Novator.az yazıçı Aynur Təmkinin “Məhəbbət nağılı” povestinin dərcinə başlayır. İlk bölümü təqdim edirik.
Aynur Təmkin
Günorta naharına az qalırdı. Əlindəki işi bitirə bilmədiyi üçün qanı əməllicə qaralmışdı. Bir istədi anasına zəng edib: “Gələ bilməyəcəm, naharınızı mənsiz edin” desin. Sonra fikirləşdi ki, getməsə Ətiqə yeməyini onsuz yeməyəcək. Əllərini cəld yuyaraq heç mazutlu geyimlərini belə dəyişmədən sükan arxasına keçib, maşını işə saldı. Evə vaxtında yetişsin deyə maşını ara yollarla sürdü. Buralar daha təhlükəsiz idi. Sevdiyi musiqinin coşqusu altında idarə etdiyi avtomobilin qarşısına çıxan qızı son anda gördü. Tez əyləci basdı. Qorxu içində maşından necə endi, heç özü də bilmədi. Qızın iri qara gözləri dəhşət içində daha da irilənib, bir nöqtəyə zillənib qalmışdı.
– Xanım, sizə bir şey olmadı ki? – Vasif ehmalca qızın qoluna toxundu.
Qız sanki qorxulu yuxudan ayılmış kimi silkələnib qəzəblə oğlana baxdı:
– Kor! Belə də maşın sürərlər?! Bəlkə qarşına mən yox uşaq, ya qoca çıxardı. Onda neyləyəcəkdin?
Vasif qızın haqlı olduğunu bildiyi üçün ondan üzr istədi:
– Üzrlü sayın. Sizi qorxutmaq istəməzdim. – Sonra maşına oturub pərt-pərt ona qəzəbli baxış atıb uzaqlaşan qızın arxasıyca baxdı. Qızın onunla bu qədər kobud danışmasınamı üzüldü, yoxsa od saçan qara gözlərin sehrinəmi düşüb üzüldü, özü də bilmədi.
O gündən nə qədər istəsə də, o qara gözlərin yiyəsini hafizəsindən çıxara bilmədi. Gecə yatdı – fikirlərinə dolaşdı, işə getdi – xəyallarına sarmaşdı. O gün getdiyi küçəyə dəfələrlə maşın sürsə də, odlu gözlərin sahibəsinə rast gəlmədi. Sonda inadından əl çəkib özünə söz verdi ki, daha naməlum gözəli düşünməyəcək.
***
Nihad bəzənib-düzənmiş halda Vasifin çalışdığı sexə girib dostunun qarşısında durdu. Mənalı-mənalı oğlana baxıb gülümsədi:
– Vasif…
Vasif elə havadanca tutdu ki, Nihad nəyə gəlib. Zəhmli qaşlarını düyərək tərs-tərs oğlanı süzdü:
– Mən bu başdan deyirəm, heç yana gedən deyiləm.
– Sən dostuna buna etməzsən, bilirəm. Gəl mən də sənə kömək edim, işini bitir, gedək.
Vüsal Nihadın üst-başı səliqəli ola-ola canla-başla ona yardım etmək istəyinə gülümsəməklə cavab verdi, əlindəki mazutlu əskini bir kənara atıb yuyundu. Geyimini qaydaya salıb sexin qapısına kilid vurdu, maşında yerini rahatladı.
– Di gəl, ay baş bəlası. Görüm axırda seçib-sonalayıb hansı qıza yar olacaqsan.
Nihad qəlb oxşayan musiqini tapıb düyməni basdı. Maşının içində həzin mahnı dolaşaraq sükan arxasında oturub gözünü yola zilləyən Vasifin qəlbinə doldu. Yenə həmən mahnıydı. O atəşli gözləri qorxutduğu gün dinlədiyi mahnı. Yenə o qız düşdü yadına. Unutmaq istədiyi qara yanar gözlər onun ruhuna bir daha özünü xatırlatdı. Bayaqkı nəşəsindən heç nə qalmadı. Lakin bunu dostuna bəlli edib onun qanını da qaraltmaq istəmədi.
– Nihad bəy, bu gün hara təşrif buyuracaqsan? – deyə dostunu süzdü.
– Musiqi kollecinə gedək, qaqaş. Orada qəşəng qızlar daha çoxdu.
Vasif sükanı fırlayıb əsas küçəylə kollecə tərəf yol aldı. Həqiqətən də burada oxuyan qızlar başqa tələbə qızlardan göyçəkliylə fərqlənirdilər. Şəhərdəki gənclərin çoxu dərs gününün axırı bura toplanar, zərif gözəlləri sonalayıb özlərinə yar seçərdilər.
