Aynur Təmkin
***
Yeni ilə sayılı günlər qalmışdı. Səmada yenə bir irəliləyiş yox idi. Həyat yoldaşının üzüntüsüylə sarsılmış Vasifin yenə pulu tükənmişdi. Üç günə pul yetişməsə müalicə yarımçıq saxlanacaqdı. Vasif özünə təmir sexində iş tapmışdı. Hər gün gecə yarısına qədər günəmuzd orada çalışırdı. İşə gedənə qədər Səmanın yatdığı klinikaya baş çəkir, həkimlə görüşərək sonra yenə işlərinin arxasıyca qaçırdı. O qədər arıqlamışdı ki, yanaqlarının sümükləri bilinirdi. Üz-gözünü saç-saqqal örtmüşdü. Arada utana-çəkənə xalasigilə baş çəkib çimir, paltarlarını dəyişib geçəni təmir etdiyi maşının içində keçirirdi. Bəzən Səmanın halı pisləşəndə səhərə qədər xəstəxananın daş pilləkəni üstündə oturub qorxu və həyəcanla xəbər gözləyirdi.
O, Səmanın dərdində olmuşkən özünü unutmuşdu. Mənəvi əzablardan yorulmuşdu. Qəlbinin ağrısı gənc çöhrəsinə damğa basmışdı.
Uzun-uzun gecələr sevdiyini düşünəndə bəzən onun qoxusu burnuna dolarmışcasına həsrətdən içi yanırdı. Siqareti damağına qoyub sümürüb acısını udduqca qəlbindəki alovun istisi içini qarsıyıb canını daha çox yaxırdı. Rəhman hər gəlişində oğlunun halını görüb bir az da yıxılır, amma oğluna geri dön, əl çək bu inadından demirdi, Vasifin sınıq xəyallarını əzmirdi. Ata kimi oğluna acısa da onun mərdanəliyi qarşısında sinəsi qabarıb başı göylərə ucalırdı. O, mərd kişi böyütmüşdü. Hər çətinliyə sinə gərib boyun əyməyən əsil kişi yetişdirmişdi.
Arif bəyin onu axtardığını eşidən kimi icazə kağızını göstərib onun kabinetinə yönəldi. Həkim dərin düşüncələr içərisində qapının döyüldüyünü eşidəndə başını qaldırıb Vasifi qapıda gördü.
– Gəl içəri, oğlum. Gəl.
Vasif həkimdən pis xəbər eşidəcəyindən həyəcanlanaraq salamsız-kəlamsız içəri girib qapını örtdü.
– Oğlum, – həkim çətinliklə dilləndi, – sabah ödənişin vaxtıdır. Mən mənə düşən paydan vaz keçirəm. Amma buranın pulu zamanında ödənməsə xəstənin müalicəsi yarımçıq saxlanmalı olacaq. Mən xahiş edib iki günlük möhlət alaram. Sən də bax gör neyləyirsən.
Bu da növbəti zərbə. Hər şey üstünə gəlirdi. Çölə çıxıb soyuq havanı ciyərlərinə sovurdu. Üzünə çırpılan külək onun simasını qarsıdı. Qaynatasına zəng edib ondan xəstəxanaya gəlməsini xahiş etdi. Elə bu dəmdə adının çağırıldığını eşidib geri döndükdə uşaqlıq yoldaşı Emini gördü. Yad yerdə rastlaşdığı dostunu görüb uşaq kimi sevindi. Eminlə əl sıxıb qucaqlaşdılar. Vasifi pərişan görən Emin Səmanı soruşduqda dostu dərindən ah çəkərək ürəyində yük kimi oturan dərdini anlatdı.
– İş də tapmışam. Sexdə çalışıram. Amma çatmır. Ayrı iş olsa yenə də işləyərəm. Əlimdə olan bütün pullar artıq bitmək üzrədir. Kiməsə ağız açmağa utanıram. Hər kəsin dərdi-səri var.
– Maşının pulunu neylədin?
