Ulduzların melodiyası (Hekayə)
- 31 Yanvar 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
Lamiyə Məmmədova
Hər səhər onun hazırladığı qəhvənin qoxusu məni yuxudan oyadırdı. Uzun müddət çarpayımdan qalxmadan bu qoxunu ciyərlərimə çəkirdim. Gözlərimi yumub Asyanın mızıldadığı melodiyanı dinləyirdim. Qəribə bir sevinc dolurdu içimə. Özümü xoşbəxt və qayğısız hiss edirdim.
Asya ilə iki il əvvəl, sentyabr ayında univeristetin həyətində tanış olmuşduq. Kirayə ev axtardığımı bilən qrup yoldaşım dedi ki, digər qrupda oxuyan qız da evdə onunla birlikdə yaşayacaq yoldaş axtarır. Beləliklə, qrup yoldaşımın vaistəçiliyilə dərsdən sonra onunla həyətdə görüşüb danışdıq. Düzü, o danışdı, mən də onun dedikləri ilə razılaşdım. Məni ilk gündən özünə heyran qoymuşdu. Onunla rəfiqə olacağıma ümid etdim. Danışdığımız günün səhəri mən onun qaldığı evə köçdüm. Bu ev onun dayısıgilin idi. Dayısı ailəsi ilə birlikdə Moskvada yaşayırdı. Asyanın anası öləndən bir il sonra atası yenidən ailə qurmuşdu. Buna görə də o, 7 il dayısının yanında yaşamışdı. Dayısıgil Moskvaya gedəndə onu da özləri ilə aparmaq istəsələr də Asya univeristetindən ayrılmaq istəməmiş və burada qalmışdı. Evdə tək yaşamasın deyə özünə yoldaş axtarırdı.
Ev bir salon, iki otaqdan ibarət idi. Salonda televizor, qorka, divan və kreslo var idi. Mənim üçün ayrılan yataq otağına çarpayı, balaca şkaf və paltar dolabı yerləşdirilmişdi. Asyanın otağı da eynilə mənimki kimi idi. Əlavə olaraq iri aynası və komodu var idi. Asya mənə dedi ki, harasa gedəndə hazırlaşarkən onun otağındakı aynadan istifadə edə bilərəm. Buna görə də hər səhər güzgüyə baxmaq üçün onun otağına girirdim. Amma Asya səhərlər yuxudan erkən qalxdığı üçün otağı boş olurdu. Artıq iki il idi birlikdə yaşayırdıq. Çox yaxın rəfiqə olmuşduq. Təkcə paltarlarımızı deyil, sirlərimizi də bir-birimizlə paylaşırdıq.
Çarpayım üzü pəncərəyə tərəf yerləşdirildiyi üçün və pəncərənin pərdəsi yarıya qədər açıq olduğundan çölün işığı otağa dolardı. Gecə də, gündüz də mənim otağım işıqlı olurdu. Günəşli günlərdə otaqda Asyanın melodiyası altında günəşin şəfəqləri rəqs edərdi. Yenə də belə bir gün idi. Mən yenə onun səsindən və qəhvənin qoxusundan həzz alırdım. Asya mətbəxtdən mənə səsləndi.
– Tənbəlll, bəlkə yerindən qalxasan daha?!
Mən şıltaq uşaq kimi yumşaq, mavi adyalımı başıma çəkdim. Onun səsi bu dəfə lap yaxından gəldi.
– Heyyy, səninləyəm.
Əlində qəhvə dolu iki fincan başımın üstündə dayanmışdı. Mən astaca adyalı üzümdən çəkib, gülümsəyərək ona baxdım.
– Əla qəhvə dəmləmişəm. Qalx içək, – deyib güldü.
– Sən onsuz da həmişə çox möhtəşəm qəhvə dəmləyirsən.
Asya fincanları çarpayımın yanındakı balaca şkafın üstünə qoydu. Özü isə çarpayımda, mənim ayaq tərəfimdə oturdu. Əllərini ovuclarıma alıb qoxladım. Nəm, soyuq, qəhvə qoxan əllər. Onun çox balaca əlləri var idi. Əlləri ovuclarımdan sürüşüb çıxdı. Saçlarımı qarışdırdı. Daha sonra fincanları götürüb birini mənə verdi. Digərini də iki əli arasına aldı. Əllərini isidirdi. Bir neçə qurtum içib yenidən şkafın üstünə qoydu.
