Aynur Təmkin
***
Səma saçının buruqlarına bir də baxıb güzgüdən özünə gülümsədi. Gözləri odlu-alovlu idi. Dodaqlarında sevgidən yaranmış xoş təbəssüm gəzirdi. Anasıgil toy yiyəsi kimi çoxdan getmişdilər. Vasif atasıgili ziyafət sarayına qoyandan sonra onun arxasıyca gələcəkdi. Həyəcanlı idi. Əlini tez-tez atan köksünə sıxdı. Bu həyəcan, bu təlaş Vasifi görəcəyindən qaynaqlanırdı. Hər dəfə görüşəndə qız bu halları keçirdikcə özünə gülməyi tuturdu. Yadına Vasiflə ilk tanışlığı zamanı dediyi sözlər düşdükcə dodaqları qaçırdı. Kor deyib acıladığı oğlan indi onun həyatının tam mərkəzində dururdu.
Küçədən keçən maşının səsindən Vasifin gəldiyini təxmin edərək sürətlə pilləkəni enib qapını açdı. Oğlan maşına söykənərək onu gözləyirdi. Vasif bu gün hər zaman olduğundan da yaraşıqlı görünürdü. Səma qonşu qızların heyranlıqla Vasifi süzdüklərini görüb bir andaca tutuldu. Qaşqabaqlı halda qızlara tərs baxış ataraq keçib ön oturacaqda əyləşdi. Vasif qızın birdən-birə nədən tutulduğunu anlamayaraq sükan arxasına keçdi. Qızın buz kimi əllərindən tutub ona gülümsədi.
– Mənim nişanlımın niyə kefi yoxdur? – Zarafat etməyə çalışsa da, qızın eyni açılmadı. Yol boyu ağzını açıb bir kəlmə də demədi. Səmanın belə hərəkətlərinə alışmayan Vasif artıq israr edib nəsə soruşmağa lüzum görmədi. Qəlbində haradasa qızdan incidi də.
Səma qaynanası və eltisi Sənəmlə görüşəndən sonra keçib onların yanında oturdu. Ətiqə gələndən bəri üzü gülməyən gəlinini altdan-altdan süzərək ona nə olduğunu anlamağa çalışırdı. Yazıq qadın sonunda “yəqin Vasif nəsə deyib, qızın qəlbinə dəyib” düşünərək rəqs edən bəy-gəlinə baxıb gülümsədi. “Gəncdirlər, ay Ətiqə. Sən ürəyinə salma. Küsərlər də, barışarlar da” deyə pıçıldayaraq özünə təskinlik verdi.
Vasif “Aşk hikayesi” mahnısı səsləndikdə yerindən qalxaraq Səmaya yaxınlaşdı. Onun qarşısında bütün gənclik təravəti, kişi əzəmətiylə dikələrək əlini uzadıb qızı rəqsə dəvət etdi. Hər kəsin gözü onların üzərindəykən qız bayaq Vasifin qonşu qızlara baxdığından şübhələndiyinə görə oğlanın təklifini qəbul etmədi. Bunu gözləməyən Vasif pərt olsa da, özünü tox tutaraq zorla gülümsəməyə çalışdı, siqaret çəkmək bəhanəsiylə çölə çıxdı. Göydə sayrışan ulduzlara baxıb dərindən köks ötürdü. Səmanın qəfil addımı ona ağır gəlmişdi. O, buna layiq olacaq heç nə etməmişdi. Bu günə planlaşdırdığı hər şey alt-üst olmuşdu. Ürəyinin üstündə ağır yüklə yenidən zala qayıtmayıb anasına zəng etdi:
– Mama, mən bir yerə dəyib gəlirəm. Çıxanda zəng edin, gəlim götürüm. Yox, vallah. Heç nə olmayıb. Dostumun dayısının maşını sınıb, yolda qalıb. Baxıb qayıdacam.
Maşına oturub telefonu bir kənara atdı.
Hara gedirdi, heç özü də bilmirdi. Bütün şəhəri dolaşdı. Amma Səmaya olan hirsi soyumadı. Onun bu səbəbsiz hərəkətləri Vasifin böyük sevincinin üstünə su səpmişdi.
