Hikmət Sabiroğlu
İndi nə qədər uzaqda qalmış ilıq bir yay gecəsinin söhbətidir. Ötən əsrin 91-ci ili. Gül-çiçək kolları arasında çay süfrəsi. Şuşa çayxanası!
Dostlarla dərdləşirik. Söhbət eldən gedir.
Uca dağlardan aşağı – heçliyə yuvarlanacağımızı ağlımıza gətirməsək də, içimizi doğrayanlar söhbətin səmtini dəyişməyə qoymur. Həm də Ramiz qoymur:
– Qaqa, dava olacaq, vallah, dava olacaq, dava hələ başlamayıb.
Biri simsarımız olan iki nəfər gəlib çıxır söhbətin şirin yerində (Bəlkə də “acı yerində” demək lazımdır, amma el söhbəti acı olmaz). Keflidirlər. Kefləri kök yox, kefli. Ona görə dərhal aranı qatırlar. Bizim “millət söhbətini” lağa qoya-qoya, məzələnə-məzələnə. Bayaqdan ara-sıra nəyisə zarafata salıb söhbətə yüngüllük gətirmək istəyənlər də kefli dostların hır-hır hırnaşmasının çökdürdüyü ağırlığın altında əzilir.
Neçə dəqiqə belə keçir: hır-hır, hır-hır, hır-hır…
Ramiz qəfil partlayır. Üzünü iki kefliyə tutur, amma həm bir nəfərə deyirmiş kimi, həm də hamıya deyirmiş kimi coşur:
– Ə, qaqa, mən müharibədə ölüb burda, Şuşada, torpağımda qalacam! Siz harda gəbərəcəksiniz, mundar olacaqsınız, bilmirəm!
Keflini ayıldacaq gücdə sərt deyir. Tək onu məzəyə tutmağa cürət eləmiş o iki nəfərə yox, hamıya deyir elə bil.
***
O məclisdəkilər hamısı sağdır. Bir Ramiz sağ deyil.
Şuşanın işğalından bir həftə əvvəl döyüşdə şəhid olmuş, Şuşa torpağına dədə-baba qaydasında verilmiş son azərbaycanlı. Ramiz Qəmbərov. Azərbaycanın Milli Qəhrəmanı.
***
O ilıq yay gecəsində ölüm hökmü kimi oxunmuş sözlər bumbuz sudur – illərdir başımdan axıb canımı isladır:
– Şuşada, torpağımda qalacam! Siz harda gəbərəcəksiniz, mundar olacaqsınız, bilmirəm!
Bu sözləri xeyirdə – “Şuşanın dağları”na qol götürüb oynayan şuşalını görüb xatırlamışam. Şərdə – kefli başına maşın sürüb dağdan yuvarlanan, narkotikin gücündən ürəyi partlayan şuşalının yasında xatırlamışam.
Güləndə də, ağlayanda da xatırlamışam.
Ümidsiz olduğum, gücüm-taqətim qalmayan vaxtlarımda da, sevgidən göydə uçan çağımda da xatırlamışam. Birində zəifliyimdən, birində xoşbəxtliyimdən utanıb xatırlamışam.
Belə sağam. Həmin gecənin bütün söhbətdaşları sağdır. Kim necə sağdır, özü bilir. Mən özümün necə sağ olduğumu deyirəm.
Ramiz kimi Şuşada ölmək var. Bir dəfə ölmək. Şuşadan ötrü ölmək. Bir də var Şuşasız ölmək. Hər gün ölmək. Qoy lap olsun Şuşadan ötrü ölmək. Ramiz buna ölmək deməmişdi.
***
Şuşanı daş-daş, kərpic-kərpic tanıyan şuşalı balası var – İlhami Fətəliyev. Yadınıza salın, 2007-ci ildə Dağlıq Qarabağa səfər edən ziyalı heyətində vardı. Gələndən sonra “Media forum”a danışmışdı:
– Qəbiristanlıqda əvvəl bir fatihə verdim. Sonra bir qədər də irəli getdim… (Gözü yaşarır) Qəbir nə gəzir…
Düşdüm dədəmin qəbrinin üstünə. Onu da vaxtilə əkdiyimiz çinardan tanıdım. İki çinarın birini kəsiblər…
Kişinin sinə daşını sürüyüb 5-6 metr qırağa çəkiblər, başdaşı da çilik-çilik olub.
Görünür, çıxarmaq istəyiblər, bacarmayıblar, sınıb.
Bura qədər məndə qəhər olmamışdı… Çox enmişdik aşağı. Ordan yuxarı çıxanda gördüm ki, ayaqlarım tutuldu. Həqiqi mənada tutuldu. Addım ata bilmədim…
(Bayaqdan yalnız siqaret çəkəndə əlindən yerə qoyduğu məhrəbanı gözünə sıxır) Fikirləşdim ki, özümü zora salaram, yıxılaram. Dayandım, operatora dedim ki, sürücüyə de, aşağı sürsün, məni götürsün. O da qaçıb bir az su gətirdi. Maşın arxamca endi.
***
Hərdən hönkür-hönkür ağlamağa keçdiyi müsahibəsində iştirak etmişdim. Bu yaxınlarda yenə bir yerdəydik. Bu dəfə olduqca ağır tibbi əməliyyatdan necə çıxdığını danışırdı. Söhbətə belə nöqtə qoydu: “Məni ora elədi”.
Ora – Şuşa!
O ağır Şuşa ziyarətindən sonra xəstəlik tapıb. Ürək xəstəliyi.
Söhbətimiz boyu ağrı saçan çöhrəsindən, kədərli gözlərindən yayına-yayına sızıldadım.
Belə sağam. Ramiz kimi ölməyəndə – bir dəfə ölməyəndə belə ölürsən. Ən yaxşı halda belə ölürsən.
***
Hər Şuşadan söhbət düşəndə anam “Bircə torpağım Sabirin torpağına qarışaydı” deyərdi. Atam Şuşada dəfn olunub. Bacımdan, xəritəsində Şuşa adında şəhəri olan ölkənin paytaxtında dəfn olunan bacımdan sonra bu söhbət bitdi.
O ananın oğlu kimi sağ olmaq var.
Ata, ay ata! Nə yaxşı sən o qadının əri kimi sağ deyilsən. Nə yaxşı Şuşada ölmüsən.
***
Şuşadan ötrü ölmək var. Bir dəfə ölmək. Şuşada ölmək.
Bir də var bu sözləri oxuyub ölmək. Əli Şuşanın qanına batmış Serj Sərkisyanın sözləridir:
– Son 200 ildə Şuşa ən azı 10 dəfə əldən-ələ keçib. Ona görə bizə çox əzizdir.
Dünən bu sözləri zəhər kimi başıma çəkəndən ürəyim kirimədi.
Bütün gün Ramizin sözləri yadıma düşdü:
– Şuşada, torpağımda qalacam!
***
Bir yay gecəsindən başlayan söhbəti tamamlayanda dost jurnalistin lap çoxdan mənə ünvanladığı sözləri xatırladım:
– Səni Şuşada basdırım!
Ölüm xəbərimin tanıyanlara Şuşadan yetişməsi mənim də arzumdur.
28 oktyabr 2009
Müəllifin başqa yazıları:
Ayrılığın əvvəli
Yol uzunu
Şuşada qış