• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Varavva və çar İrodu nə birləşdirirdi?

  • 08 Oktyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Mətləb Ağa

Ürəyində insanlara sevgisi olmayan kəs Tanrıya sevgi bəsləyə, İlahini sevə bilərmi? Tanrıya sevgisizlik haradan qay­naq­lanır, insanlara nifrətdənmi?

Ya bəlkə hər şey əksinədir, insanlara sevgi göstər­mə­yən birinin Tanrını da sevə bilməsi mümkün deyil?

İnsan və Tanrı sevgisi ikisi də ürəyimizdə bir yerdəmi olmalıdır, ya elə biri kifayət edir ki, sən insanlıq deyi­lən­dən öz nəsibini almış olasan?

“Kim deyirsə ki, Allahı sevirəm, lakin öz qardaşına nif­rət­lə yaşayır – o, yalan danışır, çünki gözünün önündəki qar­da­şı­nı sevməyən kəs gözəgörünməz tanrını necə sevə bilər?”

Bu cümlə Lev Tolstoyun “İnsanı yaşadan nədir?” adlı heka­yəsində misal çəkdiyi “İohanın öyüdnaməsi”ndəndir.

 Ədəbiyyat üzrə Nobel mükafatçısı (1951), isveçli Pyer Lagerkvistin ədəbi yaradıcılığının ən məşhur per­so­najı saya biləcəyimiz İsa Varavva (Barabba: “Bar” – oğul, “Abba” – ata, atasının oğlu İsa) ilk nəzərdən elə görünür ki, tanrısızlıqdan, Tanrıya inamsızlıqdan, Tanrıya sevgisizlik­dən əziyyət çəkir və Varavvanın həyatını dözülməz cəhən­nəmə çevirən, onu insan olmağa qoymayan da elə məhz budur, Tanrıya inamsızlığıdır. (“Varavva” romanı, 1950).

Etdiyi cinayətlərin əvəzində çarmıxa çəkilməyə məh­kum edilən, insanlara nifrət bəsləyən quldur Varavva xal­qın arzusu ilə bağışlanır və edamdan canını qurtarır, “bir-birinizi sevin” deyib insanları məhəbbətə çağıran İsa pey­ğəmbərsə elə həmin o xalqın istəyi ilə çarmıxdan asılır.

(Həqiqətən də, xristianlıq dini mənbələrinə görə, Roma imperiyasının yəhudi əyalətinin prefekti Ponti Pilat yə­hu­di­lə­rin Pasxa bayramında (yəhudilər bu bayramda Misir əsa­rə­tin­dən qurtarmalarını, xristianlarsa İsanın dirilməsini qeyd edirlər) xalqın seçiminə görə İsa Varavvanı buraxmalı, Naza­retli İsanısa (peyğəmbəri) çarmıxa çəkdirməli olmuşdu).

Ancaq məsələnin çözümü alt qatlardadır, Va­rav­vanın problemi Allaha inamsızlıq, sevgisizlik deyildi, onun bütün bəlaları məhz insanlara inamsızlıqdan və sevgisizlikdən qaynaqlanırdı.

Varavva özü də nifrətdən doğulmuşdu, atası quldurba­şı Eliaxu Varavvanın anasını zorlamış və bu qeyri-qanuni əlaqə­dən, cinayətdən Varavva dünyaya göz açmışdı, anası elə bu səbəbdən oğlu Varavvanı sevmirdi və onu nifrətlə öz bə­tnindən rədd etmişdi, oğluna yiyə durmamış, istəməmiş, əzizləməmiş və qayğı göstərməmişdi:

(”Ümumiyyətlə, heç kəs bilmirdi ki, yaxşı xatırladıqları Eliaxu əslində Varavvanın atası idi. Onun anası moava qızı idi, İerixona gedən yolun üstündə karvanı talayanda onu da əsir götür­müşdülər və quldurların hamısı əməlli-başlı kefinə baxan­dan sonra qızı Yerusəlimə, fahi­şə­xanaya satmışdılar. Orada da görəndə ki, tezliklə doğa­sı­dır, saxlamaq istəməmişdilər, küçə­də doğmalı olmuşdu və meyitini elə küçədən tapmışdılar. Uşa­­ğın kimdən olduğunu heç kəs bilmirdi, heç özü də deməzdi, bircə onu deyərdi ki, körpəni hələ bətnində olarkən lənətləmişdi və göyə də, yerə də, bu göyü-yeri yaradanın özünə də nifrət yağ­dıraraq, öz bətnindən rədd eləmişdi ”).