Həmişəki kimi cavanlar kollecin qabağındakı kitabxananın, otelin qarşısını kəsdirərək qızların dərsdən çıxmasını gözləyirdilər.
– Deyirəm ağlın yoxdur ey sənin, ay Nihad. Bu avaralar kimi sənin də başın xarabdır. Al bir qutu tumu, sən də başla çırtlamağa ki, qız seçməyə gəlmişəm. Üstünə bir şalvar ala bilməyənlər düşürlər gündə bir qızın arxasına. Sonra da gül kimi qızları aparıb həyatlarını qaraldırlar. Evinə bir dənə çörək apara bilməyənlər hansı ağılla qız dalıyca gəzirlər axı.
– Of, Vasif. Adamın həvəsini qursağında buraxırsan. – Nihad pərt halda arxaya yaslandı.
– Qaqaş, sən Allah, incimə. Mən sənə görə demədim. Sadəcə istəmirəm ki, sən camaatda yanlış fikir yaradasan. – Vasif ondan inciyən dostunun könlünü almağa çalışdı.
Nihad yerində dikəlib cüt-cüt cıxan qızları həvəslə süzməyə başladı. Gözləri qırmızı koftalı qıza sataşan kimi Vasifə: “Mənimki gəldi. Sağ olasan, qaqaş. Mən getdim. İnşallah, bir gün sənin də qəlbini ovsunlayan bir gözəl çıxar, bu dediklərinin heyfini səndən alaram” deyərək gülüb qapını örtdü. Dostuna göz basıb qızın arxasıyca yollandı.
Vasif dodağında təbəssüm başını yelləyib maşını işə salmaq istəyirdi ki, kollecin qapısından çıxan zərif biçimli qızı görüb yerində donub qaldı. Atəşli gözlərin sahibi not dəftərlərini sinəsinə sıxıb yeyin addımlarla binadan uzaqlaşırdı. Vasif özünə gəlməmiş qız sürətlə adamların arasında qeyb oldu. Oğlan dərindən nəfəs alıb üzündəki xoşbəxt ifadə ilə qəlbində Nihada xeyir-dua verərək oradan uzaqlaşdı.
Nə olmuşdu ona? Bir zamanlar kollec qabağında duran gəncləri istehzayla süzən Vasif indi oranın daimi sakininə çevrilmişdi. Onun bu halını görən Nihad oğlanın işin axırı hazırlaşdığını görəndə pıqqıldayıb gülürdü. Arada da tum torbasını Vasifə uzadıb:
– Bunu da darıxanda çırtlayarsan, – deyib ona sataşırdı.
Vasif bütün bunları gülümsəyərək yola verir, dostunun xətrinə dəymirdi. Nəticədə Nihad onun öz sözlərini özünə qaytarırdı.
***
Səma sövq-təbii hiss etmişdi ki, kimsə onu kölgə kimi izləyir. Lakin o kim idisə, hələ özünü bəlli etmirdi. Kim olar bu adam? Əgər hiss etdiyi kimidirsə, nə istəyir ondan? Əgər yoxdursa, bu nə hissdir onun ürəyinə dolub? Bu məchulluq onu üzdükcə üzürdü. Və Səma onu intizar içində saxlayana qarşı qəzəbli idi, çox qəzəbli.
Artıq bir aydan çox olardı Vasif Səmanı addım-addım izləyirdi. Qızın ağır-ağayana hərəkətləri, düşünüb atdığı addımları, ədəb-ərkanı onu özünə gün keçdikcə daha çox bağlayırdı. Sevgi dedikləri bu olmalıydı yəqin. Vasifin illərlə boş olan qəlbi odlu gözlərin sahibinin varlığıyla dolub isinməyə başlamışdı. Artıq hara baxsa onu görürdü. Nə etsə onu düşünürdü. Fikirlərində, xəyalında yalnız o var idi. O, onun hava-su kimi ehtiyac duyduğu biri idi. Bu günü, sabahı, bütöv ömrü idi. Vasif qərarını vermişdi. Səmaya yaxınlaşıb varlığını hiss etdirdikdən sonra məsələni ata-anasına bildirəcəkdi.
Səma yaz yağışının kəsdiyini görüb yenidən yağacağından qorxurmuş kimi avtobus dayanacağına tələsdi. O, çatanacan avtobus yerindən tərpəndi. Qız gözləsə gecikəcəyindən ehtiyatlanıb piyada qalxmağa qərar verdi. Evlərinə çatmağa əlli-altmış addım qalmış adının çəkildiyini eşidib diksindi. Qarşısında ucaboy, qarabuğdayı, iri qonur gözləri olan gənc ona baxırdı.
