Postpandemiya çağı özünün sosial məsafəsi, gigiyena qaydalarının sərtliyi və sağlam həyat tərzi ilə adət etdiyimiz şəhər həyatını sual altına alır.
Tarixə nəzər salsaq görərik ki, şəhərlərin inkişafında böyük sıçrayışlar epidemiyalarla bağlı olub. Hər iki-üç əsrdən bir epidemiyalar şəhərlərin simasını tamamilə dəyişdirib. 1854-cü ildə Londonda vəba epidemiyası şəhərin mərkəzinin yenidən qurulmasına səbəb olmuşdu. III Napoleonun tapşırığı ilə Sena departamentinin prefekti 1850-1870-ci illərdə Parisi gigiyena tələblərinə uyğun yenidən qurmuşdu. Birinci Dünya müharibəsindən sonra yayılan “ispan qripi” epidemiyasının ardınca memarlar XX əsrdə mənzillərin necə olacağı barədə fikirləşdilər.
BMT-nin koronavirus pandemiyasından əvvəl verdiyi proqnozlara görə, 2050-ci ildə dünya əhalisinin 70% şəhərlərdə yaşayacaq. Görünür, indi bu rəqəmi dəqiqləşdirmək lazım gələcək.
Müasir şəhər konsepsiyasına görə, burada hər bir sakin öz istəyinə uyğun hər şey tapa bilər. Adət etdiyimiz şəhərdə formatların, davranış nümunələri və üslubların müxtəlifliyi onun baza xarakteristikasıdır. Şəhər mühitinin inkişafına yanaşmalarda da dəyişiklik gözlənir.
Nəzərə almalıyıq ki, şəhərlərin yeni qaydaları reallaşır. İndi evdən 100 metr aralanmadan ehtiyacları ödəmək mümkün olan 15 dəqiqəlik “şəhərlər” var. Hazırda böyük şəhərlərdə evdən 15 dəqiqəlik piyada gediş məsafəsində komfortlu yaşayış üçün lazım olan hər şeyin olduğu rayonlar planlaşdırılır. Piyadalar və velosipedçilər dünyanı tutur: Paris və Milan iqtisadi baxımdan sərfəli olan və məsafə saxlamağı təmin edən yüz kilometrlərlə velosiped yolları çəkməyi nəzərdə tutub. Bununla belə, şəhərlər təkcə velosiped üçün yol çəkməklə kifayətlənməməli, mürəkkəb şəhər strukturunun yenidən qurulmasını təmin etməlidir. Gələcəkdə əlverişli ətraf mühit və sağlamlıqla bağlı məsələlərin həllinə daha çox ehtiyac olacaq.
Yeni planlaşdırmada binaların istifadə üçün təyinatının dəyişməsindən mənzillərin planlaşmasına qədər hər şey daha çevik olacaq. Ev əvvəlki kimi kiminsə özəl məkanı olmayacaq, indi evlər həm də kovorkinq (əməkdaşlıq), bəzən məktəb, cümə günləri isə dünyanın hər yerindən əlliyə qədər insanın iştirakı ilə “Zoom” görüşlərinin keçirildiyi yer olacaq. Şəhərdə fiziki məkanın rolu dəyişəcək, rəqəmsal şəhərdə SMS icazəsi ilə səyahətlərə alışmalı olacağıq. Belə vəziyyətdə dəyişən şəraitə uyğunlaşan, əsas tələbatlarla yanaşı yeni dəyərlərə cavab verən, bütün variantlarda çevik və qənaətcil olan, onlayndan offlayna və əksinə dəyişən şəraitdə sərfəli olanı təklif edən developerlər (inkişaf strategiyasını hazırlayan təhlilçi), sahibkarlar, layihəçilər qazanacaqlar.
Pandemiyadan sonra ictimai məkanları başqa cür görəcəyik və layihələndirəcəyik. Burada həmin məkana daha çox insan cəlb etmək əvəzinə onların funksionallığının yüksəldilməsinə diqqət yetiriləcək. Bu məkanların səs-küydən necə qorunacağı və şəhərin ekoloji şəraitini necə yaxşılaşdıracağı vacib olacaq. Əlbəttə, burada 15 dəqiqəlik məhəllə konsepsiyasına uyğun olaraq sakinlərin piyada gediş məsafəsi nəzərə alınmalıdır.
