Aynur Təmkin
***
O gündən Səma həkim yolunda qaldı. Bir gün yaxşılaşıb ailəni sevindirəndə sabah yenidən pisləşib onları qorxuya saldı. Heç bir müalicə ona yardım etmirdi. Sənəm hər dəfə gəlib qıza iynə vurduqda Səmanın yalvarış dolu baxışlarından üzülərək onun bu halından əvvəldən xəbərdar olduğunu eltisinə bildirmirdi. Ailə həyatı kabus və qorxu içində keçən Vasif Səmaya bir gün nəsə olacağından təlaşlanaraq onu paytaxt həkimlərinə göstərmək qərarına gəlmişdi. O, bu gün bu məsələni ata-anasıyla məsləhətləşərək qaynanasıyla qaynatasına bildirməyə hazırlaşırdı.
Ətiqə hamamı dezinfeksiya eləmək üçün içində kislota olan qabı götürüb hamama adlayanda qapının zəngi basıldı. Qadın əlindəki qabı pəncərəyə qoyub həyətə endi. Səma Ətiqəyə kömək etmək niyyətiylə qabı götürüb dərmanı yerə çilədi. Dərmanın kəskin iyindən huşu bulandı. Bu zaman içəri girib onun halını görən qadın qızı dartıb oradan çıxardı. Təmiz havanı çiyərlərinə çəkən Səma xəcalət yağan baxışlarını yerə endirdi.
– Ay qızım, sənə deməmişəm ki, yatağından qalxma? Bir gör nə haldasan. Can bala, mən hələ ki, sağam. Öz işimi özüm görəcəm. Sənə belə şeylər yaramır. Niyə axı bunu bilə-bilə özünü təhlükəyə atırsan?
– Mən sənə kömək etmək istəyirdim.
– Sən bir yaxşı ol. Balamın üzü gülsün. Artıq heç nə istəmirəm.
Vasif Ehtirama zəng edib axşam onları evlərinə dəvət etdi. Yeni maşın almaq üçün topladığı dörd min manatı qatlayıb maşının qutusuna qoydu. Sabah erkəndən uzun yola çıxacaqdı. Maşının altına-üstünə baxdırdı. Nihaddan zəng gözləyirdi. Dostu Bakıda həkim işləyən xalasından məsləhətli bir xəstəxananın ünvanını öyrənib ona deyəcəkdi. Nəyə görəsə ürəyi narahatlıqla döyündü. Vasif günlərlə yaşadığı stresin təsirindən bərk yorulmuşdu. Qorxu hissi içində tüğyan edirdi. Səmaya yenicə qovuşduğu bir vaxtda onu itirməkdən qorxurdu. Siqareti yandırıb damağına qoydu. Son zamanlar çox çəkirdi. Bir qullab vurub tüstüsünü göyə üfürdü. Nə qədər istədi yarıda qalmış işini tamamlasın, bacarmadı. İçinə yığılan qorxusu tüğyan etməyə başladı. Sexin qapısına kilid vurub maşına oturdu. Sanki ardından qovan varmış kimi qaza basdı.
Evə çatıb atasını həyətdə məşğul görüb dərindən nəfəsini dərdi.
– Ay mama, – deyib arvadı səslədikdən sonra pilləkəni qalxıb oturduqları otağa keçdi. Ətiqənin səsi hamamdan gəlirdi. Anasından arxayınlaşıb öz otaqlarının qapısını açdıqda Səmayla burun-buruna gəldi. Qız ona məzhun-məzhun baxaraq gülümsəyirdi. Onu sarıb-sarmaladı. Üzündən-gözündən doyunca öpdü. Nəyin qorxusu idi bu? Oğlan içində yığılıb qalan bu qorxuya nifrət edirdi. O, Səmasız yaşaya bilməzdi. Bacarmazdı. Hər yerdə o vardı. Vurğunu olduğu o qara gözlər Vasifin qəlbinin məlhəmi, həyat nəşəsi idi.
– Dəli. Görən elə bilər illərdir görüşmürük.
– Bu gün necəsən?
– Pis deyiləm. Söz verirəm daha yaxşı olacam. Amma bir şərtlə. – Qız şıltaqcasına gülümsünüb oğlana daha da sığındı.
– Nə şərtdir elə?
– Birinci söz ver.
– Yaxşı, söz. De görüm.
– Mənə söz ver ki, nə olursa olsun məni sənsiz qoymayacaqsan.
– Sənin ağlına hardan gəlir belə dahiyanə fikirlər? Səma xanım, mən sənsiz bir dəqiqə bir saniyə ayrı qala bilmərəm. Başını belə şeylərlə yorma. Mən ölənə qədər sənin məndən qurtaracağın yoxdur. – Vasif qızın saçlarını qarışdırıb onu öpdü.
