Apokalipsis haqqında
- 18 Noyabr 2019
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Və ya müdrik hekayətçi bizə nə demək istəyirdi…
Mətləb Ağa
“Apokalipsis”ə qədər (orijinal adı “Apocalypto”, 2006-cı ildə Amerika Birləşmiş Ştatlarında çəkilmiş film) Mel Gibsonu (ingiliscə tam adı Mel Colm – Cille Gerard Gibsondur, 3 yanvar 1956-cı ildə ABŞ-ın Nyu-York şəhərində doğulmuş Avstraliya əsilli amerikan aktyoru, rejissoru və prodüseri) digər iki maraqlı filmdən tanıyırdım.
Həmin digər iki film “Cəsur ürək” (Mel Gibson, 1995-ci ildə ekranlaşdırılmış bu məşhur filmin həm də rejissorudur) və “İşarətlər (2002-ci il)” filmləridir.
Bunlara qədər və bunlardan sonra da onun çəkildiyi filmlər sayca çox olsa da, indi, bu yazını yazdığım vaxt bu ikisini xatırlayıram nəsə…
“Apokalipsis”də də Mel Gibson “Cəsur ürək”dəki kimi yenə də həmişəkindən fərqli ampuladadır, yəni o, bu filmin də rejissorudur.
“Apokalipsis”in ssenari müəllifləri Mel Gibsonun özü və əslən iranlı olan Farhad Safiniyadır.
(Fərhad Safiniya – 1975-ci ildə, cənub qonşumuz İran dövlətinin paytaxtı Tehran şəhərində doğulub, 4 yaşında ailəsi ilə birlikdə İranı tərk edib, hal-hazırda Los Ancelesdə yaşayan bir amerikan prodüseri və ssenari müəllifidir. Farhad Safiniyaya dünya şöhrətini gətirən məhz “Apokalipsis”dir, filmin ssenari həmmüəllifi olmasıdır.)
“Apokalipsis”in əsas simasını, Yaquar Pəncəsi (Jaguar Paw) obrazını gənc aktyor Rudy Youngblood canlandırır.
Real həyatdakı, 21 sentyabr 1982-ci il tarixdə ABŞ-ın Texas ştatında yerləşən Belton şəhərində anadan olmuş Rudy Youngblood özünü hindu kökənli hesab edir.
Əslində, elə belədir də…
Görünür ki, onun öz damarında axan qana bu cür bağlı olmasından irəli gəlir ki, həyat verdiyi Yaquar Pəncəsi obrazı məni də bu qədər özünə bağlaya bilib.
Yeri gəlmişkən, Youngblood ingiliscədən dilimizə tərcümədə gənc dəliqanlı deməkdir.
Film tamaşaçıları tərəfindən çox bəyənilir, ancaq bununla yanaşı tənqidçiləri də var və bu tənqidçilər həm də onu deyirlər ki, Mel Gibson “Apokalipsis”də bəzi tarixi faktları kobud formada təhrif edib, bu zaman asteklərin (asteklər – günümüzdəki Meksika Birləşmiş Ştatlarının sahib olduğu ərazilərdə, bizim eranın XIV-XVI əsrlərində yaşamış bir Mərkəzi Amerika sivilizasiyasıdır) tarixinə aid olan bəzi detalları götürüb Mayya tarixinə “yamayıb”, bununla kifayənlənməyərək, müxtəlif başqa tarixi hadisələri də nədənsə dolaşdırıb.
(Məsələn, filmdə, Yaquar Pəncəsinin də içində olduğu, əsir götürülmüş insanları təkcə quraqlığa görə deyil, həm də vəba xəstəliyinin qarşısını almaq üçün tanrı Kukulkanı rəhmə gətirməkdən ötrü (Kukulkan – Mayya dillərinin birində “tüklü ilan” mənasını verir, avropalılar bu ərazilərdə görünənə qədər Mayya sivilizasiyasında əsas tanrılardan biri hesab olunurdu) ona qurban verirlər, əslində isə vəba xəstəliyi bu ərazilərdə ispanların gəlişindən sonra yayılıb, bundan başqa, filmdə ovçu olaraq göstərilən və kadrlarda tapir ovlayan mayyalılar (Yaquar Pəncəsinin həmkəndliləri) əslində ovçu deyil, torpağa bağlı əkinçi xalq olub və s.)