Atası Eliaxunun da Varavvadan zəhləsi gedirdi, oğlu­nun gözünün üstündəki çapıq Eliaxunun bıçağının zərbə­sin­dən qal­mışdı, ancaq Varavva daha cəld tərpənib onu öldür­mək istəyən atasını cəhənnəmə yollamışdı…

Beləliklə, Varavva məhz nifrətdən törəmişdi, quldurluq edən, insanları talayan və öldürən yaramazların əhatə­sində bö­yü­­müşdü və yəqin buna görə, elə müəllifin yazdığı kimi, onun ürəyində heç bir insan sevgisi-filan da yox idi. Və elə həm də yuxarıda sadaladığımız bu səbəblərdən Varavva Al­la­ha inana bilməzdi, Varavvaya görə, əgər Allah vardısa, bu qədər qeyri-insanilikləri, pislikləri götür­məməli, bunlara dözməməliydi, insan­ların digər insanları bir su içimi kimi qətl etməsinə, birinin di­gərini ac, çılpaq qoymasına, haqqını yeməsinə göz yum­ma­ma­­lı, onun ata­sının anasını zorlamasına imkan verməməliydi və ən əsası, Varavvanın saysız-hesabsız cinayətlərini bu günə qədər bağışlayıb yeni cinayətlər törətməsinə şərait yaratma­ma­lıydı.

Necə olur ki, Allah “Sənin oğlunam” deyib insanları bir-birini sevməyə səsləyən Nazaretli İsanın Varavva kimi insan qanına yerikləyən bir quldurun əvəzində çarmıxa çəkil­məsinə razı olur, cinayətkarın təzədən insanların arasına buraxılmasına heç bir etiraz-filan eləmir, belə Tanrımı olar?

Varavvanın Tanrıya sevgisizliyinin, inamsızlığının kö­kün­də elə bunlar dururdu, uzun illər, anadan olandan insan­lar­dan sevgisizlik görməsi və özünün də bu sevgisizlik içində böyü­məsi, yaşaması onu korlamışdı, sonradan İsanın onun əvə­zinə çarmıxa gərilməsi Varavvanın həyat haqqında indiki baxış­­larında müəyyən tərəddüdlər yaratsa da, bunlar onun dünyagörüşünün dəyişməsində, insanları və Tanrını sevməsində yetərli olmamış, şübhələri yenidən Varavvanı insanlara nifrətə sürükləmişdi.

 Varavvanın Gonbulcayla münasibəti tam fərqli nöq­tədən güc alırdı, Gonbulca əxlaqsız qadın da olsa, Varav­vanı sevir, qısqanırdı, ürəyinin dərinliyində ona insani hisslərlə yanaşırdı, ancaq Varavva bunu dərk eləmir­di, dərk eləyə bilmirdi və bunu dərk eləmək Varavvadan ötrü qeyri-müm­kün bir şeydi, nifrət qazanında bişmiş, insanlara inam­sız­lıqdan və nifrətdən savayı heç bir duy­ğu­su olmayan Varavva ayrı cür ola bilmirdi, onu Gonbul­caya da heç də sevgi-filan bağlamırdı, sadəcə, onu bu qadının yanından bir müddət uzaqlaşmağa qoymayan əsasən heyvani ehtirasdı.

Varavva başqa insanlarla da elə bu cür, özünə lazım olan bir alət kimi davranırdı.

Varavva həyatının sonundə yenidən sevgisizliyinin (həm də inamsızlığının) qurbanına çevrilir, ona elə gəlir ki, Ro­manı yandıranlar İsa tərəfdarlarıdır, bu işdə onlara kömək etmək istəyir, əslindəsə bu hadisə Sezara İsanı sevən­lərə divan tutmaq üçün bir bəhanə kimi gərəkdi.

Varavva Tanrı və insan sevgisindən bixəbər olduğun­dan qanmır ki, “bir-birinizi sevin” deyən İsanın ardıcıl­ları şəhəri od­laya, insanlara zərər vura bilməzlər.