– Axşam mamangil gələcək.
– Nə yaxşı. Elə darıxmışdım ki. Kaş Ehtiram da gələ.
– O da gələcək.
– Əla. Şad xəbər olasan. – Qızın gözləri sevincindən qıyıldı. – Gedim ataya bir az əl yetirim. Bir azdan dönəcəm.
– Yaxşı, mən də bir-ki ütülənəsi paltarlar var, onları ütüləyim.
Vasif əlini yenicə qapının dəstəyinə aparmışdı ki, nəsə tappıltıyla yerə dəydi.
– O nə idi, ay Səma? – deyib çevriləndə Vasif Səmanın yerdə çabaladığını gördü. Üstünə yüyürdü. Onun başını dizinə alıb yanaqlarına toxundu. Səmadan səs-səmir çıxmırdı. Bir anlıq Vasifə elə gəldi ki, Səma nəfəs almır. Sanki ürəyi dayandı. Dəhşət içinədə necə bağırdısa səsi batdı. – Səma, aç gözlərini. Aç deyirəm sənə. Qurban olum, aç. Səs ver. Nə istəyirsən de. Amma dillən. Səma… Səninləyəm… Aç, aç gözlərini.
Ətiqəylə Rəhman eşitdikləri haraydan neçə qorxmuşdularsa qapını açıb içəri atıldılar.
– Mama. Təcili yardıma zəng vur! – Vasif nəfəsi kəsilirmiş kimi çətinliklə dilləndi.
Ətiqə tez özünü ələ alaraq telefona yüyürdü. Rəhman oğluna “Özünü ələ al” deyib təpindikdən sonra Vasif qızı qucağına alıb yatağına uzatdı. Nəbzi getdikcə zəifləyirdi. Bənizində qanı qaçmışdı. Dodaqları gömgöy idi.
-Ata, o ölür.
– Dayan, a kişi, ağlına gələni danışma. Ölmək nədir. Sən bir özünü ələ al. İndi həkim gəlib özünə gətirər. Get Sənəmi bura çağır.
Vasif otaqdan çıxıb əmisigilə qaçdı. Sənəm ürəyi əsə-əsə onun ardıyca yollansa da Vasifin üzünə necə baxacağını bilmirdi. Ən azından o qızın tam dərdini bilməsə də eltisinə bir şey sezdirməliydi.
Təcili yardım maşını çatdıqda artıq İlhamla Gülşən gəlib çıxmışdılar. Gülşən toplaşan adamları yara-yara özünü içəri atdı.
– Qızıma nə olub? – Fəryad qopardaraq Ətiqənin üstünə qaçdı.
Yazıq qadının dili topuq çaldı:
– Vallah, bilmirəm. Çoxdandır narahat idi. Nə qədər desəm də həkimə getməyini sənə söyləsin, demədi. Gizlin saxladı. Səhər yenə narahat idi. Dedim yat dincəl. Sözümü dinləməyib gəlib girib hamama. Baxıram ki, hamama o zəhrimar kislotanı töküb. Zorla əlindən almışam.
– Yəqin ondan zəhərlənib. Mənim gül kimi sağlam balamı kislota o günə qoyub. Ay Allah, evim yıxıldı!
Gülşən bunu dediyi zaman arxadan ona qəzəblə baxan Sənəmdən xəbəri yox idi. Həkim cansız yatan qızı nə qədər ayıltmağa çalışsa da buna müvəffəq ola bilmirdi. Vurulan iynələr, müdaxilələr səmərə vermirdi. Qızın nəbzi zəiflədikcə bədəni ətə dönürdü. Sanki əcəlin izi onun gənc simasında dolaşırdı.
Doktor çoxdan tanıdığı Rəhmana baxıb başını buladı. Çarəsizliyini etiraf edircəsinə:
– Artıq mən əlimdən gələni etdim. Qalanı…
– Nə qalanı! – Vasif həkimin üstünə çığırdı. – Sən həkim deyilsən? Ayılt Səmanı. Nə istəyirsiniz verəcəm. Amma onu qaytarın.
Həkim boğazında damarları gərilmiş Vasifə baxıb başını buladı. Tək kəlmə:
– Bəlkə də Bakıya çatdıra bilsəniz…
– Ana, gedirik. İndicə çıxırıq. Tez-tez, tez olun. Gözləri önündə silələnən pərdəni əliylə sildi.
– Mən geçikdim. Mən gecikdim. Gərək bu sabah tezdən çıxaydıq. Əgər elə olsaydı Səma bu vəziyyətə düşməzdi.
İlham əli belində olanları izləyir, amma dillənmirdi. Gülşən əksinə, dil boğaza qoymadan:
– Uşağıma kislotayla hamam yudurdanda sonu belə olacaqdı! – deyib tanımadığı qonşulara deyinirdi.