– Salam.
Qız etika xatirinə dilucu salamı aldı, kiminsə görəcəyindən ehtiyatlanaraq ətrafı gözdən keçirdi.
– Buyurun. Nə lazımdır?
– Sən.
Vasifin birbaşa dediyi sözdən çaşan qız bayaqdan ona tanış gələn üzü indi xatırladı.
– Baho, kor oğlan! Kor olduğunuz qədər həm də həddinizi bilmirmişsiz. Çəkilin yolumdan. Siz kimsiz ki, mənimlə “sən”lə danışırsız!
Vasifi gülmək tutdu. Səmaya yenə birinci dəfə gördüyü kimi baxırdı. Qara gözləri od saçırdı. Məhz bu yanan od olmamışdımı qızı ona bağlayan.
– Qoymursan ki, kimliyimi bildirim. Mən Vasif. Maşın ustası. Sənin haqqında hər şeyi öyrənmişəm. İndi sıra səndədir. Mən kəhkəşanlı sözlər-filan bilmirəm. İstədim artıq məni tanıyasan. Mənə də şans verəsən. – Vasif sözləri birnəfəsə deyib qızın necə qarşılıq verəcəyini gözlədi.
– Bura bax, mənə sənin nə qəşəng sözlərin lazımdır, nə də özün. Vaxtını boş yerə heyif eləmə. Məndən sənə yar olmaz. – Qız qarşısında durub gülümsəyə-gülümsəyə onu izləyən oğlanı itələyib qaçaraq getdi. Vasif dodağında təbəssüm Səma gözdən itənə qədər onu izləyib geri qayıtdı.
***
Günlər yerini həftələrə verir, həftələr aya dönürdü. Vasif evlənmək istəyini dilə gətirərək ata-anasını sevindirmişdi. Rəhman hər gün oğluna elçi gedək, ad edək deyib təkid etsə də, Vasif qızdan hə cavabı almamış bu işə razılıq vermirdi. Səma artıq Vasifin varlığına alışsa da, hələ ona qarşı nə hiss etdiyini anlaya bilmirdi. Onu görməyəndə darıxır, o yazmayanda dünyasından küsürdü. Bununla belə oğlana cüzi də olsa bir şans vermirdi. Hər yerdə – kollecin qarşısında, məhəllələrində, dükanda, teatrda oğlanı görəndə ürəyi anlamadığı həyəcanla döyünsə də, sevgi məhfumunu yaxına buraxmaq istəmirdi.
Vasif saatına baxıb gülümsədi. Qızın dərsdən çıxmağına yarım saatdan az vaxt qalmışdı. Oğlan təmirə dayanan maşını dəzgaha qaldırıb altına keçdi. Gözlərində hiyləgər təbəssüm dolaşdıqca Səmanın onu alışdığı yerdə görməyəndə nə hal alacağını düşündü.
– Hə, kiçik xanım. Baxaq görək bu imtahanı necə verəcəksən. Üç aydır gecələr yuxum haram olub. Bu gecə də sən yatma, görüm necə olur.
Vasif özündən məmnun halda işini görür, tezliklə qızın qəlbini fəth edəcəyinə əmin halda zümzümə edirdi.
Səma nazla saçlarını geri atıb qapıdan çıxdı. Vasifi hər zaman durduğu yerdə görməyib tutuldu. Pərt halda qızlarla salamatlaşıb yola düzəldi. Addımlarını asta-asta atdı. Bəlkə Vasif indi hardadırsa gələr ümidi ilə ətrafa boylandı. Lakin oğlan heç yerdə gözə dəymədi. Fikirli-fikirli evlərinə çatıb dilucu hal-ahval tutub birbaşa özünü otağına saldı. Telefonuna baxdı. Nə bir mesaj, nə bir zəng. O gün dilinə yemək vurmadan yatağına uzandı. Qəlbi intizar içində çırpındı, gözləri telefonda qaldı. Vasifdən xəbər çıxmadı.
Sabahlar bir-birini əvəz etdi. Gözləri yollarda qalan Səma o qonur gözlərin ona məhəbbətlə bir daha baxmasını arzulaya-arzulaya həftəni sona gətirdi. Lakin Vasif gözə dəymədi. Elə xəbərsiz gəldiyi kimi xəbərsiz də qeyb oldu.
Yastığını qucaqlayıb gözlərini yumdu. Uzun sıx kiprikləri arasında donub qalan göz yaşları yanağında isti çığır açaraq qızın eşqə susamış kövrək qəlbini ağrıtdı. Səma ah çəkərək Vasifin artıq ondan bezib usandığını sandı, ağlaya-ağlaya yuxuya daldı.
(Ardı var)