Məhkəmə fərmanı haqqında qeydlər
- 04 Aprel 2019
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Ənnağı Hacıbəyli
Prezident məhkəmə-hüquq sistemində islahatlar fərmanı imzalayıb. Cəmiyyətin və dövlət hakimiyyətinin bu ən ağrılı sahəsində kardinal islahatlar gərəkdir. Son vaxtlar rəsmi orqanlar və şəxslər, o sıradan ölkə başçısı bunu etiraf edib. Fərman gözlənirdi və bir çoxları düşünürdü ki, ciddi dəyişikliklər, yəni gerçək islahatlar başlanacaq.
Mən belə gözləntisi olan adamlar kateqoriyasına daxil deyiləm və düşünürəm ki, ölkədəki idarəçilik sistemi, hakimiyyətin mahiyyəti hər hansı gerçək islahat imkanını istisna edir. Məncə, belə də oldu.
Fərmanda bəzi pozitiv məqamlar var və onları qeyd etməyə dəyər. Məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi, məhkəmələrdə işlərin bölüşdürülməsinin korrupsiyaya imkan verməyən və ya bu imkanı məhdudlaşdıran üsullarının tətbiqi, alternativ ekspertiza institutunun və qurumlarının yaradılması, mediasıyanın tətbiqi, sahibkarlıqla bağlı mübahisələrin məhkəmədən kənar həlli vasitələrinin genişləndirilməsi, kargüzarlıqla bağlı vəsaitlərin hakimlərin bank hesabına köçürülməsi, hakimlərin sayının 200 nəfər artırılması pozitiv dəyişikliklərə şərait yarada biləcək tədbirlər sayıla bilər. Məhkəmə hakimiyyətinin indiki durumu, onun müstəqilliyinin vəziyyəti bu tədbirlərin uğurla tətbiqinə inam yaratmasa da, bütövlükdə tədbirlər fərmanın pozitiv notlarıdır. Aydındır ki, hər şey əlahəzrət siyasi iradədən asılıdır və bizim də quşqumuz məhz onunla bağlıdır.
Fərman son illər bir neçə dəfə imzalanmış deklarativ sənədlərdən ciddi fərqlənmir və onun əksər bəndləri məhkəmələrə, başqa dövlət orqanlarına vəzifələrini xatırlatmaqdan uzağa getmir. Dövlət orqanlarına qanuni vəzifələrini fərman vasitəsilə icra etdirməyə sonsuz uğursuz cəhdlər Azərbaycan hakimiyyətinin və hüquq tətbiqetmə praktikasının qüsurlu şakərinə çevrilib, bu fərman da istisna deyil.
Sahibkarlıqla bağlı mübahisələrə baxan ixtisaslaşdırılmış məhkəmələr yaratmaq planlaşdırılır. Bu nə deməkdir? Bəlkə vergi məhkəmələrinin yaradılması planlaşdırılır? Axı bu sahədə artıq məhkəmə sistemi yaradılıb – inzibati-iqtisadi məhkəmələr var. Onlar özünü doğrultmurmu? Hətta bundan sonra da hakimlərin sahibkarlıqla bağlı mübahisələrə baxmaq üçün yetərincə bilik və təcrübəsi yoxdursa, indiyədək xərclənən milyonların hesabı kimdən soruşulmalıdır? Hakimlərin imtahanları, təkmilləşdirilməsi, xarici ölkələrə səfərləri ilə bağlı gurultulu bəyanatların köpü nə tez alındı?
Ali Məhkəməyə vahid məhkəmə təcrübəsi formalaşdırmaq təklif olunur. “Məhkəmələr və hakimlər haqqında” qanunla bu, Ali Məhkəmənin birbaşa vəzifəsidir. Prezident bunu Ali Məhkəməyə neçə dəfə tapşırmalıdır? Ali Məhkəmə vəzifəsini icra etməyibsə, onun sədri və hakimləri nə işlə məşğuldur?
Məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması bilmirəm neçənci dəfədir kimlərəsə tapşırılır. Bu vəzifənin icrasının çox sadə, asan və effektiv yolu var – prezidentin bunu öz administrasiyasına qadağan etməsi. Ölkə oradan idarə edilir və bütün nailiyyətlərimiz bu orqanın adı ilə bağlıdır.
“Dövlət rüsumunun dərəcələrinə yenidən baxılsın, rüsumun müəyyən hissəsi məhkəmə aparatı işçilərinə ayrılsın”. Bu bədbəxt rüsumlara neçə dəfə baxmaq olar? Vəkillər və hakimlər artıq onları izləməkdən yorulublar. Vətəndaşlar isə ondan əllərini çoxdan üzüblər.
Amma yenilik də var. İndi rüsumlar bədbəxt vətəndaşın hesabına artırılacaq və onun bir hissəsi məhkəmə aparatı işçilərinin maaşlarının artırılmasına xərclənəcək. Büdcəni dolduran vətəndaş həm də büdcənin əvəzinə məmuru yedizdirməli olacaq. Kəmərlərinizi bərkidin, vətəndaşlar. Cərimələrlə büdcə doldurmaq Azərbaycan qanunvericiliyinin başlıca inkişaf tendensiyasıdır.
“Məhkəmə iclaslarının audioyazısı aparılsın”. Bax, bu, əsl islahat tədbiridir. Bundan sonra heç bir hakim məhkəmə iclas protokolunu saxtalaşdıra bilməyəcək.
“Ekspertiza təyin edilməsi üzrə tərəflərin hüquqlarının genişləndirilməsi” isə fərmandakı ən kardinal islahat tədbiri sayılmalıdır. Bununla da Azərbaycan ədalət mühakiməsinin bütün problemlərinin həllinə biryolluq nail olunacaq. Çünki məhkəmələrin çıxardığı tək-tük qanunsuz qərarlar məhz ekspertiza təyin edilməsi ilə bağlı tərəflərin hüquqlarının məhdud olmasından qaynaqlanır.
Məhkəmə proseslərinin effektivliyinin artırılması üçün prosessual qanunvericiliyi təhlil etmək və onu təkmilləşdirmək üçün təkliflər vermək bir dəstə orqana tapşırılır. Mülki və inzibati prosessual qanunvericiliyə nə qədər yamaq vurmaq olar? Bir də ki məhkəmə proseslərinin effektiv olmamasında ən az günahkar elə məhz prosessual qanunvericilikdir.
Vəkillər Kollegiyasına vəkillərin hakimlərlə alverinə son qoymaq tapşırılır. Yerinə yetirilsə, gerçəkdən islahat baş verə bilər.
Məhkəmə-Hüquq Şurasında qaynar xətt yaradılmasının ədalət mühakiməsinə nə verəcəyini proqnozlaşdıra bilmirəm. Fiziki və hüquqi şəxslərin hakimlərdən şikayət imkanı qanunvericilikdə o qədər məhdudlaşdırılıb ki, o xətti nə qədər qaynatsan da şikayətçilərin canı qızmayacaq.
Bu fərmanın məsuliyyəti onu imzalayandan çox hazırlayanların üzərindədir. Məncə, prezident islahatı administrasiyasından başlamalıdır…