“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitabları oxucuların diqqətinə çatdırırıq.
David Şvarts
“Böyük düşüncənin sehri”
Dünyada milyonlarla insan “Böyük düşüncənin sehri”ni oxuyaraq həyatını dəyişib. Motivasiya sahəsinin ən böyük bilicilərindən hesab olunan doktor David Şvarts sizə daha yaxşı işlər həyata keçirmək, daha yaxşı idarəedən olmaq, daha çox pul qazanmaq, ən vacibi daha böyük xoşbəxtlik və dinclik tapmaqda kömək edir.
“Böyük düşüncənin sehri” oxucularının qarşısına boş sözlərlə deyil, həyatınızı yaxşılaşdıracaq faydalı üsullarla çıxır.
Şvarts işinizdən, ailə həyatınızdan və ətrafınızdan mükəmməl şəkildə faydalana bilməyiniz üçün diqqətlə hazırlanmış proqram təqdim edir. Böyük uğurlar qazanmaq və həyatınızı istədiyiniz kimi qurmaq üçün inanılmaz zəkaya və təhsilə sahib olmaya bilərsiniz. Lakin mütləq sizi irəliyə aparacaq düşüncə və davranış tərzinin sirlərinə yiyələnməlisiniz…
Əlinizdəki kitab məhz bu sirlərə bələd olmağınıza kömək edəcək.
Kitabın satış qiyməti: 10.90 AZN
Oşo
“Uşaqların kitabı. Yeni bəşəriyyətin əsasları”
Uşaqların özünəməxsus azadlıqları var. Onlar şən, dəcəl və təbiətən yaradıcıdırlar. Lakin böyüyənə qədər bir çox uşaq “məhsuldarlıq” tanrısına qurban verilib və yaxşı davranıldığı təqdirdə uşaqlıq dövrünə aid ancaq nostalji hisslər qalır. Oşo deyir ki, dərrakəli insanları ömrü boyu qarabaqara izləyən onların uşaqlıq təcrübələridir. Onlar yenidən bunu istəyirlər – eyni məsumluğu, eyni möcüzəni, eyni gözəlliyi. Və hər bir gənc nəsil keçmişin səhvlərini təkrarlamamaq niyyətilə özlərinə söz versələr də, onlar irsi məhdudiyyətləri gələcək nəsillərə zorla qəbul etdirirlər.
Bu kitab köhnə qəlibləri dağıtmaq üçün “uşaqların azadlıq hərəkatı”nı tələb edir və insanlar olaraq tamamilə yeni bir münasibət şəkli yaratmaq üçün imkanlar yaradır. Bu kitab yetkinlərin uşaqlarının həyatı ilə əlaqədar olduqları üçün öz şərtləşdirilmələrini dərk etmələrində bələdçi rolunu oynayır. Bu şüurla onlar nə vaxt tərbiyələndirəcəklərini və qoruyacaqlarını, nə vaxt da yoldan çəkiləcəklərini öyrənəcəklər. Beləliklə, uşaqlar ən yüksək potensialları və şənlənmək bacarıqları içərisində çiçəklənə biləcəklər.
Kitabın satış qiyməti: 9.99 AZN
Devid Rokfeller
“Memuarlar”
XX əsrin ən nəhəng maliyyə və siyasət xadimlərindən biri, tanınmış amerikalı bankir, Rokfeller evinin başçısı olan Devid Rokfeller neft maqnatı, ilk milyonçu – «Standard Oil»in banisi olan Con D.Rokfellerin nəvəsidir.
Rokfeller ilk və nisbətən nüfuzlu qlobalizasiya və neokonservatizm ideoloqlarından biri, məşhur Bilderberq klubunun banisi kimi tanınıb. Bilderberq klubunun yığıncaqlarından birində o söyləyib: «Dünya müasir zəmanəmizdə dünya hökumətinə tərəf addımlamağa hazırdır. İntellektual elita ilə dünya bankirlərinin fövqəlmilli suverenliyi, şübhəsiz, ötən yüzilliklərdə tətbiq olunan milli özünükəşfdən daha üstün tutulur».
Devid Rokfeller öz kitabında sözügedən «intellektual elita ilə dünya bankirlərinin suverenliyinin» yaranması, dünyada – Avropada, Asiyada, Afrikada və Latın Amerikasında maliyyə oliqarxiyasının təsirinin genişlənməsi kimi məsələlərdən bəhs edir. Dünya bankirlərinin ta Brejnevin dövründən başlayan Rusiyaya nüfuz etməsinə xüsusi diqqət çəkilir; Devid Rokfeller Brejnevlə, Kosıginlə və bir sıra sovet liderləri ilə gizli danışıqlarının mətnləri təqdim olunur.
Kitabı Ruhiyyə Məmmədova tərcümə edib.
Kitabın satış qiyməti: 11.90 AZN
Keyt Ferratsi və Tal Rez
“Heç vaxt tək yemə”
Keyt Ferratsi “Heç vaxt tək yemə” kitabının yenilənmiş və genişləndirilmiş versiyasında biznesdə və şəxsi həyatda uğura gedən yolda uzunömürlü və möhkəm əlaqələr qurmaq üçün atılmalı olan xüsusi addımları və müəyyənləşdirilməli düşüncə tərzlərini aydınlaşdırır.
Alicənablıq və qarşılıqlı yardıma əsaslanan praktiki və sınaqdan keçmiş prinsipləri, rəqəmsal vasitələrdən necə məqsədəuyğun şəkildə faydalanmağı izah edir.
Kitabı Azadə Cəfərova tərcümə edib.
Kitabın satış qiyməti: 11.90 AZN
“Tərəvəz, bostan və kartof bitkilərinin becərilməsi texnologiyası və fenoloji təqvimi”
Kitab ölkəmizdə geniş şəkildə becərilən tərəvəz, bostan və kartof bitkilərinin aylar üzrə becərilməsi texnologiyası və bölgələrdən asılı olaraq onların fenoloji təqvimi haqqında məlumatları əks etdirir.
Kitabdan istifadə etməklə tərəvəzçi fermerlər il boyu əkin sahələrindən görüləcək işləri planlaşdıra, ayrı-ayrı bölgələrdə bitkilərin inkişaf fazalarını izləyə və tərəvəz bitkilərinin becərilməsi texnologiyasını proqramlaşdıra bilərlər.
Tərəvəzçi fermerlər üçün stolüstü kitab ola biləcək bu əsər həmçinin kənd təsərrüfatı mütəxəssisləri və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Kitabın satış qiyməti: 6.99 AZN