Son vaxtlar bir çox ekspert “yeni mənzil formatı” adlı sosial eksperimentdə iştirak edir. Onlar kiçik bir məkanda işi istirahətdən, uşağı böyükdən necə ayırmağın yollarını axtarırlar. İndi aydın olur ki, “yaşayış evi” anlayışı mövcud deyil. Developerlər kompakt məkanda işləmək və yaşamağın uğurlu variantlarını arayırlar.
Pandemiyadan sonrakı şəhərlər indi hamının keçirdiyi stressdən sonra bərpa olmağı təmin etməlidir. Parklar yenidəntəşkil və sosiallaşmanın vasitələrindən biridir. Söhbət parkda hansısa bir tədbir keçirməkdən getmir, park həm də bütün fəsillərdə bir-birimiz və təbiətlə ünsiyyət saxlaya bildiyimiz təhlükəsiz məkan olmalıdır.
Binalar artıq statik obyekt olmayacaq və yeni çağırışlara, tələblərə uyğun dəyişdirilə biləcək dinamik əlavə sistemlərə çevriləcək. Karantin dövründə çoxları ünsiyyət çatışmazlığından, iş və şəxsi məkan hüdudlarının yox olmasından şikayətlənir. Buna cavab olaraq binaların birinci mərtəbələrində iş yerləri yaradıla bilər.
Dünya miqyasında lokdaun (müəssisələrin kütləvi bağlanması və tədbirlərin qadağan olunması) ekologiyaya fantastik dərəcədə müsbət təsir göstərir. Belə dinamikanın lokdaun ləğv edildikdən sonra da davam etməsi yaxşı olardı. Məhz indi müşahidə edirik ki, bizim “fəaliyyətsizliyimiz”, yəni təyyarə uçuşlarının, şəxsi nəqliyyatdan istifadənin azaldılması, piyada və velosipedlə hərəkət etməyimiz atmosferə atılan tullantıları necə azaldır.
Ruhi sağlamlıq məsələsi növbəti 5-10 ildə bizi məşğul edəcək vacib həyat sahələrindəndir. Dünya Səhiyyə Təşkilatı (DST) işdə yorulub tükənməni rəsmi xəstəlik olaraq tanıyıb. Şəhər bizim daha sağlam olmağımız üçün, xüsusilə də pandemiyanın yaratdığı stress və digər mənfi nəticələri aradan qaldırmaq üçün ssenarilər təklif etməyə çalışacaq. Bir şey çox dəqiqdir ki, gələcəkdə bizi həyat və fəaliyyətin yeni, offlayn+onlayn hibrid forması gözləyir.
Ekspertlər hesab edir ki, urbanizasiya zəifləyəcək, deurbanizasiya başlanacaq. Bu, bəşəriyyətin sağlamlığına xidmət edəcək. Şəhərsalmada gələcəyin trendi insanların təbiətdə, məsafə saxlamaqla istirahət etmələrinə imkan verən böyük təbii ərazilərin abadlaşdırılması olacaq.
Pandemiya bizim vahid böyük orqanizm olduğumuzu göstərdi. Postpandemiya dövrünün şəhərində biz bir-birimizə daha qayğılı yanaşacaq və həyatın hər anını dəyərləndirəcəyik.
Hazırda keçirdiyimiz belə uzunmüddətli həyəcan dəyərlər sisteminin dəyişilməsinə səbəb olacaq. Gündəlik praktika və uğur qazanmaq, rifah və xoşbəxtlik haqda təsəvvürlərimiz əsaslı şəkildə dəyişəcək. Biz ətrafımızda olan insanlarla birgə yaşamağın dəyər olduğu bir dünyada yaşayacağıq. Hazırkı izafi istehlakdan imtina edəcəyik.
Söhrab Məhərrəmov