Emin Hüseynzadə
Bir-bir sadalayıram…
Karantin tam bitəndən sonra hamı əvvəlki kimi yaşayacaqmı? Əlbəttə ki, yox. İndi əksini düşünənlər yazını sona qədər oxusun. Yanıldığınızı görəcəksiniz.
2-3 aylıq qapadılma deyildi bu. Medianın təbliğatı da deyildi. Bu böyük informasiya seli idi. Virusa inananlar da, inanmayanlar da, kənddə də, şəhərdə də, bütün Azərbaycanın və dünyanın istənilən nöqtəsində hamı epidemiyanın deyil, infodemiyanın təsirinə məruz qaldı. İnfodemiya – eyni mövzulu, həddən artıq məlumatın (əsasən də saxta) yayılmasına deyilir. Hazırda infodemiyadan kənar qalan insanlar yalnız komada olanlardır. Bütün bundan sonra həyatın normal axarına qayıdacağımızı deyə bilmərik. Bəs nə olacaq?
Birinci növbədə bütöv bir nəsil infodemiya və pandemiyanın nə olduğunu gördü. Hamımızı “veteran” adlandıra bilərik. Bunun təsiri elə-belə ötüşməyəcək, 40-50 il çəkəcək, indi baş verənləri görənlərin sayı azalana qədər. II Dünya müharibəsinin veteranlarını yada salın. Müharibə haqda ən yaxşı filmlər, kitablar nə vaxt yarandı? Müharibədən dərhal sonra yox, illər keçəndən sonra. Biz koronavirus olmasa da, indiki fərqli həyatın daşıyıcılarıyıq. Onu yayacaq, unutmayacaq, bizdən sonrakı nəslə danışacaq və dünyanı dəyişdirəcəyik. Necə?
Məktəb və universitetlərdə təhsil almaqdan ötrü bir otağa yığılmağın heç də həmişə lazım olmadığını gördük. İşçilərin yanaşı otaqlarda çalışmasının vacib olmadığını bildik. Əlbəttə ki, bu həmişə məsafədən iş və təhsil demək deyil. Ancaq eyni zamanda eyni yerdə işləməyin zərurət olmadığının sübutudur.
Baxın, indi kimisə yaşlı müəllimlərin ən müasir texnologiyalardan istifadə edə bilmədiyinə inandırmaq olmaz. Halbuki cəmi 2 ay əvvəl müəllimlər indiki onlayn dərslərini təsəvvür edə bilməzdilər. Elə isə niyə yeni məktəb binaları əvəzinə məktəblilərə noutbuk paylamayaq? Niyə jurnalistlər üçün onlayn mətbuat konfransları başlanmasın? Bu və bir çox başqa sualların “mümkünsüzdür” cavabı artıq olmayacaq, elə deyə bilməyəcəklər.
Media sahəsində saytların deyil, insanların azad hərəkətinin hansısa kar-kağıza görə məhdudlaşdırıldığını gördük. Halbuki infodemiyanın bizim tərəfdə olan döyüşçüləri jurnalistlərdir (pandemiyada həkimlər olduğu kimi). Gündəlik on minlərlə oxucusu olan saytını media kimi qeydiyyatdan keçirə bilməyənlər, demək olar heç kəsin oxumadığı, amma qeydiyyatdan keçirilmiş “Suqovuşan” qəzetinə uduzurdular. Halbuki medianın hər növünü, o cümlədən sayt, “Feysbuk” qrupları, “İnstaqram” səhifələri, “Teleqram” kanalları çox tez və rahat qeydiyyatdan keçsəydi, jurnalistləri də rahat hərəkət edə, əslində nəyin baş verdiyini və gözləndiyini adamlara çatdırardı. İndiki halda bu prosesin çətinliyi və hətta mümkünsüzlüyünə görə infodemiya saxta xəbərlərin yayılması ilə nəticələndi. Azad hərəkəti olan, amma illərlə əhalinin inamını itirən medialar isə insanlara hətta virusun olmasını sübut etməkdə çətinlik çəkirlər.
Media maliyyələşməsi məsələsi indikindən kəskin fərqlənməlidir. Bütün qonşu ölkələrə həm TV və radio sayına, həm də saytların rəngarəngliyinə görə uduzuruq. Pul, yeni imkanlar ortaya qoyulmalıdır.
Bir sözlə, onlayn əməkdaşlıq alətlərindən istifadənin həcmi artacaq, birgə araşdırmaların, təhsilin məkana deyil, mövzuya bağlılığı artacaq. Yenə də inanmırsınızsa, komadan ayılıb ətrafa baxın.
Müəllifin başqa yazıları:
Maraqlı başlıqla istifadəçini aldatmağın 10 yolu
Jurnalistlər işlədiyi saytların auditoriyasından xəbərsizdir
“Turistləri Ümrə yerinə Rio karnavalına apardı” yalanı necə ifşa oldu?
Mediamızı idarə edən gözəgörünməzlərin adları
Azərbaycan mediasının bacarmadığını avtobus şirkəti etdi
Jurnalistlərdə özünüsenzuranın Azərbaycansayağı səbəbi və nəticəsi
Casus jurnalistlər, hərbi zavodlar və bölgələrimiz
Susdurmağa çalışanlar, ya da özünüsenzuranın yeni növü
Koronavirus mediamızı dəyişə bilməz
Koronavirusu öldürərkən başqa xəstəliklər arta bilər