Azər Qaraçənli
İctimai qınaq. Cəzadımı? Cəzadı. Kimin verdiyi cəzadı? Xalqın, cəmiyyətin, nəsillərin, şəhərlərin, qəsəbələrin, kəndlərin, qonum-qonşunun, qohum-əqrəbanın, dost-tanışın, yoldaşların, əqidədaşların, həmkarların, heç tanımadığın, üzünü görmədiyin adamların… bir sözlə, böyüklü-kiçikli, yaxın-uzaq qrupların. Harda toplumun – fərqi yoxdu xalq olsun, kənd olsun, ya bir idman komandası – qınağı varsa, bu ictimai qınaqdı. Fərq ondadı ki, biri böyük ictimai qınaqdı, o biri bir az kiçik ictimai qınaqdı.
İctimai qınaq ictimai səviyyədə verilən cəzadı, hüquqi cəza deyil, mənəvi-psixoloji cəzadı. Dövlət səviyyəsində qəbul olunan cəzalar içində ictimai qınaq adlı cəza növü yoxdu: cərimə var, müsadirə var, sutkalıq, aylıq həbslər, azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrum eləmə var, ictimai qınaq yoxdu.
Amma Azərbaycanda koronavirus infeksiyasının qabağını almaq üçün tətbiq olunan karantin rejiminin pozulmasına görə dövlət səviyyəsində ictimai qınaq da təşkil olunur. Rejimi pozanlar, hətta bunda şübhəli bilinənlər polis bölmələrində divar boyu cərgəyə düzülüb fotoya, videoya çəkilir, sonra da bu çəkilişlər ölkə boyu kütləvi informasiya vasitələrində, internet qruplarında yayılır.
Azərbaycanın İnzibati Xətalar Məcəlləsiylə Cinayət Məcəlləsində karantin rejimini pozanlara qarşı dörd cəza növü müəyyənləşib: cərimə, inzibati həbs, azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrum eləmə. Deməli, dövlət karantinin pozulmasına görə beşinci cəza növünə əl atıb ictimai qınaq təşkil eləyəndə yazılı qanunları pozur, qanunda olmayan cəzanı tətbiq eləyir. Dövlət bu işlə məşğul olanda şəxsi toxunulmazlıq, təqsirsizlik prezumpsiyası kimi hüquqları da pozur. Çünki bəzən polis bölmələrindəki çəkilişlərdə təkcə karantin rejimini pozanlar yox, rejimi pozmaqda şübhəli bilinənlər də təqsirkar kimi təqdim olunur, onlar hələ polis bölməsindəykən, hələ məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmaya-olmaya təqsiri sübuta yetirilmiş adamlar kimi qələmə verilir. Bu, təqsirsizlik prezumpsiyası prinsipinə ziddi. Karantin rejimini pozanların, eləcə də bunda şübhəli bilinənlərin çoxu öz iradələrinə zidd çəkilir, çəkilişlərin çoxu onların razılığı olmadan kütləvi yayıma buraxılır. Bu da şəxsi toxunulmazlıq hüququna ziddi.
Dövlət karantin rejimini pozanları yazılı qanunlara uyğun cəzalandırmalıdı.
İctimai qınaq olmalıdı, amma bu işi cəmiyyət təşkil eləməlidi və cəmiyyət qınağı yazılmamış qanunlara uyğun aparmalıdı.
Dövlət ictimai mənafe naminə yazılı qanunları pozsa belə, yazılmamış qanunları pozmamalıdı.
Cəmiyyət dövlətin onun mənafeyi naminə yazılı qanunları pozmasına göz yumsa belə, yazılmamış qanunları pozmasına göz yummamalıdı.
Bugünlərdə Xaçmaz rayonunda bir qrup gənc məsuliyyətə cəlb olunub. Onlar karantin rejimini pozub gecə vaxtı istirahət mərkəzində əyləniblər. Buna qanunla cəza düşür, cərimələniblər. Amma polis o gənclərin şəkillərini də çəkib yayıb. Biz o şəkillərdə polis bölməsində kürəyini divara söykəyib durmuş beş xanımı da görürük.
Əvvəla, bu yazılı qanunlara ziddi.
İkinci, yazılmamış qanunlara ziddi, çünki söhbət gecə vaxtı istirahət mərkəzində, əyləncə məclisində oğlanlarla tutulmuş, polis bölməsində həmin oğlanlarla birgə kürəyini divara söykəyib durmuş qızların şəkillərinin yayılmasından gedir.
Üçüncüsü, ictimai qınağın nəzərdə tutulan məqsədinə ziddi. Çünki qızlara münasibətdə ictimai qınaq karantinin pozulmasına görə yox, onların oğlanlarla gecə vaxtı istirahət mərkəzində əylənməsinə görə olacaqdı, oldu da.
Dördüncüsü… Dördüncüsü, biz karantini hansı maraqla – dövlət marağıyla, hüquqi maraqla, ictimai maraqla, səhiyyə marağıyla qoruyuruqsa qoruyaq, başda mənəvi marağı düşünməliyik.
Kürəyini divara söykəyib durmuş qızların şəkillərinin çəkilməsi, yayılması bizim mənəvi marağımıza ziddi. Deməli, heç bir marağımıza uyğun ola bilməz.
Əslində o qızlar kürəyini dövlətə söykəyib durmalıdılar, cəmiyyətə söykəyib durmalıdılar. Dövlətin qanuni cəzasına, cəmiyyətin haqlı qınağına rast gələndə də bu dayaqlardan məhrum olmamalıdılar.
Yox, bunun əksi olacaqsa…
Karantin bizim mənəvi dayaqlarımızı sarsıdacaqsa…
Əxlaqımızı korlayacaqsa…
Mənəviyyatımızın tapdanmasıyla, mənəviyyatı tapdamağımızla nəticələnəcəksə…
Karantini qorumaq üçün qızları polis bölməsində divara dirəyib şəklini çəkib yayacağıqsa…
Ayrı yol bilmiriksə…
Bacarmırıqsa…
Onda…
…Onda karantini ləğv eləmək lazımdı. Qoy koronavirus qırsın bizi!