Səma ona yönələn tənəli baxışlardan sanki silkinib ayılaraq peşman halda qaynanasına baxdı. Qadın düşüncəli halda barmaqlarını su bardağının kənarlarına sürtərək nəsə fikirləşirdi. Gülşən tərs-tərs qızına baxaraq baldızıyla pıçıldaşır, hirslə dodaqlarını gəmirirdi.
Gözləri qapıda qalmışdı. Elədiyi hərəkətin əzabını çəkir, ağlamamaq üçün özünü güclə saxlayırdı. Sənəmə doğru əyilib xəcalətindən pörtmüş halda Vasifi soruşdu. Sənəm fürsət varkən qızdan elədiyi hərəkətin səbəbini soruşmuşdu ki, qız “Bilmirəm” deyərək çiyinlərini çəkdi.
– Düz eləmədim, əmidostu. Vasifə bunu eləməməliydim, bilirəm. Yəqin məndən küsdü. Haqqı da var. Mən axmaqlıq elədim.
– Eybi yoxdur. Gedəndə könlünü alarsan, barışarsınız. Amma məndən sənə əmanət. Bir də bu cür hərəkətlər eləmə. Ətiqəyə bax. Yazıq özünü o yerə qoymasa da, gör necə pərt olub. Özünün də gününü bərbad etdin, Vasifin də. Keçənə güzəşt. Bir azdan gələr, barışarsınız.
Lakin Vasif Səmanın bütün gözləntilərinə rəğmən geri qayıtmadı. Atasıgilin arxasıyca taksi göndərib gecdən-gec evə qayıtdı. Ətiqə gördüklərinin üstünü vurmadan Rəhmana bir yalan uydurub onu yatmağa göndərdi, oğlu gələnə qədər qapı ağzında gözlədi. Vasif o qədər kefsiz idi ki, qəlbi parça-parça olan ana daha nəsə soruşub onun üzüntüsünü artırmaq istəmədi. Çayı oğlunun qarşısına qoyub otağına çəkildi.
Başını qolları arasına alıb gözünü yummuşdu. İçindəki hisslərinin adı yox idi. Yalnız boşluq və dərin təəssüf var idi. Canından artıq sevdiyi varlıq onu elə canından vurmuşdu.
Səma toy ərəfəsi də oğlanı görməyib boğazına qədər yığılıb düyünlənmiş göz yaşını zorla udaraq başını aşağı dikdi. O, bəzilərinin maraq dolu, bəzilərinin istehzalı, digərlərinin həsəd dolu baxışları altında əriyərək içindəkiləri büruzə verməyib özünü tox tutsa da, evə çatan kimi otağına qaçaraq çarpayısına yıxılıb doyunca ağladı. Hıçqırıqlar içində gecə yarıya qədər Vasifdən zəng gözlədi. Lakin oğlandan xəbər-ətər çıxmadı. Nəhayət, bütün cəsarətini toplayıb ona zəng vursa da, Vasif telefonu söndürdü. Səma öz günahı və əzabı içində hönkürərək yastığını ağzına tutdu. Səsini eşidib anası gəlsə, ondan bu günkü hərəkətinin haqq-hesabını soruşacaqdı.
***
Sabah bibisigildə xınayaxdı idi. Ümidi vardı ki, Vasif anasıgili gətirəndə onunla söhbət edəcək. Ancaq hələ də olanları həzm etməyə gücü çatmayan Vasif Ətiqəylə Sənəmi xına mərasiminə düşürəndən sonra Səmayla görüşmədən qayıdıb getdi.
