Ənnağı Hacıbəyli
Toy (toplantı) şousu bitməkdədir. Günahkarların bir hissəsi cəzalandırıldı. Bu qərarın konkret müəllifi yoxdur. Onun səbəbkarı sosial şəbəkələr, sifarişçisi hakimiyyətin qalib qolu, icraçısı məhkəmə və polisdir.
Sosial şəbəkələrdə eyforiya aşıb-daşır – axır ki, düşmənlərimizin birindən qisas aldıq. Bu faktdır və onunla mübahisə etmək fikrində deyiləm. Əslində cəzalandırılanlar düşmənin düşmənidir. Burada “düşmənimin düşməni mənim dostumdur” formulu keçərli deyil. O, çoxdan arxaizmə çevrilib. Hərdən siyasi mübarizədə işə salınsa da, böyük kişilərin toxunulmaz prinsipi olan bu formul da qiymətini itirib. Səbəbini bilirsiniz.
Bu olaya sevinmədim. Daha doğrusu, olayı sonadək izləyəndən sonra bəlli oldu ki, bu nə qisasdır, nə günahkarın cəzalandırılması, nə də ədalət mühakiməsi. Cəzanın qaçılmazlığı da deyil, qanun qarşısında hamının bərabərliyi heç deyil. Ədalət mühakiməsi bərabər tərəflərin mübarizəsi, müdafiəsi və qələbəsi-məğlubiyyətidir. Burada bunların heç biri yox idi.
Qoca administrator-filosof-akademikin üzərinə kimləri göndərməmişdilər. Polis, məhkəmə, “media”, özəlliklə televiziyalar və… hüququn, jurnalistikanın “ata”ları. Cəzalandırılanlar Binəqədiyə çatmamış televiziyalarda sıraya düzülənlər isə ikrahı da üstələmişdilər – dünən akademikin əlini öpənlər “hamı qanun qarşısında bərabərdir” müqəddəsliyini ağızlarının köpüyü ilə murdarlayırdılar. Ağır süvari döyüşlərindən yorulub atdan salınmış qocanın üzərinə heç vaxt at belinə qalxmamış piyadaları səfərbərliyə almışdılar. İnsafınız olsun, adamı sındırarlar, amma onu bu qədər alçaltmaq kimsəyə yaraşan sifət deyil. Qərar oxunub təqdim edilmiş adamı, özü də sadəcə inzibati xətada günahlandırılan adamı, məhkəmə zalında saxlayıb “jurnalist-bloqçunun” əlinə vermişdilər…
Bilirsiniz niyə sevinmədim?
Birinci, öz qərarını pozan baş nazir cəzalandırılmadan kimsənin cəzalandırılması, yumşaq desəm, normal hal deyil. O toydan Hadı Rəcəbli də eləmişdi. Bəs deyirlər ki, hamı qanun qarşısında bərabərdir!
İkinci, siyasi iqtidardan salınmış adamların da hüquqları var. Təsəvvür edə bilirsinizmi? Heç kim əbədi deyil. İnanın. İstər hakimlər, istərsə də müxaliflər olsun, heç kim belə bir perspektivdən sığortalanmayıb. Heç belə sığorta növü də yoxdur. Nə “Azərsığorta”da, nə də “Paşa sığorta”da. Deməli, bu aqibət hamını gözləyir.
Üçüncü, sabah hakimiyyətə gələ biləcək qüvvələr, təbii ki, rəqiblərini cəzalandıracaqlar. Bu olayın və ona sevinməyin qorxulu tərəfi məğlubun cəzalandırılması deyil, onun sındırılması və alçaldılmasıdır. Belə cəza növü yoxdur. Olmamalıdır. Ola da bilməz. Hüqo demişkən, qalib haqqın zorakılığa ehtiyacı yoxdur.
Deyə bilərsiniz ki, bugünkü qalib haqq deyil. Mübahisə eləmirəm, amma sabahkı qalib haqq olsa belə, zorakılıq onun haqqını əlindən alacaq. Haqqı olmayan qalibiyyət isə məğlubiyyətdən şərəfli deyil.
Bir hüquqçu dostum dünən mənə bir cümlə yazmışdı: “Oxuya bilmək oxumağı bacarmaq deyil”. Bilmirəm haradan oxuyub, amma maraqlı gəldi mənə. Bu yazını yazanda o fikri xatırladım. Oxuculardan bir xahişim var, çalışın bu yazını oxumağı bacarın. Belə anladım ki, oxumağı hamı bilir, amma oxumağı az adam bacarır. Oxumağı bacarmaq mətnə ön yarğısız yanaşmaq, onun alt qatına enmək, yazını mədə ilə deyil, beyinlə həzm eləmək deməkdir. Bu hakimiyyətin cəzalandırdığı, ona qarşı qəzəbi olanları anlayıram, amma yenə də böyük Hüqodan yaxşı heç nə deyə bilmirəm.
Oxuya bilənlərin nəzərinə çatdırmaq istəyirəm ki, siyasi mənsubiyyətim olmasa da, mən də yetərincə əsassız cəzalar almışam. O toyların da heç birində iştirak etməmişəm. Amma həqiqət, qanunun aliliyi, hamının qanun qarşısında bərabərliyi, insan haqları mənim bütün pozulan haqlarımdan üstündür. Prinsip olaraq.
Çalışın oxumağı bacarın.
Müəllifin başqa yazıları:
Məhkəmə fərmanı haqqında qeydlər
Ədalət sorağında