İntiharların çoxalması və media
Xalid Ağalıyev
media hüquqçusu
Dünya Səhiyyə Təşkilatının bilgilərinə görə (“Suicide data”, 2018), planetimizdə hər il bir milyona yaxın insan intihar edir. Bu o deməkdir ki, hər 40 saniyədə bir nəfər özünü ödürməyə qalxır. Həm də son 15 ildə intiharların statistikasında artım müşahidə edilir. ABŞ, Avropa Birliyinin bəzi ölkələrində, Türkiyədə artım tempi 0,30-1,5 faiz arasında dəyişir.
Azərbaycanda intiharların statistikası açıqlanmır. Ölkədəki intiharlar barəsində statistik bilgiləri natamam məzmunda bir neçə mənbədən almaq mümkündür. Məsələn, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin, hüquq mühafizə qurumlarının açıqlamalarından bəzi statistik bilgilərə sahiblənmək olar.
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin bilgilərinə görə, onlara 2017-ci ildə 495, 2016-cı ildə 327 intihardan ölüm halı bəlli olub. Ancaq hüquq mühafizə qurumlarında həmin illərdə özünü öldürmə həddinə çatdırmağa görə 500-dən artıq cinayət işi açılıb.
Bilgi açıqlığı olmadığı üçün Azərbaycanla başqa ölkələr arasında paralellər aparmaq, adambaşına düşən intihar sayına görə gerçək durumun necə olduğunu ifadə etmək xeyli çətindir. Rəsmi bilgilər olmasa da ümumilikdə son 30 ildə intharların azı 1-2 dəfə artdığı qeyd edilməlidir (Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti Nadir İsmayılovun müsahibəsi).
İntiharların artdığı ölkələrdə aparılan araşdırmalar göstərir ki, bu məsələdə medianın da xüsusi rolu var. Hazırkı yazının məqsədi də media-intihar əlaqəsinə toxunmaqdır.
21-ci əsrdə medianın cəmiyyətə, fərdlərə təsiri görünməmiş dərəcədə güclənib. Media cəmiyyəti bilgiləndirməklə bərabər, adamların ayrı-ayrı məsələlərə yanaşmasının formalaşmasında çox təsirli vasitəyə çevrilib. İntihar məsələsində də medianın hansı dildən istifadə etməsi, necə xəbərləməsi fərdlərin yanaşmasına təsir göstərir.
Media hüquqçu və ekspertlərinin daha qabarıq nəzərə çarpan rəyi bundan ibarətdir ki, media intiharların artmasında rol oynayır. Media bunu daha çox intihar xəbərlərində “yolgöstərici” nüanslara yer ayırmaqla edir. İnsanlar intihar xəbərlərində təqdim edilən, həmin xəbərlərdə gizlənən xüsusiyyətlərdən təsirlənərək intihar davranışını təqlid edə bilirlər (Wasserman, I. Imitation and suicide. American Sociological Review). Bu baxımdan intiharın törədilmə forması, intihar edənin sosial durumu kimi nüanslar intihar olayı xəbərinin ictimaiyyətə necə təsir göstərəcəyi baxımından çox önəmlidir.
Media hüquqçuları və etika ekspertləri intihar olayını xəbərləyən jurnalistlərin nələrə diqqətli olmasını aydın ifadə etmək üçün intihar olaylarını 3 qrupda təsnifləndirirlər.
Birinci növ intiharlar “altruistik intiharlar” adlandırılır. Belə intiharlar əsasən qrup fəaliyyətindən qaynaqlanır. Elə zənn edin ki, belə intiharlarda bir fərd özünü aid olduğu sosial qrup naminə fəda edir. Belə intihar olaylarının təqdimat şəkli medianın cəmiyyəti təsirləndirməsi baxımından ciddi önəm daşımaya bilir.
İkinci qrupa məşhur bir şəxsiyyətin nümunə götürülərək intihara əl atılması daxildir. Bu tip intiharlara ən uyğun örnəyi 1994-cü ildə məşhur Nirvana qrupunun üzvlərindən Kurt Kobeynin ABŞ-da intihar etməsini göstərmək olar. Olay Sietldə baş vermişdi. Yerli media həmin hadisənin xəbərlənməsi zamanı olduqca ölçü-biçili davranmışdı. Media, jurnalist birlikləri, habelə polis gənclərin çox ünlü musiqiçinin intiharı olayından neqativ təsirlənə biləcəyini gözə alaraq, olayın xəbərlənməsinə xüsusi diqqət göstərmişdi. Nəticəsi yaxşı olmuşdu – hadisədən sonrakı 3-6 ayda intihar olaylarının statistikası araşdırılmış, məlum olmuşdu ki, musiqiçinin intiharı statistikaya ciddi təsir etməyib.
Sözügedən intihar olayı Avropa mediasında həftələr boyu baş xəbər olmuşdu. Ancaq Avropa mediası xəbəri, görünür, ABŞ mediasındakından fərqli təqdim etmişdi. Polisin bilgilərinə görə, nəticədə hadisədən sonrakı aylarda onlarla gənc musiqiçini təqlid edərək intihara əl atmışdı (musiqiçi özünü tüfənglə vurmuşdu). İntihar edənlərin üzərlərindən “Kobeyn kimi yaşayıb, Kobeyn kimi ölmək” məzmunlu mətnlər tapılmışdı. Həmin intihar olaylarından birində musiqiçinin pərəstişkarı olan 3 gənc qarajda özlərini qazla boğmuşdular. Onlar yazmışdılar ki, əslində, Kobeyn kimi özlərini tüfənglə vurmaq istəyərdilər, “ancaq Kobeynin istifadə etdiyi tüfəng bizdə yoxdursa, mənası yoxdur, ona görə də bu yolu seçdik”… Bu tip intihar xəbərlərinin mediada necə təqdim edilməsi çox önəmlidir. Azərbaycan təcrübəsində yaxın keçmişdə belə intihar olayları xatırlanmır.
Üçüncü növ intiharlar xəbərləmə zamanı mediadan xüsusi diqqət tələb edən olaylardan ibarətdir. Bu qrupa fərdin intihar etmiş biri ilə özünün durumu arasında ortaq bağları, xüsusiyyətləri tapa biləcəyi olaylar aid edilir. Hər hansı fərd intihar edən birisinin hekayətini detallı şəkildə mediadan oxuyur, onunla öz durumu arasında ortaq xüsusiyyətləri görür və bu, daha da çarəsizləşən adamı intiharı təqlid etməyə sürükləyir. Belə intiharların ən klassik örnəklərindən biri Volfqanq Götenin “Gənc Verterin iztirabları” əsərinin çapından (1770-80-ci illər) sonra yaşanmışdı. Bunu eksperlər “Verter effekti” də adlandırırlar. Həmin əsərdə romanın mavi gödəkcəli qəhrəmanı intihar edirdi. Əsərin dərcindən sonra Almaniyada və digər Avropa ölkələrində mavi gödəkcə gənclərin sevimli geyiminə çevrilmişdi. Həm də mavi gödəkcəli gənclərin özünəqəsdi intiharların ümumi statistikasını 100 faiz artırmışdı. Durum o qədər ciddiləşmişdi ki, kitaba qanuni yasaq da qoyulmuşdu. Yeniyetmələr, gənclər öz durumları ilə Götenin romantik təsvir etdiyi Verterin durumu arasında ortaq bağlar tapır, ümidsizliyə qapılır, roman qəhrəmanının seçdiyi yolu – intiharı təqlid edirdilər.
Başqa bir örnək: 1996-cı ildə İngiltərənin populyar telekanallarından birində göstərilən filmdə artıq dozada dərman qəbul etməklə intihar səhnəsi intiharların sayını artırmışdı. Statistik göstəricilərə görə, həmin film yayılandan sonrakı 3 ayda eyni yolla intihar halları 100 faiz çoxalıbmış. İrlandiya İntihar Araşdırmaları Assosiasiyasının (The Irish Association of Suicidology) araşdırmasında da vurğulanır ki, başqalarını təqlid etməklə intihar etmək təsdiqini tapmış fenomendir.
Beləliklə, media başqalarını təqlid etməklə intihara əl atılması məsələsində fərdlərə ən ciddi təsir göstərən faktorlardandır. Belə intiharların yaxın Azərbaycan təcrübəsində onlarla örnəyi var. Həmin örnəklərə diqqət yetirməzdən qabaq qeyd edək ki, rəsmi mənbələrdə belə halların statistikası, onların önlənməsi ilə bağlı rəsmi çalışmalar haqda heç bir bilgi yoxdur.
İnternetdə axtarış verdikdə 2010-cu ildən bəri məktəbli intiharları barəsində onlarla olayla qarşılaşırıq. Bakıdakı son məktəbli itiharı da daxil olmaqla, media demək olar həmişə intihar zamanı hansı üsuldan istifadə edildiyini xəbərin başlığındaca göstərir. Məktəblilərin çoxu özünü asaraq öldürüb.
Xəbərlərdə intihar edənlərin həyat hekayəsi detallı, bir çox halda isə romantikcəsinə ifadə olunur. Yazılarda onların hansı problemlərlə üzləşdiyi, ailə durumu, məktəbə uyğunlaşmaqdakı çətinlikləri kimi məsələlərə geniş yer verilir.
Qeyd etdiyimiz dövrü əhatə edən intihar xəbərlərinin digər cəhəti sanki intihara haqq qazandırılması ilə bağlıdır. Xəbərlərdə bu sahəyə aid ekspertlərin fikirlərinə yer verilmir, başqa çıxış yollarından bəhs edilmir, adətən hüquq mühafizə qurumları nümayəndələrinin, intihar edənin yaxınlarının, qonşularının düşüncələri ifadə olunur. Onların fikirləri də əsasən intihar olayının səbəblərini tam çılpaqlığı ilə açıqlamaq üzərində qurulur, xəbərdən çıxan əsas nəticə də bu olur ki, “başqa yolu qalmamışdı”…
Üçüncü qrup intiharlara aid edilən digər intihar olayları Azərbaycanda milli valyutanın devalvasiyasından sonra yaşanan kredit böhranı dövrünə təsadüf edir. İnternetdə axtarış zamanı məlum olur ki, o zaman azı yüzdən artıq intihar baş verib. Həmin dövrdə “Kreditə görə intihar etdi” başlıqlı xəbərlərin sayı yüzlərlədir. Belə xəbərələrdə də məktəbli intiharlarında olduğu kimi intiharın səbəbi elə xəbər başlığındaca ifadə edilir, ekspertlərin fikirlərinə yer verilmir, düşüncələrinə yer verilən şəxslərsə intihar edənin başqa yolunun qalmadığını deyirlər.
İntihar olaylarını xəbərləyərkən medianın hansı sözlərdən, vurğulardan istifadə etməsi, xəbəri təqdimetmə üsulu, xəbərin qoyulduğu yer (qəzetdə, sayda, TV-radioda) çox önəmlidir. İntihar olayının detallı, romantik cümlələrlə təqdim edilməsi, ona adi hadisə kimi yanaşılması, xəbərlərin cəzbedici yerlərdə yerləşdirilməsi, başlıqda intihar sözündən, intiharın üsulundan istifadə edilməsi, intihar edənin şəkillərinin yayılması, onun davranışının cəsurluq kimi təqdim edilməsi, sıxıntılı şəxsin alternativ çıxış yollarının göstərilməməsi, belə durumlarda yardım edə biləcək qurumların nişan verilməməsi, ekspert rəylərinin olmaması – xəbərlərdəki bütün bu nüanslar intihar riskli qrupu asanca təsirləndirə bilər.
Məsələn, yeni yerləşdiyi məktəbə uyğunlaşmaqda problem yaşayanlar eyni problem üzündən intihar etdiyi deyilən məktəblinin romantik təqdim edilən hekayəsindən, kredit borcunun ağırlığının sıxdığı borclu eyni sıxıntıdan özünü asmaqla qurtulan birisinin “başqa yolu qalmamışdı” formasında təqdimatından təsirlənə, intiharı təqlid etmək yolu tuta bilər.
Media xəbərləyərkən nələrə diqqət etməlidir?
İntiharları aradan qaldırmaq mümkün deyil, amma onu cilovlamaq mümkündür. İntiharlar hər zaman medianın gündəmində qalmağa da davam edəcək, çünki xəbər dəyəri var. İntiharların cilovlanmasında medianın üzərinə düşən vəzifələr var, xəbərləmə zamanı bəzi etik ölçülərə əməl etmək intihar riskli qrupları neqativ deyil, pozitiv təsirləndirə bilər. Bu ölçülər dəyişməz deyil, davamlı yenilənir, inkişaf etdirilir. Dünya Səhiyyə Təşkilatının media hüquqçu və etika ekspertlərinin iştirakı ilə hazırladığı tövsiyələr bu baxımdan çox önəmlidir. Həmin tövsiyələr kifayət qədər aydın, hər bir medianın, jurnalistin əməl edə biləcəyi məzmundadır:
– Xəbərlərdə intihar edənin qərar verməsində rol oynamış psixososial səbəblərə aydınlıq gətirilməli, alt qatda psixoloji xəstəlik varsa bu mütləq vurgulanmalıdır. Media intihara yol açan depressiyanı və ya başqa ruhi pozğunluqları müalicə etməyin mümkün olduğunu vurğulamalı, necə yardım almağın da yolunu göstərməlidir.
– İntihar heç bir halda çarəsiz birinin cəsur davranışı kimi təqdim edilməməlidir. Bu xəbərlər medianın ən cəlbedici yerində yer almamalı, intihar üsulunun detallarına toxunulmamalıdır;
– İntihar olayı romantikcəsinə təqdim edilməməli, heç bir durum üçün çıxış yolu kimi göstərilməməlidir;
– İntihar cəhdi nəticəsində meydana gələn fiziki problemlər, xəsarətlər xəbərlərdə digərlərinə daşındırıcı təsir edəcək məzmunda ifadə edilməlidir;
– Xəbərlərin dili çox vacibdir – romantik ifadələrdən qaçmaq lazımdır;
– Xəbərlərdə intihar edənin problemlərinin çözülməsində başqa daha təsirli vasitələrin olduğu vurğulanmalıdır;
– İntihar edəni xüsusi bir statusda təqdim etmək olmaz. İntiharın ad-san qazanmaq yolu olduğu mesajı verilməməlidir;
– Xəbərlərdə həm də sıxıntısı olanlara yardımçı qurumlar haqda bilgi vermək lazımdır;
– Xəbər qısa, fotosuz, intihar üsulu bildirilmədən yayılmalıdır. Bir intihar olayının təkrar-təkrar xəbərlənməsi intihar riskli qruplara neqativ təsir edir.
Müəllifin başqa yazıları:
Prezidentin təyin etdiyi məmurların tənqidi – olarmı, olmazmı?
Jurnalistlərin işi: dövlət əleyhinə çağırış, yoxsa xəbər, mülahizə?