Əşyaların interneti, kəşf təxminləri
Biz çox qəribə zamanda yaşayırıq. Hər an cəlbedici dəyişikliklər baş verir, daimi hesab edilən hər şey dəyişir və dəyişmələrin sürəti artır.
Texnologiyanın həyatımıza təsirini qiymətləndirmək çətindir. Təkər bizə hərəkət etməyə və adam, yük daşımağa imkan verdi. Onun kəşfi ətrafda hər şeyi – kənd təsərrüfatından siyasi sistemlərədək – dəyişdi.
Elektrik lampaları evləri, müəssisələri işıqlandırdı və bu, arxitektorların tikililəri, şəhər salanların isə şəhərləri layihələndirmələrini həmişəlik dəyişdirdi.
Avtomobil insana çıxış və son punkt arasındakı məsafəni tez dəf etməyə, həyatın və işin ritmini yenidən anlamağa kömək etdi.
Kompüter bizə məlumatları saxlamağın və ötürməyin müxtəlif şəkildə və qeyri-adi üsullarına imkan verən rəqəmsal dünyanı açdı. Bu isə insanların hərəkətlərini və qarşılıqlı fəaliyyətlərini dəyişdirdi.
Çoxsaylı bir çox digər kəşfin – soyuducudan və tikiş maşınından telefona, çap makinasından fotoaparata qədər – hər biri tədricən cəmiyyətdə adi bir şeyə çevrildi və siyasi, sosial, praktik dəyişikliklərə səbəb oldu.
1957-ci ildə ABŞ-ın Ayova ştatının Dövlət Universitetindən Co Bolen, Corc Bil və Everett Rocers texnologiyanın tətbiqinin əyrisi anlayışını təklif etdilər (indi onu hamı qəbul edib). Onlar belə bir ideya irəli sürdülər ki, texnologiyanı ilk kəşf edənlər yenilikçilər adlanır, ikinci mərhələdə ilk istifadəçilər, onlardan sonra kütlə, kütlədən sonra davamçılar gəlir. Belə sxem bu günədək işləyir, son iki onillikdə işıq sürəti ilə gedir.
Bu sürətli prosesin mərkəzində əşyaların interneti durur, həm də o hələ təzə başlayır. Əşyaların interneti – sensorlarla və birlikdə işləmək üçün internetlə təmin olunmuş, bizim nə etdiyimizi bilən, avtomatik çalışıb həyatımızı asanlaşdıran gündəlik cihazların nəhəng sistemidir. Çox sadə dildə desək, əşyaların interneti real həyatın aspektlərini (temperatur, işıq, təzyiq, insanların və ya əşyaların varlığı-yoxluğu və s.) hiss edə bilən və bu real həyat məlumatlarını emal edib, buna görə hərəkət edən cihazlar deməkdir. Bu elə bir sistemdir ki, internetə çıxışı olan bütün obyektlər bir-biri ilə unikal tanışlıq və informasiyanı bir-birinə internet üzərindən ötürmək imkanı ilə təmin olunublar. Yəni bu sistemdə insan-insan və ya insan-kompüter əlaqəsinə ehtiyac olmur. Əşyaların internetinə mobil telefonlar, qəhvə hazırlayan maşınlar, paltaryuyan maşınlar, qulaqcıqlar, lampalar, taxıla bilən cihazlardan tutmuş bizim fikirləşə biləcəyimiz hər şey daxildir. Bu terminə həm də cihazların hissələri daxil ola bilər. Məsələn, təyyarənin mühərriki və ya neftçıxarma qurğusu. Əgər hər hansısa bir cihaz və ya obyekt internetə qoşula bilirsə, onu əşyaların internetinin bir hissəsi hesab etmək olar.
