Paşa Ağaoğlunun doğulduğu Dəmirçi kəndi ilə mənim doğulduğum Kərimbəyli kəndi arasında təxminən dörd-beş kilometrlik bir ara kəsimi olub Şərur rayonunda. Mənim doğulduğum kənd Xan Araza söykənib, onun doğulduğu kənd isə dağlara…
Onu uzaqdan-uzağa 1986-88-ci illərdə onların kəndində yerləşən orta peşə-texniki məktəbdə müəllim işlədiyim dövrdən tanımışam. Hətta qızı Azadə xanıma həmin məktəbdə dərs demişəm. Bu gözəl insan uzun illər idarə müdiri işləyib. Haqqında daima xoş sözlər eşitmişəm. Bir yaradıcı şəxs olmasını isə şair dostum, usta qələm sahibi Kəmaləddin Qədimdən duymuşam.
Paşa Ağaoğlu ilə ilk dəfə yaxından Kəmaləddin müəllimin 60 illik yubileyində görüşüb tanış olmuşam. Mənə hədiyyə verdiyi “Həyatın isdəkləri” kitabındakı bir-birindən maraqlı şeirlərini oxuyaraq könül dünyasına səyahət etmişəm. Gözəl qələm adamı olduğunu gördükdən sonra onu çox sevmişəm.
Görmək istəyirsən əgər cənnəti,
Yayda istiləşən Batabata gəl.
Eyləsən bu yerdə qışda niyyəti,
Ağ xalıya – qara bata-bata gəl.
Bulaqlar başını qərara alsan.
Çiçəkli yurdlarda yurd salıb qalsan.
Yazın axırında piyada olsan,
Güllü çəmənlərdə yata-yata gəl.
…Ruhu oxşayanda hər bir mənzərə,
Hər yan yaşıl yamac, gədik, gen dərə.
Paşayam, son qoyar qəmə-qəhərə,
Şirin arzulara çata-çata gəl.
Böyük, ustad şairimiz İslam Səfərlinin “Batabat” şeirindən gücünü alan bu şeiri və Vətən torpağının gözəlliklərindən bəhs edən bu səpkili şeirləri onun doğma yurda, Vətənə bağlılığının, sevgisinin bariz ifadəsi kimi səslənir və bu sevgi onun yaşam eşqini daha da gücləndirir.
“Allaha məhəbbət səndən ətadır, Bildim göydə Xuda, yerdə atadır” deyən şair atasına olan dərin ehtiram və məhəbbətini alicənab bir şəkildə, noetik bir dillə necə də gözəl ifadə edir.
Özün də ağaydın, adın da Ağa,
Gözümdə bənzərdin zirvəli dağa.
Müqəddəs adına namaz qılmağa,
Həmişə mən hazır olmuşam, ata.
Paşa Ağaoğlunun “Məmməd Araza”, “ Ulu türkə”, “Səadət Butaya”, “Gəlmişəm”,
“Getsən də çağır” və s. bu kimi şeirlərindəki aşıq şeirimizdən axıb gələn ifadə və dil şirinliyi bu el şairinin görüb-götürmək, həyatdan öyrənmək bacarığından xəbər verir.
Dünyaya gələndə mən,
Anam ağrı çəkibdir –
Muğamdır.
Züm-zümə edib babam,
Cüt sürüb, yer əkibdir –
Muğamdır.
Buludların nərəsi,
Ağ dolunun hərəsi –
Muğamdır.
Qaqqıldayan kəkliyin,
Xoruzu, həm fərəsi –
Muğamdır.
“Həyatın isdəkləri” poemasında şair sakini olduğumuz dünyanın ağrı-acılarını, eybəcərliklərini, yalanlarla dolu işdəklərini, taxt-tac “eşqinə” tökülən qanları, yıxılana balta çalanları dərin nifrət hissi ilə, ibrətamiz bir formada, çoxçalarlı rənglərlə ifadə edir.
Ayaq üstə gəzsə də,
Ölü kimi var diri.
Başqa gözdə qıl seçən,
Gözündə görmür tiri.
və yaxud:
Qeyrətini satanlar,
Sadiq yardan danışır.
