Aynur Təmkin
Vasif bir həftə boyunca gənclərin içinə qarışaraq uzaqdan-uzağa Səmanı izlədi. O, Səmanın həsrətlə yola boylandığını görəndə qıza ürəyi yansa da, özünü ona bəlli etmədi. Bu hərəkətiylə o, Səmaya hissləriylə baş-başa qalıb nə istədiyinə qərar verməsi üçün zəmin yaratmışdı. Əmin idi ki, Səma sonunda ona “hə” deyəcək.
Quşların şən melodiyası sabahın sübh çağında həyəti başına götürmüşdü. Günəş dağların arxasından işıqlanaraq asta-asta şəhəri nura boyayırdı. Təbiət də eşq nəğməsi oxuyur, ruhu, qəlbi oxşayırdı.
Səma həvəssiz halda saçlarını toplayıb masa arxasına keçdi. Gülşən qızının üzünə diqqətlə baxıb:
– Ay qızım, bir həftədir sənə nə olub özündə-sözündə deyilsən? – deyə onu sorğu-suala tutdu.
– Heç nə, ay mama. Nə olacaq ki.
– Bilmirəm axı. Nəsə dərsdə problem var?
– Yox, atamın canı haqqı, nə dərsdə, nə heç nədə problem yoxdur. Sadəcə dövlət imtahanına az qalıb. Bir az qorxuram. – Səma zorla gülümsədi.
– Qorxma. Allahın köməkliyi ilə onu da verəcəksən.
– İnşallah. – Qız anasının yanaqlarına busə qondurub çantasını götürüb qapıdan çıxdı.
Gözləri yollarda, qulağı səsdə idi. Səhərin təmiz havasını ciyərlərinə doldurdu. “Hə, Səma xanım. İndiki oğlanların sevdası bir tutamlıq kimi bir şeydir. İndiki oğlanlara etibar yoxdur” fikrini könlündən keçirsə də, yenə gözləri onu aramaqdan usanmadı.
Avtobusa oturmayıb piyada düşməyə başladı. Bir ara ayaqları əsib ürəyi bulandı. Səma yıxılacağından qorxaraq yaxındakı ağacdan yapışdı. Yaxşı ki, küçədə-bayırda adamlar gözə dəymirdi. Nəfəsini dərib sakitləşməyə çalışdı. Bu son aylar bir neçə dəfə qəflətən beləcə pisləşmişdi. Gülşən hər dəfəsində “qorxma, keçib gedər” deyə qızını sakitləşdirməyə nail olmuşdu. Səma yenə anasının dediklərini xatırlayıb özünü toxtatmağa çalışdı. “Yoldan ötənin birindən ötrü bu qədər həyəcan keçirəndə axırın da belə olar. Axmağın birinin sözlərinə uyub göz yaşı axıdanda bilmirdin ki, sonu budur?” Bunları düşündükcə yenə ağlamaq istədi. Bir tərəfdən könlü viranə qalmışdı. Bir yandan canı halsızlaşmışdı. Nəhayət, toparlanıb yenidən yoluna davam etdi.
Dərsdə oturduğu zaman da, royalın arxasında barmaqları klavişlərin üzərində gəzən zaman da xəyalları onu Vasifə apardı. Müəlliməsinin səsinə diksinib dayananda Gülnar xanım:
– Çıx əl-üzünə su vur. Sənə nə olub, ay Səma? Dur, dur, – deyərək qızı sinifdən çıxardı.
Güzgü qarşısında bir xeyli özünü süzdü. Uzun qara saçları belinə dolanır, dodaqları gül butası kimi parıldayırdı. İri qara gözləri sıx qara kiprikləri ilə dövrələnib üzünü daha da gözəlləşdirirdi.
“Ay zalım, qəlbimi oda salıb hara oldun sən?” deyə ağlamamaq üçün dodaqlarını dişləri arasında sıxdı. Artıq özü də istəmədən qəlbində Vasifi sevdiyini özünə etiraf etdi.
***
Vasif evə erkəndən gəlib duş aldı. Zövqlə seçilmiş paltarlarını geyinib ətiri üstünə boşaltdı. Ətiqə fəxrlə oğlunu süzdü:
– Tfu, tfu, ay bala, Allah səni bəd nəzərdən qorusun. Yenə hara belə?
Vasif əyilib anasını öpdü.
– Gəlininin görüşünə. Sən bunu istəmirdin, ay mama?
