Bəkir Nərimanoğlu,
Novator.az
1989-cu ilin avqustunda Sovet Azərbaycanında yeni təşkilat – Qarabağa Xalq Yardımı Komitəsi təsis olundu.
Dağlıq Qarabağda 1988-ci ilin əvvəllərində başlayan separatçı hərəkat güclənir, ermənilər muxtar vilayətin azərbaycanlı sakinlərini küncə sıxır, münaqişə yavaş-yavaş qanlı xarakter alırdı.
Qarabağa Xalq Yardımı Komitəsi belə bir zamanda yaradılırdı, komitənin missiyası isə adından bəlli idi.
Avqustun 29-da təsis olunan komitəni Azərbaycan SSR Nazirlər Soveti sentyabrın 15-də təsdiqləyir.
Niyyət
Qarabağa Xalq Yardımı Komitəsinin əsas təşəbbüskarlarından biri şair, yazıçı-publisist, 1988-ci ilin noyabr-dekabr aylarında kükrəyən meydan hərəkatının liderlərindən Sabir Rüstəmxanlı idi.
Sabir Rüstəmxanlıya komitə sədrliyi təklif olunsa da, bundan imtina edir, təşkilatın nəzdində qəzet açacağını bildirir. Onun qəzetçilik təcrübəsi vardı, vaxtilə uzun müddət “Ədəbiyyat və incəsənət” qəzetində işləmişdi – ədəbi işçi, xüsusi müxbir, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri olmuşdu: “O vaxt “Ədəbiyyat və incəsənət” qəzeti respublikada yeganə müstəqil, ya da müstəqilliyə yaxın qəzet idi. Bəlkə də sahə qəzeti olduğuna görə müxalif fikrin deyilə biləcəyi yeganə mətbuat orqanı kimi tanınırdı.
Təbii ki, hər şeyi tam açıq şəkildə demək mümkün deyildi, ancaq “Ədəbiyyat və incəsənət” həmişə öz dövrünün neqativ tərəflərini görür və yazırdı. Bədii əsərlərdə və həmin əsərlərin təhlilinə həsr edilən məqalələrdə çatışmazlıqlar qeyd olunurdu. Məsələn, Sabir Əhmədlinin romanları cəmiyyətdəki çatışmazlıqlara işıq salırdı. “Dünyanın arşını” kağız üstündə yalandan təsərrüfat planı dolduranlara qarşı ciddi bir etiraz idi. “Yamacda nişanə” isə həyatın durğunluğunda boğulan gənclərin bir üsyanı. Bu əsərlər təhlil olunanda da cəmiyyətlə bağlı tənqidi fikirlər deyilirdi”.
Sabir Rüstəmxanlı deyir ki, “Ədəbiyyat və incəsənət” qəzetindən sonra, 1978-ci ildən “Yazıçı” nəşriyyatında şöbə müdiri, baş redaktor müavini, baş redaktor işləyib və burada da tənqidi ədəbiyyatı, başqalarının çap edə bilmədiyi əsərləri çap etməyi özünə borc bilib.
Bütün bu imkanlarla bərabər Sabir Rüstəmxanlı yeni tribuna axtarışında da olur. Belə bir imkan isə Qarabağa Xalq Yardımı Komitəsi ilə yaranır: “Qorbaçov SSRİ rəhbəri olandan sonra elan edilən aşkarlıq və yenidənqurma siyasəti müstəqil qəzet açmaq fürsəti yaratdı. Artıq SSRİ-də bunun nümunələri vardı. Xüsusən Baltik respublikalarında. Azərbaycanda da bu ənənənin yaranmasını istəyirdim.
Qarabağa Xalq Yardımı Komitəsinə sədrlik etmək təklifi alanda dedim ki, sədr məndən yaşlı, əslən qarabağlı bir yazıçı olsa daha yaxşıdır. Təsis konfransı öncəsi yazıçı Bayram Bayramova zəng elədim. Ağdamda idi. Dedim belə bir fikir var ki, sən sədr olasan. Bir az düşündü, dedi gəlim, danışarıq. Gəldi, razılıq verdi, komitənin sədri oldu.
Bayram müəllim soruşdu ki, özün niyə olmadın, axı təşəbbüskar sənsən. Dedim mən qəzet buraxmaq istəyirəm, hökumətin komitəyə normal münasibətindən istifadə edib komitə nəzdində qəzet buraxacam”.
“Azərbaycan”ın məramı
Sabir Rüstəmxanlı əvvəl düşünür ki, qəzet sırf Qarabağ üçün olsun, həmin bölgədə, xüsusilə Dağlıq Qarabağ Muxtar Vilayətində yayılsın: “Məqsədim Qarabağda Azərbaycan həqiqətlərini yaymaq idi. Amma sonra fikirləşdim ki, axı Qarabağın dərdi bütün Azərbaycanın dərdidir, niyə təkcə Qarabağ üçün qəzet buraxmalıyıq? Qəzet yaymaq, işləmək üçün Qarabağda elə bir şərait də yox idi. Düşündüm ki, biz bunu Bakıdan etməliyik və bütün Azərbaycan üçün etməliyik. Beləliklə, “Azərbaycan” qəzetinin çap olunması ideyası ortaya çıxdı.
