Altay Mehdiyev
ehtiyatda olan general-mayor
Son zamanlar düşmənin Tovuz rayonu istiqamətində başladığı təxribat xarakterli hücumlar, xarici ölkələrdə həmyerlilərimizə qarşı aparılan təxribatlar beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaqdan və Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsdiqlənmiş formada sülh yolu ilə həll edilməsinə mane olmaqdan ibarətdir.
Qarabağda itirdiyimiz torpaqlarımıza qayıtmaq, ona sahib durmaq hansı rayonda, şəhərdə, hansı xarici ölkədə yaşamağından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının, azərbaycanlının, Azərbaycanımızı sevən xarici vətəndaşların müqəddəs borcudur.
Eyni zamanda bizim xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız da bu proseslərdən əsla kənarda durmamalıdır.
Tovuz təxribatlarından sonra düşmənlərimiz Amerikada, Avropada, Rusiyada “1 azərbaycanlıya 10 erməni hücum edib ölümünə qədər vursun” şüarı altında hərəkətə başlayıb, təxribatlar törədirlər.
Düşmənlərimiz yenə bütün bu hadisələrdə bizim günahkar olduğumuzu dünyaya çatdırmağa çalışır və demək olar ki, buna nail olurlar. Düşmən ölkənin Xarici İşlər Nazirliyi, bütün dünyadaki səfirlikləri, diaspor təkilatlarının rəhbərləri, xarici ölkələrdəki mətbuat orqanları belə təxribatçı qrupları dəstəkləyir, onları müdafiə edir, onlara lazımi kömək göstərirlər.
Bizim bir sıra nümayəndələr isə vətəndaşlarımızı, bizi dəstəkləyənləri sakitliyə, düşmənlə dostluq əlaqələri yaratmağa, mehribanlığa çağırmaqla məşğuldurlar. Düşmənimizin mətbuat orqanlarına böyük təsir imkanı olduğunu bəhanə edərək, ancaq məlumat toplamaqla məşqul olub, bizləri fakt qarşısında qoymaqla kifayətlənirlər. Bütun bu hərəkətlər illərlə vəzifələrdə “yatmaqlarının”, tutduqları vəzifələrdən xalqımız, dövlətimiz üçün deyil, şəxsi mənafeləri üçün istifadə etməklərinin nəticəsidir. Vəzifələrini qorumaqları üçün böyük bir bəhanədir.
Torpaqlarımızın 20 faizini zəbt etmiş, bizə qarşı təxribatlar yaradan, Qarabağımızda bütün səviyyələrdə “Yallı” oynayan düşmənlə hansı dostluqdan, mehribanlıqdan, qohumçuluqdan danışmaq olar?
Çox gözəl xatırlayıram: düşmənin Naxçıvan Muxtar Respublikasında, Sədərək rayonu istiqamətində zəbt etdiyi şərab zavodunu və 2 min hektara yaxın ətraf ərazini geri qaytarmaq üçün mənim təşəbbüsüm, planım və rəhbərliyim altında gecə əməliyyatı hazırlanıb həyata keçirilirdi. Bütün suallar qabaqcadan hazırlansa da, əsas istiqamətdə – şərab zavodu istiqamətində ərazinin hündür ot, qamışla örtüldüyünü nəzərə alan mühəndis xidməti rəisi düzgün olaraq düşmənin minaladığı sahəni təmizləməkdən imtina etdi. Mənə məruzə olunan kimi beynimə dörd qərar gəldi:
1. Mühəndis qrupunun minalanmış sahələri nəyin bahasına olursa olsun təmizləməsinə əmr vermək. Mənim bir komandir kimi bu əmri verməyə haqqım yox idi.
2. Minalanmış sahələr təmizlənmədən bölmələrə “İrəli!” komandasını vermək. Bu böyük itkilərə səbəb ola bilərdi. Bunu ömrüm boyu özümə bağışlaya bilməzdim.
3. Əməliyyatı davam etdirməkdən imtina etmək. Belə olan halda biz şərab zavodunu və ətraf əraziləri bir daha azad edə bilməzdik.
4. Minalanmış sahəni hamıdan qabaqda, şəxsən, birinci olaraq keçmək (Buraxdığım səhvi aradan qaldırmaq üçün)…
Bəli! Şərab zavodu istiqamətinə gəlib irəli keçdim. Mühəndis xidməti rəisinin müavini mayor A.Bədəlov, taqım komandiri və 3 nəfərdən ibarət mühəndis qrupu da mənimlə birlikdə idi. Əlbəttə ki, hərbi bilik və bacarıqlarımdan, Qarabağ müharibəsində qazandığım təcrübədən istifadə edərək, minalanmış sahəni birinci keçib əsas qüvvələrin keçidini təmin etdik, bir nəfər də olsun itki vermədən şərab zavodunu və ətraf ərazini planlaşdırdığımız kimi səhər saat 5 radələrində azad etdik. (Təbii ki, düşmən bunu sonra başa düşdü).
Bütün bunları yazmağımda məqsəd odur ki, nə düşmən qruplaşmasının böyüklüyü, nə onlara olan dəstək, nə kütləvi informasiya dəstəyi, nə güclü diasporu, nə də hava şəraiti, günün vaxtı bizim üçün əsas deyil. Bizim üçün əsas hər vəzifəli şəxsin öz vəzifə borcunu dəqiq bilməsi, onları icra etməyə daim hazır olması, buraxdığı səhvləri vaxtında aradan qaldırmaq üçün tədbirlər görməsi, sağlamlığı hasabına olsa belə azərbaycanlıları, Azərbaycansevərləri qoruması, bizim haqlı olduğumuzu bütün dünyaya çatdırması, bir sözlə, minalanmış sahələri birinci keçməyə daim hazır olmasıdır!
Cənab cavabdeh şəxslər, minalanmış sahələrə doğru irəli!
Redaksiyadan: General-mayor Altay Mehdiyev Qarabağ müharibəsi iştirakçısıdır. Orduda müxtəlif yüksək vəzifələrdə çalışıb, Hərbi Hava Qüvvələrinin qərargah rəisi olub və bir müddət Hərbi Hava Qüvvələrinin komandanı-müdafiə nazirinin müavini vəzifəsini icra edib. O, son dövrlərdə ehtiyata buraxılıb. Təqdim olunan yazı Altay Mehdiyevin “Facebook” səhifəsindən götürülüb.