Aynur Mirhəsən
O hədiyyənin şirinliyini heç nə verə bilməz. Çünki anam alardı o paltarları mənə, ailədəki hər kəsə.
Uşaqkən ən çox sevdiyim bayramlardan idi Qurban bayramı. Bu bayramı ən çox ona görə sevərdim ki, bayram günü səhər tezdən anam evdəkilərin hər birinə, eləcə də ailənin sonbeşiyinə, yəni mənə təzə geyim alardı, bayram bayrama qarışardı.
Bu ənənə ancaq bizdə vardı, qonşu ailələrdə belə bir adət görməzdik. Əslində sevincimizə qürur qatan da daha çox bu idi…
Onda Qurban bayramını “uşaqların bayramı” hesab edirdim. İnanardım ki, bayram günü mütləq hamı pak olmalıdır. Səhər tezdən – bayram namazı qılınana qədər hamı hamama girməli, bayram suyuna “düşməli” idi. İnanardım ki, Qurban bayramınadək bütün ev-eşik təmizlənməli, pəncərələrin şüşələri par-par parıldamalı, həyət-baca yuyulmalıdır. Hətta anamın dediyi “Hər kəsin bədənində bir donuz tükü var, o tük ancaq Qurban bayramında islanır” sözünə də inanardım. Gözəl xatirələrdir – qonum-qonşu bir-biri ilə bəhsə girib darvazaları rəngləyər, çəpərlərə əhəng çəkər, küçələrdə əməlli-başlı iməcilik gedərdi.
Hər Qurban bayramı gələndə yaddaşımı oyadır bu mənzərələr.
Namazdan sonra İsmayıl qurbanının kəsilməsi mərasimi. Evdə qız uşaqlarının buna tamaşa eləməsi yasaq idi. Amma bu mərasim bitəndən sonra qurbanlıq qoyunun qanından alnımıza xal qoyma ənənəsi də vardı. “Hind qızlarının xalından!” deyib sevinərdik.
Qurban bayramı ilə bağlı xatirələrimin beləcə ard-arda vərəqləndiyi bir vaxtda özünü böyük ateist elan edən müəlliflərin məqalələri qarşıma çıxır. Oxuyuram və ədalət naminə deyim ki, onların din, islam haqqında biliklərinin necə çox olduğunu görürəm. “Quran”dan, islam alimlərindən, din mütəfəkkirlərindən sitatlar gətirilməsi, Azərbaycan da daxil olmaqla Şərqdə və bütövlükdə dünyada islam dininin vəziyyətinin və dövlət-din münasibətlərinin təhlili özlərini ateist elan edənlərin bu sahəyə yaxından bələd olmalarının göstəricisidir. Onların islama dini-ideoloji cərəyan kimi deyil, elm kimi yanaşma təklifləri əslində bu dinin əsl mahiyyəti deyilmi? Sadəcə, islamla mövhumatçılığı, din və dindar məfhumlarını qarışdırmaları, məncə, onların məsələyə subyektiv yanaşmasından xəbər verir.
Bəlkə Allahın varlığına daha çox inananlar elə özlərini ateist elan edənlərdir? Sadəcə, təkəbbürləri bunu etiraf etməyə qoymur. Onlar bütün ömürlərini var olan Böyük Varlığın olmamasını sübut eləməyə həsr edirlər. Bunun üçün çoxlu oxuyur, öyrənir, bilgi toplayırlar. Nəticədə yaxşı ilahiyyatçıdan daha çox bilgiyə malik olurlar. Amma həyatın uğursuzluqlarından doğan aqressiya və qıcıq onların qarşısına böyük bir Çin səddi çəkir.
Məqsədim onların yazdıqlarını şərh etmək deyil. Necə ki, “Quran”da deyilir: “Sizin dininiz sizə, mənim dinim də mənədir!”
Yenə də yadıma anam düşür, Qurban bayramı günü kəsilən heyvanın ətini qonum-qonşuya, ehtiyacı olanlara, qurban kəsməyə imkanı olmayanlara yollaması gəlir gözümün qabağına. Anam qonşuluqda yaşayan rusları – hərbçi Mişa dayının ailəsini də unutmazdı, halbuki onları dinsiz hesab edərdi… Amma “Qoy onlar da qurban ətindən yesinlər, savabdır” deyib hər il mütləq onlara da pay göndərərdi…
Mən də ateistləri Qurban bayramı münasibətilə təbrik edirəm, savabdır.
24 oktyabr 2012-ci il,
Mediaforum.az