1918-1920-ci illərdə Xalq Cümhuriyyəti dönəmində, daha sonra 1945-1946-cı illərdə ,Pişəvəri dönəmində Güney Azərbaycanda “Azərbaycan” adında qəzetlər olub. Yeni qəzetə ad fikirləşəndə respublikada “Azərbaycan” adında jurnal vardı. Düşündüm bu adda qəzet yoxdur, amma tarixən iki qəzetimiz olub, niyə biz bu tarixi bərpa etməyək? Mən qəzetə “Azərbaycan” adını seçəndə məqsədim məhz 1918-1920-ci illərdə nəşr olunmuş “Azərbaycan” qəzetini bərpa etmək idi”.
Məmməd İsmayıl incik düşür
Şərif Kərimli şair Məmməd İsmayılın baş redaktorluq etdiyi “Gənclik” (“Molodost”) jurnalında məsul katib işləyirdi. Ancaq respublikada cərəyan edən hadisələrə dərhal reaksiya verə bilmək üçün operativ mətbu orqanda, yəni qəzetdə işləmək istəyirdi. Eşidəndə ki, yeni qəzet çıxacaq, axtarıb həmin qəzetin redaksiyasına gəlir: “Dəhlizdə baş redaktor Sabir Rüstəmxanlı ilə görüşdüm. Sabir bəylə “Yazıçı” nəşriyyatında bir yerdə işləmişdik. Soruşdu xeyir ola? Zarafatla dedim ki, gəlmişəm sizinlə işləməyə. Dedi xoş gəlmisən, gedək kabinetə.
Soruşdu nə iş istəyirsən? Gördüm Sabir bəy ciddiləşib, dedim, əşi, zarafat eləyirəm.
Mənim “Gənclik”də işim yaxşı idi. Orada katiblik işi ağır olsa da, jurnal o dövrdə çox populyar idi. Maaşım da normal idi.
Sabir Rüstəmxanlı soruşdu ki, nə qədər maaş alırsan? Dedim 300 manat. Bu o dövr üçün yüksək məbləğ idi. Dedi mən 400 manat verirəm.
Doğrusu, Sabir bəyin burda olması, “Azərbaycan”ın ilk müstəqil qəzet kimi nəzərdə tutulması məni cəlb eləyirdi. Dedim, Sabir bəy, mən gələrdim, ancaq bunu Məmməd müəllimə deməyə üzüm gəlməz, çünki jurnalın nəşrində Məmməd İsmayılla bir yerdə çox əziyyət çəkmişik. Hətta onun icazəsini almaq üçün də birlikdə Moskvaya getmişik. Dedi sən get ərizəni yaz, mən Məmməd İsmayılla danışaram.
İşdən getmək istədiyimi deyəndə Məmməd müəllim incidi. Mənə görə Sabir bəylə Məmməd müəllim arasında da xəfif bir inciklik yarandı”.
Bayram Bayramovun ehtiyatı
Şərif Kərimlinin “Azərbaycan”da ilk işi qəzetin loqotipinin hazırlanması olur. “Yazıçı” və “İşıq” nəşriyyatlarında texniki redaktor kimi tərtibat işləri ilə məşğul olmuş Şərif Kərimli qəzetin başlığının oxucunu ilk andaca öz təsiri altına almasını yaxşı dərk edirdi: “Sabir Rüstəmxanlı mənə qəzetin rəssamı Fikrət İbrahimovun hazırladığı loqotipi göstərdi. Təbii ki, loqotipdəki “Azərbaycan” sözü o dövrün əlifbasında – kiril qrafikası ilə yazılmışdı. Amma bunu milliləşdirmək üçün rəssam hərfləri əski əlifbanın hərflərinə oxşatmışdı. Mən Sabir Rüstəmxanlıdan loqotipi dəyişməyə icazə istədim. Dedi ki, xeyri yoxdur, Bayram Bayramov qəbul etməyəcək. O zaman “İcazə verin, – dedim, – Bayram müəllimlə söhbət edim”.
Mən vaxtilə “Yazıçı” nəşriyyatında Bayram Bayramovun kitabının redaktoru olmuşdum, münasibətimiz yaxşı idi. Bayram müəllimin kabinetinə daxil olub ona loqotipi dəyişmək istədiyimi bildirdim. Dedi niyə dəyişdirirsən, bala, bu, milli başlıqdır. Mən söhbətimizi qəlizləşdirməmək üçün təklif elədim ki, başlıq pis deyil, amma icazə versəydiniz birini də mən gətirərdim, yenə də seçimi özünüz edərsiniz. Razılaşdı”.