– Niyə istəmirəm ki. Allah atana da, mənə də o günləri görməyi nəsib etsin.
Ətiqənin ən böyük qorxusu ürəyi xəstə ərinin oğlunun toyunu görə bilməməsi idi.
– Amin, mama. Atam da görəcək, sən də. Qorxma. İnşallah, hər şey yaxşı olacaq.
– İnşallah, ay bala. Di yeri. Yolun açıq olsun.
Həvəssiz halda yeriyir, həmişə həvəslə seyr etdiklərini könülsüz süzürdü. Vasifin yoxluğu qəlbini, izzət-nəfsini yaralamışdı. Üç ay boyunca arxasında kölgə kimi gəzən oğlan çox böyük qəddarlıqla onun qəlbinə bir zəhər kimi işləyərək könlündə özünə taxt qurmuşdu.
Rabbim bana bir dert vermiş,
Derdin adı gönül yarası.
Kapanmıyor sönmek bilmez,
Yanar durur gönül yarası.
Haradansa süzülüb gələn musiqi sanki onun qəlbindəkilərdən xəbərdarmış kimi bütün vücudunu sızıldatdı. Dərindən ah çəkdi. Demək ki, sevgi belə bir şey imiş. Onu ondan alıb, bütün cismini bürüyüb varlığına hakim kəsilərək aldığı nəfəs kimi.
Qolundan kimsə tutduğu an dik atıldı. Qəzəblə geri çevriləndə qarşısında bəzənib-düzənmiş Vasifi görüb çaşdı. Dili topuq çaldı. Heyrət içində oğlana baxa-baxa qaldı.
Vasif gülümsünərək sevgiylə qıza baxırdı.
– Salam, Səma. – Oğlan da deyəsən həyəcanlanmışdı. Səsinin titrəyişi onu ələ vermişdi.
– Salam. – Heç Səma da ondan geri qalmırdı.
Ətrafda hər kəsin onlara baxdığını görən Vasif:
– Hamı bizə baxır. Bəlkə gedək… – Vasif əlini uzadıb qızın həyəcanla titrəyən barmaqlarını iri, qabarlı əlləri arasına aldı. Qız oğlanın bu təmasından utansa da, əllərini geri çəkmədi. Sanki ruhunu ona təslim etmiş kimi heç nə demədən oğlanla birgə addımladı.
– Niyə kefsiz idin? Bir həftədir üzün gülmür sənin. – Oğlan gözlərindəki təbəssümü gizlədərək qızı süzdü.
Səma iri qara gözlərini oğlanın gözlərinə dikdi.
– Sən haradan bilirsən?
– Görürdüm. Bu aralar çox fikirli, çox bikef idin.
– Sən…
– Mən hər gün burada idim, Səma xanım. Bir qərara gəlib hisslərinə ad verəsən deyə səni elə kənardan izləməklə özümdə təsəlli tapırdım.
– Demək, sən bilə-bilə…
– Elədir. Səma, mən səni sevirəm. Səninlə ailə qurub ömrümü səninlə başa vurmaq istəyirəm. Amma zorla yox. Yalnız sənin də məndə könlün varsa. Mən gördüm ki, sən bir qərara gələ bilmirsən. Ona görə sənə də, özümə də vaxt verdim. Mənimlə bir həyatı bölüşməyə varsanmı?
Bizimkisi bir aşk hikayesi,
Siyah beyaz film gibi bir az,
Gözyaşı, umud ve ihtiras,
Bizimkisi alev gibi bir az…
Yenə də haradansa duyulan musiqinin melodiyaları qəlbləri oxşadı. Səma sevgi dolu baxışlarla gülümsəyərək qabağa düşüb oğlanı ardıyca dartdı.
Ah, sən gənclik, ah, sən çılğın qəlblər. Ah, sən sevgi, ah, sən məhəbbət. Sən nələrə qadirsən. Qaranlıq bir dünyanı rəngləndirməkdir səninki. Yağışı-qarı sevməkdir səninki. Tufana-borana aşiq olmaq, çovğunu-ayazı sevməkdir səninki!..
Həyəcanla baxışdılar. Həyəcanla “mən də səni…” deyərək dodaqlar ilk sevgi etifanı pıçıldadı bir-birinə. “Sonunacan…” deyə söylədi ürəkləri. “Səninəm sonuna qədər. Bu qəlb, bu can torpağa dönənədək sənin üçün vuracaq” deyə söylədi baxışlar.
