Ədliyyə Nazirliyinin iki qurumu yeni məlumatlar yayıb.
Novator.az bildirir ki, iyulun 17-si Penitensiar Xidmət 2019-cu ilin birinci yarısının yekunlarına həsr olunan əməliyyat müşavirəsi keçirib. Müşavirədə qeyd olunub ki, prezidentin 16 mart 2019-cu ildə imzaladığı əfv sərəncamı ilə azadlıqdan məhrumetmə cəzası çəkən 399 məhkum cəzanın qalan hissəsini çəkməkdən azad edilib, 3 məhkumun ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.
Hesabata görə, yanvar-iyun aylarında 6549 məhkum barədə sənədlər məhkəmələrə təqdim edilib, 655 məhkum cəza çəkməkdən azad olunub, 2512 məhkumun cəza müddəti azaldılıb, 437 məhkumun cəzaçəkmə rejimi dəyişdirilib.
Probasiya Xidməti isə iyulun 17-də azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işləri müzakirə edib. Müşavirədə diqqətə çatdırılıb ki, probasiya qurumlarının qeydiyyatında olan 4700-dən çox şəxs 2019-cu ildə cəza müddətinin başa çatması və qanunla müəyyən edilmiş digər əsaslarla qeydiyyatdan çıxarılıb, cəzanın icrasından boyun qaçıran 384 məhkumun cəzası məhkəmələrdə digər cəza növü, o cümlədən 48 nəfərin cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.
Yanvar-iyun aylarında azadlıqdan məhrumetməyə alternativ cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 1100-ə yaxın şəxsə elektron qolbaq tətbiq edilib, cəza müddəti bitən və digər qanuni əsaslara görə 300-dək məhkumdan isə qolbaqlar çıxarılıb. Hazırda 1400-dən artıq məhkum elektron qolbaq daşıyır.
Hesabata görə, yarım ildə 966 şəxs ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasına cəlb edilib, onların 431-i ictimai işlərin müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılıb. Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği 12 faiz artaraq 1,2 milyon manatdan çox olub.