İstixana effekti yaradan qazların insan fəaliyyəti nəticəsində atmosferdə artması Yer kürəsində havanın orta temperaturunun yüksəlməsinə və iqlimin qlobal dəyişməsinə gətirir. Alimlər narahatdırlar ki, Yer kürəsində 20 min ildir davam edən stabil hava şəraitinə son qoyula bilər və ilk dəfədir ki, bu təhlükəni yaradan təbiət yox, insandır.
Mütəxəssislərin hesablamalarına görə, havanın orta temperatur artımını sənayeləşmədən əvvəlki göstəriciyə nisbətən 1,5°C civarında saxlamaq mümkün olmasa, Yer kürəsi qarşısı alınmaz fəlakətlərlə üzləşəcək. Problemin ciddiliyini nəzərə alaraq 2016-cı ilin aprel ayında 194 ölkənin nümayəndələri Paris Sazişi adlanan sənəd imzalayıblar. Həmin sənədlə belə bir razılığa gəlinib ki, Yer kürəsində havanın orta temperatur artımının 2°C həddinə çatmasına yol verilməməlidir və buna istixana effekti yaradan qazların tullantısını azaltmaqla nail olunmalıdır.
Hədəfə çatmaq üçün inkişaf etmiş ölkələrin donorluğu ilə Yaşıl İqlim Fondu (YİF) yaradılıb. Fondun missiyası orta və az gəlirli ölkələrə yardım etməklə həmin ölkələrdə istixana qazlarının atmosferə tullantısını azaltmaq və iqtisadiyyatı iqlim dəyişikliyinə adaptasiya etməkdir.
İqtisadiyyatı iqlim dəyişikliyinə həssas olan ölkələrdən biri də Azərbaycandır. Bu, ölkəmizin iqtisadiyyatının ÜDM strukturu ilə bağlıdır. Azərbaycanın ÜDM strukturunda iqlim dəyişikliyinə həssas sahələr (emal, elektrik enerjisi, qaz və buxar istehsalı, kənd təsərrüfatı, informasiya və rabitə sahələri) ÜDM-in 47%-ni təşkil edir. Deməli, ölkəmizdə risk altında olan sənaye sahələrinin payı böyükdür və uzunmüddətli perspektivdə adaptasiya tədbirləri görülməsə ÜDM azala bilər. ÜDM-də neft sənayesinin payı çox olsa da əhalinin əksəriyyəti kənd təsərrüfatında çalışır və bu amil, qeyd etdiyimiz kimi, ölkəmizi iqlim dəyişmələrinə daha həssas edir.
Aparılan bir neçə ciddi tədqiqat (PRECİS modeli) göstərib ki, 2021-2050-ci illərdə ölkəmizdə orta illik temperatur 1,5°C artacaq. Naxçıvan Muxtar Respublikasında, ölkənin sahilyanı zonasında və qərb hissəsində artımın 1,7°C olacağı gözlənilir. Əsrin ilk yarısında temperatur artımı hər 10 ildən bir 1,5°C arta bilər. 1990-2000-ci illərdə faktiki temperatur artımının 0,4°C olduğunu nəzərə alsaq tədqiqatın nəticələrinin həqiqətə söykəndiyini qəbul etməliyik. Əslində iqlim dəyişmələrinin təsiri daha ciddidir, belə ki, havanın illik orta temperaturunun artması fəsillərdə temperaturun “oynamasına” və günəşli, yaxud yağmurlu günlərin illərlə təkrarlanan ardıcıllığının pozulmasına gətirə bilər.
Azərbaycanda iqlim dəyişikliyinə adaptasiya prosesinə başlanması olduqca vacibdir. İqtisadiyyatın uzunmüddətli perspektivdə iqlim dəyişikliyinə uyğunlaşmaması ölkəni ciddi iqtisadi böhranlarla üzləşdirə bilər. Həmin böhranlardan yayınmaq üçün iki istiqamətdə fəaliyyət göstərilməsi zəruridir: istixana qazlarının tullantıları azaldılmalı və müəyyən sənaye sahələri, həmçinin kənd təsərrüfatı iqlim dəyişmələrinə adaptasiya edilməlidir.
