Rövşən Ağayev
Bu həftə layt markalı neftin qiymətinin mənfiyə düşməsi çox müzakirə olundu. Hamının cavab axtarırdı: axı neft necə mənfi qiymətə satıla bilər?..
Mənfiyə düşən may ayının fyuçers qiymətləri idi – yəni qiymətli kağız formasında olan, hələ real alğı-satqı tarixi çatmayan, kağız üzərində olan öhdəliklərin alğı-satqısı.
Azərbaycanda normal bir birja olsaydı, cəmiyyət real birja əməliyyatlarını görsəydi, bu sahədə tələbata uyğun peşəkar birja iştirakçıları yaransaydı, həmin şəxslər maarifləndirən çıxışlar etsəydi, adamlar neft birjalarında baş verənləri daha məlumatlı şəkildə izləyə bilərdi. Birjalar bazar münasibətlərinin ayrılmaz tərkib elementlərindən biridir – bu institutların olmadığı ölkələrin primitiv bazar sistemi dərhal üzə çıxır.
Azərbaycanda yalnız Bakı Fond Birjası var. Bu təsisatın nə dərəcədə effektiv çalışdığını bilmək istəsəniz, internetdə axtarış verin, onun saytına baxın və dövlət sektoru (hökumət və dövlət şirkətləri) nəzərə alınmadan dövriyyəsinə baxın, nəticəni özünüz qiymətləndirin. İlkin kütləvi yerləşdirmənin aparılmadığı, ölkədə iqtisadi ab-havanı müəyyən edən indekslərin olmadığı fond birjası ətrafında müzakirə aparmağa dəyərmi?
Amma ən azından yaxşı bir aqrar birja formalaşdıra bilərik. Taxılı, heyvandarlıq məhsullarını, pambığı, texniki üzüm sortlarını və sair aqrar məhsulları rahatlıqla bu birja üzərindən reallaşdırmaq mümkündür.
Aqrar məhsulların birjada topdansatışının çox böyük üstünlükləri var. Əvvəla, xırda istehsalçılar kiçik partiyalarla (100-500 kiloqram arası) məhsulu pərakəndə satmaqdan xilas olacaq. Çünki bir çox ölkələrdə birjalara məhsul partiyasının daxil olmasına minimum hədd qoyulur – məsələn, taxıl ən azı 5 tonluq, yun 1 tonluq partiyalarla daxil ola bilər. Bu halda xırda istehsalçıların birjaya çıxış naminə bir araya gəlməsi zərurəti qaçılmaz olur, qiymətin formalaşması üçün daha əlverişli iqtisadi mühit yaranır.
Başqa üstünlük: fermerlərin məhsulunun zəmanətli qiymətlə alınması üçün hüquqi mexanizmlər yaranır. 6 aylıq, məhsullar 1 illik fyuçers müqavilələri ilə zəmanətli alıcılar tapırlar. Birja rəsmi qeydə aldığı müqavilələr və pul formasında götürdüyü təminat öhdəliyi ilə bütün münasibətləri icbari hüquqi çərçivəyə salır.
Fyuçerslərin timsalında ölkədə törəmə maliyyə alətlərinin inkişaf eləmiş bazarı yaranmağa başlayır. Bu bazarın yanında sığorta bazarının inkişafı qaçılmazdır, çünki fyuçers müqavilələrinin risklərdən sığortalanmasına böyük tələbat yaranır. Eyni zamanda peşəkar brokerlik institutunun yaranması karyera və pul qazanmaq üçün perspektivlər açır.
Birjanın xüsusi elektron platforması vasitəsilə uzunmüddətli fyuçers müqavilələrinin bağlanmadığı, ənənəvi birja məhsulu olmayan bəzi məhsulların (məsələn, tez xarab olan meyvə və tərəvəzlər) onlayn hərraclarını da təşkil etmək olar. Məsələn, kimsə sabah 2 ton ərik, heyva və ya gilası bazara çıxara biləcəyini bilirsə, məhsulunu onlayn hərraca təqdim edir, gün ərzində qiymət təkliflərini toplayıb razılaşma əldə edə bilir.
Müəllifin başqa yazıları:
İdxal azaldı: manat dinclik tapa bilərmi?
Büdcə: dəyişən nədir, dəyişməli olan nə?
Ucuz manat niyə ixraca yol açmır?
Zənginlərin pulunu necə saymalı?
Qalan 4 ayda manatı nə gözləyir?
Nazirin dedikləri və gerçəklik
Uşaq pulu təklifləri: çıxış yolu nədir?
Statistika islah edilməlidir. Kökündən
Böyük pullar kimlərin işinə yarayıb?
İslahat mübahisələri: gerçək islahatlar necə olur?
Artan maaşlar, dəyişən büdcə, cavabsız qalan suallar
İş yeri statistikasından doğan suallar