Adətən proqnoz vermək uğursuz iş hesab edilir. Amma son illərin təxminləri müəyyən elmi araşdırmalara əsaslandığından onların həyata keçmə faizi xeyli yüksəlib. 1999-cu ildə Bill Qeyts “Fikir sürətli biznes” adlı kitabında texnoloji gələcək haqda o dövr üçün fantastik proqnozlar vermişdi.
Yada salaq.
Qiymətləri müqayisə edən saytlar.
Proqnoz: “Mağazalarda qiymətləri müqayisə edən avtomatik xidmətlər yaranacaq. Bu servis insanlara müxtəlif saytlarda qiymətləri görməyə imkan verəcək və onlar çətinlik çəkmədən ən ucuz ərzağı tapa biləcəklər”.
Bu gün lazım olan malı “Google” və ya “Amazon” vasitəsilə axtarıb tapmaq və bir malın müxtəlif qiymətlərini öyrənmək mümkündür. “Next Taq” və “Price Grabber” kimi resurslar məhz qiymətləri müqayisə üçün yaradılıb.
Mobil qurğular.
Təxmin: “İnsanlar özləri ilə o qədər də böyük olmayan qurğular gəzdirəcək, bu qurğular onlara həmişə rabitədə olmağa imkan verəcək və kompüterdən istifadə edə biləcəklər. Onlar yenilikləri izləyəcək, sifariş etdikləri reyslərə baxa biləcək, maliyyə bazarları barədə informasiya alacaq, nə istəsələr edə biləcəklər”.
Bill Qeyts smartfonları proqnozlaşdırmışdı.
Onlayn ödəmələr, bank xidmətləri və internet səhiyyə.
Proqnoz: “İnsanlar öz hesablarını onlayn rejimdə ödəyəcək, maliyyə problemlərini həll edə biləcək, həkimləri ilə ünsiyyətdə ola biləcəklər”.
İndi həkimi tapmaq, onun rəyini öyrənmək və qəbula yazılmağın mümkün olduğu xidmətlər var. “One Medical” və “Forvard” kimi startaplar məlumatları səhiyyə üçün işlətməyə cəhd edir. Onlar sağlamlığı məsafədən izləmək üçün aylıq abonementlər təklif edir. Bu xidmətlər üçün pulu isə “Lendinq Club” tipli saytlardan borc almaq və “Pay Pal” və ya “Venmo” xidmətləri vasitəsilə ödəməni asanlıqla etmək olar.
Fərdi köməkçilər və “əşyaların interneti”.
Təxmin: “Şəxsi assistentlər meydana gələcək, onlar istər evdə, istərsə də ofisdə sizin bütün cihazlarınızı birləşdirəcək, sinxronlaşdıracaq və onlara məlumatlarla mübadilə icazəsi verəcəklər. Qurğular sizin poçtu və xəbərdarlıqları yoxlayacaq və sizə zəruri olan informasiyanı göstərəcək.
Mağazaya gedəndə siz ona hansı yemək hazırlamaq istəyinizi deyirsiniz, o isə sizə bunun üçün hansı ərzaqları almaq lazım olduğunu bildirir”.
Smartfonda olan “Google Now” assistent bu istiqamətdə hərəkət edir.
“Nest” kimi qurğular sizin gündəlik məşğələləriniz haqda məlumat toplayır və evdəki temperaturu avtomatik tənzim edir.
Səslə idarə olunan assistentlər – “Amazon Alexa”, “Google Assistent”, “Siri” kimi assistentlər yaranıb. Həmçinin bir işlə məşğul olduğunuz vaxt poçtu yoxlamağı və ya resepti səsləndirməyi xahiş edə bilərsiniz.
Evin onlayn monitorinqi.
Proqnoz: “Evin daimi müşahidəsi normaya çevriləcək və evdə olmadığınız vaxtda kimin gəldiyi haqda sizə məlumat veriləcək”.
2014-cü ildə “Google” evdə müşahidə üçün kamera yaradan “Dropcam” firmasını 555 milyon dollara aldı.
“Rinq” kompaniyası onlayn rejimdə kimin gəldiyini göstərən kameralı qapı zəngi düzəldir. “PetCube” tipli kameralar siz evdə olmayanda heyvanlarla oynamağa imkan verən lazer göstəriciyə nəzarət edir (düzdür, bunu etməmək daha yaxşıdır, çünki lazer pişikləri və itləri çox həyəcanlandırır).
Sosial media.
Təxmin: “Sizin dostlarınız və ailə üzvləriniz üçün veb-səhifələr normaya çevriləcək. Onlar sizə məktublaşmağa və hadisələri planlaşdırmağa imkan verəcək”.
Bill Qeyts “Facebook”u, “Snapchat”ı, “İnstaqram”ı, “Wats App”ı, “Messencer”i, “Teleqram”ı və digər çoxsaylı servisləri proqnozlaşdırıbmış.
Avtomatlaşdırılmış promo-aksiyalar.
