Hikmət Sabiroğlu
Sən bilirsən, söhbətimiz həmişə çətin alınır. İndi də çətin olacaq. Ancaq daha buna öyrəşmişik. Bizimki də belə gətirdi…
Salam-duasız, belə qəfil sualla başlamağımdan incimə. Hal-əhval tutmağın, ovqat soruşmağın yeri qalmayıb, hər şey sorğu-sualsız bəllidir…
5+2 neçə eləyir? Elə bilmə şuşalı damarım tutub, məzə axtarıram. Doğrudan soruşuram: 5+2 neçə eləyir?
Deyəcəksən 7 eləyir?
Bunu mən də deyərəm. Riyaziyyat söhbəti deyil…
Riyaziyyat dedim. Mənim əlifba bayramımı xatırlamırsan? Müəllimə hər hərfi birimizə tapşırmışdı. Hər uşaq hərf-hərf çıxıb şeir dedi o gün. Mənə “R” hərfi düşmüşdü. Heç indi də “r” səsini tələffüz eləyə bilmirəm, dilim çönmür – “rrr” deməyə. Belə bir hərfi mən vəsf eləməliydim.
Yadına düşürmü o şeir? Mənim yadımdadır:
Bu həriflə başlayır riyaziyyat kəlməsi,
Uçur aya, ulduza sovet kosmik gəmisi.
Ritm pozulmasın deyə “hərf”, “hərif” olmuşdu.
Sovet kosmik gəmisi isə “r” ilə başlayan “raket” sözünə işarədir.
Nə isə, yəqin yadına düşdü…
5+2 neçə eləyir? Vallah, riyaziyyat söhbəti deyil. Dəli deyilik ki, az qala hər gün bir-birimizdən soruşuruq: 5+2 neçə eləyir?
Bu 7 səndən sonranın söhbətidir. Sənə qədər olanlar (Xocalı yadındadırmı, Şuşa?), sənin müsibətin (özün öz yadındasanmı, Şuşa?) bu 7-nin içində yoxdur.
Səndən sonrakı bu 7 söhbəti…
Laçındır.
Kəlbəcərdir.
Ağdamdır.
Füzulidir.
Cəbrayıldır.
Qubadlıdır.
Zəngilandır.
Hamısını bir sətirdə deməyə nəfəsi çatmır adamın. Ona görə nəfəs dərib hər birini təzə sətirdən yazıram.
Sənə qədər olanlar düşmənin sənə yol açmağı idi. Sənin qurbanın olmuşdular.
Səndən sonra olanlar sənə yolu bağlamaq üçün oldu. Sənin qurbanlarındır.
Laçın.
Kəlbəcər.
Ağdam.
Füzuli.
Cəbrayıl.
Qubadlı.
Zəngilan.
7 qarabəxt yurd.
Sənin qurbanların.
Riyaziyyat söhbəti eləmirəm, bu 7-dən nə forma düzəltmədilər: 4+2+1, 3+2+2, 5+1+1.
Son icad olunan 5+2-dir. Mən də ona görə səndən soruşuram: 5+2 neçə eləyir?
Dərdləri bəs deyilmiş kimi 7 yurdu üstəgəl işarəsinin o üz-bu üzünə parçalayıblar: 5 – Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, 2 – Kəlbəcər, Laçın deməkdir. Guya sənin oduna düşmüş torpaqları düşmən bizə bu ardıcıllıqla qaytaracaq – əvvəl 5 olacaq, sonra 2.
Dava zamanı olmadığını deyən ağalar düşünüb bu 5+2-ni. Bütün davalara bais ağalar. Davalıq halı olmayan yurdun başçısının masası üstünə qoyublar.
O ağalar 5+2-nin neçə elədiyini yaxşı bilirlər. Bu yurdun başçısı da bilməmiş olmaz. Mənə sənin cavabın maraqlıdır: 5+2 neçə eləyir, Şuşa? Yəni Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın qaytarılanda nə qayıtmış sayılacaq?
Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan qaytarılacaq. 5 olacaq.
Kəlbəcər, Laçın qaytarılacaq. 2 olacaq.
5+2=7 olacaq.
Bəs 7 nəyə bərabər olacaq, Şuşa?
…Bilirəm, ağayanasan, öz dərdini özün çəkmək istəyirsən. Amma mən səndən başqa heç kimdən soruşmaq istəmirəm: 5+2 neçə eləyir, Şuşa?
Mən səndən soruşuram.
Sən də Xocalıdan soruş.
Sonra ikiniz bir yerdə xəritəsində Xocalı adında, Şuşa adında nöqtələri qaralan ölkədən soruşun.
Davası Xocalı, Şuşa adına başlayan ölkədən.
5+2 neçə eləyir?
10 dekabr 2009
Müəllifin başqa yazıları:
Ayrılığın əvvəli
Yol uzunu
Şuşada qış
Şuşada ölməklə Şuşasız ölməyin fərqi
Qardaşımın barmaqları
Bağışlamasa yaxşıdır