Təkcə üzümü irəli tutub xoş sabaha doğru iri addımlarla getməyi xoşlayanlardan deyiləm. Aradabir dayanıb geriyə baxmağı da xoşlayıram. Hər dəfə geriyə dönüb baxanda uşaqlıq dostlarım, şagird yoldaşlarım kimi, tələbə yoldaşlarımı da şirin duyğularla xatırlayıram. Tələbə həyatına başladığımız ilk günlərdən diqqətimi çəkənlərdən biri də Qvami Məhəbbətoğlu (Rəsulov) idi. O, dərin savadı, hərtərəfli biliyi və yüksək intellekti ilə çoxumuzdan fərqlənirdi.
Bəs kimdir Qvami Məhəbbətoğlu? O, 1959-cu ildə Quba rayonunun Alpan kəndində müəllim ailəsində dünyaya göz açıb. 1976-cı ildə həmin kənddə orta məktəbi bitirib. 1980-86-cı illərdə Azərbaycan Dövlət Universitetində təhsilini davam etdirib. Həyatının 18 ilini Səttarxan adına Maşınqayırma Zavodunda (keçmiş Şmidt) çalışıb. Yeri gəlmişkən, qeyd edim ki, o, bu zavodda adi fəhləlikdən Zavod Həmkarlar İttifaqı Komitəsinin sədrliyinə qədər yüksəlib.
Qvami Məhəbbətoğlu orta məktəb illərindən başladığı yaradıcılıq yolunu bu zavodda da uğurla davam etdirib. Zavodda çıxan “Qabaqcıl texnika uğrunda” qəzetində onun müxtəlif səpkili yazıları (məqalə və şeirləri) dərc olunub.
1997-ci ildən isə istedadlı jurnalist mütəmadi olaraq dövri mətbuatdadır. O, bir müddət “Hürriyət”də müxbir kimi fəaliyyət göstərib, 16 il isə ara vermədən “Zaman-Azərbaycan” qəzetində müxbir, şöbə müdiri, həmçinin “Çempion”da redaktor müavini, “Yeni Avaz” da müxbir kimi çalışıb. 2018-ci ildən “İki sahil” qəzetində fəaliyyət göstərir.
Onun təkcə adlarını sadaladığımız qəzetlərdə deyil, ölkənin müxtəlif qəzet və jurnallarında məqalələri çap olunub.
Yeri gəlmişkən, Qvami Məhəbbətoğlu Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi ayrı-ayrı müsabiqələrin dəfələrlə qalibi olub və buna görə mükafatlandırılıb. O, həmçinin Heydər Əliyev Mərkəzinin təşkil etdiyi müsabiqələrdən birində qaliblərdən biri olub.
Məgər Qvami Məhəbbətoğlu yalnız jurnalistdirmi? Xeyr, o həm də gözəl yazıçı və şairdir. Onun 2011-ci ildə çap olunan “Hərdən gülməyim gəlir” adlı ilk kitabı oxucuların diqqətini cəlb edib. Bu kitabda toplanan məqalələr, felyetonlar, satirik şeirlər, təmsillər, dadlı-duzlu lətifələr, deyimlər və söz oynatmaları istedadlı yazarın real həyat hadisələrinə yanaşma manerasından və sənətkarlıq üslubundan xəbər verir. Dövrünün, zamanının, yaşadığı həyatın eybəcərliklərini, çatışmazlıqlarını yumoristik bir dillə, Mirzə Cəlilsayağı təsvir edən qələm sahibi oxucusunu güldürə-güldürə düşündürür, düşündürə-düşündürə isə güldürür. Bununla da Mirzə Cəlil irsinin layiqli davamçılarından olduğunu göstərir.
İstedadlı yazarın bu kitabında çap etdirdiyi satirik şeirləri də diqqətəlayiqdir. Şeirlərin əksəriyyəti Mirzə Ələkbər Sabirin, Füzulinin, Əli Nəzminin, Vahidin, Rüfət Əhmədzadənin, Hüseyn Nadirin, Baba Pünhanın şeirlərinə yazılmış nəzirələr olsa da, hər biri ayrı-ayrılıqda zamanın eybəcərliklərini sərt, lakin şirin bir dillə qırmanclayan, dövrünün ən orijinal şeirləridir.
Qvami qardaşımın 2017-ci ildə qələmə aldığı “Rüstəm Rəhimov: Bu mənim alın yazımdır” adlanan ikinci kitabı mövzusuna görə birinci kitabından fərqlənsə də, o bu kitabında da öz yaradıcılıq üslubunu dil baxımından təkcə qoruyub saxlamayıb, daha da inkişaf etdirib. Azərbaycan futbolunda öz sözünü demiş Rüstəm Rəhimovun həyat və yaradıcılığını avtobioqrafik bir dillə əks etdirməklə böyük uğur qazana bilib. Həmin kitab həm Azərbaycan, həm də rus dilində çap olunub.
Qvami Məhəbbətoğlu hazırda “Bibimin madonna servisi” adlı növbəti kitabını çapa hazırlayır. İnanırıq ki, bu kitabı da birinci və ikinci kitabları kimi uğurlu olacaq.
Azərbaycan Yazıçılar Birlinini üzvü olan Qvami Məhəbbətoğlu artıq 60-ı haqlayıb. Onu bu münasibətilə ürəkdən təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Ələsgər Talıboğlu
şair-publisist,
AYB-nin üzvü, Məmməd Araz mükafatı laureatı