Sənəm göz ağardıb asataca ona tərəf əyildi:
– Sən qızının xəstə olduğunu bilirdin. Artıq yerə haray-həşir salıb özünü duruya çıxartma.
Gülşən nitqi qurumuş halda Sənəmə baxdı. Sənəmin toyqabağı onlara gələndə Səmaya sistem köçürüldüyünü gördüyünü xatırladı.
Səmanı xərəkdə təcili yardım maşınına qoydular. Vasif yalvar-yaxar Səmanın yanında oturdu. Atası, əmisi, İlham, Gülşən və Ətiqə Vasifin maşınında gedəcəkdilər. Rəhman hər kəsdən xəlvət dərmanı dili altına qoyub yataq otağına adladı. Hər kəsdən gizlin saxladığı əməliyyatı üçün topladığı xeyli miqdarda pulu gödəkcəsinin döş cibinə qoyub çölə çıxdı.
Təcili tibbi yardım yola düzəldi. Sənəm olacaqların əzabı altında kimsənin üzünə baxmadan qaynının hələ qırmızı toy lentinin açılmadığı qapısına qıfıl vuraraq evlərinə döndü.
Vasif tez-tez Səmanın nəfəs aldığını yoxlamaq üçün ona qoşulan aparata baxır, kabinəni döyərək sürücüdən tez sürməsini istəyirdi. Yol sanki uzandıqca uzanır, dəqiqələr daş asılmış kimi çətinliklə keçirdi. Vasifin gözləri ölü kimi yatan sevgilisinin gözlərində qalmışdı. Var gücüylə hönkürüb hayqıraraq ona ölməməsi üçün yalvarmaq istəyirdi. Gözlərini açıb ona baxması üçün canını belə verməyə hazır idi. Səmaya baxdıqca Vasifin ürəyi parça-parça olurdu.
Gecə yarısını keçmişdi onlar Bakıya çatanda. Xəstəxanayla danışmışdılar. Artıq tibbi personal onları hazır vəziyyətdə gözləyirdi. Təcili tibbi yardım maşını xəstəxana həyətinə daxil oldu. Qapı açıldı. Xərəyi düşürüb Səmanı Vasifin əllərindən alaraq götürdülər. Onu soyuq dərman iyi qoxuyan dəhlizdə əzab və dərdləriylə baş-başa buraxaraq çıxıb getdilər. Hər yan üstünə gəlirdi. Dünya-aləm gözləri qarşısında rəqs edirdi. Qorxurdu. Aldığı nəfəsi itirməkdən qorxurdu.
Dostum, sən bilirsənmi qorxu nədir? Yox, yox. Mən adi bir şeydən təlaşlanıb qorxmaqdan danışmıram. Mən sevdiyini, əzizini itirməkdən qorxmağı deyirəm. O qorxu ki, damarına qədər, sümüyünə qədər sirayət edib nəfəsini kəssin. İtirməyin əzabı ruhuna dolaşıb gülüşünü dodağında dondursun. Sabahına ümidini, sevinib şadlanmağı əlindən alsın. O qorxu ki, çarəsizliyini üzünə vursun. Əlini-qolunu bağlayıb sadəcə göz yaşlarınla səni baş-başa buraxsın.
Şahingil Vasifdən yarım saat sonra xəstəxanaya çatmışdılar. Kimin üçün gəldiklərini deyib dəhlizə doluşdular. Vasif çarəsizcəsinə başını tutub oturmuşdu. Anasının ağlayan səsini eşidib ayağa qalxdı. Hər kəs son dərəcə üzgün idi.
– Qızım hanı? – İlham səbirsizliklə yeznəsinə baxdı.
– Apardılar müayinəyə.
– Nə dedilər? – Kişinin tonla danışığından tutulan Rəhman bayaqdan anlayışla qarşıladığı qudasına öldürücü baxış atdı. İlham buna fikir verməyib sözünü daha da göyərtməyə başladı. Yəqin Ətiqənin bacısıyla yeznəsi vaxtında özlərini yetirməsəydilər yeni qudalar arasında söhbət heç də xoşagələn olmayacaqdı. Ətiqə böyük bacısını görüb kövrəldi. Ata əvəzi yeznəsinin gəlişi isə onun üçün lap təsəlli oldu. Hər kəs fikirli halda bir kənara çəkilib durmuşdu. Vasifin üz-gözü qızarıb pörtmüşdü. Artıq iki saatdan çox idi Səmanı aparmışdılar. Ancaq hələ də bir xəbər yox idi.
– Səma Abbasovanın adamları sizsiniz? – Həkimi görcək sıx həlqə yaradaq onu araya aldılar. Hər kəsin gözü həkimin iki dodağı arasında qalmışdı.