Proqnoz: “Proqram sizin səyahətə getməyi planlaşdırdığınızı bilir və sizə həmin yerdə əyləncə təklif etmək üçün bu informasiyadan istifadə edir. O məşğul olmaq istədiyiniz hər şey haqda tədbirlər, endirimlər və ən ucuz qiymətlər təklif edir”.
Səyahət üçün olan “Expedia” və “Kayak” saytları əvvəlki alış-veriş haqda olan məlumatlar əsasında təkliflər verir.
“Facebook”da istifadəçinin olduğu yerə və maraqlarına əsaslanan reklam göstərilir.
Mənzillərin bron edilməsi ilə məşğul olan “Airbnb” özünüzü yerli sakin kimi hiss etməyiniz üçün xüsusi turlar təklif edir.
İdman oyunlarını müzakirə etmək üçün saytlar.
Təxmin: “Belə saytlar insanlara televiziyada göstərilən oyunları real zamanda müzakirə etməyə, həmçinin bu və ya digər komandanın qalib gələcəyini proqnozlaşdırmağa imkan verir”.
Demək olar ki, bütün sosial mediaların belə funksiyaları var. Bu işdə bəzən oyunları yayımlayan “Twitter” daha çox uğur qazanıb.
“ESPN” tipli saytlar müzakirə aparmağa şərait yaradır.
Kontekstli reklam.
Proqnoz: “Ağıllı reklam əksər qurğular üçün normaya çevriləcək. Onlar sizin istehlakçı olaraq nəyə üstünlük verdiyinizi biləcək və sizin maraqlara uyğun reklam göstərəcək”.
Bill kontekstli reklamı da təxmin etmişdi. “Google”, “Yandeks”, “Facebook” bu məsələni mükəmməl mənimsəyiblər, hazırda birbaşa reklam televiziya əsrinin qədim təcrübəsi təsiri bağışlayır.
Yayım vaxtı və veb-dən sitat gətirmək.
Təxmin: “Televiziya internetlə bağlanacaq və məlum mövzuya əlavə kontent təklif edən veb-saytlardan sitatlar təklif edəcək”.
Bu gün hər bir reklam veb-sayta istinadla müşayiət olunur.
Müzakirə üçün vətəndaş meydançası.
Proqnoz: “Şəhər və ölkələrin sakinləri internetdə siyasi məsələləri, həmçinin şəhər mühitinin planlaşdırılması və təhlükəsizlik məsələləri haqda diskussiya apara biləcəklər”.
Xəbər saytlarının əksəriyyəti oxuculara qeydləri şərhlərdə müzakirə etmək imkanı verir. Digərləri bu məqsəd üçün forumlar yaradırlar. “Twitter” və “Facebook” Liviya, Tunis, Misir inqilablarında, həmçinin Amerikadakı “Black Lives Matter” (“Qaraların həyatı dəyərlidir”) hərəkatında böyük rol oynayıb.
Maraqlara uyğun saytlar.
Təxmin: “Onlayn birliklər əvvəllər olduğu kimi yerə görə deyil, maraqlara görə formalaşacaq”.
Çox sayda xəbər saytı və onlayn birlik bir mövzu ətrafında ixtisaslaşır. Buna ən bariz nümunə sosial əlaqələrə və ya coğrafiyaya deyil, diqqəti konkret mövzuya cəmlənmiş, müxtəlif “subredditlərə” bölünən “Reddit” kompaniyasıdır.
Layihələri idarə etmək üçün xidmətlər.
Proqnoz: “Komanda yığan menecerlər bu işi onlayn edə – layihəni təsvir edə, lazımlı insanlardan məsləhət ala biləcəklər”.
Bir çox proqram birgə layihələr etməyə imkan verir. “GitHub”u misal göstərmək olar.
Onlayn rekrutinq (işçi, namizəd toplama).
Təxmin: “İş axtaran insanlar öz maraqları, tələbləri və vərdişlərinə aid profayl yaratmaqla işi onlayn tapa bilərlər”.
“Linkedin” tipli saytlar xülasə yükləməyə və şəxsi maraqlara uyğun iş axtarmağa imkan verir. İş sahibləri isə onların vərdişlərindən çıxış edərək uyğun namizədlər axtara bilərlər.
İş adamları üçün sosial şəbəkələr.
Proqnoz: “Şirkətlər tikinti, film çəkmək və ya reklam kompaniyasına aid iş axtara bilərlər”.
Biznes üçün işləyən bir çox xidmət əsas diqqəti sosial olana verir. Məsələn, onlar digər şirkətlərlə əlaqə yarada və daha böyük layihələrə yol açan dialoqa başlaya bilərlər – bütün bunlar bir əlavənin çərçivəsində baş verir. Müvəqqəti və qismən məşğulluq daha geniş yayılır, “Upwork” kimi əlavələr isə irihəcmli biznes üçün sərbəst işçiləri tapmağa kömək edir.
Söhrab Məhərrəmov