“Qanun” Nəşrlər Evində “Qız və gecə”, “Dünya ağrısı” və “Salxım söyüdlərin kölgəsində” kitabları çapdan çıxıb.
Giyom Müsso
“Qız və gecə”
1992-ci ilin çovğunlu bir qış gecəsində Lazur sahilində on doqquz yaşlı bir qız – liseyin ən savadlı və gözəl qızlarından olan Vinka Rokvel gizli münasibətdə olduğu fəlsəfə müəllimi ilə kampusdan qaçır. Sanki soyuq gecənin buzlu havasında buxarlanıb yox olur və həmin gündən sonra onu bir daha görən olmur.
2017-ci il. Bir zamanlar Vinkanın ən yaxın dostları olan və liseyi bitirdikdən sonra bir-biri ilə bütün əlaqələri kəsən Tomas, Maksim və Fanni də düz 25 il sonra elə məhz bu tədbirdə qarşılaşırlar. Bu üç dost düz 25 il əvvəl qorxunc şərtlər altında bir qətlə imza atmış və lisey gimnaziyasının divarında – yeni lisey binasının tikintisi ilə əlaqədar olaraq bir-iki gün içində artıq söküləcək olan divarda bir cəsəd gizlətmişdi…
Görəsən, qatil kimdir? Bəs cəsədi gimnaziyanın divarında gizlədilmiş insan, əslində, nəyə qurban getmişdi: sevgiyə, qısqanclığa, yoxsa yanlış anlaşılmış bir cümlə üzündən yaranmış ani qəzəbə?
Kitabın satış qiyməti: 12.90 AZN
Ayfer Tunç
“Dünya ağrısı”
Roman kiçik bir Anadolu şəhərində yaşayan otelçi (Mürşüd) ilə otelin daimi müştərilərindən birinin (Mədənçi) dostluqlarından bəhs edərək oxucuları insan olmağın çətinlikləri üzərində düşünməyə sövq edərkən bir tərəfdən də Türkiyə qarşısındakı əsas məsələlərə, yaxın keçmişdəki ictimai travma yaradan hadisələrə diqqət çəkir.
Kitabın iki əsas qəhrəmanı öz içlərində bildikləri, amma göz yumduqları günahlarının ağırlığı səbəbindən Dünya Ağrısı çəkirlər.
Ayfer Tunçun “Dünya ağrısı” romanı yeni türk nəsrinin ən xarakterik nümunələrindən biridir. Bu nəsr ənənəvi türk prozasından, hətta Orxan Pamukun əsərələrindən də çox fərqlənir. Yazıçı zahiri hadisələrə deyil, qəhrəmanlarının ruhi aləminin ən incə nüanslarına baş vurmağa çalışır. Bu zaman yazıçı təsvir zamanı elə aludə olur ki, hətta lüzumsuz təfərrüatlara da yol verir. Roman kiçik bir mehmanxana sahibinin ailəsinin timsalında müasir türk xalqının həyatının ən realist təsvirlərindən biridir və bu cəhətdən maraqla oxunur.
Əsəri Tofiq Qaraqaya tərcümə edib.
Kitabın satış qiyməti: 10.90 AZN
Firat Sunel
“Salxım söyüdlərin kölgəsində”
“Salxım söyüdlərin kölgəsində” təkcə dostluq, müharibə və sürgünü deyil, insanların ömürlərini həsr etdikləri ideyaların puçluğunu, Stalinin bircə sərəncamıyla minlərlə insanı necə faciələrə düçar etməsini də gün üzünə çıxarır.
Bu romanında Fırat Sunel özünəməxsus üslubla Qaf dağından bolşevik üsyanının başlandığı Peterburqa, Rusiya vətəndaş müharibəsindən Svanetiyaya qədər Qafqazın və bütöv bölgənin maraqlı, gərgin, faciələrlə dolu həyatını, yerli əhalinin sevgi, macəra dolu həyatlarını, müharibənin və bolşevizmin regiona gətirdiyi fəsadları, iztirabları, ətraflarında baş verənlərin elə də fərqində olmayan kiçik Ömərlə Nikanın dostluğunu və sürgünün bu dostluğa necə son qoymasını qələmə alıb.
Əsəri Aslan Quliyev tərcümə edib.
Kitabın satış qiyməti: 14.90 AZN