Asyanın dərisi ağappaq idi. Elə bilərdin heç qanı yoxdur. Vücudu incə və cəld idi. Qısa, tünd qəhvəyi saçları boynunun ardına tökülürdü. Başını aşağı əyib güləndə saçları üzünü gizlədirdi. Buna görə də onun gülən üzünü çox nadir hallarda görürdüm. Əynindəki narıncı kimonosu dərisinin rənginə çox gözəl yaraşırdı. Onun bir vərdişi vardı: əllərinin iksini birdən başına qaldırıb saçlarını ovuclarına yığıb, ovurdlarını şişirdirdi. Bu zaman kimononun enli qolları onun dirsəklərindən də aşağı enir, qolları çılpaq qalırdı. İncə, ağ qolları sanki havada rəqs edirdi. Mən qaynar qəhvədən qurtumlayaraq onu dinləyirdim. O isə nədən olsa danışırdı. Başını aşağı əyib gülür, yenidən danışmağa davam edirdi. Şən, həyat dolu idi. Qəhvəyi gözləri bir başqa idi. Danışarkən insanın düz gözünün içinə baxırdı. Gözləri elə parıldayırdı ki, elə bilərdin gözlərinin hər birində bir günəş var. Hərdən düşünürdüm ki, yəqin qəhvəni çox içdiyinə görə gözləri belə gözəl qəhvəyi rəngdədir. Ya da isti qəhvəni içməzdən öncə uzun müddət ona diqqətlə baxdığına görə. Çünki qəhvəyi rəngli gözlərə çox insanda rast gəlmək olardı. Asyanın gözləri fərqli idi. Onun gözlərinin qəhvəyisindən başqa kimsədə yox idi. Danışarkən gülümsəyir, birdən-birə qaşlarını çatır, dodaqlarını tez-tez yalayaraq isladırdı. Bu qədər danışmasına baxmayaraq hər dəfə qəhvəni məndən əvvəl bitirirdi. Qəhvəm həmişə soyuyur və yarımçıq qalırdı.
Evdən birlikdə çıxır, birlikdə qayıdırdıq. Bir-birimizə çox bağlanmışdıq. Bir gün dərsdən sonra univeristetdə Asyanı tapmadım. Qrup yoldaşı dedi ki, sonuncu dərsdən icazə alıb gedib. Bu mənə çox qəribə gəldi. Axı harasa gedəcəyi haqda mənə heç nə deməmişdi. Bir az təəccübləndim, bir az da kədərləndim. Məndən gizlin nə işi ola bilərdi axı. Fikirli halda evə gəldim. Ona küskün olduğumdan yemək də yemədim. Heç əynimi dəyişmədən özümü çarpayıya atdım. Ayılanda otağımda ay işığından savayı işıq yox idi. Bilmirəm neçə saat belə yatmışdım. Başımda küt ağrı var idi. Ac idim. Özümü yorğun hiss edirdim. Yerimdən qalxıb salona çıxdım. Bütün otaqlar qaranlıq idi. Düşündüm ki, yəqin Asya gəlməyib. İşıqları yandırdım. Mətbəxə keçib çaydanı doldurub qaynaması üçün sobaya qoydum. Yemək üçün kolbasa, pendir, pomidor, xiyar doğradım. Elə bunlarla məşğul olduğum vaxt arxadan Asyanın sakit səsini eşitdim. Asya evdə imiş. Mən cəld ona tərəf çevrilib:
– Asya, harda idin? – soruşdum.
– Dərsdən sonra qızlarla gəzdik.
Mən təəccüblə ona baxdım. Özü də bilirdi ki, mən dediyinə inanmıram. Gözlərini məndən qaçırırdı. Sonra da söhbəti dəyişməyə cəhd edərək:
– Yaman acmışam, – dedi.
– Hər halda
mənə xəbər edə bilərdin. Çox narahat oldum.
– …
– Çoxdan gəlmisən?
– Bir saat olar.
– Niyə məni oyatmadın bəs?
– Çox şirin yuxudaydın.
Daha heç nə soruşmadım. Ondan incidiyimi hiss edirdi. Amma heç nə danışmaq istəmirdi. Günlər belə keçib gedirdi. Aramızda soyuqluq yaranmışdı. O tez-tez dərsdən sonra yox olurdu. Evə gələndə isə hara getdiyi haqda heç nə demirdi. Mən də heç nə soruşmurdum. Çox səssizləşmişdi. Artıq gülmürdü. Amma məni səhərlər dəmlədiyi qəhvənin qoxusu və melodiyası oyadırdı. Bu vəziyyət bir ay idi ki, davam edirdi. Onun üçün, rəfiqəm Asya üçün çox darıxmışdım. Bir evdə yaşayan iki yad insana dönmüşdük. Çox az söhbət edirdik. Bir gün dərsdən evə yenə tək gəldim. Asya evə məndən əvvəl gəlmişdi. Otağında üzü üstə çarpayıya uzanmışdı. Mən qapının ağzında dayanıb bir neçə dəfə ona səsləndim. Cavab vermədi. Çarpayısına yaxınlaşdım. Yatmamışdı. Gözlərini divara dikib uzanmışdı. Çox kədərli görünürdü.
