Gülçin Cəmil
Şəhərdəki müəllimimin “Qızım, yazın bu gözəl günlərində evdə oturmaq çox çətindir” mesajından sonra nə qədər şanslı olduğumun fərqinə vardım. Nə etsinlər, bu sıxıntılı günlərdə dörd divar arasında qalmaq şəhər əhli üçün olduqca çətindir.
Doğrudan da, kənddə həyat fərqlidir. Adi günlərdən çox da fərqlənməyən karantin günlərində kənd sakinləri üçün evdə qalmaq o qədər də çətin deyil. Bir qismi fərqli yerlərdə işləsə də, çoxlarının iş və istirahət məkanı eynidir – evləri. Kimi bağda əkib-becərməklə, kimi mal-qarasını, toyuq-cücəsini yemləməklə, kimisi də həyətində səliqə-sahmanla məşğuldur. İstirahət demişkən, doğrusu, heç yorğuna da bənzəmirlər. Üzlərində hər zaman təbəssüm, gözlərində sevinc, qollarında tükənməyəcək qüvvət var.
Düşünürəm, onlara ilham verən təbiətin bəxş etdiyi rəngarəng gözəllikdir. Buralardakı görüntü rəssamın əl işinə bənzəyir. Bağda çiçək açmış, sırayla əkilmiş ağaclar, cəh-cəh vuran quşlar, həyətdə gəzişən toyuqlar, insanın sanki bir neçə metrliyində olan açıq səma bizlərə yaşamağın, gözəllikdən zövq almağın mahiyyətini çatdırır.
Elə bir neçə gün əvvəl həmin açıq səmaya baxıb, “Necə də bizə yaxındır” deyə dodağımın altında mızıldanırdım. Sən demə, atam eşidibmiş. Söz ağzımdan yenicə çıxmışdı ki, atam mənə sarı səsləndi:
– Qızım, keçmişdə ağsaqqallar deyirmiş ki, harada səmanı özünə yaxın, aranızdakı məsafənin az olduğunun düşünürsənsə, orada hava təmiz, oksigenlə boldur.
Doğrudan da, elədir. Burada insan doya-doya nəfəs aldığını elə aydın hiss edir ki, düşünürsən, buralardan uzaqlaşsan boğulacaqsan.
Artıq günlərdir evdəyəm, ara-sıra şəhərdəki dost-tanışlarım üçün darıxsam da, burda zamanın necə keçdiyini özüm də bilmirəm. Gün boyu ailəmlə söhbətləşir, onlara həyətdəki işlərində kömək edir, boş zamanlarda kitab oxuyur və uşaqlıqdan bəri çox sevdiyim bağımızda saatlarla dövrə vururam. Hərdən dayanır, ətrafın səsini dinləməyə çalışıram. Ətrafda nə yüzlərlə insanın, nə də küçədə şütüyən maşınların səsi var. Səs sadəcə təbiətdən gəlir, qoynunda illərlə yaşasam da, gözəlliyindən doymayacağım təbiətdən.
Goranboy rayonu,
Aşağı Ballıqaya kəndi