Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası 2019-cu ilin ilk yarısının statistikasını açıqlayıb. Hesabata görə, yanvar-iyun aylarında hüquq mühafizə orqanları narkotiklərlə mübarizə sahəsində 2553 fakt aşkar edib: “Onların 707-si satış, 1675-i saxlama, 141-i narkotik xassəli bitkiləri qanunsuz kultivasiya etmə, 30-u isə digər hallarla bağlı olub.
Aşkarlanan faktlar üzrə ümumi çəkisi 1 ton 650 kiloqramdan çox narkotik vasitələr və psixotrop maddələr, 25 min 701 çətənə kolu, 330 kiloqramdan çox prekursorlar, 12 kiloqramdan çox güclü təsiredici xüsusiyyətə malik zəhərli maddə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 2273 hektar ərazi üzrə 73 ton 892 kiloqram (150 min 201 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında məhv edilib.
İlin birinci yarısında 1687 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların 5 nəfəri 16-18 yaşadək, 130 nəfəri 18-25, 253 nəfəri 26-29 yaşlarında, 1299 nəfəri 30 yaşdan yuxarı olanlardır. Məsuliyyətə cəlb olunanların 160-ı fəhlə, 2-si maddi məsul şəxs, 1-i orta ixtisas tələbəsi, 412-si əvvəllər cinayət törətmiş, 5-i əvvəllər xüsusi qeydiyyatda olan, 1141-i işləməyən, 1636-sı kişi, 38-i qadın, 56-sı xarici ölkə vətəndaşıdır.
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 2018-ci ilin sonuna olan məlumatına əsasən, mərkəzdə 31 min 432 nəfər qeydiyyatda olub. Həmin şəxslərin 626 nəfəri qadındır.
Hesabat dövründə 2557 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub. 1276 nəfərdə narkotikdən istifadə aşkarlanıb və həmin şəxslər müvafiq qeydiyyata götürülüb”.