Şərif Kərimli üz tutur köhnə iş yeri “Gənclik”ə, jurnalın rəssamı Gündüz Əlizadəyə “Azərbaycan” qəzetinə yeni loqotip hazırlamalı olduğunu bildirir. Axşam saat 6-dan səhər saat 6-ya qədər loqotip üzərində işləyirlər: “Bütün gecəni Gündüzlə birgə məsləhətləşə-məsləhətləşə işlədik. “Azərbaycan” sözündəki “y” hərfinin yuxarısına nöqtə yerinə Gündüz romb işarəsi qoymuşdu (kiril qrafikasında “y” hərfi belədir: “j”). İdeya verdim ki, rombun əvəzinə od işarəsi qoyaq. Gündüz “A” hərfinin sol qolunu aypara şəklində elədi, mən isə iki qolu birləşdirən xəttin əvəzinə səkkiz guşə qoymağı təklif etdim.
O dövrdə biz tez-tez meydanlarda xalqın istəyini, tələbini eşidirdik. Xalq Azərbaycanı, Odlar Yurdunu müstəqil və milli dəyərlərə söykənən bir ölkə kimi görmək istəyirdi. Bizim də əsas məqsədimiz loqotipdə illər boyu qadağan olunmuş, xalqın həsrətlə bağrına sıxacağı milli simvolları mətbuat orqanının başlığına çıxarmaq idi. Biz bununla oxucuya çatdırmaq istəyirdik ki, bu qəzet sizin həsrət qaldığınız azad sözü cəsarətlə hayqırmağa gəlib.
Yeri gəlmişkən, loqotipin hazırlanmasında yüksək fədakarlıq göstərmiş, ancaq təəssüflər olsun ki, iki il öncə uzaq Almaniyada dünyasını dəyişmiş Gündüz qardaşımıza Tanrıdan bir daha rəhmət diləyirəm…
Loqotipi Sabir bəyə göstərdim, dedi çox gözəldir, ancaq Bayram müəllim qəbul etməyəcək. Komitədə şöbə müdiri işləyən rəssam Firudin Abbasov da loqotipi bəyəndi, ancaq Bayram Bayramovun buna razılaşacağına o da şübhə etdi.
Bayram müəllimin otağına keçdim, loqotipi göstərdim, baxdı-baxdı, xeyli fikrə getdi və ağır-ağır dilləndi: “Bala, istəyirsənsə elə birinci nömrədən qəzeti bağlasınlar, verin bu başlığı”.
Dedim, Bayram müəllim, o tərəfini mənə həvalə edin, əsas odur ki, siz bəyənəsiniz.
Dedi bir şərtlə – icazə verməsələr, o biri loqotipi qoyacaqsan. Razılaşdıq.
Səkkiz guşə mübahisəsi
Oktyabrın 5-i axşam materiallar mətbəəyə göndərilir, orada yığılır, səhifələnir. Qarşıda bir əngəl qalırdı: “Qlavlit” və Mərkəzi Komitə nömrəyə icazə verəcəkmi? Sovet dövründə qəzet-jurnallar, kitablar dövlət sirrini mühafizə edən senzura idarəsindən – “Qlavlit”dən keçməli idi. Yeni qəzeti isə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi də yoxlayacaqdı.
Şərif Kərimli baş redaktor müavini şair Əhməd Elburusla birgə qəzetin materiallarını və loqotipini axşam saat 10-da Mərkəzi Komitəyə aparır: “Komitədə bizi yuxarı buraxmadılar. Dedilər siz oturun aşağıda, özləri baxıb göndərəcək. Bir az gözlədikdən sonra yuxarıdan xəbər gəldi ki, bu loqotip getməyəcək, materiallar isə oxunur.
Səbəbini soruşduq, ayparanı, səkkiz guşəni və odu göstərib dedilər ki, siz elə bilirsiniz biz bilmirik bunlar nə deməkdir?! Dedik bilirsinizsə, lap gözəl, deməli, siz də bu xalqın tarixini, xalqın nə istədiyini bilirsiniz.
Oturub fikirləşdik ki, vəziyyətdən necə çıxaq. Təxminən saat 11, ya da 12-nin yarısı olardı. Mərkəzi Komitənin birinci mərtəbəsində girişdə oturmuşduq. Hava soyuq, səma buludsuz idi, ay par-par parıldayırdı.
Birdən sevincək qışqırdım: Elburus, ayı görürsən? Dedi, hə. Dedim nə şəklindədir? Dedi aypara şəklində. Dedim bizim qəzetdəki ayparaya oxşayır? Dedi oxşayır.
Dedim sən hələ qapıdakı şüşələrə bax. Dedi adi qapıdır. Dedim, yox e, diqqətlə bax, sən orda səkkiz guşələri görmürsən? Bu məqamda Əhməd Elburus da bərkdən qışqırdı: “Bu bizim qəzetin loqotipidir ki!”.
Dedim ki, insafsızlığa bax, qapısında bu qədər səkkiz guşə olan Mərkəzi Komitə bizə birini qıymır. Yuxarı xəbər göndərdik ki, sizin qapıların üstü səkkiz guşə ilə doludur, birini niyə bizə qıymırsınız?
Loqotipi apardılar, yenə baxdılar. Təzədən xəbər gəldi ki, aypara ilə oda icazə verilir, ancaq səkkiz guşəni yığışdırın”.
1989-cu il oktyabrın 6-da Qarabağa Xalq Yardımı Komitəsinin nəşri olan “Azərbaycan” qəzetinin ilk sayı işıq üzü görür. Tiraj sürətlə yayılır. Qəzetin işçiləri nüsxələri özləri də yayırlar, maşınlarla rayonlara daşıyırlar. Rayonlarda rabitə şöbələrinin qabağına qəzetin səhifələri də yapışdırılır.
Sabir Rüstəmxanlı: “Qəzetin ilk nömrəsini alan hər kəs gördü ki, bu, xalqın dərdini yazan bir qəzetdir. Elə ilk sayından tirajı 100 min nüsxə oldu”.
Vəzirovun yumşaq etirazı
Qəzetin ilk sayı işıq üzü görəndən sonra respublikanın rəhbəri – Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirov baş redaktor Sabir Rüstəmxanlını yanına çağırır: “Gedəndə gördüm ki, bütün məqalələr üç rənglə işarələnib. Vəzirovun ilk sözü bu oldu ki, bu nədir buraxmısan? Dedim qəzetdir. Dedi bilirsənmi bu qəzet artıq Qorbaçovun stolunun üstündədir? Dedim olsun da, mən fəxr eləyirəm, nəhayət, Azərbaycanın bir qəzeti Qorbaçovun stolunun üstünə gedib çıxıb.
Dedi, yox, sən respublikanı pis vəziyyətdə qoyursan.
Dedim axı söz azadlığı var, hətta müəllif kitabını redaktora vermədən, öz redaktəsində çap edə bilər. Baltik ölkələrində və digər yerlərdə çıxan müstəqil qəzetləri görmüsünüz? Onlar çap edə bilər, biz niyə edə bilmərik?
O dedi, mən dedim. Hər dəfə qəzetin bir səhifəsini cırıb üstümə atırdı. Atdığı parçaları qucağıma yığdım, axırda durub apardım qoydum qabağına, dedim: “Qəzeti buraxacam. Bu mənim hüququmdur. Bunu heç kim qadağan edə bilməz. Ancaq sözünüzü nəzərə alıb sizin istədiyiniz kimi bir qəzet buraxıb altdan yazacam ki, baş redaktor Əbdürrəhman Vəzirov.
Mənə əvvəlcə hirsləndi, sonra güldü. Otaqdan çıxanda zarafatla böyrümdən vurdu, dedi: “Sən başa düşmürsən, bunu tələb eləmək mənim borcumdur. Zarafat da başa düşmürsən. Get burax, amma ehtiyatlı ol”.
İkili təzyiq
1992-ci ildə “Azərbaycan” qəzetinin 3 yaşı münasibətilə qələmə aldığı yazıda Sabir Rüstəmxanlı bunları qeyd edib: “Qəzetin demək olar ki, hər nömrəsindən sonra mənə müxtəlif səviyyələrdə məhkəmələr qurulurdu. Bir neçə nömrəni Vəzirovdan “müdafiə” etməli olmuşdum. Kimsə bütün səhifələri qırmızı xətlə cızıq-cızıq edib ona verirdi. O da işarə olunmuş cümlələri oxuyub, hər cümlədən sonra “Fontamas” filmindəki komissar kimi göyə tullanırdı. “Bax bu birinci səhifə, nə demək istəyirsən burda?” deyə qışqırır və səhifəni cırıb üstümə yağdırırdı.
Beləcə səkkiz səhifəlik sözümüz üzümüzə çırpılırdı. Viktor Polyaniçko da (Mərkəzi Komitənin ikinci katibi- B.N.) kənarda oturub bic-bic gülümsəyir və “sən öz taleyinlə oynayırsan, başında çatlayacaq bu qəzet” deyirdi”.
Ancaq xalqın qəzetə münasibəti tam fərqlənirdi. Sabir Rüstəmxanlının sözlərinə görə, qəzetin nüsxələri rayonlara gedib çıxandan sonra xüsusilə Qarabağdan redaksiyaya çoxlu telefon zəngi gəlməyə başlayır: “Deyirdilər ki, sağ olun, nə gözəl qəzet buraxırsınız, bizim dərdlərimizi deyirsiniz. Beləliklə, qəzet hər dəfə bir tərəfdən mənfi, bir tərəfdən müsbət təzyiqlər altında çıxırdı”.