O, anlamır ki, Tanrını, İsanı sevmək elə insanları sev­mək­dir, Tanrını həqiqətən sevənlər insanları incitməyə qol qoymaz­lar, Varavva şəhəri yandırmaqla İsaya deyil, imperator Sezara xidmət edir və beləliklə, ömrü boyu altını çəkdiyi insan sevgi­siz­liyinin cəzasını bu dəfə də ayrı cür alır:

(“Sonra onları çarmıxa apardılar. İki-iki zəncirlə­di­lər. Va­rav­vayla bir zəncirə bağlanmağa adam qalmadı və o lap axırda, təkbaşına gedəsi oldu.Təsadüfən belə alınmış­dı. Təsa­dü­fən bir də elə alındı ki, onu ən uzaq xaçda çək­dilər çarmıxa. Xeyli adam vardı və hər şey bitənədək çox çəkdi. Bütün bu müd­dət ərzində çarmıxdakılar bir-biri­nə təsəlli verirdilər. Varav­vaya isə təsəlli verəcək bir kimsə yox idi… Artıq xaç­dakı­lar da canını tapşırmışdı. Bircə Varavva sağ idi. Onu daim qorxudan ölümün yetişdiyini hiss edəndə, üzünü zülmətə çevirdi və ona müraciət edirmiş kimi pıçıldadı: – Ruhumu sənə tapşrıram ”).

İsa peyğəmbər Qolqofada çarmıxa çəkilərkən Tanrısı (sevgi) ilə danışırdı, Varavva isə Romada eyni cür qətl edil­diyində üzünü zülmətə tutmuşdu, onun nifrətdən yoğrul­muş, sevgisiz və Tanrısız ruhunu qəbul edəcək ünvan da elə bu idi, zülmət (nifrət).

Baxmayaraq ki, Tanrı Varavvaya ruhunu insanlara sev­­­giy­lə yenidən islah etmək üçün neçə şans vermişdi; onu Qol­­qo­fa­da çarmıxdan qurtarmışdı, Tanrını və insanları se­vən Dovşan­dodağı ona yoldaş göndərmişdi və o, qadının öz inamı yolunda faciəli ölümünü öz gözləri ilə görmüşdü, İsa vurğunu Saakla eyni zəncirə bağlanıb uzun müddət birlikdə yaşamışdılar və s.

Lagerkvistin bir də elə bu Tanrı və insan sevgisindən və sevgisizliyindən danışan “Mariamna” (1967) povesti var. Qəd­dar­lığıyla ad çıxarmış kral İrodun sevdiyi, özünə arvad elədiyi, makkavey xalqının qızı Mariamna haqqında.

Povestdə təsvir edilir ki, kral İrod heç vaxt inanmadığı Tanrıya dəbdəbəli bir məbəd ucaltdırırdı və məqsədi heç də orada Tanrıya ibadət eləmək, Onun sevgisini qazanmaq deyildi, bunun­la insanlar arasında bir az da şöhrətlənmək, adını əsrlərlə yaşat­maq, ölməzlik qazanmaq istəyirdi, arzu­layırdı ki, taxtına əda­lətsizliklə sahibləndiyi çar Solomonun şöhrətini geridə qoy­sun, bu tikintiylə Romanın məşhur məbədlərini kölgədə burax­sın.

(Tarixi mənbələrə görə, kral Böyük İrod (və ya I İrod), Roma İmperatorluğunun Yəhudi əyalətinin kralı, eramızdan əvvəl 74/73-cü ildə doğulmuş və eramızdan əvvəl 4-cü ildə ölmüşdü. Doğrudan da, onun I və II Mariamna adlı arvadları ol­muşdu. İrodun qara şöhrəti əsasən İncil­dəki “Məsumların qətli” hekayətinə əsaslanır, lakin I İrod həm də tarixdə bir memarlıq dahisi kimi tanınır. “National Geographic Channel” onun haqqında çəkdiyi sənədli filmdə eyni zamanda iddia edir ki, İrod tarix­də ən çox nifrət edilən şəxslərdən biridir, şeytan və qana susamış insan qatiliydi).

