Məhəbbət nağılı (4)
- 14 İyul 2020
- comments
- Novator.az
- Posted in AktualTribunaYazarlar
Aynur Təmkin
***
Dünən qız toyunu yola verən Səma ağ gəlinlik içində qu quşuna bənzəyirdi. Gözləri od-alov kimi yanaraq olmazın hüzur və nəşə saçırdı. Vasifin dünən ona pıçıldadığı sehirli sözlər qızın ruh dünyasına olmazın rəng qatmışdı. Onu sevən bu gəncin sarsılmaz eşqi izzət-nəfsini oxşayıb bütün əlaclardan da yaxşı təsir etmişdi. Özünü son dərəcə xoşbəxt hiss edən Səma ona zillənən baxışlara qarşılıq olaraq şəfqətlə hər kəsə gülümsəyirdi. Yaxın rəfiqələri olan Məhəbbətlə Gülnur onun ətrafında dörd dolanaraq ayaqqabısının altına subay qızların adını yazır, gəncliyə yaraşan şaqraq gülüşlərlə gülürdülər. Səma ürəyinin təlatümlü çırpınışlarına məhəl qoymadan yarına qovuşağı dəqiqləri sayırdı. Al dodaqları od kimi yanır, vücudu həyəcandan titrəyirdi. Qohum-qonşu əvvəldən də gözəl olan, indi daha da cazibəli görünən gəlinə xoş sözlər deyib ona xeyir-dua verdikcə Gülşən qürrələnə-qürrələnə şətstlə ortalıqda gəzinirdi. Sahilə xanım Gülşəndən bir şey öyrənə bilməsə də, özü bir neçə həkimdən dərmanların hansı xəstələrə tədbiq edildiyini eşitdikdə Səma üçün üzülmüşdü. Amma Səmadan da çox ona həyatını bağlayan oğlan üçün üzülmüşdü. Lakin neyləməli ki, o bu gün səadətdən göylərə uçan bir qızın mürvətinə mane olacaq qədər cəsarət sahibi deyildi.
Maşın siqnalları küçənin başında eşidilikdə qonşunun uşaqları: “Gəldilər, gəldilər!” deyərək tüstü kimi həyətə doluşdular. “Vağzalı” səsi bütün həyəti başına götürəndə Ehtiram yaxınlaşıb ağ işləməli pul bükülmüş zərif əl dəsmalını bacısının ovcuna bağladı. Uşaqlıqdan bu günə kimi qoruduğu zərif, olduqca incə, həlim xasiyyətli bu əziz varlığı sinəsinə sıxdı. Bacısının titrəyən zəif bədəni onun iri cüssəli qolları arasında görünməz oldu. Bacı bu evin nəşəsi, hər səhər doğan günəşi idi. Səma onun baş tacı, həmişə qürur duyduğu sevimli varlığı idi. Artıq o kiçik qırmızı donlu qız yox idi. İndi onun qaşısında olduqca gözəl bir gəlin durmuşdu. Bir az da qalsa ağlayacaqdı. Alnından öpərək yerini xoşbəxtliyin görünməz qanadlarında göylərə uçan Vasifə verdi.
Həyəcandan hər ikisinin əli titrəyirdi. Vasif qızın bihuşedici qoxusunu duyduqca gözlərinin dərinliyində od qığılcımları parıldayırdı.
İlham qızına sarılaraq qoxusunu içinə çəkdi. Gözlərindən iki damla yaş yanaqları boyunca diyirlənib Səmanın çiynini yandırdı. Gəlin artıq göz yaşlarına hakim ola bilməyərək ağladı. Ata bu günündən məsud, sabahından nigaran qızını Vasifə əmanət edib otaqdan çıxdı.
“Vağzalı”nın qəlb titrədən sədaları altında Səma doğma ocağını tərk edərək yeni ocağa, yeni yurda pənah apardı. O, yanında əyləşdiyi gəncə özündən çox güvənərək onun mərdliyinə və sevgisinə əmin halda əllərindən yapışmışdı.
“Biz mehriban ailəyik” – hər kəs bu musiqi sədaları altında süzürdü. Ətiqə və Rəhman xoşbəxt, Gülşən məmnun, İlham narahat, Sahibə və Sənəm vicdan əzabıyla, Arzu xəcalət hissiylə, Vüsalə bəxtəvərliklə rəqs edirdilər. Vasif və Səma vüsalın astanasında atəşli gözlərlə bir-birilərinə baxıb gülümsəyirdilər.
Artıq sıra onlarda idi. Yenə onların musiqisi səsləndikdə Vasif qızın əlindən tutub incə belini qavradı. Rəqs edə-edə meydanın ortasına gəldilər.
Bu güller senin için,
Bu gönül ikimizin.
Hiç üzülme, ağlama,
Sen gülümse daima.
