“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları təqdim edirik.
Stiven Hokinq, “Böyük suallara qısa cavablar”
Stiven Hokinq nəzəri fizika və kosmologiya üzrə görkəmli alim, yazıçı, Kembric Universitetinin Nəzəri Kosmologiya Mərkəzinin elmi işlər üzrə direktoru kimi tanınıb.
Kvant kosmologiyasının əsasını qoyan nəzəri fizika alimlərindən biri olan Hokinq həm də bu elmin kütləviləşməsi istiqamətində mühüm işlər görüb. Onun “Zamanın qısa tarixi” kitabı bu sahə üzrə ən çox oxunan və dəyərləndirilən kitablar sırasındadır. Stiven Hokinq ömrünün əlli ildən çoxunu əlil arabasında keçirməyə gətirib çıxarmış amansız xəstəliklə mübarizəsi və buna baxmayaraq böyük elmi uğurlara imza atmağı bacarması ilə də seçilib.
“Böyük suallara qısa cavablar” əsərini Stiven Hokinq bir alim və ictimai xadim kimi vəsiyyəti, insanlığa çağırışı və onun gələcək taleyi ilə bağlı müdrik məsləhətləri kimi də dəyərləndirmək olar. Həyatının son ilində, ən müxtəlif söhbət və müsahibələrindən ibarət olan arxiv əsasında yazmağa başladığı bu əsəri bitirməyə amansız ölüm imkan verməsə də Stiven Hokinq Fondu və onun həmkarları əsəri tamamlayıb geniş oxucu kütləsinin sərəncamına veriblər.
Sadə, anlaşıqlı və estetik zövqlə yazılmış kitabın Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanacağına ümid edirik.
Kitabı Araz Gündüz tərcümə edib.
Kitabın satış qiyməti 9.99 manatdır.
Rey Bredberi, “Zəncirotu şərabı”
1928-ci ilin yayı 12 yaşlı oğlan üçün şərab hazırlanma ili idi. Yaşıl almaların, biçilmiş otların, yeni idman ayaqqabılarının ili idi. Həmin il o, işıldaquşları bankaya doldurub gecələr onların işığında gün ərzində gördüklərini yazırdı. Həmin il nənəsinin dadlı yeməklər bişirdiyi il idi. Eyni zamanda bu yay kədər dolu bir yay idi. 12 yaşlı Duqlas Spauldinqin həyatının bir yayına Rey Bredberi əbədi həyat verib.
“Zəncirotu şərabı” romanına Rey Bredberinin avtobioqrafik romanı da demək olar. O, uşaqlığını keçirdiyi şəhəri bu romanda “Yaşıl şəhər” adlandırıb. Bu romandan qabaq Rey Bredberi “Zəncirotu şərabı” adlı hekayə yazmışdı. 1953-cü ilin iyun ayında işıq üzü görən hekayəni sonralar genişləndirib roman etdi.
Kitabı Sevil Gültən tərcümə edib.
Kitabın satış qiyməti 9.99 manatdır.
Ahmet Hamdi Tanpınar, “Mahur Bəstə”
“Mahur Bəstə” “keçmiş zaman insanları”nın həyatını təsvir edən bir roman və ya bir-birinə bağlı hekayələr silsiləsidir.
Tanpınar digər əsərlərində olduğu kimi “Mahur Bəstə”də də insan ilə zaman və ya tarix arasındakı münasibəti göstərməyə çalışır. Hər bir insan içində yaşadığı mühit və zamana görə formalaşır. Fəqət Tanpınar üçün zaman sadəcə insanın xaricində işləyən bir mexanizm deyil, həyatın bir növ özüdür; yaşanılan hər bir an zamanın bir hissəsidir.
Kitabı Tofiq Qaraqaya tərcümə edib.
Kitabın satış qiyməti 9.99 manatdır.
Aleksandr Kuprın, İnsan qənimi”
Məşhur rus yazıçısı Aleksandr Kuprinin (1870-1938) “İnsan qənimi” povesti rus fəhləsinin çətin, əzablı həyatına həsr olunub. Burada tikintidə əzab-əziyyətlə çalışan fəhlələrin əmək şəraiti, az əməkhaqqı qarşılığında səhərdən-axşama qədər çalışmaları, sağlamlıqlarının məhv olması kimi həyat həqiqətləri real əksini tapıb.
Əsərin qəhrəmanı Bobrov da bu fəhlələrdən biridir. O, saf məhəbbətlə gözəl Ninaya aşiq olur. Qız isə bu saf sevgini, gəncliyini yaşlı Kvaşninin var-dövlətinə satır.
Kitabın satış qiyməti 3.99 manatdır.