“Hyresgäster” povestinin (“Çöl Qala”) Stokholm təqdimatında dediklərim
Vahid Qazi
Çoxdandı bu qədər adamla bir yerdə görüşməmişdim. Sonuncu belə görüş Bakıda, “Akademkitab” mağazasında “Çamayra. Kuba dəftəri” kitabımın təqdimatında olmuşdu.
İndi İsveçin dörd bir yanından dostlar gəlib. Neçə yüz kilometr yol qət etmisiniz. Çox sağ olun!
İsveçcə “Hyresgäster”, yəni “Kirayənişinlər” adıyla nəşr olunan “Çöl Qala” barədə adətən iki cür adamın sualı olur – onu oxuyanın, bir də oxumayanın. Oxuyanların suallarına görüşümüzün müzakirə, sual-cavab bölümündə toxunacam. İndi, icazənizlə, oxumayanların sualından danışım.
Oxumayanlar məndən soruşurlar, bu kitab nədən bəhs edir? Deyirəm, bu günün insanından!
Bu gün hansı zamandı və kimdi bu günün insanı?
“İnfozibillik” əsrinin insanları
21-ci əsrin insanı min il, 5 min il demirəm, heç 100 il əvvəlin də adamı deyil. Zahirən dəyişməmişik. Amma şüur, bilik, səhhət, emosiya baxımdan fərqliyik. Başqa müqayisələr aparmayaq, elə orta yaş həddini götürək.
100 il qabaq orta yaş həddi 45 idi, bu gün 70 olub. Alimlər proqnozlaşdırırlar ki, bu əsrin sonuna orta yaş həddi 150 il olacaq. Hələ bir ehtimala görə, gələn əsrin axırınadək insan ölümsüzlüyə çarə tapacaq. İsgəndər Zülqərneynin xəyal etdiyi dirilik suyunu deyirəm. Köhnələn genləri, sıradan çıxan daxili orqanları əvəz etməklə buna nail olacaqlar. İnsan ölməyəcək!
İnsanların ölmədiyi bir dünya, bir zaman təsəvvür edin!
O zamanı qoyaq qalsın gələcəkdə, bəs bu günün insanı hansı duyğularla yaşayır?
Duyğuları beyinə çatan informasiyalar idarə edir, bilirsiniz. Beynin qəbul etdiyi acı xəbərdən kədərlənir, şad xəbərdən sevinirik. 21-ci əsrin insanı bəşər tarixi boyu heç vaxt indiki qədər informasiya selinə tuş gəlməyib. Özü də bir-birindən kəskin fərqlənən informasıyalar. Mən buna “infozibillik” deyərdim.
İnsan hər yanı zibilləyib, kirlədib. Dikəlib iki ayağı üstə yeriməyə başlayandan dünyanı dağıtmaqla məşğuldu. Biz təbiəti qoruyacaq heç nə etməmişik, əksinə, onu zibilləmişik.
Tək torpaq deyil, okean da, səma da, kosmos da zibillidi. Okeanın dibində milyonlarla ton tullantı var. Baltik dənizi dünyanın ən kirli dənizlərindəndi. İki dünya müharibəsindən qalan nə qədər zərərli maddə, zir-zibil yığılıb. İsveçdə Baltikdən tutulan balıqları yemirlər.
Təyyarələr hər gün səmaya tonlarla zəhərli qaz buraxır.
Kosmos kosmik aparatlar qəbiristanlığına çevrilib.
İnsan tək təbiəti kor günə qoymayıb, o öz beynini də informasiya xıltıyla doldurub. Beynimiz bu qədər informasiyanı “həzm” edə bilmir. Nəticədə yorulur, zədələnir, pozulur və insan depressiv hala düşür.
Bu gün dünyada ən yayğın xəstəlik depressiyadı. O, infeksion xəstəliklərdən də sürətlə yayılır, epidemiya halını alıb. Yoluxucu xəstəlikləri karantinlə, vaksinlə önləyirlər. Bəs depressiyanın necə, vaksini varmı?
Depressiyanın əsas qaynağı “infozibillər”di. İnformasiya hər yandan üstümüzə yağır. Biz onu artıq cibimizdə daşıyırıq – smartfon şəklində.
Depressiyaya sadəcə özünəqapanma kimi baxmayın. Özünəqapanma həm də mənfi enerji mənbəyidi. Depressiya aqressiya doğurur. Bu gün insan toplumuna aqressiv ovqat hakimdi. Aqressiyanın meydan suladığı ortamda insan sağqalma çabası verir, fərqli mühit axtarır. “Çöl Qala”nın qəhrəmanı deyən kimi: “…elə bir imkan ola, özünü də qoyub gedəsən, palto kimi çıxarıb asılqanın qarmağına keçirib gedəsən”. İnsan belə ortamda – belə dünyada yox, özü yaratdığı, “allahı da, bəndəsi də özü olan dünya” qurmaq istəyir.