***
Səma utana-utana anasına Vasifdən danışdı. Həyasından qızararaq onların elçi gəlmək istəklərini dilinə gətirəndə qadın: “Atana da deyim bir öyrənsin, görsün kimdirlər, kimlərdəndirlər. Sonra inşallah” deyib qızını ümidləndirdi.
Axşam İlham işdən evə dönüb yeməyini yeyib rahatlanandan sonra Gülşən divanda uzanan ərinin yanında özünə yer eləyib məsələni ona açdı. İlham bir xeyli fikirləşəndən sonra Rəhmanın kim olduğunu xatırlayıb məmnunluqla gülümsədi.
– Ay arvad, əgər Rəhman mən bildiyim adamdırsa, onların ailəsi pis olmamalıdır. Amma yenə də qoy sabah olsun. İşdəkilərdən də soruşum, öyrənim. – Bu izdivacın İlhamın ürəyincə olması hər hərəkətindən bəlli idi.
Səma axşam atasının “Gəlsinlər!” dediyini eşidəndə sevincindən uşaq kimi atılıb-düşdü. Qardaşı Ehtiram qızın bu sevincinin səbəbini anlamadığından tərs-tərs onu süzüb anasından nə baş verdiyini soruşdu. Gülşən:
– Bacına bu şənbə elçi gələcəklər, – deyəndə oğlan bunu təəccüblə qarşıladı.
– Hələ tez deyil, mama?
– Nəyi tezdir, ay bala. Mən bu yaşda olanda sən vardın.
– Nə deyirəm, Allah xoşbəxt eləsin.
Yaxınlaşıb bacısını güclü qollarına aldı. Alnından öpdü. Saçlarına sığal çəkdi. Hiss etdi ki, doluxsnur. Üzünü bacısının saçları arasında gizlətdi.
– Bir ömür boyu bəxtəvət olasan. Dünyanın ən xoşbəxti, ən bəxtəvəri olasan inşallah.
– Sağ ol, qaqaş. Amin.
Nə bəxtəvər o bacıya ki, onu sevən, onu müdafiə edən, ən çətin anında söykənə biləcəyi bir qardaşı var. Səma bu an da özünü dünyanın ən mökəm qolları arasında hiss edib məsudcasına gözlərini qapadı.
Gözlərini açanda qorxudan bənizi ağarmış anasıyla qardaşı ona baxırdı.
– Mənə nə olub? – Yerində dikəlib oturdu.
– Sevincindən ürəyin gedib. Ay qız, sən lap ərə getmək üçün ölürmüşsən ki…
Qonşuları olan tibb bacısı Sahibə xala bunu söyləyərkən qız xəcalətindən pörtüb anasına baxdı.
– Mama, mən bu gün səhər dərsə gedəndə də yolda bir az narahat oldum.
– Az, az küyçü ol. Heç nə olan deyil. – Sahibə xala qızı sanki dedikləriylə sakitləşdirməyə çalışdı. Olan şeydir. Hamısı keçib gedəcək. Yorğunluqdan, stresdən olur belə hallar. İndi atan sistem alacaq, vuracam, keçib gedəcək.
Sahibə xala gözucu Gülşənə baxıb ona otaqdan çıxmağı işarə etdi.
– Gülşən, qadan alım, belə olmaz. Sən istəyirsən, mən sənə yox deyə bilmirəm. Amma bu sistemlər ağır dərmanlardır. Bunu bu uşağa kim yazıb elə? Yaxşı olar ki, sabah bir həkimə göstərin. Baxaq görək nəyi var.
Gülşən sanki Sahibəni yola verərcəsinə razılıq mənasında başını tərpətdi.
– Fikrim elədir, Sahibə bacı. Amma qoy nişan-filan olsun, sonra. Sabah görüb eləyən olsa deyəcəklər filankəsin nə bilim nə dərdi var, qızı həkimə gətirir.
– Eh, ay Gülşən, kim nə deyir desin. Birinci sənin balanın sağlığıdır. Sən onu-bunu boş ver. Vaxtında uşağı yoxlat görək nə olub, – deyərək Sahibə İlhamın ona uzatdığı dərmanları alıb Səma olan otağa keçdi.