Nə vaxtsa o, həyatın və biznesin praktiki əsasına çevriləcək, hələlik isə bu trend əsasən yenilikçiləri və ilk istifadəçiləri əhatə edir. Bir-birinə qoşulmuş qurğular ilk kompüter şəbəkələrinin və məişət elektronikasının yarandığı zaman mövcud idi. Ancaq internet yaranana qədər rabitənin qlobal ola biləcəyi heç kimin ağlına gəlmirdi. 1990-cı illərdə tədqiqatçılar insan və maşın birliyinin kommunikasiyasının və qarşılıqlı fəaliyyətinin tamamilə yeni formalarını yaradacağı haqda nəzəriyyələr qururdular. İndi həmin proseslər bizim gözlərimiz qarşısında baş verir.
Bu inqilabda həlledici rolu 2007-ci ildə “Apple” kompaniyasının “İphone” adlı qurğunu buraxması oynadı. Tezliklə smartfonlardan istifadə kütləvi hal aldı. Hər bir belə telefonda məlumatları, səsi, videonu, audionu, hərəkəti, olduğun yeri və s. fiksə edən mikrosxem qurulub. Smartfonu başqa bir qurğuya da qoşmaq mümkündür. O, şəxsi məlumatların və xəbərin, yeniliklərin əks olunduğu idarəetmə panelinin pultu rolunu oynayır. Smartfonlar hadisələr haqda xəbər alır, onlarda minik talonları, elektron biletlər saxlanır, ödəniş sistemləri yaradılır. Bütün bu əlaqələri sosial şəbəkələrə qoşmaq və real dünyada olan hadisələri təhlil etmək, onlardan idarəetmədə yeni üsulların yaradılması üçün kraudsorsinq kimi istifadə etmək olar.
Bununla birlikdə radiotezlikli identifikasiya texnologiyası inkişaf edib, sensor texnologiyası çox qabağa gedib, həcmin kiçildilməsi prosesi sürətlənib, proqram təminatı sahəsində nəhəng sıçrayış olub. Robot həşəratlar, robot heyvanlar, insanın daxilində işləyə bilən nano və mikro robotlar, böyük yüksəklikdə müxtəlif tapşırıqları yerinə yetirə bilən dronlar haqda ideyalar yaranıb. Heç bir şübhə yoxdur ki, biz bütünlüklə virtual mühitlə əhatə olunmağı nəzərdə tutan qurulmuş texnologiyaların yeni sirli dünyasına daxil oluruq. Bu dünya ilk baxışda elmi faktdan daha çox elmi fantastikaya oxşayır.
Ancaq bu dünya – faktdır. Əşyaların interneti bizə nə vaxtsa insanlar, maşınlar və fiziki obyektlər arasında görünməyən aləmə baxmaq üçün eyni vaxtda həm teleskop, həm də mikroskop təklif edir.
Obyektlərə yarlıq taxıb və onları internetə qoşmaqla biz təkcə onları izləmək və yeni tip məlumatlar toplamaqla qalmırıq, həm də hər cür məlumatlarla kombinasiya qurmaqla informasiyanın və biliyin yeni dərinliklərinə çatırıq.
Bu sanki fizikanın adi qanunlarını bir başa köçürməyə oxşayır. Əşyaların interneti süni intellekti və insanın ağlını yeni, tamamilə təəccüblü və bəzən də qorxunc üsullarla birləşdirir. Onun insanlar, canlılar, nəqliyyat vasitələri, hava axınları, viruslar və bir çox digərləri daxil predmetlər arası və predmetlər içərisində hərəkətləri dərk etmək qabiliyyəti var. O, qarşılıqlı əlaqələri tanıyır, insanın ağlı və hissləri üçün olduqca çətin olan, məsələn, körpünün və ya yolun vəziyyəti, atmosferdə baş verən fiziki proseslərin tendensiyası barədə olan alqoritmləri qabaqcadan xəbər verir. Əşyaların interneti insanın nəzarəti olmadan işləyən sistemlərə köməyi təmin edir, öz baza alqoritmlərini dəyişməklə zaman keçdikcə inanılması çətin olan bir proses baş verir – sistem ağıllanır.
