Ötən həftə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair İlham Qəhrəmanın 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə tanınmış qələm adamları, elm və mədəniyyət xadimləri, media nümayəndələri və şairin yaxınları iştirak ediblər.
Tədbirin aparıcısı, tənqidçi Əsəd Cahangir İlham Qəhrəmanın həyat və yaradıcılığı haqqında geniş məlumat verib, onun şeirlərinin müasir Azərbaycan poeziyasındakı özünəməxsusluğundan danışıb.
Qeyd edilib ki, İlham Qəhrəman 1959-cu ildə Laçın rayonunda doğulub. Ədəbiyyata 1980-ci illərdə gəlib. 1986-cı ildə Yusif Səmədoğlunun dərkənarı ilə “Ulduz” jurnalının “Səməd Vurğun nömrəsi”ndə bir şeiri çap olunub. 1991-ci ildən sonra “Səs”, “525-ci qəzet”, “Rezonans”, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərində, “Ulduz” və “Azərbaycan” jurnallarında vaxtaşırı şeirləri ilə çıxış edib.
Çağdaş şeirimizin sayılıb-seçilən nümayəndələrindən olan və lirik şair kimi tanınan İlham Qəhrəmanın bir neçə şeir kitabları Bakıda, iki şeir kitabı qonşu İran İslam Respublikasında əski əlifbada ana dilimizdə işıq üzü görüb.
Tədbirdəki çıxışlar zamanı yubilyarın publisist və tərcüməçi kimi yaradıcılığına da toxunulub. Bildirilib ki, onun 2004-cü ildə yayımlanan “İlham qapısı” kitabında müxtəlif illərdə fərqli sənət sahəsinin təmsilçiləri – şairlər, yazıçılar, rəssamlar, tənqidçilər, bəstəkarlar, jurnalistlərlə etdiyi söhbətlər toplanıb. Eləcə də cinas ustadı kimi tanınan Sarı Aşığın “Gül dəftəri” kitabı İlham Qəhrəmanın qədrdanlığı nəticəsində 14 il ərzində o taylı-bu taylı Azərbaycanda toplanaraq tərtib edilib.
O, bir tərcüməçi kimi klassik yapon hayku ustalarından Tiyö, İssa və Buson yaradıcılığından haykuları dilimizə çevirib.
Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxışında İlham Qəhrəmanı yubileyi münasibətilə bu qurum adından təbrik edib. Rəşad Məcid deyib ki, çoxəsirlik folklor ənənələriylə sıx bağlılıq, canlı xalq danışıq dili elementlərindən yaradıcı bəhrələnmə, orijinal bədii təsvir və ifadə vasitələri İlham Qəhrəmanın ictimai-siyasi mövzulu, yurd həsrətli, məhəbbət duyğulu şeirlərinin xüsusən diqqətçəkən özəllikləridir. O, çağdaş şeirimizdə istər siyasi, istərsə də sevgi lirikasının ən maraqlı nümunələrinin müəllifi kimi tanınır.
Daha sonra çıxış edənlərdən Narıngül Nadir, Faiq Balabəyli, Fərqanə Mehdiyeva, Aləmzar Sadıqqızı, Ənvər Məsud və başqaları İlham Qəhrəmanın yaradıcılığı, şəxsiyyəti haqqında fikirlərini bölüşüb, onu 60 illik yubileyi münasibətilə təbrik edərək yeni uğurlar diləyiblər.
Əməkdar artist, bədii qiraətçi Azad Şükürov da şairi təbrik edərək onun şeirlərindən nümunələr səsləndirib.
Sonda çıxış edən yubilyar ona göstərilən diqqətə görə Yazıçılar Birliyinin rəhbərliyinə, tədbir iştirakçılarına və çıxışçılara təşəkkürünü bildirib.
Şahanə Müşfiq
“525-ci qəzet”