– Sən gülümsə daima. Sən hər zaman yanımda ol. Varlığın varlığımın məlhəmi, gözlərin ruhumun aynası olsun… – Vasif bunu qızın qulaqlarına pıçıldayaraq gülümsər gözlərlə ona baxdı. Səma ona sonsuz rahatlıq gətirən o gözlərdə yalnız və yalnız böyük məhəbbət və eşq gördü. Uzun kipriklərini qırparaq oğlana hüzur dolu baxış atdı.
Toy başa çatıb evə gəlmişdilər. Bu unudulmaz gün, bu gözəl gecə onların idi. Vasif qırmızı ipək alafanı qızın üzündən götürüb uzun yelpazə saçları azad buraxaraq odlu dodaqlarını qızın alnına yapışdırdı.
– Həyatıma xoş gəldin, atəş gözlüm. – Oğlanın sözləri xoş melodiya kimi qızın ruhuna dolaşdı. Səma oğlana sarılıb başını onun çiyninə yasladı.
***
Gəlin görməsi bu elin adəti idi. Qohum-qonşu gəlib-getdikdən sonra axşama gəlini üzə çıxartdılar. Səma ilk çay stəkanını qaynatasının qarşısına qoydu. Sonra sırayla əmi, dayı, qaynana və digərlərinin qarşısına çayı qoyub həyasından pörtmüş halda yengəsi olan xalası Gülnazın yanında əyləşdi. Çaylar içilib xeyir-dua verildikdən sonra Rəhman Ətiqənin uzatdığı üzüyü Səmanın barmağına keçirdi.
– Xoşbəxt ol, qızım. Vüsalə mənim üçün kim deməkdisə, sən də mənə eləsən. Allah səni bu evdə oğullu-uşaqlı eləsin! – Rəhman gəlinini xoş sözlərlə sevindirdi. Səma utancaq halda kişiyə təşəkkür edərək sevinclə ərinə baxdı. Vüsal bəxtiyarlıqla gülümsünüb kimsə hiss etməyəcək tərzdə qıza göz vurdu.
***
Günlər sürətlə ötürdü. Artıq yay fəsli başa çatmaq üzrə idi. Bu yarım ay müddətində Səmanın atası evində qonaq olmuş, bu gün də onları evlərinə dəvət etmişdilər. Səma səhər durandan özünü narahat hiss etsə də, bunu büruzə verməməyə çalışaraq qaynanasına kömək etməyə çalışırdı. Vüsalə süfrəni bəzəməyə ona yardım edir, Sənəm aş süzür, Arzuyla Filyar dovğa bulayırdılar. Həyətdə kabab çəkən kişilərin ara-bərə şaqqıldayaraq gülən səsləri evə dolanda qadınlar da dodaqucu gülümsəyərək onların bu nəşəsinə şahidlik edirdilər.
Vasifin simasında sonsuz sevginin izləri var idi. Oğlan içəri girib-çıxdıqca arada gənc xanımına göz basmağıda unutmurdu.
Valideyinlərini görən Səma qaçıb anasının boynuna sarıldı. Hamıyla bir-bir görüşdü. Necə də qəribsəmişdi doğmaları üçün.
Qonaqlıq gecəyədək davam etdi. Onlar getdikdən sonra Ətiqə yır-yığışla məşğul olan Səmanı əl saxlamağa məcbur etdi.
– Get, bala. Yeri yat. Sabah səhər yığışdırarıq.
– Axı…
Səma nə qədər etiraz etməyə çalışsa da, Ətiqə razı olmadı. Nəhayət, gəlin qaynanaya təslim olaraq duş almaq üçün hamama yollandı. İsti su bədəninə dəydikcə ayaqlarının titrədiyini hiss etdi. Birtəhər qurulanaraq özünü toxtadıb otaqlarına çəkildi. Vasif bənizi ay işiği kimi solmuş qıza baxıb təlaşlandı.
– Sənin haran ağrıyır?
– Heç yanım. Bir az yatsam keçib gedər. Yəqin yorulmuşam. – Səma halsız halda nazik yorğanı üzərinə çəkdi. Getdikcə titrəməyi artırdı.
– Yox, belə olmaz. Qoy mamanı çağırım. – Vasifin daha da həyəcanlandı.
– Qorxuzma yazığı. Onsuz da yorğun düşüb. – Səma qəti etirazını bildirdi.
O gecə səssiz-səmirsiz evi yığışdıran Ətiqə oğluyla gəlinin yatdığını sansa da, ikisi də səhərəcən yatmamışdı. Səmanın qarnından eşidilən gurultu su pıqqıltısına bənzər səs etdikdə həyəcandan nəşəsi qaçmış Vüsalı dərd götürmüşdü. O, ilk dəfə idi belə bir şeyin şahidi olurdu. Səma ağrıdan qovrularaq yalnız səhərə yaxın rahatlıq tapıb yuxuya daldı.
Bu hallar gün getdikcə artır, Səma isə bunu ciddi-cəhdlə ərindən və qaynanasından gizli saxlayırdı. Lakin Vasif hər gecə özünü yatmış kimi göstərsə də, qızın əzablarına şahid olub dünyasından küsürdü.