Səkkiz guşə loqotipə qayıdır
Loqotipdən çıxarılmış səkkiz guşə qəzetin ikinci sayında yerinə qaytarılır. Şərif Kərimli deyir ki, ikinci sayı hazırlayanda “Qalavlit”ə və Mərkəzi Komitəyə qəzeti ilk sayda razılaşdırılmış loqotiplə göndərsələr də, mətbəədə loqotipə səkkiz guşəni əlavə edirlər: “Səkkiz guşəni qoyduq loqotipə, gəldik mətbəəyə. Mətbəədə baş mühəndis vardı – Vixaylevski. O zaman “Kommunist” nəşriyyatının (indiki “Azərbaycan” nəşriyyatı) direktoru Musa Nəbiyev idi. Səkkiz guşəni loqotipə qoymuşdum. Kimsə Vixaylevskiyə xəbər verib ki, loqotipi dəyişiblər. O da bilirdi ki, ilk nömrədə loqotipdən nəyi çıxarıblar. İkinci sayın montajı zamanı mətbəə işçilərindən xahiş eləmişdim ki, rombun yerinə səkkizguşəli ulduzu qoyun. Bunu da kimsə Vixaylevskiyə xəbər vermişdi. Bir də gördük Musa müəllim, Vixaylevski sexə gəldilər. Dedilər siz nə özbaşınalıq edirsiniz, cavabım o oldu ki, bu özbaşınalıq deyil, redaksiyanın daxili işidir. Dedilər icazə alın, sonra”.
Yusif Seyid xalq hərəkatının fəallarından idi. Nəşriyyatın çap sexində işləyirdi. Şərif Kərimli çıxış yolu kimi Yusif Seyidə təklif edir ki, işi dayandırsınlar: “SSRİ-nin əsas rəsmi qəzetləri olan “Pravda” və “İzvestiya”nın Azərbaycanda yayılan nüsxələri “Kommunist” nəşriyyatında çap olunurdu. Bu qəzetlər nəinki çıxmasa, çapı 1-2 saat geciksə belə, Mərkəzi Komitə ayağa qalxacaqdı, Moskva xəbər tutacaqdı, aləm dəyəcəkdi bir-birinə.
Yusif getdi işçilərlə danışmağa, mən də dəhlizin başında gözləyirəm. Çap sexində isə Musa müəllimlə Vixaylevski dayanıb bizim qərarı gözləyirlər. Yusif dəhlizin o başından çıxıb işarə verdi ki, işi dayandırdıq.
Nəşriyyatın rəhbərliyi getdi çap sexinə ki, niyə işi dayandırmısınız? Orda çox mübariz qadınlar vardı, sağ olsunlar, dedilər ki, necə olur rusun “Pravda”, “İzvestiya” qəzeti çıxır, mənim öz xalqımın “Azərbaycan” qəzeti çıxmır, “Azərbaycan” çıxmasa “Pravda”, “İzvestiya” da çıxmayacaq!
Bundan sonra Vixaylevski dedi ki, Şərif, sən məni işdən atdıracaqsan bayıra, balalarım yazıqdır, icazə ver rombla getsin, səkkiz guşəni çıxart. Dedim sən balalarına çörək aparırsan, ancaq mən bunu xalqım üçün edirəm, mənim də balalarım var, amma onları fikirləşmirəm. Bu mənim xalqımın tarixidir. Mən bununla xalqımı oyatmaq, dirçəltmək istəyirəm. Bilsinlər ki, xalqın tarixi necə olub, bu qəzetin tarixi necə olub.
Axırda Vixaylevski dedi mən gedirəm, sən məni görməmisən, nə edirsən et. Beləliklə, ikinci say səkkiz guşə ilə çap olundu”.
Loqotipdə qıpçaq oxu da yer alır. Bu, Bayram Bayramovun təklifi ilə olur.
“Kommunist”də “Azərbaycan” davası
Bir müddət sonra “Kommunist” nəşriyyatının rəhbərliyi “Azərbaycan” qəzetinin bu nəşriyyatın mətbəəsində çap olunmaması, yəni qəzetin həmin mətbəədən çıxarılması qərarına gəlir. Məsələ yenə mətbəə işçilərinin tətili ilə aradan qalxır. Sabir Rüstəmxanlı o günləri belə xatırlayır: “Mətbəəyə göstəriş verdilər ki, qəzet buraxılmasın. Getdim mətbəə işçiləri ilə danışdım, onlar üsyan elədilər. Dedilər ki, biz “Azərbaycan” qəzetini buraxmamış başqa qəzetləri buraxmayacağıq. Mətbəədə iş dayandı. Çox böyük həyəcan, narazılıq yarandı.
Axırda Mərkəzi Komitənin katibi Rafiq Zeynalov mətbəəyə gəldi, Musa Nəbiyevi çağırdı, işçilərlə söhbət eləsələr də, nəticə olmadı. Mənə təklif elədilər ki, gəl sən çıxış elə, sakitləşdir. Dedim çıxış eləyən deyiləm. Axırda razılaşdılar, mən də dedim ki, əgər “Azərbaycan” qəzetinin birinci çıxmasına razısınızsa, işi bərpa edin”.
