Aynur Təmkin
***
Rəhman neçə gün idi fikirli-fikirli gəzir, dərdini bir kimsəyə açıb demirdi. Ətiqənin bimədiyini sandığı məsələni eşitdiyi gündən kişi dərindən sarsılmışdı. Qardaşı Şahin onu nə qədər sakitləşdirməyə çalışsa da, Rəhman eşitdiklərini həzm edə bilmirdi. Küçədə-bazarda dolaşan şayiələr ürəyindəki tutmaların artmasına səbəb olmuşdu. Arvadının qızıgildə olduğu gün qəfil başlayan ürək ağrısı dözülməz həddə çatanda dadına qonşuları Natiq müəllimlə Nemət kişi çatmışdı. Həkim ona stress və həyəcandan qəti surətdə uzaq durmağı tapşıraraq əməliyyatın qaçılmaz olduğunu söylədiyi zaman Rəhman qonşularından bunu hər kəsdən gizlin tutmaları üçün onlara and-aman etmişdi.
Fikir içində yeridikcə başı zoqquldayırdı. Natiq müəllim küçədə donmuş suyu açmağa çalışırdı. Salamlaşıb hal-əhval tutdu. Nə düşündüsə hörmətlə yanaşdığı qonşusuna içini deşən dərdini anlatdı. Ondan məsləhət istəyirmişcəsinə üzünə baxdı.
– Müəllim, sən dünyagörmüş birisən. Sənin savadın, həyat təcrübən məndən çoxdur. Sən nə məsləhət bilirsən, uğrunda nəyim var töküb yaşaması üçün əlimdən gələn hər nə varsa etdiyim gəlinimin adamlarıyla mən necə davranım? Mən gəlinim evimə sappasağlam dönsün deyə hətta özümdən belə vaz keçdim. Yoldaşım illərlə qoruyub saxladığı ana yadigarı zinətini satıb onların qızlarının müalicəsinə sərf etdi. Bunu demək bir az düz alınmır. Amma, ay müəllim, ürəyim hirsimdən çatlayır. Qızlarının xəstəliyini bilə-bilə onu ərə verən atası-anası onu biz bu hala qoymuşuq deyib el-aləmə car çəkiblər. Hara gedirəm bizim söhbətimiz. Hara gedirəm bizim qeybətimiz.
Natiq müəllim diqqətlə Rəhmanı dinlədikdən sonra xeyli düşündü. Bu mövzu çox həssas bir mövzu olduğundan buraya kənar adamın müdaxiləsini artıq sandı.
– Rəhman, hər kəs səni yaxşı tanıyır. Sən nə etmisənsə balanın xətrinə eləmisən. Üzüb-üzüb quyruğuna çatmısan. Səbr et, gəlin xəstəxanadan çıxsın. Sağ-salamat evinə qayıtsın. Sonra bunu öz aranızda müzakirə edib işi yoluna qoyarsan. Keçən dəfə həkimin dediyini eşitdin. Sənə əsəbləşmək, həyəcanlanmaq olmaz.
– Nə bilim, ay müəllim. Bu qədər haqsızlıq olmaz. Amma siz düz deyirsiniz. Yaxın zamanlarda gəlin xəstəxanadan çıxacaq. Bir xeyirli evimizə gəlsin, qalanı düzələr.
Sağollaşıb yoluna düzəldi. Bir qədər aralanmışdı ki, ürəyində yaranan ağrı vücudu boyu yayılıb nəfəs almasını çətinləşdirdi. Dərindən nəfəs almağa çalışarcasına ağzını geniş araladı. Əlini ürəyinin başına basıb divara söykənəli qaldı. Evə dönmək istəmirdi. Vüsalənin böyük qızına “Sizə gələcəm” deyib söz vermişdi. Nəhayət, özünü toparlamağı bacardı. Dayanacağa qədər gedib qardaşının taksi kimi fəaliyyət göstərən maşınına əyləşdi.
Vüsalə əmisinin qulağına pıçıldadığı sözlərdən təşvişə düşdü.
– Yaxşı, əmi, – deyib tələsik atasının arxasıyca evə yollandı. Qaynanasının dilaltı həbini yalvar-yaxarla ona içirtdi. Rəhman əhvalının vetdikcə düzəldiyini görüb qızların əlindən tutub həyətə endi. Kiçik çillənin cövlan etdiyi fevral ayı öz qarını yerlərə ərməğan etmişdi.
***
Bütün xəstəxana bu gün ölümü yenmiş gənc Səmanı yolçu etməyə gəlmişdi. Ayaqları yer tutmayan Səma arabada oturaraq ağlayırdı. O, bu günü çox gözləmişdi. Necə həsrətlə ağrılı gecələri başa vurub ağrılı sabahları açmışdı. Günlərlə ağlayaraq “Məni bu əzabdan xilas edin” deyib həkimlərə, tibb bacılarına yalvarmışdı. Hər dəfə sanitarlar ona yaxınlaşanda xəcalətindən zülüm-zülüm ağlayaraq göz yaşlarıyla özünü ovutmuşdu. Yer tutmayan ayaqlarına baxıb çırpınaraq özünə sitəm etmişdi. Bir gün Vasifin ondan bezib ona üz çevirər qorxusuyla yorğanı üzünə çəkib hönkürmüşdü.
Budur. Artıq səadətin bir addımındadır. Çoxlarının həsədlə baxdığı əri yanındadır. Baldızı südəmər çağasını evdə qoyub onu qarşılamağa gəlib. Saçlarına ağ dən düşmüş qaynanası, qaynatası, Təbriz dayı, Züleyxa xala, Şahin əmi, Arzu xala, atası, anası, qardaşı, əmisi Rəşid… Hər kəs. Onu sevən hamı burada idi. Vasif bir dəstə gül bağladıb sevdiyinin görüşünə tələsmişdi. Tibb personalında çalışan, sevimli Səmasının əziyyətini çəkən hər kəsə bir qönçə bağışlamışdı.
Alqış səsləri altında xəstəxananı tərk elədi. Qış rayonlarda sərt üzünü göstərsə də, Bakıda günəş göy üzündə parlayaraq isti şəfəqləriylə gözəl Səmanı salamlayırdı. Səma göz yaşları içində gülümsəyir, arada da bərk-bərk qucaqladığı gülləri qoxulayırdı.
Ətiqə oğlunun kirayə tutduğu evdə gözəl süfrə açmışdı. Rəhman Təbriz kişini başda oturtdub Səmanın arabasını onun yanına yerləşdirmişdi. Hər kəs yeyib-içir, bu gözəl anların dadını çıxardırdı. Rəhman oğlunun gülər üzünə baxdıqca qəlbi sevincindən yerindən çıxırdı. Tanrı yenidən bu gənc ailəni bir araya gətirmiş, Vasifin yarına qovuşdurmuşdu.
– Qızım, bu şərbət dolu qədəhi sənin sağalmağının şərəfinə qaldırıram. Ailənə xoş gəldin. Sizi qovuşduran Allah bir də sizi ayırmasın. Xoşbəxt ol, qızım. Hamımız sənin üçün çox üzüldük. Hamımız sənin üçün az göz yaşı axıtmadıq. İndi burada sənin adını çəkdiyim zaman Vasifin adını çağırmasan bu böyük haqsızlıq olar. Qızım, bu gün aramızda varsansa bunu böyük Allaha, bir də Vasifə borclusan. Bəlkə də heç kim bilmir ki, Vasif sənə bir şey olar qorxusuyla gecələri buz kimi döşəmədə oturmaqla sabahı sabah edib. Bəzən təmirə dayanan maşının içində yatıb. Bəzən iş olmayanda bazarda araba sürüb pul qazanıb. “Bir manat nədir ki, sən bundan ötrü bu qədər ağır yükün altına girirsən” deyəndə Vasif yalnız tək bir cümlə işlədib: “O bir manat Səmanın ehtiyacı olan xırda bir şeyin puludur”. Yəni dediyim odur ki, qızım, sağal. Həmişə ərinə dəstək ol. Əlindəki sevginin dəyərini bil. Belə sevgi hər qadına nəsib olmur.
Səma yaşarmış gözləriylə ərinə baxıb o atəşli gözlərindən axan bir damla göz yaşlarıyla təşəkkürünü bildirib başını aşağı saldı. Vasif onun düşündüyündən də vəfalı yoldaş idi.
***
Yazın ətri havada duyulmağa başlamışdı. Ağaclar çiçəklənməyə, yaşıl yarpaqlarıyla göz oxşamağa başlamışdı. Mavi səma, göy Xəzər əsrarəngiz bir gözəllik yaradaraq insanın qəlbinə, beyninə nüfuz edirdi. Gündüz Səmanı həkimə aparıb evə qayıtdıqdan sonra işə tələsən Vasif çox yorulsa da ruhdan düşmürdü. Arif bəyin hər şeyin yolunda getdiyini söyləməsi onu daha da ruhlandırırdı. Bir gün Səmanın yenidən yeriyəcəyi günü arzulayır, ər-arvad gəzib dolaşacağı günləri xəyal edirdi.
Yorğunluqdan Vasifin göz qapaqları qapanırdı. Yuxu artıq ona güc gəlirdi. Bir tikə yemək yeyib başını atıb yatacaqdı. Evə daxil olduqda qaynatası kiminləsə bərk-bərk danışırdı. Vasif başıyla salam verib Səmaya yaxınlaşdı. Ona gülümsəyərək saçlarını oxşadı. Səma oğlanın bu təmasından xoşallanıb nazla ona gülümsədi.
– Necəsən, Səma? – qayğıyla dilləndi.
– Yaxşıyam. Sən necəsən?
– Sən yaxşısansa, demək, mən də əlayam! – Oğlan qıza göz vurub üstünü dəyişmək üçün o biri otağa keçdi. Qaynanası güzgü qabağında qaş alırdı. Vasif gördüyündən utanıb geri qayıtsa da, Gülşən yerindən tərpənmədi.
Oğlan əllərini yuyub quruladıqdan sonra mətbəxə baş çəkdi. Çirkli boş qazanla boşqablar kranın altına calanmışdı. Qaynatasıgil çoxdan yeməklərini yeyib ağızlarını silib oturmuşdular. Daha nəsə soruşmağın adı yox idi. Soyuducuya yaxınlaşıb pendiri götürüb qabağına qoydu. Tikələr ağzında böyüdükcə zorla gəvələyib uddu. Qaynanasının saymaz hərəkətlərinə pərt olsa da dillənmədi. Soyuq çaydandan bir stəkan çay süzüb başına çəkib otağa qayıtdı.
– Vasif, bir həftədən sonra qardaşım qızının toyudur. Getmək lazımdır. Rəhmana söylə. Biz burada Səmanı tək qoyub gedə bilmərik.
– Deyərəm, İlham dayı, əgər məsləhət bilərlərsə, gedərlər.
– Məsləhətdir ki deyirəm də.
– Allah xoşbəxt eləsin. Mən iki günlük icazə alaram işdən. Siz Gülşən xalayla gedin, toyunuzda iştirak edin.
– Bizim əvəzimizə Ehtiram gedər. Sənin əvəzinə də atangil gedər. Bir get, bir gəl. Hamısı artıq xərcdir.
Vasif yorğun halda ayağa qalxdı.
– Səma, mən gedirəm yatmağa. Nəyəsə ehtiyacın var? – Şəfqətli baxışlarla qızı süzdü.
– Yox, Vasif, sən get yat. Mənim bir azdan serialım başlayacaq. – Səma gülümsəyərək oğlanı süzdü.
– Onda gecəniz xeyrə qalsın.
Özünü yatağa atıb gözlərini qapadı. Ata-anası üçün bərk qəribsəmişdi. Onlardan ötrü burnunun ucu göynəyirdi.
Gələn səsə-haraya hövlnak qalxıb key-key ətrafı süzdü. Harada olduğunu dərk edə bilmədi. Astaca qalxıb qapıya yaxınlaşdı. Qaynatasıyla qaynanası televizorda gedən komediyaya baxıb şaqqanaq çəkərək gülürdülər. Səma da onlardan geri qalmırdı. Oğlan yuxulu gözlərin ovuşdurub yatağına qayıtdı. Amma nə qədər istəsə də, yata bilmədi. Qaynatasıgilin saymaz hərəkətləri əsəblərinə toxunsa da, Səmanın xatirinə ona edilən bütün hörmətsizliklərə göz yumurdu.
Sabah erkəndən Səmanın yatmasına bir xeyli tamaşa edib qapıdan çıxdı. Yolüstü kafelərin birinə girib bir stəkan çayla bulka aldı. Şirin şeyləri çox da sevməyən Vasif ətini yeyirmişcəsinə sabah yeməyini tamamlayıb işə yollandı. Oğlan ev kirəsini, Səmanın digər xərclərini ödəmək üçün hesabda olan bir qism pula əlini vurmurdu. Qəfil lazım olar düşüncəsiylə səhər-axşam emalatxanada çalışıb günorta naharını belə etmirdi. Hətta alışdığı siqareti əlavə xərc olmasın deyə tərgitmişdi.
Daha ata-anasının həsrətinə dözə bilmirdi. Mualicələrin tez bitməsini, evə dönmələrini arzu edirdi. Əllərini bezə silib telefonu götürdü. Atası bu saatda evdə olmalı idi. Nömrəni yığıb gözlədi.
– Ata… – Balaca uşaq kimi atasının səsinə qulaq asıb sevindi. – Necəsən, ata? Nə var, nə yox? Ürəyin səni incitmir ki? Ata, sən Allah, özünü güd. İnşallah, evə qayıdan kimi daha səni çalışmağa qoymayacam. Yox, niyə qocalırsan ki? – Dodaqlarında xoş təbəssüm dolaşdı. Anasının səsini eşitdikdə uşaq kimi kövrəldi. – Yaxşıyam, ay mama. Vallah, yaxşıyam. Yeyirəm də, içirəm də. Şükür, Səma da yaxşıdır. Nə vaxt danışmısan? Hə, lap gözəl. Hansı toy? Kim dedi? – Qaşları çatılmışdı. – Mama, mütləq deyil getməyiniz. Əşi, məsləhətdirsə, qaynatam özü gəlib iştirak etsin. Buyurmağa nə var e. Daha özün bil, mama. Məsləhət sizindir. Onların özlərinin məsləhət bilib gəlmədiyi yerə sizi niyə dəvət edirlər, anlamıram. Hirslənmirəm ki. Yaxşı, ana. Oldu. Mən də sizi.
Telefonu söndürüb öz-özünə deyinməyə başladı. Səmanın xətrinə dözsə də, qaynatasıyla arvadının ona göstərdikləri hörmətsizliklər canını boğazına yığmışdı. Son zamanlar evə döndüyü zaman evdə ondan acsan, ya toxsan deyib maraqlanan yox idi. Qazanıb gətirsə də, aldığı heç nədən ona pay çatmırdı. Qaynanası onun qarşısında qaş düzəldir, qaynatası istədiyi vaxt onun yatağını zəbt edib istirahət edirdi. Onların bu saymaz hərəkətləri oğlanın əsəblərini tarıma çəksə də, Səma üzülməsin deyə dillənmirdi.
Bəs Səma? Onu canından artıq sevən ərinə olan bu hörmətsizliyi məgər o, görmürdümü? Gecə gündüz uğrunda çalışan bir adamla maraqlanmaq onun borcu deyildimi? Gəzə bilməsə də, arabada dolaşıb onun ehtiyacı olduğu qayğını ərinə göstərə bilmirdimi? Dolu qazanı yeyib boş qazanı görəndə bəs niyə soruşmurdu ki, Vasifin payı hanı? Gecələr sabaha qədər televizora baxıb şaqqanaq çəkən valideynlərinə Vasifin yatdığını demək o qədərmi çətin idi ona? Yoxsa Səma xəstə yatağında yatdığı zaman bu qədər eqoistləşmişdi? Vasifin sonsuz səbrinin bir gün tükənəcəyindən artıq qorxmurdumu? Ərinin ona verdiyi sevginin bir qismini ona qaytarmağa niyə təşəbbüs göstərmirdi? Səma yer kürəsinin onun ətrafında dövr etdiyinimi sanırdı? Yoxsa özünün əvəzolunmazlığına o qədər inanmışdı ki, onu sevən şəxsin sevgisini daha heç sayırdı? Səma işdən yorğun gələn ərinin pendir-çörək yediyini gördükdə heç ürəyi əzilmirdimi? Yoxsa ata-anası kimi o da Vasifi özünə borclu hesab edirdi?
Vasif hər şeyə dözürdü. Təki sevimli həyat yoldaşı ayağa durub gəzsin. Vücudunu bürüyən yorğunluğu, yuxuya həsrət gözləri, mənəvi zərbə almış ruhu yorulsa da hər şeyə mətanətlə sinə gəlirdi.
(Ardı var)