Lakin mənim bu yazım heç də tənqidlər, Mayya sivilizasiyası (məlumat üçün deyim ki, bir Mərkəzi Amerika sivilizasiyası olan Mayya sivilizasiyası min illər boyunca Meksikanın cənub-şərqindən dövrümüzün Honduras, El Salvador və Qvatemala dövlətlərinin yerləşdiyi torpaqlara qədər uzanan ərazilərdə mövcud olmaqla eramızın III-X əsrlərdə əsrlərdə özünün yüksək inkişaf dövrünü keçirmiş, təxminən eramızın 900-cü ilində daxili siyasi çəkişmələrdən sonra bir daha yenidən dirçələ bilməyəcək şəkildə birdəfəlik çökərək əvvəlki qüdrətindən məhrum olmuş və ispanların Amerikada görünməsi ilə də sivilizasiya kimi bir çox anlamlarda öz sonuna çatmış sivilizasiyadır), Mel Gibson və yaxud Farhad Safiniya haqqında deyil.
Məhz “Apokalipsis” barədədir.
Film XV əsrdə ispan konkistadorlarının (“conquistadores” ifadəsi ispancadan dilimizə fateh, işğalçı kimi tərcümə olunur) Amerikaya gəlişi ərəfəsində, yalnız günümüzün imkanlarından baxdıqda yoxsul deyilə biləcək bir Mayya kəndində mənəviyyatsız insanların törətdikləri dəhşətli bir faciə fonunda başlanan hadisələrdən danışır.
Filmin qısaca məzmunu budur:
Öz kəndlərində firavanlıq və asayiş halında yaşayan Mayya kəndlilərinin dinc həyatını məhv edən bir dəstə mayyalı şəhərli əsgər onlara yatdıqları yerdə hücum edir, kişiləri qurban vermək, qadınları kölə kimi satmaq məqsədi ilə əsir alır, uşaqları isə kənddə öz qaranlıq talelərinin ümidinə başlı-başına buraxırlar.
Əsirlərin arxasınca baxan, bu hücumdan sonra artıq ata-anasız qalmış kimsəsiz azyaşlı uşaqların içində onlardan yaşca daha böyük olan qızın əsirlərə təsəlli verəcəkcəsinə “narahat olmayın, uşaqlara mən baxacağam” sözlərisə adamın iliyinə işləyir..
Bizim qəhrəmanımızın adı Yaquar Pəncəsidir.
Mənəvi cəhətdən saf, ürəyitəmiz bir gəncdir. Ailəsini, atasını, insanları sevir…
Əzab çəkən insanları gördükdə onlara yazığı gəlir, onlara kömək etmək istəyir…
…Meşədəki ovdan sonra bir azdan başlarına nə gələcəyindən xəbərsiz halda, deyə-gülə kəndə qayıdırlar…
Bu gün, faciədən bir gün əvvəlki gündür.
Bu günün gecəsi, yəni faciə baş verən səhərdən əvvəki gecə bu insanlara tonqal ətrafında hekayət danışan müdrik qoca öz hekayətinin sonunda onlara “İnsanın içində elə bir şey var ki, o heç vaxt “doydum” deməyəcək, məhz bu, onu kədərlənməyə və nəsə arzulamağa vadar eləyəcək, o, həmişə nəsə istəyəcək, dünya özü ona daha sənə verməyə heç nəyim yoxdur deməyənə qədər” deyir…
Yaquar Pəncəsi indiyə qədər heç vaxt eşitmədiyi bu sözlərə diqqətlə qulaq asır.
İnsanın, insanlığın faciəsinə səbəb olan gizli kod buradadırmı?