Bir neçə saydan sonra nəşriyyatın rəhbərliyi Sabir Rüstəmxanlıdan bu mətbəəni könüllü surətdə tərk etməyi xahiş edir: “Dedilər “Azərbaycan” qəzetinin “Kommunist”də çap olunması respublikaya problem yaradır, “Qızıl Şərq” mətbəəsi, 3 nömrəli mətbəə var, orada çap edin, kağız məsələsində kömək edərik.
3 nömrəli mətbəəyə getdik, orada imkan yox idi. Bizi atdılar Əhmədli qəsəbəsindəki mətbəəyə. Orda da qəzet bükməyə avadanlıq yox idi.
Sonra “Kommunist” nəşriyyatının işçiləri yenidən üsyana qalxdılar ki, “Azərbaycan” qəzeti geri qayıtsın və biz yenidən qəzeti “Kommunist”də çap etməyə başladıq”.
“Azərbaycan” qəzetinin 6-cı sayında “Qəzet niyə gecikir?” başlıqlı yazı dərc olunub. Yazıda redaksiya qəzetin 5-ci sayının çapının niyə gecikdiyini oxuculara belə izah edib: “Azərbaycan” qəzetinin ilk 4 nömrəsi “Kommunist” nəşriyyatının mətbəəsində çap olundu və oxuculara vaxtında çatdırıldı. Lakin mətbəə 5-ci nömrənin çapından imtina etdi. Yalnız buna razılaşdı ki, “Azərbaycan” qəzeti “Kommunist” nəşriyyatının mətbəəsində yığılsın və sonra “naborı” götürüb aparaq “Əhmədli” mətbəəsinə.
Mərkəzi qəzetlərdən tutmuş xırda kommersiya qəzetlərinə qədər (ümumi sayı 70-dən çoxdur) bütün qəzetlər bu mətbəədə çap olunduğu halda təkcə binəva “Azərbaycan”a yer tapılmadı. Bu yerdə rəhmətlik Mirzə Cəlilin “Yer yoxdur” felyetonu yada düşür. Yəni öz torpağımızda hamıya yer var, özümüzdən başqa.
Nə isə, uzun mübahisədən sonra üz tutduq “Əhmədli” mətbəəsinə. Həmin mətbəə kitab üçün nəzərdə tutulub, buna görə də qəzetin metala köçürülməsi bir gecə sabaha kimi çəkdi. Səhəri gün oradan səhifələri alıb çap üçün mikrorayondakı 3 nömrəli mətbəəyə getdik. Mətbəədəki qəzet üçün yaramayan çap maşınını sazlayınca yarım gün keçdi. Sonra maşın 10 min nüsxə çap eləyib öskürməyə başladı: mətbəə dili ilə desək, xarab oldu.
Beləliklə, 100 min nüsxənin çapı iki gün yarım çəkdi (“Kommunist” mətbəəsində cəmi iki-üç saat sərf olunur). Həm də 3 nömrəli mətbəədəki maşında ağ-qaradan başqa rəng çap etmək mümkün olmadığından qəzetin beşinci nömrəsindəki odumuz qaraldı.
Mətbəə rəhbərliyindən soruşanda ki, nə səbəbə bütün qəzetləri çap edirsiniz, təkcə “Azərbaycan”dan başqa, cavab verdilər: “Belə məsləhətdir”.
Möhtərəm oxucularımız! Siz onsuz da öyrəncləsiniz həqiqətin yolunu on illərlə gözləməyə, yenə də gözləyin!
Sizin əvəzinizdən isə biz soruşuruq: “Azərbaycan” qəzetinin taleyinə balta çalmağı məsləhət bilənlər kimlərdir? Yaxşı olar ki, onların kimliyini bizə də bildirələr və biz də qəzetimizin növbəti nömrələrində onları oxucularmıza tanıtdıraq, görsünlər ki, dünyada necə kişilər var!”
Qəzetin real tirajı
Qəzetin yaxşı satıldığını görən bəzi mətbəə işçiləri redaksiyanın sifarişindən əlavə də nüsxələr çap edib köşklərdə satdırmağa başlayırlar. Xəbər baş redaktora çatanda bunu yoxlamaq üçün yayım idarəsindən xahiş edir ki, yeni say çıxanda, tirajı alanda hələ özlərində saxlasınlar, köşklərə verməsinlər: “Yeni say çap olunmuşdu, amma yayım idarəsi mənim xahişimlə hələ nüsxələri satışa buraxmamışdı, köşklərə verməmişdi. Səhər tezdən uşaqları göndərdim metro stansiyalarının çıxışlarına və qəzet köşklərinə baxsınlar. Aydın oldu ki, bütün metro stansiyalarının qabağında, səkilərin üstündə “Azərbaycan” qəzetinin yeni sayının nüsxələri bağlama-bağlama qoyulub satılır.