İlham zəndlə arvadına baxıb baxışlarıyla nə olduğunu soruşdu. Gülşən kişini qolundan dartaraq mətbəxə apardı. Pıçıltıyla Səmanın narahatlığını ərinə anlatdı. İlham tutulmuş halda arvadına:
– Heç bilmirəm düz edirik, ya səhf. Sonra daha da fəsadlaşsa neyləyərik?
Gülşən tərs-tərs ərinə baxdı.
– Ağzını xeyirliyə aç, a kişi. Niyə fəsadlaşır ki…
– Həkimin dediklərini unutmusan deyəsən axı sən! – İlham qəzəblə Gülşənə baxdı.
– Eeee. – Gülşən bivec halda əllərini yellədi. – Sən də söz danışdın. Əşi, indi həkim var? Bir də elə olsa, belə bir günlük də olsa, mən balamın ağ gəlinliklə bu qapıdan çıxıb muradına çatması üçün hər şeyi gözümə almağa hazıram. Sonu bədbəxtlik olsa belə. Xoşbəxt olmaq onun da haqqıdır.
Gülşən yaşarmış gözlərini silib qapını çırparaq qızı yatan otağa keçdi. Səmanı kədərlə süzərək alnından öpdü.
– Sən özünü gərmə. Bunlar keçib gedəcək. Yaxşı yeyib-içmirsən. Qanın düşüb aşağı. İmtahanını da verib bir az istirahət edərsən. İndi sən Sahibə xalana icazə ver işini görsün.
– Yaxşı. – Səma yerinə uzanıb gözlərini qapadı.
***
Hər gün bir aləm, hər gün bir nəşə, hər gün xoşbəxtlikdən bir dəqiqə, bir an. Barmağına üzük taxılandan sonra onların bir-birilərinə sevgiləri daha da artıb beyinlərinə, könüllərinə daha çox işləyirdi. Onların qəlbi yalnız bir-birilərinə aid idi, həyatın onlara bəxş etdiyi səadət dolu günləri doya-doya yaşamağa çalışırdılar.
Bəzən Vasif öz duyğularından qorxurdu. Səmasız bir həyat ona qorxulu kabusu xatırladırdı.
Səma dövlət imtahanını uğurla verəndə Vasif onu kollecin qapısı ağzında qarşılayaraq sevincinə şərik çıxmışdı. Qızın valideynlərindən icazə alıb onu evlərinə qonaq gətirmişdi. Ətiqə gələcək gəlininin şərəfinə xanımlara layiq süfrə bəzəyib qaynıyla qızıgili də dəvət etmişdi. Vüsalə Səmanı nişan apardıqları zamandakı kimi indi də isti münasibətlə qarşılayaraq onunla qaynayıb-qarışmışdı. Qız odlu qaynar gözləriylə mehribanlıqla hər kəsə baxır, hamıya xoş təbəssüm bəxş edirdi.
Vasif astaca qızın qulağına nəsə pıçıldayıb Səmanı onlar üçün ayrılmış otaqları göstərməyə apardı. Səma utanaraq yanaqları allanmış halda qısa surəkli baxışlarla otağı süzüb yenidən geri qayıdıb Vüsalənin yanında yerini rahatladı. Onun hələ yaşı bitməyən oğlunu qucağına alıb toppuş yanaqlarından öpdü.
Ətiqə qıraqdan-qırağa qızı seyr etdikcə qəlbi də, dodaqları da tək bir kəlmə, bir dua pıçıldayırdı: “Allahım, balalarımı sən özün qoru. Rəhmana oğlunun toyunu görməyi nəsib et. Məni bu dünyada boynubükük qoyma”.
Rəhmanın isə sevincinin həddi-hüdudu bilinmirdi. Qardaşıyla qudasının qədəhinə şərab süzüb badəni başına çəkdi. İkinci qədəhi götürmək istəyəndə nəzərləri arvadının baxışlarıyla toqquşdu. Onun lal baxışlarına cavab olaraq qədəhi yerinə qoyub ayağa qalxdı.
– Qızım, artıq sən də mənim ikinci qızımsan. Balalarıma nə arzulayıramsa, sənə də onu arzulayıram. Xoşbət olun! Bizim kimi uzun-uzun illər yaşayın! Biz qocalar da sizə baxaq sevinək. Artıq toya da az qalıb. İnşallah, bir aydan sonra bu ev də, bax, bu oğlan da, – gülərək barmağını Vasifə tuşladı, – sənin olacaq!
Hər kəsdən şən gülüşmə qopdu.
(Ardı var)