…Yer əkib becərməyən,
Bəhrə-bardan danışır.
“Ey torpaq, köksünü sən gəl aç mənə, Qoy görüm qoynunda kimlər yatıbdır” deyən şair torpağı böyük bir ülviyyətlə vəsf eyləyərək onun bəşəri dəyərini açıb göstərir.
Sənsən son mənzili bütün bəşərin,
Varlının, yoxsulun, yaşarın, ərin.
Paşayam, hikmətin dərindən dərin,
Səndə qızıl, gümüş, gövhər yatıbdı.
Onun şeirlərində töküb itirdiyimiz, yağıya qapdırdığımız Dərbənd, Borçalı, Göyçə, Zəngəzur, Vedibasar, İrəvan və hər şeydən öncə isə Cənubi Azərbaycan – Təbriz dərdləri sonsuz yanğı ilə ifadə olunur. Göynəyən yarasının üstünə Qarabağ göynərtisinin də gəlməsi şairin yaralarını daha da göynədir, sinəsini “lələdağ” edir. Və yana-yana deyir:
Xırman üstə verdik hər şeyi yelə,
Paşa, ümid qaldı bir təvəkkülə.
“Dövran hamilədir şərdən, xətadan” deyə hayqıran şair dövrünün amansız gərdişini qamçılamağı unutmur.
Tənə vurma mənə, dədə,
Günahkardır gərdiş özü.
Yaman artıb gədə-güdə,
Nadanların ötür sözü.
Söz sultanı zəlil olub,
Hünərlilər əlil olub.
Yalan -yulan dəlil olub,
Tutulubdu haqqın gözü.
***
Qırata tay olub yabı,
Necə çəkək bu əzabı?
Qalmayıbdı daha tabı,
Qoyma, qəlblər sına, dünya.
Poeziyamızın ən ilkin, bəşəri mövzusu olan məhəbbət mövzusundan da yan keçmir. Qələmini bu mövzuda da sınayır. Və yazdığı zərif, duyğulu şeirləri ilə könüllərdə yurd sala, binələnə bilir şair.
Ölərdim, inanın uf da deməzdim,
Bilsəydim gözlərin məzarım olar.
Mən orda qalsaydım dərd-qəm yeməzdim,
Deyərdim ruhuma gülzarım olar.
***
Ay gözümün işığı,
Bəxtimin yaraşığı.
Ürəyimin şadlığı,
hardasan?
Ay sonalar sonası,
Taleyimin aynası.
Həyatımın mənası,
hardasan?
Paşa Ağaoğlu ustad şairimiz Hikmət Ziya kimi təmsil janrına da müraciət edib və mən inamla deyərdim ki, bu janrda yazdığı şeirlər daha uğurlu və mükəmməl alınıb. Şairin “Şirin ölümü”, “Boz qurdun çobanlığı”, “Ulağın qələbəsi”, “Tülkünün şahlığı”, “Təkənin gileyi”, “Sıpanın ölümü” və s. adını çəkdiyim və çəkmədiyim təmsilləri həyat həqiqətlərini daha dolğun boyalarla əks etdirir. Onun çoxsaylı təmsillərindən yalnız birini nümunə göstərməyi məqsədə uyğun saydım.
Dedilər: – Bu nə işdi,
Dövran tərsə fırlanır?
Ulaq çimir bulaqda,
Susuzluqdan fil yanır.
Tutuquşu dillənib,
Cavab verdi suala:
– Kefə gedib ədalət,
Dövran düşüb bu hala.
Şairin hansı janrda, üslubda, hansı məzmunda yazdığı şeiri oxuyursan oxu, orada onun şirin duyğularla çırpınan qəlbinin heyrətedici notlarını duyursan.
Ömrünün yetmişini haqlamış şair qardaşım, gözəl ziyalı Paşa Ağaoğluna bundan sonra yaşayacağı həyatında sağlam can, mənalı ömür arzulayıram və qələmin var olsun deyirəm.
Ələsgər Talıboğlu
Şair-publisist, AYB-nin üzvü,
Məmməd Araz mükafatı laureatı
16.04.2020