Səhər erkəndən oyanıb düşüncəli halda eyvanda oturdu. O qədər fikirli idi ki, anasının onu çağırdığını belə eşitmədi. Ətiqə təəccüblə oğlunu süzüb ehtiyatla ona toxundu. Vasif anasına yanında yer elədi. Kədərli baxışalrını yerdən qaldırıb:
– Həkimlər saat neçədə işə çıxırlar? – soruşdu.
Qadın səksəkə ilə Vasifə baxdı:
-Kimə nə olub?
– Səma son zamanlar yaman narahatdır. Gah qızdırır, gah üşüdür. Gecə səhərəcən qarnında elə bil təbil çalırlar. Uğultusu otağı başına götürür. Dursun çörəyini yesin, sizi aparım həkimə. Kimin yanına getsək yaxşı olar? – Vüsalı yağışın çisələdiyini görüb evə qalxan anasının arxasıyca addımladı.
– Nə bilim, ay bala. Bu tərəflərdə yaşayan həkim var. Deyirlər çox savadlıdır. Aparaq görək nə deyir.
Səma əvvəldən də incə idi. Bu aralar bir az da zəifləmişdi. Geydiyi paltarları əyninə boş otururdu. Bezgin halda klassik qara şalvar geyinib fəsilə uyğun koftayla tamamladı. Saçlarını darayıb atquyruğu yığdı. Süd kimi ağ zərif boynu bir az da uzun görünərək qızın çox arıqladığını qabarıq göstərirdi. Həkimə getmək istəməsə də, Vasifin təkidlə ”Gedəcəksən!” deməsinə qarşı dura bilmədi. Həvəssiz halda ayaqqablarını ayağına keçirdib maşına oturdu.
Rəhman son zamanlar gəlinin halını pərişan görüb ondan nəvə müjdəsi gözləyirdi. Sanki Vasif ata olarsa onun canına can gələcəkmiş kimi hiss edirdi Rəhman. Onları yola salıb yarımçıq işini tamamlamaq üçün həyətə endi. Bir az işləyib yorulduğunu hiss etdi. Bir yandan da ürəyi sancırdı. Öz-özünə danışırmışcasına yumruğunu sinəsinə basdı.
– Hələ bir səbir elə, ay ürək. Mənə oğul nəvəsini də görməyi nəsib elə. Bax, mənə bu günə qədər çox dönüklük elədin. Bu dəfə imkan ver. İmkan ver oğlumun ata olacağı günü görüm. – Ağır-ağır nəfəs alaraq kürəyini divara söykədi. Ölmək istəmirdi. Ürəyi vəfa etsə, hələ nəvələrinin böyüdüyünü görmək istəyirdi. Amma heç nə insanın əlində deyil. Rəhman bunu bilirdi. Can şirin şeydir. O, həkimlərin dəfələrlə ona “Özünü güd, sənə işləmək olmaz” deməklərinə baxmayaraq ailənin bütün gücünü oğlunun çiyinlərinə salmaq istəmirdi. Amma yaşamaqdan doyub vaxtsız vidalaşmaq da istəmirdi.
***
Səma həkimin suallarına cavab verib yoxlanmaq üçün uzandı. Fəridə həkim onu müayinə edib başqa müayinədən də keçmək lazım olduğunu bildirdi. Ətiqənin qorxu içində ona baxan kədərli baxışlarıyla göz-gözə gəldikdə:
– Aparatdan keçməsə bir şey deyə bilmərəm. Mütləq qan analizi də verməlisiniz. Bunları edin, sonra yenə mənə yaxınlaşın.
Xəstəxananın birinci mərtəbəsinə endilər. USM otağının qarşısında böyük növbə vardı. Səma yorğun düşmüş halda qaynanasına:
– Mama, çox xahiş edirəm evə dönək. Sabah erkəndən gələrik. Mənim bunları gözləyəsi halım qalmayıb, – deyib yalvarırcasına Ətiqəyə pıçıldadı.
Ətiqə çarəsiz halda razılaşıb onunla birgə xəstəxananı tərk elədi. Vasifin: “İndi hara?” sualına cavab olaraq Ətiqə oğluna qan analizi vermək üçün maşını başqa xəstəxanaya sürməyi tapşırdı.
Vasif qızın əlindən möhkəm sıxaraq onun üzünü özünə doğru çevirdi. Səmanın qana qarşı həssaslığını bilirdi. Həkim venadan aldığı qanı şüşəyə boşaldaraq pambığı qızın qoluna sıxdı. Səma daha da halsızlaşmış halda ərinə söykənib gözlərini möhkəm-möhkəm qapamışdı.
– Cavabını sabah gəlib götürərsiniz. Daha xanımı apara bilərsiniz. – Həkim bunu deyib onları yola saldı.
(Ardı var)