– Asya, sənə nə olub? Evə gələndə niyə məni gözləmədin?
– …
– Mən elə bildim ki, sən yenə…
– Mən daha heç yerə getməyəcəm. Bu çox axmaq hərəkət idi. Bilirəm. Bilirəm ki, sənə çox maraqlıdır. Mən hara gedirdim, niyə evə gec gəlirdim?
Durub çarpayıda oturdu. Əlimdən tutub məni öz yanına çəkdi. Onunla üz-üzə oturmuşduq. Onu heç vaxt belə görməmişdim. Baxışlarını pəncərədən çölə, mən isə ona dikmişdim. Ağlamamışdı. Dodaqlarını bir-birinə kip sıxıb dayanmışdı.
– Asya, nə baş verir?
– Atam… atam ailə qurandan sonra arada məni görmək üçün univeristetin qabağına gəlirdi. Amma bir ildi gəlmir. Mən çox darıxmışdım. Ona zəng etdim. Telefon nömrəsini dəyişib. Bir neçə dəfə iş yerinə getdim. Çıxmadı. Düz bir aydı mən onu gizlincə görmək üçün iş yerinin qabağına gedirəm. Uzaqdan baxıb qayıdıram. Bu gün səhər də getdim.
– Dərsdə deyildin?
– Yox… Onu görmək üçün getmişdim.
– Bəs nə oldu?
– O… o məni qovdu, – deyib ağlamağa başladı. Asyanı ilk dəfə idi belə görürdüm. Bu cür ağlayan. Gözlərindən yaş sel kimi axırdı. Hıçqırıqlar içində təkcə bunu dedi:
– Daha onu görmək istəmirəm…
Hə, atası Asyanı qovmuşdu. Çünki ona ayıracaq vaxtı yox imiş. Nə də ona dayaq olmaq üçün maddi durumu imkan vermirmiş. Əslində Asyanın ehtiyacı onun sevgisinə idi. Başqa heç nəyinə ehtiyac duymurdu.
Asyaya təsəlli vermək üçün çox söz dedim. O daha ağlamırdı. Heç nə də danışmırdı. Sakitcə məni dinləyirdi. Arada gülümsəyirdi. Gecə saat 3 olmuşdu. Yatmaq üçün otaqlarımıza getdik.
Yerimdə uzananda qərar verdim ki, sabah yuxudan tez qalxım. Bu dəfə mən onun üçün piroq bişirim.
Səhər duranda evdə kədərli süküt var idi. Bu sakitlik ürəyimi sıxdı. Mətbəxtdən Asyanın melodiyasının səsi, qəhvəsinin qoxusu gəlmirdi. Yerimdən qalxıb əyinimdə gecə paltarı mətbəxə keçdim. Asyanın qəhvədanı masanın üstündə idi. İçində bir az bişmiş qəhvə də var idi. Amma soyuq. Deyəsən mən yatandan sonra Asya özünə qəhvə hazırlamışdı. Gülümsəyərək onun otağına getdim. Qapını açanda onu çarpayıda yatan gördüm. Biz bir-birimizin otağına girəndə qapını döymürdük. Şkafının üstündə, içində yarımçıq qəhvə olan fincanı var idi. Asyaya yaxınlaşdım. Gözlərini yumub sakit yatırdı. Üzünə toxundum. Buz kimi idi…
Mən yatandan sonra özünə qəhvə hazırlayıb. Amma sonra öyrəndim ki, Asyanın içdiyi sonuncu qəhvə zəhərli olub.
***
Heç bilmirəm nə mahnı idi. Düzünə qalsa, özü də bilmirdi. İndi düşünürəm ki, Asya o melodiyanı özündən uydurmuşdu. Adını da ulduzların melodiyası qoymuşdu. Hərdən onu yuxuda görürəm. Mənə qəhvə bişirir. Ulduzların melodiyasını dodaqaltı mızıldayır. Yenə əynində narıcı kimonosu. Yenə əlləri soyuq, nəm və qəhvə qoxulu…
Amma bu qəhvə qoxusu da ulduzların melodiyası kimi mənimçün Asyalı günlərdən qalan şirin, əziz bir xatirədir.
Mən daha qəhvə içmirəm.