Mayın 15-i görkəmli yazıçı, dramaturq, alim, pedaqoq Altay Məmmədovun 90 illiyidir.
Altay Yusif oğlu Məmmədov 1930-cu il mayın 15-də Gəncə şəhərində doğulub. 1938-ci ildə orta məktəbə daxil olub. 1943-cü ilin yanvarından saatsaz şagirdi kimi əmək fəaliyyətinə başlayıb. 1949-cu ilə qədər təhsilini fəhlə-gənclər məktəbində davam etdirib. 1949-cu ildə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olub.
Təhsil aldığı müddətdə “Gəncə fəhləsi” qəzetində (1951) korrektor, “Gəncə kommunisti” qəzetində məsul katibin köməkçisi (1953) və məsul katib (1953-1955) vəzifələrində çalışıb. 1953-cü ildə ali məktəbi bitirdikdən sonra indiki Gəncə Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında baş müəllim kimi fəaliyyətini davam etdirib. 1964-cü ildə filologiya elmləri namizədi alimlik dərəcəsini alıb.
Ədəbi yaradıcılığa 1950-ci ildə başlayıb. Həmin ildən kiçik hekayələri Azərbaycanın müxtəlif mətbuat orqanlarında çap olunub. İndiyə qədər Altay Məmmədovun 20-dən çox bədii, elmi və tarixi kitabı işıq üzü görüb. Dram əsərləri Rusiyada, Tacikistanda, Bolqarıstanda, Türkiyə və İranda tamaşaya qoyulub, bir sıra əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və tamil dillərinə tərcümələrdə çap edilib. Onun “Dəli Domrul” əsəri əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı eyni adlı tamaşa İstanbulda keçirilən Kitabi-Dədə Qorqud günlərində uğurla nümayiş etdirilib və türk mətbuatı tərəfindən yüksək qiymət alıb.
Bədii yaradıcılıqla yanaşı Altay Məmmədov elmi-tədqiqat işləri ilə də məşğul olub. O, Cəfər Cabbarlı dramaturgiyasının sənətkarlıq xüsusiyyətlərini tədqiq edib, Azərbaycanın XX əsr görkəmli yazıçı və şairlərinin yaradıcılığına dair məqalələrlə çıxış edib. “Oğuz səltənəti” və “Kəngərlər” kimi ciddi tədqiqat əsərlərinin müəllifidir.
1962-1989-cu illərdə əvvəlcə Azərbaycan Yazıçılar İttifaqı Gəncə şöbəsinin sədri, sonra isə Gəncə zona şöbəsinin məsul katibi kimi yaradıcı təşkilata başçılıq edib. 1971-ci ildə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. 1989-cu ildə fəaliyyətə başlayan “Nizami” Poeziya Teatrının yaradıcılarından biri olub. Həmin sənət ocağı üçün Nizaminin əsərləri əsasında on ssenari yazıb.
Səhhəti ilə bağlı çətinliklərə baxmayaraq 1993-1999-cu illərdə Altay Məmmədov “Kəngərlər”, “Erməni və müsəlman parlamentlərindən reportajlar”, “Xatirələr işığında” “Qəlbinur poeziyası XXI əsrin Astanasında” kitablarını ərsəyə gətirib. Son əsərini sevimli dostu, şair Əli Kərimin xatirəsinə ithaf edib. Həmin əsər – “Tanıdığım Əli Kərim” Altay Məmmədovun ölümündən sonra kitab şəklində nəşr olunub. Bundan başqa, Altay Məmmədovun sağlığında nəşr etdirdiyi “Nazim Hikmət Gəncədə” əsəri 2019-cu ildə Azərbaycan və türk dillərində yenidən işıq üzü görüb.
Altay Məmmədov 2003-cü il iyulun 15-də Gəncədə vəfat edib.
Novator.az mərhum yazıçı, dramaturq, alim, pedaqoq Altay Məmmədovun 90 illiyi münasibətilə fotoreportaj təqdim edir.