Aynur Mirhəsən
Dərdini zamana burax, o, hər şeyin çarəsidir.
Ümidsizlik dənizində ən kiçicik, tutulası mümkün olmayan saman çöpüdür bu təsəlli sözü, insan çarəsizliyinin isə möhtəşəm heykəli.
Zaman nədir? Əllə tutulmur, gözlə görülmür, dadı bilinmir. Bəs belə bir hissi yaşamağı Allah insana niyə qıyıb, nədən qismət edib? İnsan Allahın quludur. Amma həm də doğulmuş körpəsindən ölümün bir addımlığında olan qocasına qədər hər kəs Ulu Tanrının uşağıdır, məncə.
Ana öz balasını ac qalmasın, xəstələnməsin deyə necə aldada-aldada yedizdirib-içirdirsə, Allah da bizi elə o cür zaman adlanan boşluqla ovudur ki, bu dünyadakı missiyamız nədirsə, onu yerinə yetirib dərgahına yollanaq. Allah bizə ANlardan ibarət zaman deyilən bir “məkan” qismət edib ki, səbrimizi, ümidimizi, insanlığımızı sınağa çəksin.
AN nədir? Bir fotoya baxaq – həmin an bizim həyatımızın milyonlarla kadrlarından yalnız bircə anıdır. Mütəxəssislərin hesablamalarına görə, film, yaxud televiziya üçün hazırlanan verilişlərin bir saniyəsində 24-25 kadr olur. Bu hesabla götürsək, ömrümüzün bir dəqiqəsi 1500 kadrdan – andan ibarətdir. Cəmi bir dəqiqədə 1500 kadr. Hətta sakit halda dayansaq belə – nəfəs almağımızla, nəfəs verməyimizlə, gözlərimizi qırpmağımızla, hərdən başımızı tərpətməyimizlə və sairə ilə – bir dəqiqəyə zamanın 1500 anını yerləşdiririk.
ŞÜUR nədir? Özümüzü və dünyanı dərk etmək üçün bizə verilmiş əlahiddə bir substansiya olmaqla yanaşı həyatımızın sonsuz anlarının toplandığı dərin, hüdudsuz bir anbar, məkan, yer. Körpəliyimizdən ölən günümüzə qədər o anları şüurumuza daşıyan isə yaddaşımızdır.
Yaddaş insanlığın həm dostu, həm də düşmənidir. Biz o anbardakı – şüurumuzdakı anları yada salıb onun sayəsində hərəkət edirik. ANlarla ŞÜUR arasında var-gəl edən yaddaş sayəsində biz zaman qət edirik, ömür yaşayırıq. Aldana-aldana, şirniklənə-şirniklənə…
Hərəkətlərini idarə edə bilməyən adamın ilk əlaməti yaddaşının pozulması, şüurundakıları – anbardakı anları xatırlamaması olur. Yəqin ki, istənilən adamın həyatında “ağlım başımdan çıxdı, heç nə xatırlaya bilmədim” deyə təsvir etdiyi hadisə olub. Elə anda insan zamanın, vaxtın necə keçdiyini də ayırd edə bilmir. Fiziki olaraq insan həmin vaxtı, dönəmi yaşasa da, şüurunda o zamana aid heç bir an, yaxud anlar olmur.
Zaman insanın bu dünyadakı cəhənnəm cəzasıdır! Amma çoxumuz ondan təsəlli gözləyirik, başımız üzərində dayanmış əlibaltalı cəlladımızdan imdad gözlədiyimiz kimi.
Bu dünya cənnətin giriş qapısıdır, çoxu belə deyir. Zaman deyilən bu məfhuma əksəriyyətimiz təsəlli kimi baxmasaydıq, bəlkə də bu deyimlə razılaşardım.
Zaman heç vaxt bəşər övladına təsəlli ola bilməz. Birisini od kimi yandırar, birini bir qaşıq suda boğub öldürər. Birinə torpaq olar, bir toxum atarsa, minini biçər, birinə hava olar, çovğun olar, tufan olar, vurub-dağıdar. Zaman təsəlli ola bilməz, o, heç kimə heç nə qazandırmaz, o çalar, götürüb-gedər. Zaman təsəlli olsaydı, bu dünyaya qoca, belibükük ahıl, yaşlı adam kimi gəlib günü-gündən cavanlaşardıq. Zaman təsəlli olsaydı, başı dümağ olan ahılın saçları günü-gündən qaralardı, sifətindəki qırışlar hamarlaşardı, belinin büküyü açılardı, çürük dişləri təzələnib mirvari kimi ağıza düzülərdi.
Zaman təsəlli olsaydı, dərddən əvvəl dərman gələrdi.
30 mart 2013-cü il, Ann.az
Aynur Mirhəsən 1976-cı il yanvarın 27-də doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərinin reportyoru, Mediaforum.az saytının müxbiri, layihə rəhbəri, Ann.az saytının redaktoru olub. 2016-cı ildən Türkiyənin İstanbul şəhərində ikinci ali təhsil alaraq orada yaşayan Aynur Mirhəsən 2020-ci il yanvarın 18-də vəfat edib, yanvarın 20-si Azərbaycanda dəfn olunub.