Əşyaların interneti 1970-1980-ci illərdə kompüterlərin hər yerdə yayılması ilə başlanan güclü rəqəmsal inqilabın ikinci dalğasıdır. Bütün inqilablar kimi burada da o, qaliblər və məğlublar olacağını bildirir. Əşyaların interneti istifadəçiyə yeni mallar və xidmətlər təklif edir, mövcud malların və xidmətlərin çoxu köhnəlmiş olur. Texnologiyalar köhnə vəzifələri lazımsız edir, eyni zamanda fəaliyyətin yeni istiqamətlərini yaradır. Bir-birinə bağlı olan sistemlər təhsil sahəsinə, dövlət idarəçiliyinə və biznesə təsir edir, bizim hərəkətlərimizə, davranışımıza və sosial normalara ciddi dəyişikliklər edir. Yeni texnologiyalar seçkilərdə səs verməkdən, restoranlara getmək və tətil keçirməyin üsullarına qədər hər şeyə təsir edir.
Bununla birlikdə potensial xeyir bəzi böyük problemlərsiz və bir çox gözlənməyən nəticələrsiz ötüşmür. Gələcəkdə cinayətin yeni növləri, silahlar və müharibənin aparılması metodları yarana bilər. İnsanların bir-birindən uzaq düşməsi nəticəsində – digərləri kimi buna da yeni texnologiyalar səbəb olur – ciddi siyasi və sosial problemlər yarana bilər. Cəmiyyət çox yəqin ki, konfidensiallıq və təhlükəsizlik məsələlərini yenidən nəzərdən keçirməli olacaq.
Əşyaların internetinin bizi nə vaxt yaxalayacağını bilmək mümkünsüz olsa da, qlobal texnosentrizmdən yan keçməyin mümkün olmayacağı tam aydındır. Biz avtomatlaşdırılmış evlərdə yaşayacaq, yollara qoşulmuş ağıllı avtomobillərdə gəzəcək, tam interaktiv mağazalarda alış-veriş edəcəyik. On ildən sonra biz sağlamlığımıza yanaşmanı kökündən dəyişəcək, gündəlik həyatımızda tibbi preparatlardan və profilaktik vasitələrdən, ağlasığmaz sayda digər ağıllı sistemlərdən istifadə edəcəyik.
Əvvəllər verilən proqnozlar uzun müddətə, qeyri-müəyyən olurdu. İndi verilən proqnozlar isə adətən yaxın müddətə verilir və konkret sahələrə aid olur.
2015-ci ildə “Digital Shoreditch” festivalında ekspertlərdən ibarət komissiya yaradıldı. Komissiyaya dizayn üzrə məsləhətçi “Grafft” firmasının yaradıcısı Daniel Foqq, çatdırma üzrə kanallar barədə informasiya toplayan “Provenance” kompaniyasının baş direktoru Cessi Beyker, “Sapient Nitro” agentliyinin rəhbəri Daniel Xarvi, dizayner və mühəndis Ross Atkin daxil idi.
Onlar əlaqəli obyektlərin potensial səmərəliliyini və 1990-cı ildə doktor Stiven Rissin kəşf etdiyi, insan motivasiyasını ölçən məşhur metodun həyatımızı yaxşılaşdırmaq qabiliyyətini öyrəndilər.
Komissiya üzvlərindən Daniel Foqq yazır: “Bizim etdiklərimiz insanın 16 əsas arzusuna yönəlmişdi. Maraqlı olanı öyrənməyə can atmaq, qida, ailənin şərəfi və sairə insanın motivasiyasına təsir edir. Bu bizə yaxın bir neçə onillikdə görəcəyimiz bəzi qurğuları, obyekt və sistemləri başa düşməyə kömək etdi”.
Komissiyanın digər üzvü Daniel Xarvi: “Təsəvvür edin ki, səyahət çox baha və ətraf mühit üçün zərərli olanda siz “Uber” və ya “Magic” kimi xidmətlərə müraciət edirsiniz. Kəskin hisslər və idmanın ekstremal növlərinin həvəskarları evdə oturaraq, məsələn, Safariyə getməyə hazır olan bir gənci kirayələyirlər. Siz həmin gəncin gördüyünü görə, hiss etdiklərini hiss edə biləcəksiniz”.
Söhrab Məhərrəmov
Müəllifin başqa yazıları: