Səidə Hüseynova
…Onsuz da insan övladı illərdir xoşbəxtliyi yalnız nağıllardan oxuyur, məsəllərdə eşidir, kinolarda görür, röyalarda yaşayır. İndi də üstünə bu cür virus dərdi gələndə nə halda olduğumuz bəllidir.
Onsuz da modern texnologiyalar illərdir adamları bir-birindən elə soyudub ki, qardaş qardaşın, bacı bacının üzünü aylarla görmür, qohum-əqrəba, dost-tanış ya toyda, ya yasda bir araya gəlir.
Hələ gözlərdəki qəm-qüssədən, sevgiyə həsrət qəlblərdən, pis əhvaldan, ruh düşkünlüyündən, gələcəyə inamsızlıqdan danışmıram.
Ey dünya liderləri, bizi niyə bu hala saldınız? İnsanları beləmi yaşadacaqdınız, beləmi xoşbəxt edəcəkdiniz?
Hanı sizin insanlara verdiyiniz firavanlıq vədləri?
Ey doğumun azalmasından həyəcan təbili çalan dünya liderləri, bu qədər ölümə necə dözürsünüz? Dediyiniz kimi, bu, bir qrip virusudursa, niyə onun əlində aciz qaldınız? Hanı sizin insanı az qala söküb təzədən yığan təbiblərin beyni, biliyi, təcrübəsi, şəfalı əlləri? Budur inkişaf edən tibbiniz və elminiz? Harada qaldı sizin Nobelli alimləriniz, başbilənləriniz? Hara getdi sizin elm adamlarının illərlə apardığı təcrübələr, qazandığı biliklər, əldə etdiyi uğurlar? Niyə insanların əməyi, zəhməti hesabına qazandığınız pulları qapısı açıq qalıb virus sızdıran laboratoriyaların yaradılmasına sərf etdiniz? Bu tərəqqi, bu inkişaf qurduğunuz laboratoriyalarda insanlığı məhv etməyəmi ölçülüb?
Siyasi karyeranız üçün apardığınız müharibələrin, toqquşmaların, qırğınların qurbanları sizə bəs etmədimi? Texnika, silah yarışması aparmağa, liderlik üçün günahsız qanlar tökməyə, terrorizmlə mübarizə adı altında insanların başına bomba yağdırmağa alışqansınız. Bunlar yetmədimi sizə? Liderlik, hegemonluq bardağınızın dolması üçün daha nə qədər insanın başı getməlidir?
Dünyanın canına saldığınız virusun haradan gəldiyini niyə gizlədirsiniz? Niyə insanları yalan informasiyalar, fərziyyələr dəryasında boğursunuz? Heç olmasa bəlanın haradan gəldiyi, nə vaxt bitəcəyi haqda düzgün məlumat verin. Axı siz bunu bilirsiniz. Axı indiki elm və texnologiya bir virusun əlində aciz qalacaq qədər zəif deyil.
Gör sıravi təbibləri, həkimləri, mütəxəssisləri nə hala salmısınız. Hərənin ağzından bir avaz gəlir. Ekspertlərin rəngarəng rəylərini, məsləhətlərini dinləməkdən, oxumaqdan beynimiz, gözümüz, ruhumuz yorulub. Adamlar informasiya selində boğularaq kimə və nəyə inanacağını bilmir. Zəncəfil, sarımsaq, limon qəbul etməyi, düzgün həyat tərzi keçirməyi, əlləri gündə 20 dəfə yuyub spirtləməyi, dezinfeksiya etməyi, maskada, əlcəkdə gəzməyi, evdə qalmağı tövsiyə edənləri dinləməkdən adamın başı gicəllənir. Biri sarımsağı doğrayıb yeməyi, digəri çeynəyib yeməyi məsləhət görür, biri zəncəfilin xeyrindən, digəri zəncəfilin virusu məhv etmək gücündə olmadığından danışır, biri spirtin xeyrindən, digəri zərərindən söz açır…
Virusun haradan gəlməsi barədə fikirlər isə o qədər rənglidir ki, adamın gözü qamaşır.
Bu bəladan qurtulmaq üçün bir ay da, iki ay da evdə qalmaq olar. Amma adamları qeyri-müəyyənlik və gələcək taleləri narahat edir. Bu virusdan daha dəhşətlisinin gələcəyi və ya dünyanın bundan sonra başqa cür idarə olunacağı, hamının bədəninə çip yeridiləcəyi, bunun bir virus deyil, siyasi oyun olması, virusun Çin və ya ABŞ-dakı laboratoriyalardan sızması və nəhayət, dünyanın sonunun gəlməsi kimi informasiyalar insan övladının nəfəsini kəsir. İnsan beyni gün ərzində daha nə qədər bu tip informasiya qəbul edə bilər?
Ey dünyanı idarə edənlər, bu oyunu daha nə qədər davam etdirməyi düşünürsünüz? İnsanlar sizi lider seçib ki, onları viruslu müharibəyə düçar edəsiniz? Verdiyiniz firavanlıq, xoşbəxtlik, rahatlıq vədləri cəhənnəm olsun, heç olmasa insanları yeni oyunlarınızın qurbanına çevirməyin! Biz indikindən daha yaxşı, daha sağlam, güclü və firavan həyat üçün dünyanı sizə həvalə etmişik. Dünyaya yaşatdığınıza baxın.
Adamlara “əlimizdən gələni edirik ki, insan tələfatı az olsun” deməyin. Siyasətinizdəki viruslardan azad olun və sonra dünya üzünə yaydığınız bu pisliyi təmizləyin!