– Ay Emin, nə maşının pulu… Gələndə dörd min pulla gəlmişdim. Beş min Təbriz dayıdan borc aldım. Yeddi min maşının pulu.
Eminin təəccüblə baxdığını görüb gülümsədi:
– Gündə min manat xüsusi qidaların puludur.
– Yaxşı, bəs neyləyəcəksən?
– Bilmirəm, Emin. Bilmirəm. İlham dayı gəlsin, baxaq görək nə kimi kömək edə bilir. Mamaya necə deyəcəm, bilmirəm. Amma Səmanın qızıllarını satmağa məcburam.
– Əlacın nədir, ay qardaş. Pisinə niyə gəlir ki? Səma olmayandan sonra qızılı neyləyirsən.
– Bilmirəm, Emin. Bilmirəm. Təki Səma sağalıb ayağa qalxsın. Onun bu qapıdan sağ-salamat çıxıb evimizə dönüşünü görüm, səhər-axşam çalışıb ona hər şey alaram, – Vasif bunları söylərkən göz bəbəkləri dolub boşalırdı.
– Dərd eləmə, Vasif. Allah da var, rəhmi də. İnşallah, o günləri də görəcəyik.
– İnşallah! – Emin səssiz-səmirsiz, odsuz-alovsuz yanan dostunu süzüb nəzərlərini ondan çəkdi. Həmişə həyat dolu Vasifin yerini ümidləri tükənməkdə olan biri tutmuşdu.
– Di salamat qal. – Oğlanın qucaqlayıb kürəyini döyəclədi. Böyük ehtiyatla yüzlüyü Vasifin cibinə qoyub ondan aralandı.
Saata baxdı. İşə çatmalıydı. Ancaq qaynatası hələ də ortalıqda görünmürdü. Səbri daralmışdı. Siqaret çəkmək üçün əlini çibinə atanda bayaq Eminin qoyduğu pul əlinə gəldi. Bir xeyli dərin düşüncəyə daldı. Sonda Eminin etdiyini anlayıb xəcalətindən qızardı. Sanki qəbahəti varmış kimi pərt oldu.
– Salam. – İlham sonunda gəlib çıxmışdı.
– Salam, İlham dayı. Keçək yaxınlıqdakı kafeyə. Sizinlə söhbətim var.
– Xeyir ola?
– Gəl, İlham dayı. Xeyirdimi, xeyir deyilmi, siz qərar verin.
Çay sifariş edib barmaqlarıyla oynamağa başladı. Onun bu səssiz halı İlhamı gərdi.
– Nə deyəcəksən?
– İlham dayı, bizə təcili surətdə pul lazımdır. Məndə olan nə varsa bitdi. Bu gün doktor məni çağırmışdı. Əgər vaxtında ödəniş edə bilməsək Səmanın müalicəsi yarımçıq qalacaq.
– İndi mən neyləyim ki?
İlhamın bu sərt cavabı Vasifi tərs şillə kimi tutdu. Qarşısındakı adamı sınayıcı baxışlarla süzdü.
– İlham dayı, siz deyəsən mən dediyimi anlamadınız. Əgər pul çatmasa Səmanı xəstəxanadan çıxaracaqlar.
– Sən maşının pulunu hara etdin ki?
Vasif donub qalmışdı. Qaynatasının yersiz sualı onun əsəblərini yerindən oynatmışdı.
– Səmanın gündəlik xərci min manatdan çoxdur. Nəinki maşının pulu, əlavə götürdüyüm pullar, Təbriz dayıdan aldığım pullar – hamısı xəstəxana məsrəflərinə sərf olunub.
Kişi əlini cibinə salıb əlli manat çıxardıb Vasifin qabağına atdı.
– Al. Olanım budur.
Vasif dilənçiyə pul tullayırmış kimi ədayla ona baxan qaynatasını nifrətlə süzüb pulu geri itələdi.
– Mən sizin qızınızın həyatından danışıram. Siz mənə dilənçiyə pul atırmışsınız kimi hərəkət edirsiniz. Pulunuz sizin olsun.
Vasif çayın pulunu verib oranı tərk elədi.
