“Qanun” Nəşrlər Evi Jan Pol Sartrın “Ürəkbulanma” əsərini, Stefen Kinqin doqquz hekayəsini və Nazim Əliyevin “İnikas” romanını çap edib.
Jan Pol Sartr
“Ürəkbulanma”
XX əsrin ən böyük mütəfəkkirləri sırasında yer alan görkəmli fransız filosofu və yazıçısı Jan Pol Sart ateistik yönümlü ekzistensializmin təmsilçisi və onun ilk yaradıcılarından biri hesab olunur.
Sartrın fəlsəfi fəaliyyətindən ədəbi yaradıcılığa keçdiyi dövrün başlanğıcında yazdığı “Ürəkbulanma” əsəri tənqidçilərin böyük çoxluğu tərəfindən onun ən uğurlu romanı hesab edilir.
Əsər Antuan Rokantenin gündəlikləri şəklində yazılıb, qəhrəmanın öz adi həyatından və cəmiyyətdən uzaqlaşması, tənhalığa qapılaraq, mövcudluğun mahiyyətini dərk etməsi prosesini detallı şəkildə təsvir edir. Ömrünün 6 ilini dünyanın ən görməli və maraqlı yerlərinə səfər etməklə keçirən Rokanten günlərin birində öz ömrünün və onun bağlı olduğu həyatın qarşılıqlı asılılığı üzərində dərin düşüncələrə qapılır. Bir anın içində mexaniki şəkildə dərk edilən anlayışlar öz mənasını itirir və həyat öz çılpaqlığı ilə əsərin qəhrəmanının qarşısında dayanır. Qarşılaşdığı bu absurdluq Rokantendə ikrah doğurur və bu ikrahdan doğan ürəkbulanma onun həyatına daxil olub birdəfəlik qərarlaşır.
Öncə nə baş verdiyini anlamayan Rokanten tədricən bu ürəkbulanmanın onun şüurunda yaranan bir əzabın və iztirabın nəticəsi olduğunu anlamağa başlayır. Onun bu düşüncələrinin fonunda yazıçı oxucunu çox maraqlı və həyəcanlı hadisələrlə tanış edir, bir insan şəxsiyyətinin timsalında mənəvi-psixoloji çevrilmənin qısa tarixini yaradır.
Əsəri Araz Gündüz tərcümə edib.
Kitabın satış qiyməti: 7.99 AZN
Stefen Kinq
“Hekayələr”
Kitab zəmanəmizin məşhur və daim yeni əsərləri ilə oxucularını sevindirən, qorxu janrlı romanların müəllifi, Amerika yazıçısı Stefen Kinqin son illərdə yazdığı essesi ilə açılır və doqquz hekayəsi ilə davam edir. Əsərlərin hər biri bu hekayə ustadının istedadını özünəməxsus şəkildə, müxtəlif baxış bucağından əks etdirməklə çox emosional, oxucunun qəlbinə girən, onu düşündürən hekayətlərdir.
Bu topluda yer alan, müəllifin öz həyatının sevgi xatirəsi olan esse də, Amerika qanqsterlərinin həyatından bəhs edən etinasızlıq və nifrət, xəyanət və ümidsizlik, dözüm və ümid hissləri ilə dolu hekayələr də, müasir dövrümüzdə insan hisslərinin və düşüncəsinin cəmiyyət və ailə daxilindəki münasibətlərə necə təsir göstərdiyi, onları hara apardığı haqqında olan hekayələr də oxucunun diqqətini cəzb edib saxlayır və ayrılmağa qoymur.
Əsərin tərcüməçisi Kazım Səlimovdur.
Kitabın satış qiyməti: 6.49 AZN
Nazim Əliyev
“İnikas” (psixoloji roman)
Saat səkkiz və hamı kimi mən də yuxudan qalxmaq üçün çapalayırdım. Dünənin yorğunluğu hələ də üstümdən keçməmişdi. Nəhayət, qalxdım on yeddi ildir ki, yatdığım çarpayıdan. Qalxıb əl-üzümü yumaq üçün otaqdan çıxdım.
Dəhlizdə Aynura adlı əslən özbək olan qızla bir az söhbətləşdik. Saçındakı kəpəkdən narahat olan bu qız, hər səhər mənlə eyni vaxtda oyanıb, həm əl-üzünü yumaq, həm də saçlarına baxmaq üçün oyanar-oyanmaz banyoya tələsirdi. Bu qız haqda bir az sonra ətraflı yazacağam…
Kitabın satış qiyməti: 7.99 AZN