7 iyul minası
- 07 İyul 2020
- comments
- Novator.az
- Posted in AktualManşetŞərh
Qarabağın Azərbaycandan qoparılması yolunu açan qərarın qəbulundan 97 il ötür.
Novator.az bildirir ki, 1923-cü ilin bu günü – iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Muxtar Dağlıq Qarabağ Vilayəti yaradılır.
1936-cı ildə vilayətin rəsmi adı yenilənir: Dağlıq Qarabağ Muxtar Vilayəti.
1981-ci il iyunun 16-da Azərbaycan Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edir.
1988-ci il fevralın 13-dən Dağlıq Qarabağda Stepanakert şəhəri, Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonlarından ibarət muxtar vilayətin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayır. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin dövlət hakimiyyəti orqanı – Xalq Deputatları Soveti SSRİ, Azərbaycan və Ermənistan hakimiyyətləri qarşısında vəsatət qaldırır. Vəsatətdə vilayətin Ermənistana birləşdirilməsi istəyi yer alır, bununla separatçı hərəkat açıq hərbi təcavüzə çevrilir.
1989-cu il yanvarın 12-də SSRİ Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Azərbaycanın idarəçiliyindən çıxarılaraq birbaşa Moskvaya bağlanır, başında Arkadi Volskinin dayandığı Xüsusi İdarəetmə Komitəsi yaradılır.
Həmin il noyabrın 28-də Xüsusi İdarəetmə Komitəsi Azərbaycan xalq hərəkatının təzyiqləri nəticəsində ləğv edilir, 1990-1991-ci illərdə bölgə Bakının yaratdığı Respublika Təşkilat Komitəsi (rəhbəri – Viktor Polyaniçko) vasitəsilə idarə olunur.
1991-ci ilin avqustunda SSRİ-nin dağılması sürətlənir, ayın 30-da Azərbaycan parlamenti dövlət müstəqilliyinin bərpasına qərar verir.
1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edir. İşğalçı rejim Dağlıq Qarabağ Muxtar Vilayətinin və keçmiş Şaumyan kənd rayonunun ərazisində elan olunur (Şaumyan kənd rayonu Azərbaycan parlamentinin 12 fevral 1991-ci il qərarı ilə ləğv edilib, Goranboy rayonunun tərkib hissəsidir). Bunun ardınca müharibə alovlanır, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlərin işğalı başlanır.
Həmin il noyabrın 26-da Azərbaycan Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətini milli ərazi qurumu kimi ləğv edir. Həm 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi dekret, həm də 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qüvvədən salınır.
Azərbaycan parlamenti tarixi adları qaytararaq Stepanakerti Xankəndi, Mardakerti Ağdərə, Martunini Xocavənd adlandırır. Əsgəran və Hadrut rayonları ləğv edilir, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılır, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi Xocavənd rayonunun tərkibinə verilir.
1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhəri işğal edilir.
Mayın 8-9-da Şuşa şəhəri işğal olunur.
Mayın 17-də Laçın şəhəri işğal olunur, rayon (Qubadlıya yaxın kəndləri çıxmaqla) ermənilərin əlinə keçir.
İyunun 14-də keçmiş Şaumyan kənd rayonu erməni işğalından tam azad edilir.
İyulun 4-də Ağdərə şəhəri Azərbaycan qoşunlarının nəzarətinə keçir, sonra rayonun böyük hissəsi azad olunur, Tərtər-Kəlbəcər yolu açılır.
Avqustun 25-də Azərbaycan parlamentinin qərarı ilə Ağdərə rayonunun bir hissəsi Tərtər rayonunun tərkibinə keçir.
Milli Məclisin 13 oktyabr 1992-ci il qərarı ilə Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülür.
1992-ci ilin yay-payız aylarında Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi azad edilir.
1993-cü ilin fevral ayından başlayaraq ermənilər keçmiş Ağdərə rayonunun bir hissəsini nəzarətə götürür, Tərtər-Kəlbəcər yolu yenidən bağlanır.
Martın sonundan aprelin 2-dək Kəlbəcər rayonu işğal edilir, Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi yenidən ermənilərin əlinə keçir.
İyunun sonunda ermənilər Ağdərə şəhərini yenidən zəbt edir.