Emin rayona qayıtdıqdan sonra ilk olaraq Vasifgilin qapısını döydü.
Ətiqə:
– Gəl, – deyə həyətdən səsləndikdə içəri keçib onunla salamlaşdı.
– Ətiqə xala, Rəhman dayı evdədir?
– Evdədir, ay oğul. Sən çıx evə, mən də gəlirəm.
Emin aylar öncə şən gülüşlərə qərq olan evin ölü sükunətə büründüyünü görüb üzüldü. Xoşbəxt günləri bir həmlədəcə sona yetən ailənin bütün düzəni pozulmuşdu. Həyat sərt şilləsini amansızlıqla onların üzünə çırpmışdı.
– Rəhman dayı, indicə Bakıdan gəlirəm. Gedib Vasiflə görüşdüm. Bunu necə deyim, bilmirəm. Amma sizli-bizli vaxtında müdaxilə etməsək Səma gəlinbacını süni nəfəs aparatından ayıracaqlar.
Ətiqə eşitdiyi xəbərdən hönkürərək üzünü tutdu. Rəhman bir arvadına, bir Eminə baxdı. Neyləyəcəyinə qərar verə bilmirdi. Xeyli vaxt keçdi kişinin fikrini cəmləyib özünə gəlməsi üçün.
– Ay Ətiqə, gecə-gecə yas qurma evdə. Ağlayınca get qızıllarını gətir görüm nəyin var.
Qadın bir himə bənd imiş kimi qaçaraq otağına keçib kiçik sandıqçanı alıb geri qayıtdı.
– Bax. Hamısını satın. Bir Səma sağalsın. Bir gəlinim sağ-salamat evimə dönsün.
– Amma, Ətiqə xala, bunlar yetməyəcək. Burada elə də çox şey yoxdur. Yəni qızılları satıb əldə etdiyiniz pullar yalnız iki günə yetər.
Ətiqə halsız halda stula çöküb başını aşağı dikdi.
– Bala, olan-qalanım budur.
– Xala, Vasif dedi ki, Səmaya aid olan qızılları da satasınız.
– Can oğul, mən sonra gəlinə, anasına nə deyərəm? – Ətiqə içini çəkdi.
– Xala, sənə kim nə deyə bilər ki. Özün üçün etmirsən ki. İnşallah, gəlinin evinə sağ-salamat qayıtsın. Yenə alarsınız. – Sonra Emin üzünü R\hmana tutdu. – Rəhman dayı, sizinlə bir şey məsləhət etmək istəyirəm. Mən sabahdan sosial şəbəkələrdə Səmaya yardım üçün elan verəcəm. Adına hesab açaq. Kimin nəyə gücü çatır, necə deyərlər, qolundan nə qoparsa verər. Yoxsa Səmanın yaşamaq şansı sıfıra düşəcək. Dayı, sən bir “hə” de. Qalanı mənlik.
Rəhman ağır-ağır yerindən qalxıb əlini ağrıyan qəlbinə sıxdı. Başını yelləyib razılığını bildirdi.
Emin Nihadla görüşmək üçün maşın təmiri emalatxanasına gəldi. Məramını ona anladıb yardım üçün aksiyaya başladılar.
Bütün rayon aldığı xəbərdən çalxalanırdı. Səmaya yardım üçün bütün məktəb, bağçalar, Səmanın təhsil aldığı kollec, kitabxana və səhiyyə obyektləri, dükan və mədəniyyət ocaqları gənc bir fidanın yaşaması üçün hərəkətə keçmişdi. Qohum-əqrəba, qonşular, tanıyan-tanımayan hər kəs bacardığı qədər əl uzatmağa çalışırdı. Eminlə Nihad yardımları toplayaraq pulu hesaba köçürməyə hazırlaşırdılar.
Vasif Eminin zəng etdiyini görüb telefonu qulağına yaxınlaşdırdı. Eminin xeyli miqdarda toplanmış pulu hesaba keçirdiyini öyrənib kövrəldi. Xəbəri vermək üçün həkimin kabinetinə yaxınlaşdı. Sanki Tanrı onun dərdindən agah olmuşdu. Aldığı şad xəbərin ardıyca həkimdən eşitdiyi başqa bir xəbər onu kövrəlib doluxsunmasına səbəb oldu.
