Hikmət Sabiroğlu
Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmin sevgi sonra canına sarıla, ürəyindən asıla, lap axırda can verə.
Belə bir çevriliş var.
***
Mayın 9-dur. İş günü deyil. Tək-tənha oturmuşam iş yerində.
Pirşağıdakı Şuşa qəbiristanlığını ziyarət edib gəlmişəm. İş yoldaşım İmdadı özümlə aparmağa ürəyim gəlmədi. Qəbiristanlıqdan fotoreportaj hazırlamaq istəyirdi. Ürəyim gəlmədi İmdadı ora aparmağa. Düşündüm ki, bəlkə heç o qəbirlər şəkil çəkdirmək istəmir.
Şuşalılar. 20 ilin didərginləri.
1992-ci ilin şuşalısından kimlər qalıb? Qəbiristanlıqda boy verən başdaşılarına baxıb təxmin edirəm.
1900-cü illərdə doğulanlar.
1910-cu illərdə doğulanlar.
1920-ci illərdə doğulanlar.
1930-cu illərdə doğulanlar.
Kim var onlardan həyatda?
Çox az adam var.
Dörd nəsil eləyir bu. Dörd nəsil, demək olar ki, yoxdur.
1940-cı illərdə doğulanlar da gedir.
1950-ci illərdə doğulanlar da.
1960-cı illərdə doğulanlar da.
Seyrəliblər.
Üç nəsil eləyir bu.
Qalır 1970 və 1980-ci illərin uşaqları.
İki nəsil də bu eləyir.
Doqquz nəsildən dördü yox qədərində azalıb. Üçü seyrəlib. Salamat qalan ikisi isə Şuşanı düz-əməlli görməyə imkan tapmayıb, yaşı çatmayıb o zaman buna.
Nəsil dəyişir. 20 il budur.
Mayın 9-dur. Tək-tənha oturmuşam işdə. Xankəndidəki hərbi paraddan – Şuşanın ələ keçirilməsinin 20 ilinə həsr olunmuş paraddan fotoreportajlara baxıram.
İşğal budur.
***
Canını saran, ürəyini yerindən çıxarıb canını alan bir sevgi var. Canı məlhəm kimi saran sevgidir, cana ilan kimi sarılan sevgiyə dönməz. Ürəyi quş kimi yerindən çıxaran sevgidir, ürəkdən daş kimi asılan sevgiyə dönməz. Can alan sevgidir, can verməz.
Belə bir çevriliş olmaz.
Yurd sevgisidir.
O yurd 20 ilin ayrılığını dönüklük saysa yaxşıdır.
Bağışlamasa yaxşıdır…
10 may 2012
Müəllifin başqa yazıları:
Ayrılığın əvvəli
Yol uzunu
Şuşada qış
Şuşada ölməklə Şuşasız ölməyin fərqi
Qardaşımın barmaqları