Bakı Kitab Mərkəzində xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” kitabının imza günü və təqdimatı keçirilib.
Təqdimatda “Sirlərin sərgüzəşti” sinkretik romanının mətn və obrazlar aləminin arxitektonikasında, romanın xronotopik, arxetipik xüsusiyyətlərində müşahidə edilən özəlliklər haqda söhbət açılıb.
Tədbiri mərkəzin direktoru Günel Anarqızı açaraq bildirib ki, müəlliflə bu növbəti görüşdür. Qeyd edib ki, yazıçının sayca dördüncü romanı olan bu əsərdə paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb.
Kitabın redaktoru və “Ön söz”ün müəllifi Əlövsət Ağalarov yeni əsəri belə xarakterizə edir: “Hər bir kitab dünyaya gələndə bir övlad kimi gəlir. Müəllif bu övladına olduqca həssaslıqla yanaşıb. Əsərdəki dərin fəlsəfi-psixoloji anlardan uzun müddət ayrılmaq olmur, yaddaşın yaddaşsızlığı oxucunu dərkolunmayacaq qəribə aləmə aparır. Roman Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan bir əsərdir. Ümid edirəm ki, “Sirlərin sərgüzəşti” çoxlarının masaüstü kitabına çevriləcək”.
Yazıçı-publisist Səyyad Aran, yazıçı Şərif Ağayar və başqaları çıxış edərək kitab barədə öz fikirlərini bölüşüblər. Qeyd olunub ki, roman xronotopik baxımdan o qədər əngin və zəngin universal xüsusiyyətlərə malikdir ki, bu məkan və zamanlarda gəzişmək fövqəlbəşər Həsən Səyyah üçün heç bir maneə yaratmır. O, istənilən zamana və məkana zühur edə və sirr çözülənə qədər orada səyyah ömrü yaşaya bilir.
“Sirlərin sərgüzəşti” romanı arxetiplərin həm obraz, həm kompozisiya, həm də dili baxımından tüğyan etdiyi bir ədəbi bütövdür. Məlikməmmədi zülmətdən qurtaran, Səidə məsləhət verən, ona əhvalatlar danışan (“Tutinamə”), Robinzona həmdəm olan, Cimin çiynindən düşməyən (“Dəfinələr adası”) tutuquşu – quşların insanlardan gizli saxladığı (təkcə Süleymana agah olan) sirrini faş edən tutuquşu özlüyündə ikiləşmənin, eyni zamanda həm quş, həm insan ola bilmənin, paralel yaşamın simvolu kimi bu romana da yansıyıb. Həsən müəllim eyni zamanda həm real, həm də irreal zaman və məkanda ola bildiyi kimi, romandakı tutuquşu da eyni zamanda həm diri, həm də ölü müqəvva ola bilir.
Çıxışlarda qeyd edilib ki, roman müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anoxronik ardıcıllığı şəklində qurulub. Əsərin qəhrəmanı olan Həsən müəllim (Hacı Mir Həsən Ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Bu mənada roman oxucunu öz sirlərinin ağuşuna alır, onu da sirrə vaqif edir. Odunçu Əhmədin, Təpəgözün, Banuçiçəklə Beyrəyin çözülən sirri oxucunu Kamal Abdullanın bundan əvvəl qələmə aldığı mətnlərdəki mətləblərə bir daha üz tutmaq ehtiyacı ilə üz-üzə qoyur. “Sirlərin sərgüzəşti”ndəki arxetipik məqamlar romanı müəllifin digər mətnləri ilə aşkar və gizli lağımlarla bağlayır.
Kitabda xalq yazıçısı Kamal Abdullanın ədəbi və elmi yaradıcılığı haqqında Franko Kardini (İtaliya), Anastasiya Yermakova (Rusiya), xalq yazıçısı Anar və akademik İsa Həbibbəyli (Azərbaycan), Arif Acaloğlu (Türkiyə), Lüdmila Lavrova (Rusiya), Maks Statkeviçin (ABŞ) fikirləri də yer alıb.
Sonda Kamal Abdulla hər kəsə təşəkkürünü bildirərək oxucuların suallarını cavablandırıb.
“Sirlərin sərgüzəşti” müəllifin “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” romanlarından sonra sayca dördüncü romanıdır.