Hesablama Palatasının rəsmi məlumatına görə, 2020-ci ilin ilk yarısında 2-si monitorinq, 2-si analitik fəaliyyət, 18-i audit formasında olmaqla 24 kənar dövlət maliyyə nəzarətinin başlanması qərarları qəbul edilib, 9 nəzarət tədbirinin nəticələri üzrə kollegiya qərarları rəsmiləşib.
Hesabata əsasən, 3 milyon 300,1 min manat məbləğində vəsaitin artıq və əsassız icra edildiyi müəyyən olunub, 1 milyon 521,4 min manat məbləğində vəsaitin bərpası təmin edilib.
2019-cu il və əvvəlki illərin nəzarət tədbirləri zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması addımları da izlənib, 1 milyon 287,4 min manat vəsait bərpa olunub: “2019-cu ilin nəzarət tədbirlərinin nəticələrinə dair qəbul edilmiş qərarları bir çox qurumlar tam icra edib. Bakı Nəqliyyat Agentliyindən təqdim edilmiş məlumata görə, artıq xərc edilmiş vəsaitlər üzrə 986,9 min manat və əlavə dəyər vergisi üzrə az hesablanmış 61,3 min manat vəsaitdən 795,5 min manatı dövlət büdcəsinə bərpa olunub, 128,9 min manat debitor borc bağlanıb, qalan məbləğin bərpası və kollegiya qərarı ilə müəyyən edilmiş digər istiqamətlər üzrə tədbirlər aparılır”.
Agentliyin 2018-ci ildən qalma 86,5 min manat vergi borcunu ödədiyi də vurğulanır.
2020-ci ilin yanvar-iyun ayları üzrə ümumilikdə 2 milyon 808,8 min manat məbləğində vəsaitin bərpası təmin edilib.
Novator.az bildirir ki, Hesablama Palatası Milli Məclisin yaratdığı, kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanıdır. Qurum icmal büdcənin, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına rəy verir.
Palata sədr, sədr müavini və 5 auditordan ibarətdir. Üzvlərin səlahiyyət müddəti 7 ildir, onlar Milli Məclis sədrinin təqdimatı əsasında təyin edilirlər.
Hesablama Palatasının dövlət xəzinədarlığı məlumatlarına birbaşa çıxış imkanı əldə etmək; dövlət vəsaitinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş göstəricilərə uyğunluğunu təhlil etmək; kənar dövlət maliyyə nəzarəti obyektlərindən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin icrası ilə bağlı hesabat və məlumatları, habelə maliyyə, mühasibat, vergi və statistik uçotu hesabatlarını və zəruri sənədləri kağız və (və ya) elektron formada almaq, kənar dövlət maliyyə nəzarətinin məqsədləri çərçivəsində onların elektron informasiya sistemlərinə daxil olmaq; kənar dövlət maliyyə nəzarəti obyektlərində aidiyyəti sahələrə daxil olmaq, müvafiq sahələrdə müşahidələr aparmaq, aktivlərin və öhdəliklərin mövcudluğunu yoxlamaq, inventarizasiyasını aparmaq, məsul şəxslərdən və maliyyə nəzarətinin predmeti ilə əlaqədar digər tərəflərdən izahatlar və məlumatlar almaq; inzibati xətalar haqqında işlərə baxmaq və inzibati tənbeh tətbiq etmək; kənar dövlət maliyyə nəzarətinin obyektlərinin vəzifəli şəxslərini Hesablama Palatasının kollegiya iclaslarına dəvət etmək kimi hüquqları var.