Hamı gülüb əylənirdi. Hamının üzündə sonzus nəşə, sevinc və bəxtəvərlik vardı. Təkcə o, bu sevincə şərik olub sevinmək iqtidarında deyildi. Öz səhvi ucbatından gözəl olan hər şeyi vurub dağıtmışdı. Artıq gecənin sonuna çatmışdılar. Gəlinin əlinə xına yaxıb, onu kövrəldib ağlatmışdılar. Səma bir anlıq özünü Vasifin yerinə qoyub doluxsundu. Vasifin onu əvf etməyəcəyindən qorxurmuşcasına titrədi. Bir anlıq onu itirəcəyindən qorxaraq nəfəsi buz kəsdi. Ayaqlarının əsdiyini hiss edib ağacların altında sıralanmış stula çökdü. Gözləri qaralırdı ki, Vasifin güclü qolları onu yerindəcə sarıb saxladı. Rəngi ağappaq olmuş Səma qarşısındakı insanın Vasif olduğunu gördükdə minnətdarlıqla oğlana gülümsünüb dikəlməyə çalışdı. Sanki oğlanın dönüşü onun yorğun ruhuna güc qataraq təkan vermişdi.
– Sənə nə olub? – Vasifin səsi qulaqlarında ən gözəl musiqi kimi səsləndi.
– Heç nə. Bir az səsdən başım ağrıdı.
– Rəngin də ağarıb. Bəlkə səni evə aparım. – Yenə o qayğılı, mehriban səs.
– Pis olmaz.
– Onda gəl gedək mamagili evə düşürək. Sonra səni gətirərəm.
– Yaxşı. – Qəlbi sevincindən yerindən çıxırdı.
– Sən otur burda. Mən Gülşən xaladan icazə alım, gəlim.
Ətiqə oğluyla gəlinin arasının düzəldiyini görüb balaca uşaq kimi sevindi. Gülşən, Məhruzə və digər qohumlarla görüşüb salamatlaşaraq maşına oturdular. Sənəmin məzəli zarafatlarına gülərək şad-xürrəm gəlib evlərinə çatdılar. Səma qaynanası və Sənəmlə görüşüb salamatlaşdı. Bir əliylə maşını idarə edən oğlan digər əlini qızın əlinin üstünə qoyduqda Səma günahkarcasına oğlanı süzüb gözünü yola zillədi. Vasif qəfil maşını saxlayıb, qızın saçlarını tumarladı.
– Hə, qəşəng qız, bu odlu gözlərdəki küskünlüyü nəyə borcluyuq?
Səma yaşarmış gözlərini oğlana zilləyərək asta səslə:
– Xahiş edirəm, gəl dünən olanları unudaq. Bilirəm, mən heç düzgün hərəkət eləmədim. Amma olan oldu. Bu gün desən dünyanın ən xoşbəxti kimdir, deyərəm bu an, bu dəqiqə məndən xoşbəxti yoxdur. Həmişə yanımda ol. Heç vaxt məni tərk eləmə. Yoxsa ölərəm. Sənsiz ölərəm.
Sevgi dediyin sevdiyinin bir xoş kəlməsiylə ərimək deməkdir. Var olmaq, yaşamaq deməkdir. Yürümək üçün səbəb, həyatda var olmaq üçün amal deməkdir.
Vasif sevdiyini çoxdan bağışlamışdı. Onun varlığıyla nəfəs almaq belə onun üçün yetərli səbəb idi qəlbindəki küskünlüyü dəf etsin.
***
Tam üç gün. Üç gündən sonra sevən qəlblər birləşib bir vəhdət olacaqdılar. Ətiqə gələn-gedən qonaqları qarşılayır, toy yiyəsi kimi istirahət etməyə bir dəqiqə belə vaxt tapmırdı. Bacıları hər gün gəlib kömək etsələr də, əsas yük onun, yenə də onun çiyinlərində idi. Toy evi adətə görə dolub-boşalır, gəlib-gedənin sayı-hesabı bilinmirdi.
Ətiqə gəlinə çatası bir neçə şeyi qaba qoyub bacısıyla Sənəmi Səmagilə göndərdi. Vüsalə əli körpəli olduğu üçün hər dəqiqə anasına çata bilmirdi. Vasif onları düşürüb maşını bir kənara verdi. Sənəm qapının zəngini nə qədər bassa da, qapıya çıxan olmadı. Arzu əlini irəli uzadanda qapının açıq olduğunu görüb ehtiyatla içəri keçdi.
– Ay ev yiyəsi! – deyib bir-iki ağız səslənsə də, cavab almadığından evin pəncərəsini taqqıldatdı. Gülşənin “içəri gəlin” dediyini eşidən qadınlar aynabəndin qapısını açıb içəri girdilər.
Gülşən gələnlərin oğlan adamları olduğunu görüb rəng verib, rəng aldı. Vaxtsız yaxalanan qadın qoluna sistem calanan qızını az qala ətəyinin altına gizlədəsi olmuşdu. Sənəm böyük təəccüb içində qıza yaxınlaşıb alnından öpdü. Arzu da çaşqın nəzərlərlə ev əhlini süzərək onlarla görüşdü. Bu xoş olmayan görüş Gülşəni lap pərt eləmişdi. Qanı qaralan qadın zorla gülümsəyib gələnlərə oturmaq üçün yer göstərdi. İlk Sənəm sözə başlayıb Səmaya nə olduğunu soruşdu. Sahibə qonşusunun narahat halından anlamışdı nələrinsə düz getmədiyini. Bununla belə toyuna üç gün qalmış qızın izdivacına xələl gəlməsindən qorxarmışcasına söhbətə müdaxilə edib Gülşəni çətin vəziyyətdən xilas etməyə çalışdı:
– Soyuqlayıb bir az. Biz də dedik ki, bir-iki sistem köçürsək pis olmaz. Narahat olası heç nə yoxdur.
Sənəm arif gəlin idi. Uşağı doğulana qədər illərlə tibb bacısı işləmişdi. Söhbət edə-edə dərmanlara göz qoyub bunun adi soyuqdəymə olmadığı qənaətinə gəldi.
Arzu çayını udumlayıb Vasifin onları gözlədiyini bildirdi. Amma oğlanın xalasına qızı çölə çıxartmaq tapşırığını dilinə gətirmədi. Bu vəziyyətdə bunu qıza da söyləyib onu narahat etmək istəmədiyindən susmağa üstünlük verdi.
Vasif xalasıgilin tək gəlməyini görüb başının işarəsiylə Səmanı soruşdu. Hər iki qadın eyni anda:
– Səma hamamda idi deyə onu görə bilmədik, – deyərək bir-biriləriylə baxışdılar. Vasif dərindən nəfəs alaraq arxasında gizlətdiyi siqareti kənara tullayıb: “Gedək” deyə maşına oturdu.
Hər ikisi dərin fikrə qapılmışdı. Gördüklərini söyləməliydilər, yoxsa gizlətməliydilər, bilmirdilər. Sənəm lap çaş-baş düşmüşdü. Əgər onun bildiyi bir şey var idisə, o təqdirdə qıza vurulan dərmanlar onun ağır dərdindən xəbər verirdi. Amma nə?
Səmanın üzü qayğılanmışdı. Qonaqların onu bu halda görməsi qızı lap üzmüşdü. İçində böyük bir sıxıntı var idi. Son zamanlar onu üzən bu mərəz bir yandan, gələnlərin onu belə görməsi bir yandan. İçində səbəbsiz bir boşluq yaranmışdı. O bu dəqiqə ərə getməyə hazırlaşan bütün qızlar kimi sevgilisinə qovuşacağı günün həsrətiylə yanmalıykən kimlərinsə nəsə deyib bu izdivacın pozacağının qorxusunu yaşayırdı. Heç olmasa Vüsal zəng etsəydi, sevdiyinin səsini eşitsəydi, bu ona bir təsəlli, bir ümid olardı. Axı Səma haradan bilərdi ki, onu canından artıq sevən Vasif gözləri yolda onun yolunu həsrətlə gözlədiyi halda məhz onu qorumaq üçün uydurulan kiçik bir yalanla çıxıb getmişdi.
Evə çatanda Sənəm Arzuyla kimsəyə bir söz deməmək qərarına varıb növbəti yalanlarıyla Ətiqəni yola verərək bu günlük onun gözü önündən çəkildilər. Sənəm böyük vicdan əzabı çəksə də, hər iki gəncin gələcək səadətinə kölgə salmamaq üçün böyük bir yalanın ağırlığını çiyninə almışdı. O düz, ya səhv etdiyini özü də bilmirdi. Tək bildiyi bir gərçək vardı. O da Vasifin Səmaya duyduğu böyük məhəbbət idi.
(Ardı var)