Dedim toxunmayın, tirajdan əlavə qəzet satılırsa, bu da xeyrədir. Mətbəə işçiləri zəhmət çəkirlər və əlavə nüsxələrin çapından qazanırlarsa, mən buna mane ola bilmərəm, bu, nəşriyyatın işidir, nəşriyyat rəhbərliyi özü baxsın ki, nə qədər çap edir.
“Azərbaycan” qəzeti çıxan gün adamlar köşklərin qabağında növbəyə dayanırdılar. Bu, Azərbaycanın mətbuat tarixində hadisə idi”.
“Azərbaycan”ın qazancı
Yüksək tiraj həm də ciddi gəlir deməkdir. “Azərbaycan” qəzetinin satışından əldə olunan gəlir tək redaksiyanın yox, Qarabağa Xalq Yardımı Komitəsinin də saxlanmasına, komitənin Qarabağa yardımlarına da yönəldilir.
Sabir Rüstəmxanlı deyir ki, o zaman qəzetlərin satış qiyməti 2-3 qəpik olsa da, “Azərbaycan” əvvəl 10 qəpiyə, sonra 15 qəpiyə satılıb: “Sonralar da satış qiymətində dəyişiklik etdik. Redaksiyanın maliyyə imkanı kifayət qədər idi. Qəzet komitənin orqanı olsa da, təşkilat bizim pulla maliyyələşirdi. Yəni biz komitəyə pul verirdik, komitə bizə yox”.
Şərif Kərimlinin sözlərinə görə, o vaxt qəzetdə 30, komitədə 80 nəfər çalışıb və onların maaşı redaksiyanın əldə etdiyi gəlirlərlə ödənib: “Qəzetin gəliri hesabına Qarabağa yardımlar da edilirdi. Bu gəlirdən hərbi sursatın alınmasında, ərzaq yardımında istifadə olunurdu”.
İlk say
İlk say ənənəvi olaraq baş redaktorun müraciəti ilə başlayır: “İlk nömrəsini əlinizə aldığınız bu qəzet müqəddəs Azərbaycan adını daşıyır. Bu o deməkdir ki, Qarabağa Xalq Yardımı Komitəsinin qəzeti olsa da “Azərbaycan” öz qarşısında bir vilayətin, bir dərdin çərçivəsinə sığmayan daha geniş məqsədlər qoyub. Onun simasını öz adı müəyyənləşdirir.
Bizim təcrübəli, böyük adaşlarımız olub və biri indi də var: “Azərbaycan” jurnalı!.. Qəzetimiz çalışacaq ki, böyük həmkarlarının gözəl, dəyərli ənənələrini davam və inkişaf etdirsin.
Uydurma “Dağlıq Qarabağ problemi” hamımızın dərdimiz və ürək ağrımızdır. Lakin qəzetimiz təkcə bu məsələ ətrafında dolaşıb qala bilməz. “Azərbaycan” – xalqımızın dünəni, bu günü və gələcəyi ilə bağlı rəngarəng və ən çeşidli yazılar dərc edəcək: “bizim profilimizə uyğun deyil”, “bizə aidiyyəti yoxdur” sözlərini müəlliflərimiz bizdən mümkün qədər eşitməyəcəklər… Xalqımızın keçmişi və gələcəyi, tarixi, mədəniyyəti, mənəvi dünyası, yaradıcılıq aləmi, sosial-iqtisadi problemlərimiz – qısası, bizim hamımızı maraqlandıran, rahatsız edən nə varsa “Azərbaycan” qəzetinin gözündən yayınmamalıdır.
Qarabağa Xalq Yardımı Komitəsini, böyük Mirzə Cəlil demiş, həyatın özü, zaman yaratdığı kimi “Azərbaycan” qəzeti də günümüzün tələbindən doğub.
Dağlıq Qarabağda indiyədək Azərbaycan dilində xüsusi vilayət qəzetinin buraxılmaması bağışlanmaz səhvdir. İlk növbədə çalışacağıq ki, həmin regionda yaşayan azərbaycanlıların həyatı, məişəti, quruculuq işləri, arzu və ümidləri operativ şəkildə əks etdirilsin və “Azərbaycan” həmin boşluğu doldursun. Dağlıq Qarabağın yaxın və uzaq tarixi ilə yanaşı bütöv Azərbaycanın tarixi də mətbuat səhifələrində, kitablarda tez-tez təhrif edilir. Dağlıq Qarabağ pərdəsi arxasında Azərbaycan xalqı əleyhinə geniş təbliğat aparılır. Qəzet belə yazıları cavabsız qoymamağa, lazım gələndə öz səsini, həqiqətin səsini ucaltmağa çalışacaq.
Dağlıq Qarabağın tarixi nə qədər dərindən və diqqətlə araşdırılsa, onun köklü Azərbaycan torpağı olması və Azərbaycandan ayrılmazlığı daha aydın görünər. Buna görə də tarixşünaslığımız vilayətin əsl, doğru tarixini, qədim dövrlərdən bu günə qədər öyrənilməsinə daha ciddi girişməlidir.
