Ötən şənbə İsveçin paytaxtı Stokholmda azərbaycanlı yazar Vahid Qazinin “Çöl Qala” romanının təqdimat və imza mərasimi keçirilib.
“Çöl Qala” İsveçdə “Kirayənişinlər” (“Hyresgäster”) adı ilə işıq üzü görüb. “Diktonius Text” nəşriyyatında çapdan çıxan kitabı İsveç dilinə Umea Universitetinin dosenti Səadat Kərimi çevirib.
Novator.az xəbər verir ki, təqdimat mərasimi İsveç Azərbaycan Federasiyasının təşkilatçılığı və Stokholm Azərbaycan Mədəniyyət Mərkəzinin (SAMM) informasiya dəstəyi ilə Sollentuna kitabxanasında keçirilib. Mərasimdə İsveçin müxtəlif şəhərlərindən ədəbiyyatsevərlər iştirak ediblər.
Tədbirdə Vahid Qazi əsərin yazılma səbəblərindən, Səadət Kərimi İsveç dilinə tərcümənin özəlliklərindən danışıblar.
Filoloq, sosioloq Arif Rəhimoğlu əsəri sosial-psixoloji aspektdən təhlil edib.
İsveç ədəbi mühitində ekspert kimi tanınan Əlirza Ərdəbili Vahid Qazinin yaradıcılığından, onun İsveç Yazıçılar Birliyinə ilk azərbaycanlı yazar kimi üzvlüyə qəbulundan söz açıb.
Mərasimdə həmçinin İsveçdə yaşayan ziyalılar çıxış ediblər, oxucular əsər haqda rəylərini bölüşüblər.
İsveç teatrının aktrisası Kate Kristina Roxenhall müəlliflə birgə kitabdan parçalar səsləndirib. İsveç televiziyasının “Talant” müsabiqəsinin qalibi İbrahim Nəsrullayev Müslim Maqomayevin “Azərbaycan” mahnısını ifa edib.
“Çöl Qala” kitab şəklində ilk dəfə 2016-cı ildə Bakıda nəşr olunub. Epistolyar janrda qələmə alınmış romanda əslən Şuşanın Çöl Qala məhəlləsindən olan Rəssamın virtual aləmdə bir qadınla yazışmalarlarından, insanın real həyatdan tədricən virtual dünyaya keçid prosesindən bəhs olunur.
“Çöl Qala” Azərbaycan türkcəsindən İsveç dilinə çevrilmiş ilk bədii əsərdir. 1973-cü ildə çapdan çıxmış Qurban Səidin “Əli və Nino”su İsveç dilinə ingilis, 2000-ci ildə Çingiz Abdullayevin “Qaranlıq simfoniyası” romanı isə rus dilindən tərcümə olunmuşdu.
Vahid Qazi hazırda İsveçdə yaşayır. O, “Çöl Qala”dan başqa “Ruhlar şəhəri”, “Yaddaş ləpirləri: demokratiya yazıları”, “Çamayra. Kuba dəftəri” kitablarının müəllifidir. İndiyədək Vahid Qazinin daha iki kitabı xarici dildə – rusca çap olunub: “Озоновые люди” və “Бейсбол на шахматной доске”.
SAMM-ın təqdimat mərasimindən hazırladığı video proqram:
Təqdimat mərasimindən şəkillər