Əsgərlərin hücumu zamanı Yaquar Pəncəsi də digər həmkəndliləri kimi əsir götürülür, qolları bağlanır, ölümə sürüklənir…
Lakin bundan əvvəl, atası öldürülənə, özü əsir götürülənədək o, təkcə özünü fikirləşmir, çarəsiz həmkəndlilərinə canlarını qurtarmaq üçün göstərdikləri nəticəsiz cəhdlərdə yardımçı olur, imkan tapıb hamilə arvadını və balaca oğlunu xilas edib onları kəndlərinin kənarındakı böyük bir quyuda (çuxurda) gizlədir və sonradan geri dönüb onları xilas edəcəklərinə dair özünə və ondan başqa bir kimsəsi olmayan bu biçarələrə söz verir.
Əsirləri Mayya paytaxtına aparır, qadınları yaxşı qiymətə satır, sata bilmədiklərini hara gedəcəklərini, nə edəcəklərini bilmədikləri vəziyyətdə oradan qovur, kişiləri isə vəba xəstəliyini durdurmaq və yağış yağdırmaq üçün qurduqları qurbanvermə səhnəsinə, qanlı platformaya aparırlar.
Yaquar Pəncəsinin iki yoldaşını amansız bir şəkildə Kukulkana qurban verirlər, zavallıların sinələrini parçalayıb ürəklərini çıxarır, başlarını kəsir, sonra başları və cansız bədənləri məbədin pillələri ilə üzüaşağı diyirlədir, aşağıda saysız kəsik başları payalara keçirib bayram edən və it kimi qudurmuş insanlar coşqunluqla rəqs edirlər.
Az qalıb.
O gününsə başlangıcı bu gündür.
Avropalılar da onlarla eyni cür, bundan bir elə də fərqlənməyən bir vəhşiliklə rəftar edəcəklər.
Beləliklə, bu qanlı mərasimdə yem olmaq növbəsi Yaquar Pəncəsinə gəlir, elə bu anda adi bir təbiət hadisəsi olan Günəş tutulması baş verir…
Bu hadisəni Kukulkanın mərhəməti kimi qəbul edən mayyalı kahinlər əsirlərdən əl çəkib yenə də onları əsir götürmüş əsgərlərin ümidinə buraxırlar.
Lakin əsgərlər bu insanları heç olmasa taleyin ümidinə də olsa azad buraxmaq əvəzinə, onlarla amansız bir oyun oynamağa başlayırlar: Əsirlərin torpaq meydança boyunca qaçmalarını istəyir və arxadan onları müxləlif ox, nizə və daş parçaları ilə vurub öldürərək şənlənib əylənirlər…
Bu amansız mübarizənin ilk mərhələsində Yaquar Pəncəsi bu “nacinslər” üzərində öz ilk möhtəşəm qələbəsini qazanır. (Əsirləri gətirərkən, yolda, yaxınları məhv olmuş kimsəsiz falçı qız onu itələyən bir nacins əsgərə “Sən qorxursan. Çünki sən nacinssən. Bu sənin sonun olacaq, bu sənin yaşadığın dünyanın sonu olacaq” deyirdi…)
…Yaquar Pəncəsi gözlənilməz bir şəkildə rəhbərin oğlunu öldürür və yaralı halda durub qaçmağa başlayır.
Və beləliklə, insanlıq və “nacinslik” arasında gərgin və amansız bir qaçdı-tutdu oyunu başlayır.
Bu oyunun sonuna iki əsgər və Yaquar Pəncəsi qalır.
Sona qədər isə o komandir də daxil olmaqla, əsgərlərin hamısı gəbərir…
İki əsgər və amansız mübarizədən yorulmuş taqətsiz Yaquar Pəncəsi sahildədir.
Tale öz mərhəmətini bu dəfə ondan əsirgəyəcəkmi?
Lakin budur, bu vaxt limanda avropalı konkistadorların nəhəng yelkənli gəmiləri və artıq qayıqla onlara tərəf üzən zəhmli və amansız görünüşlü, təpədən-dırnağa qədər silahlanmış ispan əsgərləri peyda olur.
Aydındır ki, “kukulkançılar”ı bir azdan heç də yaxşı gələcək gözləmir.
Necə deyərlər, bir zalımın qənimi başqa bir zalımdır.
Bu, gözlə görünəcək qədər üzdə olan bir səhnədir.