İyulun 23-də Ağdam şəhəri işğal edilir.
Avqustun 23-də Füzuli və Cəbrayıl rayonları işğal olunur.
Avqustun sonlarında Laçının Qubadlıya yaxın kəndləri, ayın 31-də Qubadlı rayonu işğal edilir.
Oktyabrın 29-da Zəngilan rayonu işğal edilir.
1994-cü il yanvarın 5-də Azərbaycan qoşunlarının keçirdiyi əməliyyat zamanı Füzuli rayonunun 22 kəndi və Horadiz qəsəbəsi, Cəbrayılın Cocuq Mərcanlı kəndi azad edilir.
1994-cü ilin mayında Rusiya atəşkəs layihəsi təqdim edir. Layihə Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Qırğızıstan paytaxtı Bişkekdə keçirilən iclasında təqdim olunur. Mayın 5-də Bişkekdə həmin sənədi Ermənistan parlamentinin sədri, Dağlıq Qarabağın erməni icmasının nümayəndəsi, MDB Parlament Assambleyasının sədri və katibi, Qırğızıstan Ali Sovetinin sədri, Rusiya vasitəçilik missiyasının rəhbəri imzalayırlar.
Azərbaycan parlamentinin sədri və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri sənədə mayın 8-i Bakıda qol çəkirlər.
Bişkek protokolu adlanan həmin sənədə əsaslanan Azərbaycan və Ermənistanın müdafiə nazirləri, eləcə də Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin komandanı mayın 12-si Moskvada atəşkəs sazişi bağlayırlar…
2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl istiqamətində bəzi məntəqələri işğaldan azad edir.
2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı yüksəkliklər işğaldan azad olunur…
Hazırda Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən), Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndi işğaldadır.
Özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimdə 1991-ci ildən bəri 7 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.
1992-ci il martın 24-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən görüşündə Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul edilib. Minskdə çağırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə, Fransa, İtaliya, Almaniya, Çex və Slovak Federativ Respublikası, Belarus, İsveç, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilməli idi.
1992-ci il mayın 1-də konfransın reallaşması üçün Minsk qrupu yaradılıb. Hazırda 11 üzvdən ibarət (Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan) Minsk qrupunun ilk sədri italyan Mario Rafaelli olub (1992-1994).
1994-cü ildə həmsədrlik institutu yaradılıb. Hazırda ABŞ-dan Endrü Skofer, Fransadan Stefan Viskonti, Rusiyadan İqor Popov həmsədrlik edirlər.
İndiyədək həmsədr postunda bu diplomatlar çalışıb:
İsveç – Yan Eliasson;
Finlandiya – Rine Niberq;
Rusiya – Vladimir Kazimirov, Valentin Lozinski, Yuri Yukalov, İqor Studennikov, Nikolay Qribkov, Yuri Merzlyakov;
Fransa – Jak Blo, Jorj Vojye, Jan Jak Qayard, Filip de Sürmen, Anri Jakole, Bernar Fasye, Jak For, Pyer Andriyo;
ABŞ – Stroub Telbott, Cozef Pressel, Linn Pasko, Donald Kayzer, Kerri Kavano, Rudolf Perina, Stiven Mənn, Metyu Brayza, Robert Bradtke, Ceyms Uorlik, Riçard Hoqland.
Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) indiyədək tərəflərə təqdim etdiyi, amma reallaşmamış sülh sazişi variantlarından üçü ictimaiyyətə bəllidir: ”Paket həll”, ”Mərhələli həll” variantları və ”Ümumi dövlət” variantı.
Bu variantların ikisində Dağlıq Qarabağın statusu məsələsi də yer alıb. 1997-ci ilin iyulunda təklif olunmuş ”Paket həll” variantında Dağlıq Qarabağ Azərbaycanın tərkibində dövlət və ərazi qurumu kimi göstərilib. 1998-ci ilin noyabrında təklif olunmuş “Ümumi dövlət” variantında isə Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində respublika formasında təqdim olunub.
Hazırda Qarabağ danışıqları Madrid prinsipləri adlı təkliflər əsasında aparılır. 2007-ci il noyabrın 29-da Rusiya, Fransa, ABŞ-ın Madriddə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim etdiyi təkliflər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.