Qəzet bu baxımdan əlindən gələni əsirgəməyəcək. Biz Qarabağ və ümumiyyətlə Azərbaycanın tarixi ilə bağlı araşdırmalardan parçalara, məqalələrə geniş yer verəcək, lazım gələndə həmin yazıların rus dilinə və xarici dillərə tərcüməsini də çap edəcəyik.
Çalışacağıq ki, oxucularımızın məlumatını artıra bilən, gənclərin əsl vətəndaş kimi tərbiyəsinə kömək göstərən, başqa xalqların mədəniyyətlərinə də körpü salan yazılarımız çox olsun. İnqilab dövrünün mətbuatı yeni, cəsarətli, aşkar sözün – inqilabi sözün carçısı olmalıdır. “Azərbaycan” – qeyrət və cəsarət kürsüsünə çevrilməlidir. Başlanan böyük ümumxalq hərəkatına güzgü tutmaqla qəzet demokratik fikrin, milli şüurun inkişafına təkan verməlidir”.
İlk sayda yazıçı İsmayıl Şıxlının “Yurdumuzun sabahını düşünək” yazısı, Rüstəm Behrudinin “Salam, dar ağacı” şeiri və başqa yazılar yer alıb.
Fəaliyyəti dövründə qəzetə İlham Rəhimli və Şərif Kərimli də baş redaktorluq edir.
“Azərbaycan” parlament qəzeti olur
1991-ci il oktyabrın 4-də Sabir Rüstəmxanlı Dövlət Mətbuat Komitəsinə sədr təyin edilir.
1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə bu komitənin bazasında Mətbuat və İnformasiya Nazirliyi yaradılır və Sabir Rüstəmxanlı nazir olur.
Sabir Rüstəmxanlı bildirir ki, nazir olduğu vaxt “Azərbaycan” qəzetinin parlamentin orqanı kimi çıxmasına çalışır: “Parlamentin sədri İsa Qəmbərə dedim ki, gəlin indiyə kimi mənim buraxdığım qəzeti parlamentin qəzeti edək. Çünki 1918-1920-ci illərdə “Azərbaycan” parlament qəzeti olub. İsa Qəmbər, təbii ki, sevindi.
Parlamentin mətbu orqanı “Həyat” qəzeti idi. Razılaşdıq, sənədlər imzalandı və “Azərbaycan” parlamentin mətbu orqanı kimi çıxmağa başladı”.
“Azərbaycan” qəzetinin kollektivinin əsas hissəsi də qəzetin parlament orqanı kimi fəaliyyət göstərməsinə tərəfdar olub. Qarabağa Xalq Yardımı Komitəsinin sədri Bayram Bayramov bir müddət buna qarşı çıxsa da, sonra o da razılaşıb.
Həmin vaxt baş redaktor olan Şərif Kərimli: “Şair Rüstəm Behrudi ilə birgə prezident Əbülfəz Elçibəylə, dövlət katibi Pənah Hüseynlə, dövlət müşaviri Arif Hacılı ilə görüşdük, “Azərbaycan”ın parlament qəzetinə çevrilməsinə etiraz etmədilər. Parlamentin sədri İsa Qəmbərlə görüşdük, dedik ki, qəzetin Xalq Cümhuriyyəti dövründəki statusunu bərpa etmək istəyirik.
Bayram Bayramovdan xəbərsiz kollektivdə bunu müzakirəyə çıxardıq. Çünki Bayram müəllim eşitsəydi, buna razı olmayacaqdı. Parlamentə müraciət elədik.
Sonra Bayram müəllim də bu işə xeyir-dua verdi. Milli Məclis müraciətimizi müzakirə edib, yekdilliklə qərar çıxardı – “Azərbaycan” qəzeti ilə “Həyat” qəzeti birləşdirildi, parlamentin mətbu orqanı “Azərbaycan” adlandırıldı.
Örnək qəzet
“Azərbaycan” o dövrdə müstəqil medianın ilk qaranquşlarından idi. Bu özəlliyinə görə də özündən sonra gələnlərə bir nümunə oldu.
Sabir Rüstəmxanlı xatırlayır ki, Azərbaycan Xalq Cəbhəsinin “Azadlıq” qəzeti də “Azərbaycan”ın təcrübəsindən yararlanıb: “Nəcəf Nəcəfov (“Azadlıq” qəzetinin ilk redaktoru – B.N.) yanıma gəldi, qəzetin smetası ilə tanış olmaq istədi, yəni neçə işçi ilə qəzet buraxmaq olar. Bütün smeta sənədlərini, ştat cədvəlini göstərdim.
Sonra “Azadlıq” qəzetinin nəşri başlandı. Demokratik düşərgənin iki qəzeti yan-yana dayandı.
Məncə, “Azərbaycan” qəzeti Həsən bəy Zərdabinin “Əkinçi”sindən, Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”indən, cümhuriyyətimizin “Azərbaycan”ından sonra mətbuat tariximizdə ən parlaq hadisələrdən biri idi”.