Qısamüddətli perspektivdə istixana qazlarının emissiyasını azaldacaq layihələr həyata keçirməklə müəssisələr uzunmüddətli kapital qoyuluşları etməli və beləliklə, xərclərini artırmalıdırlar. Kənd təsərrüfatı müəssisələrində iqlimə adaptasiya prosesi uzun və qısa müddətə investisiyaların qoyulmasını tələb edəcək. Bu isə məhsulun maya dəyərinin artması deməkdir. Amma o biri yandan da bu investisiyalar uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatını digər ölkələrlə müqayisədə rəqabətə daha dözümlü, gəlirli və dayanıqlı edəcək.
Özəl sektor üçün yaxşı xəbər odur ki, bu sahədə layihələr tətbiq edərkən az xərcə düşəcəklər. Çünki sahibkarlar, xüsusilə də kənd təsərrüfatında çalışanlar iki istiqamətdə böyük maliyyə dəstəyi ala bilərlər. Birinci istiqamət dövlətdən investisiya təşviqi sənədi almaqla böyük vergi güzəştlərinə nail olmaq və avadanlıqları lizinq vasitəsilə almaqdır ki, bu zaman dövlət avadanlığın 40 faizi dəyərində subsidiya verir. İkinci istiqamət isə YİF-in maliyyə dəstəyindən yararlanmaqdır.
YİF-in maliyyə dəstəyindən danışarkən xüsusi qeyd etmək lazımdır ki, digər fondlardan fərqli olaraq YİF fəaliyyətini özəl sektorla dialoq şəklində qurur. Fondun öz hədəflərinə çatmaq üçün maliyyə dəstəyini özəl sektora yönəltməsi sadə və tutarlı bir məntiqə əsaslanır: tullantıları artıran özəl sektordursa, deməli, tullantını azaltmağın yolu özəl sektorun yeni enerji qoruyan avadanlıq və texnologiyalar tətbiq etməsindədir. Digər yanaşma ondan ibarətdir ki, iqlim dəyişmələrinə adaptasiya tədbirləri özəl sektor üzərində olarsa bu investisiyalar daha dayanaqlı və uzunmüddətli olar.
YİF maliyyə resursları baxımından çox böyük imkanlara malikdir. Fond özəl sektora olduqca güzəştli şərtlərlə qrant verir, çox aşağı faiz dərəcəsi ilə uzunmüddətli (25 ilədək və digər güzəştlər daxil) kredit ayırır və həyata keçirilən layihədə sahibkarla bərabər nizamnamə kapitalında payçı kimi iştirak edir. Fond layihələri onların həyata keçirilməsi üçün tələb olunan investisiyaların həcminə görə təsnifləşdirir: 10 milyon ABŞ dollarınadək maliyyə vəsaiti tələb olunan layihələr mikro layihələr, 10-50 milyon dollar vəsait tələb edən layihələr kiçik layihələr, 50-250 milyon dollarlıq layihələr orta, 250 milyon dollardan çox vəsait tələb edən layihələr isə böyük layihələr sayılır.
Beləliklə, iqlim dəyişmələri iqtisadiyyata neqativ təsir edən proses olsa da, özəl sektor üçün geniş imkanlar da açır. Paris Sazişi qlobal trend yaradaraq maliyyə axınlarının böyük hissəsini bu sahəyə yönəldəcək. Paris Sazişinə qoşulan ölkələr öhdəliklərini yerinə yetirsə 2030-cu ilədək dövriyyəsi 23 trilyon dollardan çox olan 21 nəhəng bazar yaranacaq. Bu isə işgüzar investorlar üçün böyük imkanlar deməkdir.
E.Məmmədov