Yalçın İmanov
Təhlükə vaxtı insanların davranışında qəribə yeniliklər və təzadlar üzə çıxır.
Koronavirusun hədələyici fonunda birgəyaşayış qaydalarında yeni, əvvəllər rast gəlmədiyimiz maraqlı dəyişikliklər baş verir. Məsələn, adamlar çoxdan unutduqları tanışlarını yada salıb uzun-uzadı hal-əhval tutur, nə vaxtsa qəlbini sındırıb incitdikləri kimsənin könlünü alıb şirin söhbətlər edirlər. Hətta küçədə-bacada bir-birini tanımayan adamlar qarşılaşanda ucadan salam verib eyni hərarətlə cavab alırlar, ərzaq mağazalarında, apteklərdə məmnuniyyətlə başqasına yol verib özlərindən qabağa buraxırlar.
Oxşar mənzərələri sonuncu dəfə 1990-cı illərin müharibə dövründə görmüşəm. Bəla və ya təhlükə ortaq taleyə çevriləndə adamlar ən qədim və dərin həyat həqiqətini sanki qəfil kəşf ediblərmiş kimi bir anlıq duruxur, mehribanlaşıb daha həlim və həssas olurlar.
Hərçənd sonrakı gedişat bunun sadəcə ilğım, ekstremal situasiyanın qalığı olduğunu göstərir.
Belə dövrlərin ən yaxşı cəhəti təkcə insanları fikirləşməyə məcbur etməsi deyil, həm də bu fikirləşmənin real nəticə, fayda verməsi ola bilər.
Deyək ki, anlaya və dərk edə bilərsən ki, sənin taleyin yalnız sənin taleyin deyil, həm də başqasının, yaşadığın cəmiyyətin, bütövlükdə bəşərin taleyidir. Və yaxud bir nəfərin aqibəti hamının aqibətini müəyyən edir və yaxud ümumi aqibətdə sənin aqibətinin danılmaz və həlledici rolu, payı var.
Və yaxud əzilənin varlığı əzənin mövcudluğunun başlıca şərti və şəksiz müəyyənedicisidir, öldürən öləndə özünü də qətl edir, avtoritar və ya diktator birinin qisməti demokrat başqasının mövcudluğundan asılıdır. Hansısa ucqar bir dağ kəndində heç kimin tanımadığı, sadə, kasıb bir insan dünyanın o biri başındakı ən varlı, ən zəngin birinin məxfi həyat qaynağı və izaholunmaz yaşam mənbəyidir.
Gözlə görünməyən tale bağları sərhəd, dövlət tanımadan insanları bir-birinə calayır, bağlayır və yaşamın danılmaz faktoruna, dəlilinə çevrilir.
Yeri gəlmişkən, bəlkə elə “elnən gələn bəla toy-bayramdır” arxetipinin axtarılan mənalarından biri də elə burdadır…
***
Polis maşınının “evinizə qayıdın” sirenası adamların üzünə oxunmuş ölüm hökmü kimi səslənir. Doğrudan, evimiz beləmi qorxulu və faciəvi bir yerdir? Nə üçün insanlar evdə dəli kimi darıxır, vurnuxur və sonsuz əzab çəkirlər? Yoxsa ev bineyi-qədimdən yalnız və yalnız elə yemək və yatmaq üçünmüş? Evlər, mənzillər insanın rahatlıq yeri və intim məkanı deyilsə, onda başqa hardadır o yer, o məkan? Evimizmi belə təhlükəlidir, yoxsa özümüzlə üz-üzə qalmaq? Bir dam altında yaşayanların belə kədərli yadlığı və aşkar tənhalığı hansı vacib problemlərin carçısıdır?
Biz öz evimizi cansıxıcı, maraqsız və kəhanət kimi qavrayır və qəbul ediriksə, deməli, nələrsə, daha doğrusu, çox şey qaydasında deyil, yolunda getmir.
Yox, qarşılaşdığımız çılın-çılpaq özümüz özümüzdə vahimə yaradırsa, deməli, islah etməli, düzəltməli nələrsə var.
***
Koronavirus kimliyimizi, yaşam prioritetlərimizi yada salır, bizi özümüzə, nə vəziyyətdə olduğumıza nəzər yetirməyə məcbur edir və bununla da kifayətlənməyib əslində necə olmalı olduğumuzun sərhədlərini cızır. Bu mənada o, bəşərin xilaskarına çevrilə bilər. Əlahiddə situasiyalar əlahiddə imkanlar yaradır.
Virusun yaratdığı problemlər onun yoxluğunda, aradan çıxıb getdiyi vaxtlarda da aktual olmalıdır. Başqa sözlə, koronavirusdan sonrakı dünya ona qədərki dünyadan keyfiyyətcə fərqlənməli, heç olmasa bir baş üstün olmalıdır.
Aşkar ədalətsizlik, ictimai sərvətlərin ağılsız və qeyri-bərabər bölüşdürüldüyü, hamının hamıyla savaşdığı və bir-birinin həyatını cəhənnəmə çevirdyi indiki dünyanın həqiqətləri dəhşətlidir. Bu həqiqətlər onsuz da insanlığı talan edir, adamları kütləvi və səssiz qətlə yetirir. Belə dünyanı apar tulla. Belə dünyanı çırpıb götür.
Virusun yaratdığı problem və suallar tamamilə yeni, məzmunca daha üstün münasibətlər sisteminin inşasına təkan verə, stimul yarada bilər. İndiki sosial distansiya və fərdi təcridolma böhranı sonrakı illərdə kollektiv həmrəylik və bəşəri tərəqqiyə çevrilə bilər.
Yox, əgər koronavirusdan sonrakı dünya koronavirusdan əvvəlki dünyadan heç nə ilə fərqlənməyəcəksə, elə onun tayı olacaqsa, bir baş üstün olmayacaqsa, onda hazırkı bəşəri məhrumiyyətlərin, iztirabların bir qara qəpiklik dəyəri, mənası qalmayacaq.
O vaxta qədər ki, növbəti daha ağır və daha kəskin ümumi təhlükə qapının ağzını kəsdirəcək…
“Taun”un qəhrəmanının sözlərini bir balaca dəyişsək, indi bu qərib dünyanın adamları nəhayət anlamaldırlar ki, ya birgə yaşamalı, ya da birgə ölməlidirlər, başqa çıxış yolu yoxdur…