Görmək istəyirsən get gör, ay bala. Otağını necə qoyub getmisənsə elə də durur. Heç Vasif də daha orada yatmır.
Səma ani hərəkətlə başını qaldırıb Vasiflə göz-gözə gəldi. Oğlanın gözlərindəki ifadədən üşürgələndi. Tələsik qalxaraq öz otağına adladı. Hər şey öz yerində idi. Heç nəyi dəyişməmişdilər. Ağlaya-ağalaya hər şeyi incələdi. Hər şeyə sığal çəkdi. Burada olan hər şey onun xoşbəxt günlərinin şahidi idi.
Ətiqə özünə də çay süzüb keçib ərinin yanına əyləşdi. Rəhman uzun-uzun düşünüb bir-bir hamını baxışlarıyla incələdi. Bu mövzunu açmaq çətin olsa da, məcburiyyətdən etməli idi. Daha məsələni uzatmağın mənası yox idi.
– Əvvəla, Səma, sağalıb ayağa qalxmağına çox sevindim. Allaha şükürlər olsun ki, bu gün sağlığına qovuşdun… – Bir az fasilə verib yenidən sözünə davam etdi. – Bax, qızım, aranızdan nələr olub, nələr keçibsə, hamısı dünəndə qaldı. Sizin yaşadıqlarınızı Allah bir də heç kimə yaşatmasın. Anladığım qədəriylə Bakıda aranızda gərginlk olub. Birincisi, bir şeyə aydınlıq gətirmək istəyirəm. Sənin bu xəstəliyə tutulmanın səbəbi Ətiqə deyil. O günü sən o zəhrimarı əlinə alar-almaz Ətiqə səni vanna otağından basıb çıxardıb. İkincisi, qızım, sənə olunan hər şey halal xoşun olsun. Üçüncüsü, bala, mən bu ailənin böyüyü olsam da, son qərar oğlumundur. İndi o nə desə, elə də olacaq.
Rəhman sözünü bitirib, alnını basan təri silib oğlunun verəcəyi qərarı gözlədi. Vasifin içi qan ağlayırdı. Verəcəyi qərarı çox fikirləşib, çox düşünmüşdü. Bir tərəfi yox deyib fəryad etsə də, digər yanı bu işdə düzgün addım atdığını söyləyirdi.
– Səma, atanın evinə dön. Sən də düşün, mən də düşünüm. Yaşanan onca şeydən sonra heç nə olmamış kimi davrana bilməyəcəm. Sənin də canın yanacaq, mənim də. Get müalicə olun. Sonra baxarıq.
– Vasif… – Səma göz yaşlarını silib ata-anasına baxdı.
Böyük ümidlə gəldikləri evdən böyük xəyal qırıqlığıyla çıxdılar. Şahin qapıda onları gözləyirdi. Səma maşına oturanda əlini irəli uzadıb Vasifin əllərindən tutdu. Lakin oğlan üzünü kənara çevirib əlini onun zərif barmaqlarından çəkib çıxardı. Səma hönkürüb, başını donub qalan anasının çiyinlərinə qoydu.
(Ardı var)