– Mən əriyəm. – Vasif qabağa durdu. – Həkim, nə olar deyin görək yoldaşımın dərdi nədir?
– Necə deyim, bilmirəm. – Yüzlərlə xəstənin sağalmasına, ölümünə şahidlik edən həkimin çətinlik çəkdiyi bəlli idi. – Biz xəstənizi süni nəfəs aparatına qoşmalı olduq.
– Nə?! – Gülşən dizlərinə çırpıb yerə çökdü.
Ətiqənin gözləri yuvasından çıxarcasına böyüdü. Vasif eşitdiklərinin təsirindən özünü itirmişdi. Qulaqlarında milyonlarla səs uğuldayırdı. Qəlbinin ritmləri pozulmuşdu. Havası çatmırdı.
– Siz nə deyirsiniz, doktor. Aparata niyə? Nədir axı bu mərəzin adı? – Kallaşmış səslə soruşdu.
– Sabah olsun, o biri həkimlər də gəlsin. Bir yerdə bir də yoxlayıb qərar verəcəyik. Amma hələ ki, biz də bilmirik Səma xanımın belə olmasına səbəb nədir.
– Doktor… – Gülşən yenə də günahlarını ört basdır etmək üçün bəhanə arayırmışcasına həkimə baxdı. – Doktor, mənim qızımı bu hala kisotanın iyi sala bilər?
Ətiqə heyrətlə qadına baxıb təəssüflə başını yellədi. Qadının nə etməyə çalışdığını anlamaq istərkən həkimin Gülşənə verdiyi cavab əsəbini soyutdu.
– Xanım, siz xəstəmizin nəyi olursunuz?
– Anasıyam. – Gülşən doktorun cavabının nə olacağını maraqla gözlədi.
– Sizin qızınızın belə olmasına səbəb kislota qoxusu deyil. Düzdür, indi dəqiq bir şey söyləmək hələ tezdir, amma sanıram ki, Səma xanımın bu vəziyyətə düşməsinə səbəb əvvəldən keçirdiyi hansısa xəstəlikdir. İndi sizdən xahiş edirəm dəhlizdə dayanmayın. Xəstə bizim nəzarətimiz altındadır. Sizin burada durmağınızın ona heç bir faydası olmayacaq. Gedin dincəlin. Sabah görüşərik.
– Doktor, – Vasif həkimin qarşısını kəsdi, – icazə verin mən qalım. Onu burada tək qoyub gedə bilmərəm. Bilirəm mənim burada olub-olmamağımın Səmaya heç bir faydası olmayacaq. Ancaq mən… Mən buradan getsəm dəli olaram. Sizdən artıq dərəcədə xahiş edirəm yox deməyin.
Müslüm həkimin qarşısında durub çarəsizcəsinə ondan imdad diləyən oğlana rəhmi gəldi. Əlini onun çiyninə qoyub razılıq əlaməti olaraq başını yırğaladı.
– Nəyə ehtiyacın olsa mənə de. Tapşıracam sənə dəyməsinlər. – Həkim bunu deyib oğlanı adamlarıyla baş-başa qoydu.
Ətiqə bərk pərt olmuşdu. Gülşən bir ana kimi övladının ağrı-acısından bixəbər evində başını rahat yastığına qoyub yatdığı zaman Ətiqə Səma üçün gecə-gündüz dua edib onu öz balası kimi qorumuşdu. İndi bu nəyin nəsi idi? Bu qadın nə etməyə çalışırdı belə? Əgər həkimin dediyi kimi Səmanın əvvəlcədən bir dərdi olubsa, Gülşən bunu niyə gizlətmişdi?
Ətiqə cavabsız suallar içərisində çaş-baş qalmışdı. Bir yandan da harada qalmaq problemi yaranmışdı. Təbriz kişi çarəsiz qalmış bacanağının halına dözmədi. Evi iki kiçik otaqdan ibarət olsa da qəlbi geniş olan adam:
– Bizə gedirik, – deyə qabağa düşdü. Artıq düşünməyin vaxtı deyildi. Gecənin bu saatında haradasa gecələməyə yer tapmaq ağlabatan iş deyildi. Odur ki, baldızıgilin yerini dar etmiş olsa da razılaşmaqdan başqa çarəsi qalmadı.
Vasifi xəstəxana dəhlizində tək qoyaraq çıxıb getdilər. Ətiqənin böyük təəssüfünə səbəb olan Gülşən heç qızının yanında qalmağa belə səy göstərmədən onlardan qabaq keçib maşında oturdu. Ana oğlunun üzgün halına kövrəlsə də özünü tox tutmağa çalışdı. Göz yaşlarını içinə töküb oğlunu öpərək ürəyini onun yanında qoyub xəstəxananı tərk elədi.
(Ardı var)