Emin Hüseynzadə
Sosial məsafənin tətbiqi və karantin koronavirusun yayılmasının qarşısını alsa da, digər təhlükənin yayılmasına səbəb olub. Bu, kiber təhlükədir.
Karantinə qədər internetin istifadəsində reqlament var idi: ailədaxili, işdə, kafe və restoranlarda və s. Hər birində kəsişən maraqlar olsa da, müəyyən sayt və xidmətlərdən istifadə olunurdu. Ancaq karantin yeni qaydalar gətirib: bütün onlayn xidmətlərdən eyni məkanda – evdə istifadə edirik. İş görüşmələrində arxa fonda uşaq səsləri, məktəb dərslərində “Oğlum, gəl yeməyə!” çağırışları eşidilir. Bununla da rəqəmsal sərhədlər silinir.
Əvvəlki dövrdə bəzi orta məktəb müəllimləri fəxrlə “Mən votsapdan (Whatsapp) istifadə etmirəm!” deyirdilər. İndi isə həmin müəllimlər eyni alətlə dərs keçməyə, tapşırıqlar göndərməyə məcburdurlar. Yüz minlərlə uşağın birdən-birə valideynlərin telefon və kompüterlərinə çıxış əldə etməsi böyüklər üçün problemlərin başlanğıcı deməkdir. On minlərlə fayl hər gün müəllimin kompüterindən şagirdlərə göndərilir, yüz minlərlə fayl da şagirdlər arasında paylaşılır və geriyə – müəllimə göndərilir. Rəqəmsal gigiyenanın olmadığı Azərbaycanda bu, kiber cinayətkarlar üçün əla imkan deməkdir. Bəzi valideynlər özləri də onlayn təhlükələrlə nə etməli olduqlarını bir o qədər yaxşı bilmirlər, o ki qaldı uşaqlar. Uşaqlar faylları açmamış antivirusla yoxlamalı, e-maillərə şübhə ilə yanaşmalı olduqlarını, paylaşımın problem yaradacağını anlamırlar. Onlar eyni alətin günlərlə problemsiz işlədiyini bilir, ancaq günlərin bir günü tapılmış “backdoor”dan hansısa təhlükəli proqramın kompüter və ya telefonlarına girə biləcəyindən, sonra isə bütün şəxsi şəkilləri başqasının kompüterinə göndərəcəyindən xəbərsizdirlər.
Və bu təhlükələrin məsuliyyəti indi yalnız valideynlərin üzərindədir, başqaları boynuna götürmür. Konstitusiyaya görə, hər kəsin təhsil hüququ var və dövlət onu təmin etməlidir. Ancaq uşaqların karantin dövründə də təhsilə yönəldilməsinin mütləq olduğunu deyən Təhsil Nazirliyi bütün azərbaycanlı məktəblilərin evini internetlə, təhlükəsiz internetlə təmin etməyib. Və fəsadlardan həm məktəblilər, həm də valideynlər zərər çəkəsidir. Təxmin etmək olar ki, artıq çox sayda təhlükəli virus və digər ziyanverici proqramlar, fayllar bütün ölkəmizə yayılıb. Onlayn təhsil Azərbaycan ailəsinə təhlükələr gətirib. Bu təhlükələrlə mübarizə aparmaq, uşaqlara təhlükəsiz media davranışları öyrətmək Təhsil Nazirliyinin təxirəsalınmaz planına mütləq şəkildə daxil edilməlidir. Bu gün həm kiçiklərin, həm də böyükərin bu sahədə tədris vəsaitlərinə və dərslərə ehtiyacı var. Amma hələ ki, bu məsələdə heç bir addım müşahidə olunmur.
Distant təhsil sisteminin platformasının olmaması bu problemin başlıca səbəbidir. Məsələn, Kanadada siz uşağınızla ilin istənilən vaxtı başqa bölgəyə, şəhərə, ölkəyə gedə bilərsiniz və o, dərslərdən geri qalmayacaq. Onlarda mükəmməl distant təhsil sistemi var, uşaq məktəbdə qaldığı yerdən onlayn dərs ala bilir, tapşırıqları həmin platformada həyata keçirir, müəllim də qiymətləndirir, tapşırıqlar verir. Ölkəmizdə bu baxımdan vahid yanaşma yoxdur. Bir məktəbin şagirdinə Whatsapp, Skype, Zoom və digər alətlər üzərindən dərs keçməyə çalışılır. Problemlə qəfil üzləşən və vəziyyətdən çıxmağa çalışan müəllimlər sözsüz ki, qəhrəmandırlar və uşaqlar da bu alətlərə uyğunlaşmaq, onlayn tədrisi anlamağa çalışırlar. Distant təhsilin indiyədək yalnız video və ümumiləşmiş testlərdən ibarət olması ayrı sualdır. Oflayn və ya onlayn təhsil eyni addımlamalıdır. Ancaq hazırda onlayn tədris sistemi uzun çəkəcək kiber təhlükə problemi yaratmaqdadır.
Valideynlərə, tələbə və şagirdlərə ilk növbədə bütün fayllarını və alətlərini heç olmasa gündəlik şəkildə istənilən antivirus proqramları ilə yoxlamalarını tövsiyə edərdim. Koronavirusla mübarizədə olduğu kimi, onlayn təhlükəyə qarşı da birinci addımımız əllərimizi yumaqdır, yəni istifadə etdiyimiz alətləri viruslardan təmizləməkdir.
Müəllifin başqa yazıları:
Maraqlı başlıqla istifadəçini aldatmağın 10 yolu
Jurnalistlər işlədiyi saytların auditoriyasından xəbərsizdir
“Turistləri Ümrə yerinə Rio karnavalına apardı” yalanı necə ifşa oldu?
Mediamızı idarə edən gözəgörünməzlərin adları
Azərbaycan mediasının bacarmadığını avtobus şirkəti etdi
Jurnalistlərdə özünüsenzuranın Azərbaycansayağı səbəbi və nəticəsi
Casus jurnalistlər, hərbi zavodlar və bölgələrimiz
Susdurmağa çalışanlar, ya da özünüsenzuranın yeni növü
Koronavirus mediamızı dəyişə bilməz