“Biz özgənin yaratdığı dünyada yaşayırıq. Fərq etməz o dünya necə yaranıb, Allahın “Ol” əmrindən, ya elmin dediyi Böyük Partlayışdan! Bizə öz dünyamız lazımdır. Hər kəs özünü kirayənişin sandığı özgə dünyadan yeni dünyaya, özünün yaratdığı, sahibi olduğu dünyaya can atır. Öz dünyasını yarada bilən insanlığın sirrini açmış kimidir. Sən bunu yarada bildin. Biz bunu birlikdə yaratdıq”.
“Çöl Qala” öz dünyasını yaradanların hekayətidi!
Təklərin dünyası
Bəşər fərdiləşməyə doğru gedir. Nədi fərdiləşmə?
Əvvəllər yaylağa elliklə gedərdilər, 3-5 ailə birlikdə. Məsələn, nənəmgil Qarabağda Kolatağ Turşsuyuna neçə ailə birgə gedərdi, alaçıqlarımızı yan-yana qurardıq.
İndi istirahətə, gəzməyə iki ailənin getməsi nadir hala çevrilib. Bu gün hətta ailənin bütün üzvləri bir yerdə səfərə çıxmır; hərənin öz marağı, öz dünyası var.
Toya qohum-əqrəbanın, ağsaqqal-ağbirçəyin məşvərətiylə başlanardı. Xatırlayıram, toylarımızda, yaslarımızda mağarın qurulmasından ev sahibinin xəbəri olmazdı, qonum-qonşu edərdi. İndi qohumlar, dostlar evlilik xəbərini toya dəvət ediləndə bilir, bəzən gənclər heç evlənmə qərarını ailəylə məsləhətləşmədən verirlər.
Dara düşənin el-oba yığışaraq dadına çatardı. İndi düşdüyün quyudan təkbaşına çıxmağı öyrənməlisən.
İnsan beləcə fərdiləşib, individiuma çevrilib.
İndividualizm həm də tənhalıq deməkdi. 21-ci əsrin adamı tənhadı! “Çöl Qala”nın qəhrəmanı deyir: “Tənhalıqda səsi itirmək qorxusu var. Öz-özünlə danış, lazım gəlsə, ağaclarla danış”.
Bu günün insanına gərək olan şey ünsiyyətdi! Hava, su, qida qədər önəm alıb o. Depressiyanın vaksini ünsüyyətdi. Sevgi ovqatında bir ünsiyyət. Bir-birimizin içindəki nifrəti, aqressiyanı sevgiylə, xoş bir ünsüyyətlə təmizləyə bilərik. Beləcə içimizi də arındırar, duruldar, təmizləyərik.
Aqressiyadan qurtulmasa insanlıq məhvə məhkumdu. Əlində bu qədər atom silahı, içində bu qədər aqressiya ilə insan dünyanın təhlükə mənbəyidi.
Bayaq ölümsüzlükdən danışdım. Bəli, elm genləri dəyişdirməklə uzunömürlüyə, lap ölümsüzlüyə də nail olacaq. Bəs xoşbəxtliyin necə, düsturunu tapa biləcəkmi? Xoşbəxt olmayan insan, əbədi demirəm, heç yüz illər boyu yaşamaq istəyərmi?
“Çöl Qala” sevgi ovqatlı ünsiyyətə ehtiyacı olan tənha adamların hekayətidi.
“Oxumayan” “oxumuşun” quludu!
Bu cür görüşlər yazı-pozu adamı üçün başqa tədbirlərdən fərqlənir. Belə görüşə adətən təsadüfi adam gəlmir. Yazarla görüşə gəlibsə, demək, o, ədəbiyyat adamıdı, ədəbiyyatsevərdi, sözə həssasdı. Yazar üçün belə insanlarla təmas xüsusi, əlahiddə görüşdü. Müəllifə oxucusu başqa bütün adamlardan bir köynək yaxındı. Yazı-pozu adamına ən doğma olan doğma bildikləri deyil, yazılarını, kitablarını oxuyub, onu anlayan, duyan və bunu ona deyəndi. Tanımadığın yad bir adam sənə kitabında oxuduqlarından danışırsa sənin üçün doğma birinə çevrilir.
İndi bildiniz sizinlə görüşdən niyə belə xoşbəxt duyğular yaşayıram?
Bu kitabı oxuyan varmı aranızda? Kim oxuyub?
Dediklərim həm də sizə aiddi. Bir qədər sonra kitabı müzakirə edəcəyik, ona görə indi bu kitabdan yox, ümumiyyətlə, kitab oxumaqdan danışmaq istəyirəm.
Bir dəfə xeyli vaxtdı kitab oxumadığını gördüyüm oğlumdan bunun səbəbini soruşanda dərsdən başı açılmadığını, vaxtının olmadığını dedi. Elə həmin günlərdə Barak Obamanın maraqlı bir müsahibəsinə rast gəlmişdim. O, müsahibəsində hər gün bədii əsər oxuduğunu deyirdi. Dedim, az qala dünyanın yarısına hökmü keçən bir ölkənin başçısı kitab oxumağa macal tapır, sənin vaxtın olmurmu?
Bizim bir missiyamız da oxumaq və uşaqları oxutmaqdı. Gələcək “oxumuşlar”ındı. Mirzə Cəlilin “Axund ilə keşişin vəzi” hekayəsində kitab oxuyan erməni uşağıyla pişiyin quyruğuna ip bağlayıb sürüyən müsəlman uşağı, məclisdəkilərə vətəni sevməkdən danışan keşişlə, xurafat söhbətləri eləyən molla müqayisə edilir. Ustad bu hekayəni 1906-cı ildə yazıb. 113 il sonra bənzər müqayisəni etmək ağır olmazmıi?
Oxumayanın haqqını da tapdalayarlar, azadlığını da, hələ desən torpağını da əlindən alarlar.
“Oxumayan”lar “oxumuş”ların quludu! Bizə yalan deyiblər, quldarlıq dövrü keçib, keçmişdə qalıb deyə.
Cəhalət azadlığın qənimidi. Azadlığın olmadığı cəmiyyətdə ədalət də olmaz! Ədalətli cəmiyyəti isə yalnız “oxumuş” insanlar qura bilər.
“Çöl Qala” ədalətli dünya axtaranların hekayətidi.
Qürbətdə vətən
Vətəndən kənarda biz ikiqat artıq oxumalı və oxutmalıyıq. İsveç oxuyub inkişaf etmək üçün hər cür şəraiti olan ölkədi. Bundan yararlanmamaq ən böyük günah olar. Mənim balam məndən savadlı, bacarıqlı, pullu, vətənpərvər, insansevər olmasa, demək, mən missiyamı yerinə yetirməmişəm. Onun balası da ondan artıq olmasa, həmçinin.
Qürbətdə yaşayan hər birimiz özümüzü yeriyən Azərbaycan sanmalıyıq. Biz burda ikinci vətən qururuq – qürbətdə vətən. Qəribə səslənir. Bizə qürbətdi, amma burada qalası olsalar nəvə-nəticələrə ikinci vətən olacaq. Biz vətən sevgisini içimizdə yaşadaraq ötürməsək uşaqlarımız, xələflərimiz unudacaq. Yurd sevgisi müqəddəs bir əmanət kimi ötürülməlidi nəsildən nəslə.
100 il əvvəl ölkədən getməyə məcbur olanlar ayaqqabılarının dabanına vətəndən gətirilən torpaq qoyarmışlar. “Dabanımı vətən torpağına basıram” deyərmişlər.
Yurd nostaljisi bütün həsrətlərin ən ağrılısıdı. Ötən il elə bu şəhərdə – Stokholmda Cümhuriyyətimizin 100 illiyini qeyd edirdik. Rəsulzadənin nəvəsi Rəis bəy bu mövzuda çox təsirli bir çıxış elədi. O, danışdı ki, sürgün olunduqları Qazaxıstandan uzun illər kənara çıxa bilməyiblər. Vətənə qayıtmaq onlara qadağan idi. İlk fürsətdə atası Özbəkistana keçib. Girəvələyib qatarla Türkmənistanın Xəzər sahilinəcən gedib. Tək məqsədi Xəzəri görmək imiş. Deyir, Krasnavodskda atam dənizi görəndə yüyürüb özünü elə paltarlı atıb Xəzərə. Göz yazı içində qışqırırmış: “Xəzərin o üzü mənim vətənimdi”.
Təsəvvür edin, bizim qürbətdə ölüb qalan cümhuriyyətçi babalarımız nələr yaşayıb. İnternet, skayp, “Feysbuk” əsrində qürbətçilik mahiyyətini dəyişib.
Qərib həssas olur. O, vətən duyğusunu ana bətnində balasını duyan kimi duyur. Bəzən onu siniri oyaq dişin ağrısı kimi hiss edəcəksən. Nə cür istəyirsən elə də duy, təki bu duyğunu itirmə.
“Çöl Qala”nın qəhrəmanı Rəssam Şuşalıdı. O, özünə Bakıda da yer tapmır, dünyanı dolaşır, ölkələr gəzir, amma heç biri yurd yanğısını soyutmur.
Şərqin sufi fəlsəfəsində sevgi insana, eşq Tanrıyadı. Bu əsərdə isə eşq onun qəhrəmanlarının yaratdığı dünyadı. Rəssam özü yaratdığı dünyaya Şuşanın məhəllələrindən birinin adını qoyur – Çöl Qala. O qalaya özündən, bir də Qadından başqa heç kim girə bilməz – onun qıfılı, parolu var.
“Çöl Qala” içində vətən sevgisini ilahi eşq kimi yaşadanların hekayətidi!
Bilmirəm “Kitab nədən bəhs edir” sualına cavab verə bildimmi?
4 may 2019
Sollentuna kitabxanası, Stokholm