Səma bu gün ilk dəfə olaraq müalicəyə cavab vermişdi. Artıq yaşaması üçün bir şans da yaranmışdı.
– Gözün aydın olsun, Vasif bəy. Bir həkim olaraq bunu deməli deyiləm. Həkimin borcu sona qədər mübarizə aparmaqdır. Amma mən də demək olar ki, ümidimi itirmişdim. Sənə yüz faiz söz verə bilmərəm. Ancaq inşallah, Allahın yardımıyla Səma xanımı kritik vəziyyətdən çıxardıb normal həyata dönməsi üçün gərəkli nə varsa edəcəyik. Amma dediyim kimi pulu xəstəxananın hesabına köçürdükdən sonra.
Vasif üzündə güllər açmış kimi dəhlizə çıxıb dərindən nəfəs aldı. Aldığı xəbəri Rəhmana bildirdikdən sonra xalasıgilə üz tutdu. Aylardır əziyyətini çəkən xalasına bu xəbəri verib sevincini onunla bölüşmək istəyirdi.
Züleyxa qapının zəngini eşidib tələsik qapıya üz tutdu. Vasifin gülən üzünü görüb bir an gözlərinə inanmadı.
– Gəl içəri, ay Vasif. Orada niyə durmusan?
– Gəlirəm, xala. – Ayaqqablarını çıxardıb içəri keçdi.
Züleyxa sevincək mətbəxə keçib yemək hazırlamağa başladı. Əlinə keçən nə varsa süfrəyə yığdı. Gözlərinə inana bilmirdi. Vasifin heç belə iştahla yemək yediyini görmədiyindən çaşmışdı.
– Qadan alım, ay Vasif. Səni belə görmək üçün nətəri darıxırdım. Xeyirdimi, ay bala?
– Xala, Səma yavaş-yavaş yaxşılaşmağa başlayıb.
– Ay nə yaxşı! – Qadın sevincindən əllərini bir-birinə vurdu. – Ay gözün aydın, a bala! Çox şükür, çox şükür! Nəzir demişəm. İnşallah, Səma xəstəxanadan çıxsın, ruhi dispanserə ayın-oyun aparacam.
– İnşallah, ay xala. Düzdür, həkim yüz faiz söz vermədi. Ancaq, xala, ürəyimə damıb ki, Səma sağalacaq.
– İnşallah, xala qurban. Səni ki gülən gördüm, dünyaları mənə verdilər. Mamayla hər danışanda yazıq qız ağlayırdı. İndi bir az da olsa ürəyi arxayın olar.
– Xala, Allah süfrənizi açıq eləsin. Səninlə Təbriz dayının borcunu necə ödəyəcəm, bilmirəm. Sən olmasaydın mənim günüm necə olardı? Hər dəfə bir şey olanda sənin üstünə qaçdım. Qaynatamla qaynanamın yükünü hələ də çəkirsən. Kimsənin etmədiyini sən etdin. Ömür vəfa edərsə sənin xəcalətindən çıxaram.
– Elə danışma, ay bala. Sən bu qədər vəfalı ər olmaqla çox insanlara örnək oldun. İlk həmlədə illərin həyat yoldaşını qoyub qaçan kişilərdən sən dəyanətli çıxdın. Sən sən olmasaydın bu gün Səma qızım həyatda olmaya da bilərdi. Eşidib- bilən çox adam dəfələrlə ata-ananı qınadı ki, o qız ölüb, onun yaşamaq şansı yoxdur, niyə oğlanı başa salıb bu işdən vaz keçməyə çalışmırsınız… Nə etmişəmsə halal xoşun olsun.
Vasif xalasını qolları arasına alıb ağarmış saçlarını oxşayıb öpdü. Bu qadın çətin gündə onun ən böyük dayağı idi.
(Ardı var)