Başqa sözlə, sir-sifətləri heç də xoş, mərhəmətli təsir bağışlamayan ispan əsgərlərinin yaraq-əsləhələrinin fonunda, bayaqkı qurban verilmə səhnəsi zamanı yaramaz kahinin özündən razı halda qımışa-qımışa dediyi “Biz hələ güclüyük. Bizim taleyimizə bəşəriyyətin hökmdarı olmaq yazılıb” sözləri indi tamaşaçıda ancaq acı ironiya və gülüş doğurur.
Yaquar Pəncəsini təqib edən dəstədən sağ qalmış iki əsgər avropalılara tərəf gedir.
“İçlərindəki şeyin” onları itələdiyi məntiqi sonlarına tərəf.
Növbə konkistadorlarındır. Hər mənada…
Görünür ki, qoca müdrik hekayətçi heç nəyi özündən uydurmurmuş…
Ancaq artıq öz qərarını vermiş Yaquar Pəncəsi geriyə, meşəyə qayıdır, yağan gur yağışdan sonra su ilə dolmuş quyudan arvadını, balaca oğlunu və elə bir az əvvəl suda anadan olmuş körpəsini də götürüb meşənin dərinliklərinə doğru gedir və film bitir.
Çünki o “şey”dən Yaquar Pəncəsinin içində yoxdur… O, Sağdır…
Bu isə filmə mənim sonluğum olsun: “Apokalipsis” keçən əsrin məşhur amerikalı filosofu, sosioloqu və tarixçisi Üill Dürantın aşağıdakı sözləri ilə başlayır:
”Qədim və güclü mədəniyyəti olan dövləti içindən parçalanmayınca kənardan dağıtmaq mümkün deyil”.
Mel Gibson Uill Dürantın bu sözlərini onun 1935-1975-ci illər arası nəşr olunmuş, arvadı Ariel Durantla birlikdə yazdığı “Sivilizasiyaların tarixi (və yaxud hekayəsi)” (“The Story of Civilization”) adlı əsərindən götürüb filmin əvvəlində səsləndirəndə nə fikirləşib, bilmirəm, amma yəqin ki, o, bu sözlərlə bu hadisəni bizə nəql etdiyi vaxt mayyalıların mənəvi cəhətdən pozğunluq həddində olmasını, bir çox anlamlarda insanlıqlarını itirdiklərini demək istəyib.
Yəqin həm də onu demək istəyib ki, bu insanların əksəriyyətində mərhəmət hissinin, doğruluğun, ədalətin, vicdanın, bir sözlə, insanlığın yerli-dibli olmaması, olsa da ancaq özlərinə münasibətdə və özləri üçün olması, öz mənafeləri naminə başqalarını “uf” da demədən tapdalamaları onların içində olan, filmin əvvəlindəki qoca müdrikin dediyi həmin “elə bir şeyin” təzahürüdür…
Filmdəki lap adi bir kadr da yadınıza gəlirmi?
Qurban verilmə səhnəsindən əvvəl, Mayya şəhərindəki bazarda sahibinin orada olmamasından istifadə edib səbətdən meyvə oğurlayan əlil adamı xatırlayaq.
Sifətindən heç də ac, zavallı adama oxşamayan bu adamın əlilliyi belə ona başqasının qabından oğurluq etməsinə mane olmur…
Bu xırda detal da göstərir ki, bu insanlar yuxarıdan aşağıya mənəvi tənəzzül içindədir, varlısından kasıbına qədər hərə öz bacardığı qədər pozulub, insanlıqlarını itiriblər.
“İnsanın içində elə bir şey var ki, o heç vaxt “doydum” deməyəcək, məhz bu, onu kədərlənməyə və nəsə arzulamağa vadar eləyəcək, o, həmişə nəsə istəyəcək, dünya özü ona “daha sənə verməyə heç nəyim yoxdur” deməyənə qədər…”
Hə, düz tapmışam, bu filmin və bəlkə insanlığın faciələrinin də kodu elə buradadır, bu sözlərdədir.
…İçimizdə elə bir şey var ki…
Müəllifin başqa yazıları:
Korolenkonun Nəcib Məhfuza cavabı
Mətləb Ağanın yeni kitabı işıq üzü görüb
Varavva və çar İrodu nə birləşdirirdi?
“Yol mahnısı” və “Velosipedçinin ölümü” haqqında