Arvadı Mariamnanın ürəyi, İroddan fərqli olaraq, in­san­­lara sevgiylə doluydu və bir müddət İrodun qəddar əməl­lərinə azacıq da olsa, mane olmağı bacarmışdı, özü İrodu sevməsə də İrodun ona bəslədiyi sevgidən yararlanıb insan­lar­la qayğılanır, onların kralın cəhənnəmə döndər­diyi həya­tını cüzi də olsa yüngülləşdirməyə çalışırdı:

(“Mariamnaya, həqiqətən də, məbəd gərək deyildi. İbadət onun batinində idi və o, ürəyi istəyən vaxt dinləyə bilirdi onu”).

Ancaq elə bir gün gəlib çatdı ki, İrod Mariamnadan da şübhələndi, nahaqdan düşündü ki, Mariamna kral İrodun qəddar düşməni, öz doğma makkavey xalqı ilə əlbir olub onun arxa­sın­dan işlər çevirir və o, şübhələrinə son qoy­maq üçün Mariamnanı zahirən özünə bənzəyən, pulla tutduğu bir qatilə qətl etdirdi.

İrod da Varavva kimi ölümdən dəhşətli dərə­cə­də çox qor­xurdu, həm də özündən həddən artıq müştə­beh­di, fikir­ləşirdi ki, bu taxt-tacadək yüksəlibsə, deməli, elə özü də bir Allahdır, ona görə də Allah kimi əbədilik onun haqqıdır, adi insanlar kimi öləri olması fikri onda hədsiz qıcıq yaradır, bunu ədalətsizlik sayırdı və bu hikkəsini digər insanları öldürtməklə sakitləşdirir, soyudurdu:

(“Və o, Mariamnaya bənzəmirdi. Məbədsiz yaşaya bilən Mariam­naya… O, başqa cür idi. O, İrod idi. O, kral idi. Həşə­mətli kral İrod və budur, indi ölümə məhkum idi. Tənha, hamı tərəfindən tərk edilmiş halda ölürdü, biz də elə öləcəyik. Çünki ölümlə üz-üzə hamımız tənhayıq, ha­mı­mız tərk edilmişik. O da ölürdü, bizim öləcəyimiz kimi ölürdü”).

Sonradan ağızdan-ağıza dolaşan əhvalatlarda tez-tez xa­tır­ladılırdı ki, pisliklərinə görə İrodun bədənini iyrənc qurdlar basmış, didib dağıtmışdı. Lakin daha ciddi mənbələr çarın xroniki böyrək çatışmazlığından öldüyünü təsdiq edir.

…Varavva və İrod hər ikisi ölümdən heyvani bir vahi­məylə qorxub hürkürdü, tək-tənhaydılar, ancaq ölüm haqqında fikirləşəndə riqqətə (pis mənada) gəlirdilər, hər ikisi insanlara nifrətlə doluydu və Tanrıya inanmırdılar. Yalnız İrod az müddət də olsa Mariamnanı (insanı) sevmiş və bu da onunla nəticə­lən­mişdi ki, həmin qısa zaman kəsiyində mərhəmətli davranmış, Mariamnanın təsiri və təkidiylə bir çox insanlara şəfqətlə yanaş­mışdı.

…Yazının başlığındakı sualasa hər kəs özü cavab ver­mə­lidir…

“…Çünki ölümlə üz-üzə hamımız tənhayıq, hamımız tərk edilmişik ”. Çünki… həşəmətli, özünü Allah gözündə görən kral İrod da öldü…” o da… bizim öləcəyimiz kimi ölürdü… tənha, ha­mı tərəfindən tərk edilmiş halda ölürdü, biz də elə öləcəyik…”

…Bütün bunlar onda həm də o demək olur ki, biz Tanrını eləcə Sevgi də adlandıra bilərik, bu zaman heç də səhv etmiş olmarıq…

Başqa yazılar:

Korolenkonun Nəcib Məhfuza cavabı

Sevgi haqqında demaqogiya

Mətləb Ağanın yeni kitabı işıq üzü görüb

Boyunbağı əhvalatları

Harinin ikinci intiharı

Üç fizikə Nobel mükafatı verildi

  • 08 Oktyabr 2019
  • comments

Köçkünlər üçün yeni yaşayış kompleksi

  • 08 Oktyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Din
  • Ədəbiyyat
  • Gender
  • Mədəniyyət
  • Nəsr
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda