Novator (Professor Həmid Vəkilovun “sənət tablosu”ndan fraqmentlər)
Rafiq Hacıyev
yazıçı-jurnalist, Cəfər Cabbarlı Mükafatı laureatı
yazıçı-jurnalist, Cəfər Cabbarlı Mükafatı laureatı
…Qəfildən dil olub dillənən sədəfli tarın müxtəlif rakuslardan konturları
Kim görüb barmaqlardan
günəş süzüldüyünü?
Kim görüb barmaqlardan
simlərin üzərinə,
insanın xəyalına,
qəlbinə, gözlərinə –
yaqut səpildiyini,
inci düzüldüyünü?
Elə isə diqqətlə bax
işıqlı səhnəyə sən,
xəbər tut dünyamızın
böyük möcüzəsindən!
B.Adil
Anfas. Duyğularım “qəlbi arzularla, gözü günəşlə, sinəsi bu günün sözüylə dolu” çinar ömürlü şair Rəsul Rzanın “Rənglər” silsiləsinə daxil olan, rəsmdən fəlsəfəyə doğru poetik və dialektik bir cığır kimi səciyyələnən şeirlərinin rəng çalarlarına bənzəyir: ağ, şirmayı, gümüşü, püstəyi, mavi, tünd qəhvəyi, narıncı, qızılı, bənövşəyi, sürməyi, çəhrayı, al qırmızı, firuzəyi, innabı, sumağı…
İnsanı fikirləndirən, həyəcanlandıran və bilgi məcmusunu zənginləşdirən bu şeir-rənglərin “musiqi kimi ahəngi, üvertürası” Həmid Vəkilovun tarının səsi və virtuoz ifası ilə xəyalımda “əlvan səhifələr açıb” canlandırır. Çalğı nəinki bu şeir-rəngləri mənalandırır, rövnəqləndirir, həm də onlardakı gizli və qeyri-adi cizgiləri – “arzuları, həsrəti, dərdləri” üzə çıxarır, psixoloji məqamları, dərin hissləri qabardır.
Düşünürəm ki, tarın da rəssam fırçasına bənzəri var. Birində müxtəlif musiqi çalarları, digərində isə rənglərin duyğulandırıcı əlvanlığı. Hər ikisi insan əlləri ilə nəfəs alır, insan əlləri ilə danışır, sənətin ecazkar qüvvəsini insan əlləri ilə göstərir. Rənglərdə musiqi, melodiyalarda isə rəng.
Yəqin ki, rəssamlıq sənəti haqqında gedən söhbətlərdə, mübahisələrdə, habelə sərgi salonlarında tez-tez işlənən belə ifadələr eşitmisiniz: “oxuyan rənglər”, “sakit rənglər”, “qışqıran rənglər”, “isti rənglər”. Bu deyilənlər hər şeydən əvvəl təsviri sənətlə musiqi sənətinin bir-birinə nə qədər yaxın və doğma olduğunu göstərir. Sakit və isti rənglər tamaşaçının gözlərini oxşamaqla yanaşı, qulaqlarında həzin və ahəndar melodiyalar kimi səslənir. Belə rənglər kövrək musiqi parçası kimi əsəbləri sakitləşdirir, insanları harasa uzaqlara, doğma və əziz, yaxın xatirələrin qoynuna aparır. Həmidin tarının səsi də, çalğısı da belədir. Onun mizrab fırçası rəngləri bütün çalarları, bütün ahəngdarlığı ilə “səsləndirir”.
Mavi… Coşqun şövqlə çalınan “Orta mahur”un bədii sadəliyi, ifa tərzinin aydınlığı, ürəklə texnikanın, hisslə ustalığın harmonik vəhdəti, musiqi cümlələrinin dolğunluğu, xüsusilə barmaqların muğamın “Bərdaşt” hissəsində işlətdiyi mizrabların dinamizmi “musiqini gözlə eşitməyə” şərait yaradır. Bəlkə də bu ondan irəli gəlir ki, ifaçının sağ və sol əl texnikası, çalğı üslubu saysız-hesabsız, zəngin, gözəl və valehedici xallar toplusu ilə son dərəcə yüksək bədii səviyyədə bir-birini tamamlayır.
Sürməyi… Tarzənin “Bayatı-Şiraz”dakı gəzişmələrinə, özümlü xallarına, ən münasib, ən müvafiq vasitə və ifadə yollarını seçib işlətmək məharətinə, pərdələrin məlahətli tembrinə heyran qalmamaq mümkün deyil: melodiyanın sintezi, qırılmaz məntiqi əlaqəsi, ifada yaranan vahid ansambl duyğusu.
Bənövşəyi… Həmid sanki rəssam sayağı əsrarəngiz mizrab palitrasının əlvan çalarları sayəsində musiqidə işlətdiyi cizgilərlə, yaratdığı bitkin, melodik ifadələrlə – lad-intonasiya boyalarıyla obrazın: muğamın, yaxud da klassik əsərin məna və mətləb zənginliyinin ahəngdarlığını, harmoniyasını yaradır, bu zaman fikrinin pəncərəsi olan göz bəbəklərində nələri canlandırmır?
Sumağı… Müxtəlif üslubu, öz dəst-xətti olan tarzənlərin ifasında “Şahnaz”ı dəfələrlə dinləmişik. Lakin Həmid bu muğamı tam müstəqilliklə və təkraredilməz rəngarəngliklə dinləyciyə çatdırır. Onun tarının incə təranəsi qəlbi riqqətə gətirir. Muğamın özünəməxsus şərhində o öz “simi”ni, öz “barmaqları”nı, öz “mizrabı”nı məharətlə nümayiş etdirir.
Narıncı… Şüura, idraka, məntiqə əsaslanan ifanın özülünü dərin ifadəlilik təşkil etdiyi üçün çoxelementli struktura malik tutumlu və əhatəli çalğıda məntiqi təfəkkür, daxili ahəng, səs rəngarəngliyinin müxtəlifliyi, zənginliyi, əsl dramatizm və parlaq obrazlı qarşılaşdırmalar dinləyicini valeh edir.
Çəhrayı… V.Montinin “Çardaş” əsəri, F.Mendelsonun “Skripka ilə orkestr üçün konsert”i, P.Sarasatenin “Əndəlüs” romansı və “Qaraçı havaları”… Bu əsərləri bütün romantik vüsəti ilə çalmaq şərəfi hər ifaçıya nəsib olmur. Həmidin çalğısında onun yaradıcılıq simasının ən ümdə şərtlərini – musiqi fakturasında psixoloji xarakteri gözəl əks etdirməsini, emosional xüsusiyyətləri konkret və düzgün formalarda verməsini, parlaq ifadəliliyi, mizrab palitrasının müstəsna zənginliyini, harmonik dilin koloritini, alətin bütün pərdələrinin ifadə imkanlarını nümayiş etdirmək cəhdini görürük.
İnnabı… Bəlkə də bu virtuoz ifaçılıq məziyyətləri, müxtəlif səs bəzəkləri, məna və fərq incəlikləri yaratmaq ustalığı muğamın və klassik əsərlərin məntiqinə son dərəcə uyğun olduğu üçün Həmidi “ştrix (mizrab) müğənnisi” də adlandırmaq olar.
Qızılı… Bir dəfə Qurban Pirimovdan soruşublar ki, onun gözəl ifaçılıq məharətinin sirri nədədir? Qoca tarzən özünə xas bir tərzdə sağ əlilə əvvəlcə başını, sonra da ürəyini göstərərək deyib: bununla bərabər bu da olmalıdır! Bəli, Həmid əsl sənətdə ağılla hissin vəhdətini – bu böyük həqiqəti öz qüdrətli sənəti ilə təsdiq edib.
Firuzəyi… Görkəmli alim Cəfər Cəfərov yazırdı ki, klassik əsərlərin daxilində müasirlik həmişə yaşayır. Onu əsərə biz daxil etmirik, onun öz varlığında bu keyfiyyət var. Elə ifaçının da məharəti ondadır ki, o, muğamatın mayasında və canındakı müasirliyi əla dərk və şərh etməyi bacarır. Eyni zamanda muğamları müasirliyə yaxınlaşdıran keyfiyyətlər zəminində axtarışlar aparır, tapdıqlarını tamamilə bu zəminə əsaslanmaqla cilalayıb, obrazın obyektiv inkişafını düzgün istiqamətləndirə bilir.
Tünd qəhvəyi… Həmid barədə oçerk yazmağımın başlıca səbəbi də onun məhz belə bir yüksək ifaçlıq bacarığına və səyinə malik olması, tarın daha da təkmilləşdirilməsi yolunda apardığı islahatlardır.
Bu söhbətə bir azdan qayıdacağam. Hələliksə…
Başlanğıc. Ömrün o başından bir neçə eskiz. Sənətdə mətinləşmə və sınaq dövrü. Tarın diapazonunun genişləndirilməsi yolunda atılan ilk addımlar
“O gözləyə bilmirdi, onun bütün varlığında nəsə tələsirdi. Onun dühası, tükənməz iradəsi novatorluğa, yaradıcılığa tələsirdi”.
Çexovun Meyerhold haqqında dediklərindən
Geniş dinləyici kütləsinin zövqünü oxşamaq məqsədinə xidmət edən virtuozluğun yüksək səviyyəsinə çatmaqda heç şübhəsiz ki, Həmidin bir sənətkar olaraq öz “sirri”, məhz özünəməxsus müəyyən çalğı metodu (bəlkə də bu metod onun istedadı ilə birləşdiyi üçün bir “sirr”ə çevrilib), novatorluğu var və indi oxuyacağınız yazıda mən həmin novatorluğun görünən əsas cizgilərini çəkməyə çalışacağam.
Eyni zamanda tarzənin bu aləti kökləmə tərzini, müxtəlif texniki çətinliklərin öhdəsindən gəlmək üçün işlətdiyi üsulları və tətbiq etdiyi metodikanı – yaradıcılığındakı “rəngkarlığın” xüsusiyyətlərini araşdırmaq üçün də səy göstərəcəyəm…
…1949-cu ildə Bakının Binəqədi kəndində ziyalı ailəsində (onun atası da, anası da orta məktəb müəllimi olub) dünyaya göz açmış Həmid 8 yaşında ilk dəfə Pionerlər evində Əlağa Mövsümovun rəhbərlik etdiyi dərnəkdə tarı görüb.
Bu görüşün ilk təəssüratı, dərk etdiyi ilk gözəllik, valeh olduğu ilk möcüzə, duyduğu ilk fərəh tarda ifa edilən muğam və onun bağışladığı sevinc olub. Həmin dəqiqədən də bir uşaq marağı ilə, musiqi ətrindən rayihələnmiş bir istəklə ona vurulub, böyük həvəs göstərib.
O zaman heç kəsin ağlına gəlməyib ki, illər, uzun-uzun illər keçəcək və Pionerlər evindəki zil qara saçlı balaca oğlan bu gün hamının sevimlisi Həmid Vəkilov olacaq.
Sənət gülzarına və sabahkı qələbələrə atılan ilk kövrək qədəmləri buradan başlayıb. Elə o çağdan indinin bu saatına kimi tar onun ömürlük sirdaşına, yol yoldaşına çevrilib.
Sonra zil qara saçları həmişə səliqə ilə daranmış, baxışlarında qətiyyətlilik hiss olunan balaca oğlan Uşaq Musiqi Məktəbinin tar sinfində müəllim Azər Rzaquliyevdən tar sənətinin incəliklərini və musiqiyə heyranlığı öyrənib. Birinci kərə tarda “Suliko” mahnısını həvəslə çalıb.
Titrək barmaqları simlər üzərində yaxşı gəzməsə də balaca Həmidin inadkarlığı, çalışqanlığı ümidlərə işıq verib.
Daha sonra…
Ümid işığının yolu onu 1962-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə gətirib. Burada əvvəl Rəhilə Kərimovanın, sonra mahir tarzən Sərvər İbrahimovun və əməkdar artist, ürək çalğıçısı Əhsən Dadaşovun sinfində bir-birini uğurla əvəz edən tədris illərinin şagirdi olub.
Rəhilə xanımın not, Sərvər və Əhsən müəllimin muğam dərslərini mükəmməl mənimsəyib, bu adamların qayğısı, zəhməti və böyük tələbkarlığı onun gələcək müvəffəqiyyətlərinin başlıca rəhni olub.
Belə istedadlı sənətkarlardan ifaçılığın sirlərini öyrənib muğamların, xalq mahnılarının, görkəmli bəstəkarların əsərlərinin üzərində yorulmadan çalışdığı zamanlarda Həmid hiss edib ki, tarın ifaçılıq imkanları olduqca çox zəngin və sonsuzdur. Lakin instrumental ifaçılar tərəfindən bu imkanlar axıra qədər açılmayıb və onlardan yetərincə istifadə olunmayıb. O, tarda texniki çatışmazlıqları görüb və bunların aradan qaldırılması üçün düşünüb və yollar axtarıb.
Həmid son kursda F.Mendelsonun “Skripka ilə orkestr üçün konsert”ini və P.Sarasatenin “Qaraçı havaları”nı dövlət imtahanında çalmağı qərarlaşdırsa da, çalışma zamanı bu istəyinə nail ola bilməyib. Çalışma əsnasında görüb ki, “Qaraçı havaları” əsərindəki 3-4-cü oktavalıq pasajları orijinalda olduğu kimi tarda çalmaq mümkün deyil. Tarın səs hüdudu (diapazon) 2,5 oktava olduğuna görə passajları 2-3 yerə bölüb çalmağın mənası da yox idi. Bu halda əsərin orijinallığı, virtuozluğu, yəni bədii-estetik dəyərləri itmiş olurdu.
Həmid vəziyyətdən çıxış yolunu ilk olaraq tarın ən qalın simi olan “bəm sim”in istifadəsindən başlayıb. Həmin sim tarda yalnız muğamın ifası zamanı əsas tonu daha dolğunlaşdırmaq üçün musiqi cümləsinin sonunda sanki bir nöqtə vəzifəsini görürdü. Not çalğısında isə həmin simdən istifadə olunmurdu.
Təsadüfi deyil ki, tar haqqında yazan musiqişünaslar da tarın diapazonundan bəhs edərkən onun kiçik oktavanın “do” səsindən 2-ci oktavanın “lya” səsinə qədər, yəni 2,5 oktavaya qədər malik olduğunu qeyd edirlər. “Bəm sim” isə tarın qolundan aralı keçirdi və digər fəal simlərdən fərqli olaraq onda barmaq qoyub çalmaq mümkün deyildi.
Həmid həmin “bəm sim”in istinad etdiyi kiçik xərəyin çıxıntısını (tarzənlər buna “quş” və ya “xoruz” deyirlər) ləğv edib. Bununla da “bəm sim”i digər simlərin səviyyəsinə endirərək onu fəal simə çevirib. Eyni zamanda tarın qolunun eni 7 sim üçün bir az yetərsiz olduğuna görə onu 2-3 mm genişləndirib və istədiyi nəticəni alıb. Beləliklə, tarın diapazonu aşağı registrə doğru xromatik olaraq xalis kvarta həcmində, yəni 8 tar pərdəsi qədər artıb və 2,5 oktavadan tam 3 oktavaya yüksəlib.
Lakin klassik musiqi xəzinəsindən daha səmərəli istifadə etmək üçün 3 oktavalıq diapazon da Həmidə yetərli olmayıb. “Skripka ilə orkestr üçün konsert”in və “Qaraçı havaları”nın yuxarı notlarının (zil yerlərinin) tarda ifası zamanı diapazon yetərsizliyi yenə də onun qarşısına çıxıb. Bu dəfə o, tarın qolunun sonluğunu bir az uzadıb. Tarın diapazonu 3,5 oktavaya çatıb.
Həmid 3-cü oktavanın “do”, “re”, “mi” və sair notlarını çalsa da ancaq bu səslərin keyfiyyəti onu lazımınca qane etməyib. Çünki uzadılmış kiçik sonluq 3-cü oktavanın “do” səsindən sonra bitdiyinə görə tarzən “re”, “mi” və s. bu kimi zil notları kiçik çanağın üz pərdəsi üzərində çalmaq məcbuririyyətində qalıb. Bu səbəbdən də həmin səslər qüvvətli və dolğun alınmayıb.
Bu çatışmazlığı da gənc tarzən müvəffəqiyyətlə həll edib. Bunun üçün kiçik çanağın yüksəkliyini 1 sm-ə qədər endirib, qol sonluğunu kiçik çanağın üzərindən 2-3 mm-lik məsafə ilə böyük çanağa qədər uzadıb. Rekonstruksiya nəticəsində tarın diapazonu 2,5 oktavadan 4 oktavaya qədər artıb.
Bu yeniliklər Həmidə 1967-ci ilin dövlət buraxılış imtahanlarında “Skripka ilə orkestr üçün konsert”i və “Qaraçı havaları”nı orijinaldakı kimi eynilə çalmağa imkan yaradıb. Bu uğurdan sonra əmin olub ki, tar texnikasında yeni effektlərdən istifadə etmək mümkündür.
Həmin il o, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tələbələri ilə birlikdə neçə-neçə konsert səfərlərinə gedib, yuxarıda bəhs olunan musiqi proqramı və tarın diapazonu ilə bağlı həyata keçirdiyi yenilikləri müvəffəqiyyətlə nümayiş etdirib.
Həmid neçə-neçə sənət sınağından çıxıb, səhnəyə, ifaçılıq dünyasına təsadüfən gəlmədiyini tələbkar tamaşaçılar, mütəxəssislər qarşısında sübuta yetirib. Bu çıxışlardakı incəlik, coşqun daxili ehtiras və gözəl ifaçılıq texnikası göstərib ki, o, seçdiyi sənətə ürəklə yanaşır, təcrübəli müəllimlərinin etimadını doğrultmaq üçün səy göstərir.
Konservatoriyada təhsil illəri. Ümumittifaq musabiqə qalibi. Tarda əsaslı islahatlar aparmağın zamanı
1967-ci ildə qəbul imtahanlarını “əla” qiymətlərlə verib Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) tələbələri sırasına qoşulub. Həmidin çalğısı, biliyi, istedadı bu müqəddəs musiqi ocağında daha da canlanıb, püxtələşib. Tələbkar sənət müəllimləri Sərvər İbrahimovdan və Əhsən Dadaşovdan aldığı mükəmməl dərslər onun istedadını, geniş yaradıcılıq imkanlarını vahid məqsədə doğru istiqamətləndirib.
Xasiyyətində başlıca keyfiyyət olan çalışqanlıq professional ifaçılıq sənətinin sirlərini qavramaqda ona yaxın köməkçi olub. Kursdan kursa keçdikcə bir sənətkar kimi püxtələşib, onun ifaçılıq üslubu formalaşıb.
Konservatoriyadakı təhsil illərində yüksək ifaçılıq sənətkarlığı tələb edən klassik muğamları, eləcə də konsert janrında yazılımış bir sıra böyük həcmli mürəkkəb əsərləri, rus və Qərb bəstəkarlarının tar üçün köçürülmüş müvafiq pyeslərini qüsursuz çalmaq bacarığı və məharəti ilə fərqlənib.
Həmin ifalar zamanı qarşıya çıxan passajların və mürəkkəb xalların (mizrabların) lazımi səviyyədə icrası musiqi ictimaiyyəti tərəfindən tar ifaçılıq tarixində yeni addım kimi yüksək dəyərləndirilib. Yuxusuz gecələr, yorulmaz novator axtarışları, böyük inadcıllıqla çalışmaq ona sənət aləmində “öz sözü”nü deməyə əsas verib.
Xalq artisti, professor Səid Rüstəmovun dəvəti ilə gənc tarzən hələ tələbə ikən Azərbaycan Televiziyası və Radiosunun xalq çalğı alətləri orkestrinə qəbul olunub. Bir müddət orkestrdə çalışıb.
Beş il sonra Konservatoriyanı 3 ixtisas üzrə (Azərbaycan xalq çalğı alətləri orkestrinin dirijoru, solist konsert ifaçısı və müəllim) “əla” qiymətlərlə bitirən Həmid əvvəl Uşaq Musiqi Məktəbində, daha sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbində tardan (ixtisas və muğam sinifləri üzrə) dərs deyib. Müəllimliklə yanaşı ifaçılıq fəaliyyətini, tar üzərində axtarışlarını davam etdirərək bir sıra yeniliklər həyata keçirib. Tar üçün əsərlər işləyib. Azərbaycan Musiqi-Estrada Birliyi xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru olarkən 1978-ci ildə ixtisas fənnindən dərs demək üçün Konservatoriyaya tar müəllimi vəzifəsinə təyin olunub.
Estrada artistlərinin 1979-cu ildə Leninqradda (indiki Sankt-Peterburq) keçirilmiş altıncı Ümumittifaq müsabiqəsində minədək gənc ifaçının arasında tarzən Həmid Vəkilov da müvəffəqiyyətlə yarışıb, dinləyicilərin bədii-estetik tələbini ödəyən musiqi nömrələri çalaraq tamaşaçıları heyran edib, onlara əsl sənət möcüzəsi yaşadıb.
Tarzənin kamil not savadı, ağlın və hissin vəhdətinə əsaslanan çalğısı müsabiqənin münsiflər heyətinin üzvü məşhur rus bəstəkarı Mark Fradkini aşağıdakı sözləri deməyə “məcbur edib”: “Biz çox şadıq ki, Azərbaycan müsabiqədə bir nəfərlə təmsil olunsa da əsl mahir ifaçı göndərib”.
Həmid müsabiqədə klassik muğam ifaçılığı təcrübəsinə dərindən yiyələndiyi, xalqımızın muğamdakı bədii duyum xüsusiyyətlərini yeni orijinal boyalarla dinləyicilərə aşıladığı üçün xüsusi fərqlənib və yarışmanın birincisi olub. O, “Mahur hindi” muğamının ifası ilə dinləyicilərin diqqətini özünə çəkib. D.Şostakoviçin “Romans”ını, A.Zeynallının “Muğamsayağı”sını, “Korobeyniki” rus xalq mahnısı əsasında variasiyaları səsləndirməklə bir tərəfdən özünün bədii maraq dairəsinin genişliyini, məharətini və hazırlığını, digər tərəfdən isə tarın imkanlarını, onun ahəngindəki əsas keyfiyyəti – ifadəliliyi nümayiş etdirib.
Sonrakı turlarda tarzən “Çahargah” və “Orta mahur” muğamlarını, Q.Qarayevin “İldırımlı yollarla” baletindən “Ehtiraslı rəqsi” və C.Cahangirovun “Rondo”sunu ifa edib və yüksək sənətkarlıq keyfiyyətləri ilə hamıda dərin maraq doğurub.
Onun ifasında hər əsər, o cümlədən muğamlar vahid məzmun əsasında səslənib, dinləyiciləri məftun edib. Nəticədə münsiflər heyətinin sədri, SSRİ xalq artisti Arkadi Raykin Həmidin adını lauretalar sırasında birinici çəkib, Azərbaycan tarı müsabiqədə qalib gəlib!
Bax, bu yerdə siz onun insan düşüncəsinin fövqündə olan mükəmməl sənətini və çalğısını daha da geniş təsvir edəcəyimi düşünürsünüzsə, məndən həddən artıq çox şey gözləyirsiniz.
Uğurlu (olduqca uğurlu!) müsabiqədə Həmidin çalğısı o dərcədə orijinal və bənzərsiz olub ki, bu yazıda bunun təhlilini vermək və bağışladığı təəssüratlardan (bunu həmin illərin müxtəlif qəzet materialları da təsdiq edir) danışmaq mümkün deyil.
Leninqradda qazandığı yüksək sənət nailiyyətindən sonra Həmid tarı təkmilləşdirməyin labüd olduğunu dərk edib, bu alətdə əsaslı islahatlar aparmağın zamanı çatdığını qətiləşdirib və müəllimlərindən mənimsədiyi təcrübəyə arxalanıb axtarışlarını cəsarətlə davam etdirmək üçün həvəslə bu işə girişib.
Sual verə bilərsiniz ki, tardakı bu problemlər, çatışmazlıqlar nədən ibarət olub axı?
Sualınıza cavab verməyin bu məqamında Həmid Vəkilovun özü söhbətimə qoşulur:
– Azərbaycan tarının inkişafı əsasən ustad tarzən Mirzə Sadıq Əsədoğlunun və dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Tarixən çox gözəl tarzənlərimiz olub və şükür ki, bu gün də var. Ancaq onlar tarda texniki imkanlar sahəsində yeniliklər etməyiblər. Nə üçün? Çünki buna ehtiyac duymayıblar. Niyə ehtiyac duymayıblar? Ona görə ki, onlar ya sələflərinin çaldıqlarını (muğamlar, rənglər, diringilər və s.), ya da tar üçün xüsusi yazılımış əsərləri çalıblar. Yaxud da tarın mövcud imkanlarına əsaslanaraq Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini tara uyğunlaşdırıblar.
Mən yuxarıda “mövcud” sözünü təsadüfən vurğulamadım. Tar üçün köçürmələri həyata keçirən musiqiçilər və yaxud da bəstəkarlar əsərləri tara uyğunlaşdırıblar. Amma tarı əsərin orijinalına, bədii-estetik gözəlliyinə və fəlsəfi mənasına uyğun olaraq dəyişməyə (kiçicik olsa da belə) cəhd göstərməyiblər. Maraqlıdır, bəs görəsən, başqa sənətkarlar tərəfindən tarda dəyişikliklər etmək təşəbbüsü olubmu?
Əlbəttə, müxtəlif dövrlərdə bəzi sənətkarlar tarda dəyişikliklər etsələr də bu reformalar ifaçılıq həyatında kütləvi hal ala bilməyib. Ona görə ki, bu çalışmalar müəyyən bir klassik musiqinin bədii-estetik və fəlsəfi dəyərinin tam dolğunluğu ilə tarda ifa edilməsi arzusuna əsaslanmayıb. Bu baxımdan həmin çalışmaları bir laboratoriya təcrübəsinə bənzətmək olar…
…Alətin diapazonunu genişləndirdikdən sonra bu istiqamətdə Həmid ilk olaraq, tarın kəllə hissəsini təkmilləşdirməkdən başlayıb.
Profil. Tarın inkişafı istiqamətində görülmüş işlərin səciyyəvi xüsusiyyətlərini əks edən eskizlər
“Həmid yüksək texnikaya malik olan bir nömrəli tarzəndir. İfaçılıq aləmində belə sənətkarları barmaqla saymaq olar. Onun əldə etdiyi səslənmələr, ürəyəyatan xalları, xırdalıqları elə ilk andan seçilir. Tarın gələcəyi üçün Həmid çox işlər görüb. Mən, şəxsən bunu alqışlayıram”.
Əliağa Quliyev, xalq artisti, tarzən
…Tarın köklənməsində (simlərin tənzimlənməsində) 9 aşıq və 11 sim önəmli rol oynayır. Tənzimlənmə zamanı bu aşıqların və metal simlərin əl üsulu ilə təxmini, gözəyarı köklənməsi kimi həssas bir işin yerinə yetirilməsi tələb olunur.
11 simin 11 aşıqla deyil, 9 aşıqla tənzimlənməsi bəlkə də dünyada bənzəri olmayan bir haldır. Tarın kəllə qismi simlərin ahəndar köklənməsində önəmli əhəmiyyət kəsb edir. Tar kamanla çalınan (yaylı) alətlərdən fərqli olaraq mizrabla çalındığı üçün ifa zamanı simlərə böyük yük düşür. Məsələn yarım not uzunluğunda bir səsi kamanla çalarkən kamanın simə təması nəticəsində sim bircə dəfə kiçik zərbə alır. Ancaq həmin yarım notu tarda, balalaykada, mandolina və s. mizrablı alətlərdə tremola şəklində çaldıqda sim ən azı 32 mizrab zərbəsinə məruz qalır. Bu halda tarın kəllə qisminin nə dərəcədə etibarlı olduğuna nəzər salaq.
Tarın aşıqları və onlar üçün kəllədə açılan oyuqlar xüsusi dəqiq alətlərlə deyil, əl üsulu ilə gözəyarı və təxmini hazırlanır. Aşıq qutusu ayrı-ayrı hissələrdən ibarətdir. Bu hissələri bütöv bir hala gətirib simmetrik vəziyyətdə tarın qolu ilə həssaslıqla birləşdirmək çox çətin işdir. Bundan başqa tardakı zəng simlərin hər bir cütü bir aşıqla tənzimlənir. Belə vəziyyətdə zəng simlər bir müddət çalındıqdan sonra üst simə mizrabla vurulduğundan üst sim boşalıb bəmləşir, alt sim isə gərilərək zilləşir. Nəticədə uyğunsuzluq yaranır və simlər kökdən düşür.
Digər simlərin köklənməsinə maneə yaradan ünsürlərdən biri də aşıqların və kəllənin taxtadan olmasıdır. Eyni növ ağaclardan hazırlanmış aşıq və aşıqlıq (aşıq qutusu) simlərin keyfiyyətli köklənməsi üçün heç də lazımi təlabata cavab vermir.
Belə ki, hava quru olduqda aşıqlar quruyub incəlir, aşıq oyuqları isə genişlənir. Və yaxud havanın nəmliyi artdıqda aşıqlar şişir, aşıq oyuqları isə daralır. Havadakı dəyişikliklər tardakı mövcud kəllə sisteminə mənfi təsir göstərir. Başqa sözlə desəm, tardakı mövcud kəllə sistemi ətraf mühitin tələbatına lazımınca cavab verə bilmir. Bundan əlavə qısa zaman daxilində aşıqların aşılanaraq incəlməsi, aşıq oyuqlarının genişlənməsi tarın kökünün pozulmasına və tez-tez təmirə ehtiyac duyulmasına səbəb olur.
Göstərilən problemləri aradan qaldırmaq üçün Həmid tarın kəllə hissəsini yeni prinsipə əsasən təkmilləşdirib. Ən əvvəl taxta aşıqlardan imtina edib. Əvəzinə müasir dünyada mizrablı alətlərdə istifadə olunan və Arximedin sonsuz vintinə əsaslanan qurğular tətbiq edib (yeri gəlmişkən bu qurğuları “aşıq” deyil, simi ayarlayan mənasını verən “simayar” adlandırmağı məqsədəuyğun sayıb). Bu halda hər bir sim bir simayarla tənizimlənmiş olur.
Zəng simlərə gəldikdə isə tara bələd olanlar bilirlər: zəng simlər böyük xərəkdən sonra “diş”lərdən (qol pərdələri üzərindəki xərəkciklərdən) keçir, daha sonra bəzi qol pərdələrinin altından keçərək hər bir cütü bir aşıqla bağlanırdı. Zəng simlərin məruz qaldığı bu maneələri aradan qaldırmaq üçün Həmid simləri ayıraraq tək-tək pərdənin altından deyil, qolun üzərilə kiçik ötürücü çarxlardan keçirib və simayarlarla bağlayıb.
Bütün bu dəyişikliklərdən sonra tarın kəllə hissəsi təbii ki, şəklini dəyişib və 11 simayara malik keyfiyyətli, etibarlı və müasir tələblərə cavab verə biləcək bir sistemə qovuşub. Bir məsələni də xüsusi vurğulayım ki, tardakı bu yeniliklər çalğı üslubuna və səs tembrinə heç bir mənfi göstərməyib, əksinə, tar yeni yaradıcılıq imkanları ilə (zəng simləri istənilən səslənməyə uyğun kökləmək mümkündür) daha da zənginləşib.
Həmid hələ Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin sonucu sinfində oxuduğu vaxtdan tarın təkmilləşdrilməsi ilə bağlı davam edən fəaliyyətini, əldə etdiyi yenilikləri, nəhayət, ustanın məharətli işi ilə birləşdirib. 1981-ci ildə novatorluğu özündə əks etdirən yeni, professional tar sifariş verib. Tarzənin iştirakı və nəzarəti altında çalışan usta doqquz ay müddətində bir tar hazırlayıb. Daha sonra bir neçə tar da tələbələr üçün sifarış edilib.
Həmid həmin tarla uzun illər respublikamızda və dünyanın bir çox məşhur ölkələrində konsertlər verib, xalqımızın bu gözəl musiqi alətini və milli mədəniyyətimizi böyük uğurla təbliğ edib.
O, ifaçılıq aləminə, tar sənətinə yeniliklər gətirdiyi kimi, tarı həmişə ayaq üstə çalıb, ənənəvi qaydalara da təzəlik gətirib.
Eskizlərin davamı. Yeni çalğı üsulunun – “Həmidvari flojalet”in ixtirası. Tarın ayaq üstə ifasının üstünlükləri
“Həmid Vəkilov böyük interpretatordır. O, yüksək texnikaya, geniş musiqi duyumuna malik tarzəndir. Onun ifaçılıq aləminə, səhnə mədəniyyətinə gətirdiyi yenilklər maraq doğurur. Belə ki, əksər tarzənlərdən fərqli olaraq o, həmişə tarı ayaq üstə çalır”.
Çingiz Sadıqov, xalq artisti, pianoçu
…İllər bir-birini əvəz etdikcə Həmidin ifaçılıq repertuarı da təzə əsərlərlə zənginləşib. Tarda çaldığı hər bir yeni əsəri bədii-estetik dəyərini qoruyub saxlamaq şərtilə öz təfsirində dinləyicilərə təqdim edib. Bu təzə əsərlər Həmiddən müxtəlif çalğı maneralarını, tarda bizə məlum olmayan, alışmadığımız akkordları, bəzən də tamamilə yeni üsulların kəşfini və bunların həyata keçirilməsini tələb edib. V.Montinin “Çardaş”ı məhz belə əsərlərdən biri olub.
Dünyada çox geniş yayılmış bu əsəri tarda ilk dəfə Azərbaycanın məşhur tarzəni, gözəl sənətkar, unudulmaz Hacı Məmmədov çalıb. Daha sonralar digər sənətkarlar da onu öz reperuarlarına daxil ediblər. Əsərin orijinalında “flajolet” üsulundan istifadə olunur. Bu üsulla səslənən musiqi sanki tütək və ya fitlə çalınırmış kimi bir təsir bağışlayır. Yazılışından 2 oktava yuxarı çox zil səslənən melodiya tar üçün köçürmədə əksinə olaraq 1 oktava aşağı yazılıb və nəticədə 3 oktava aşağı səsləndirilib.
Bu əsəri Həmid də öz repertuarına daxil etməyə qərar verib. Ancaq onun tar üçün köçürülməsi ürəyincə olmayıb. Əsəri orijinalda olduğu kimi çalmaq arzusu ilə axtarışlara başlayıb.
Əvvəlcə tarda “flajolet” üsulu ilə çalmağın yolunu tapıb. Amma bununla istədiyi nəticəni əldə edə bilməyib. Daha sonra tarda “flajolet” səslənməsini andıran yeni bir üsulun kəşfinə nail olub. Həmin səslənməni ağ simdə böyük çanağın üzərində çalmaqla əldə edib. Bunun üçün sol əlin baş və üzük barmağı ilə ağ sim tutulur, şəhadət barmağı isə normal qaydaya uyğun surətdə simin üzərinə qoyulur. Bundan sonra isə mizrab vuruşlarının yardımı ilə ifa həyata keçirilir.
Musiqi dünyasında elə çalğı alətləri var ki, onların ifa tərzi (pozisiyası) həmin alətlərin qurluşu ilə sıx əlaqədardır. Məsələn, kamançanı, qanunu ayaq üstə çalmaq bu alətlərin təbiətinə uyğun deyil. Yaxud kontrabası normal stulda və ya bardaş quraraq oturub çalmaq qeyri-mümkündür. Amma elə çalğı alətləri var ki, onlar müxtəlif pozisiyalarda – oturaraq və ya ayaq üstə çalınır. Bunlara misal olaraq balaban, tütək, ney, zurna, dəf, qarmon, klarnet, fleyta və s. göstərmək olar.
Bəzi alətlər isə müxtəlif ifa pozisiyalarına malik olduqları halda düşüncəmizdə vahid pozisiyaya tabe olan alətlər kimi özünə yer tapıb. Bu, həmin alətlərin ifa tərzi ilə bağlıdır. Məsələn, saz orkestrdə oturaq şəkildə ifa olunur, ancaq heç kim aşığın sazı oturaraq çaldığını söyləməz. Çünki aşığın əsas ifa yeri xalq şənlikləri və toy məclisləridir. Geniş kütləyə xitab etmək üçün aşıq ayaq üstə çalıb-oxuyur, dastanlar söyləyir və yeri gəldikdə həm də oynayır. Hər bir alətin ifa tərzi bir növ onun keçdiyi tarixi yolun aynasıdır. Bu alətlər sırasına tarı da daxil etmək olar. Bu alətin keçib gəldiyi yola bir neçə cümlə ilə qısa da olsa nəzər salaq.
Tar qədim musiqi alətlərimizdən biridir. Xalq şənliklərində önəmli rolu olan bu alət lap qədim zamanlarda şah saraylarında da rəğbətlə qarşılanıb. Tar XX əsrə qədər sazəndə dəstələrinin tərkibində aparıcı alətlərdən biri olub. Doğrudur, bəzən gəlini gətirərkən ayaq üstə, ya da yeriyə-yeriyə tar çalmaq lazım gəlirdisə də 40 günlük, 1 həftəlik, 3 günlük toy məclislərində tarzən sazəndə dəstəsinin tərkibində saatlarla bardaş qurub, sonralar isə stulda oturub və vəzifəsini icra edib. Odur ki, tarzənin ayaq üstə tar çalması məntiqli deyildi.
Ancaq zaman ötdükcə Azərbaycan musiqisilə birlikdə tar da böyük inkişaf yolu keçib. Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasında ilk dəfə olaraq tarı simfonik orkestrin tərkibinə daxil edib. Bununla da tar solo alət olaraq işıqlı gələcəyə gedən yola çıxıb. Qurban Pirimov kimi sənət korifeyinin solo ifaçılıq ənənəsi bir çox tarzənlərin yetişməsinə zəmin yaradıb.
Milli musiqi mədəniyyətimizin varlığında və inkişafında ifaçılıq sənəti, o cümlədən, tar ifaçılığı da böyük önəm dayışıyıb. Artıq tar və simfonik orkestr üçün onlarca konsert, çoxlu pyes və s. əsərlər yazılıb. Tarda dünya klassik musiqi xəzinəsi incilərini yüksək səviyyədə ifa edə bilən tarzənlərimiz dünyanın bir çox ölkələrində, sanballı konsert salonlarında solo əsərləri çalmaq zərurəti ilə qarşı-qarşıya gəliblər.
Bu məqamda Həmid Vəkilov yenə də mənim söhbətimə qoşulur:
– Belə vəziyyətdə tarzən səhnəyə çıxarkən bir çox sualların təlaşını keçirir: Əcaba, tarım kökdən düşməz ki? Görəsən stul ifa üçün rahatdırmı? Oturacaq sərtdirmi, yumşaqdırmı? Stulun dirsəkləri varmı, yoxmu? Və ya stul mikrofondan hansı məsafədədir? İfaya başladıqdan sonra mikrofonun səs səviyyəsi tarzəni qane edəcəkmi? İfadan sonra stulu səhnədən tarzənmi aparacaq? və s.
Bu problemləri aradan qaldırmaq üçün tarı kifayət qədər rekonstruksiya etmişdim. Bircə qalmışdı tarın ifa pozisiyası. Bilirsiniz ki, tar oturaq vəziyyətdə və ayaq üstə duraraq (mən buna adət etmişdim) çalına bilən musiqi alətidir. Gənc yaşlarımdan evdə məşq edərkən tarı ayaq üstə duraraq, gəzişərək və ya oturaraq çalırdım. Ayaq üstə və yaxud gəzişərək məşq etmək qan dövranının daha yaxşı hərəkət etməsinə, ifaçının sağlamlığına müsbət təsir göstərir. Sual verə bilərsiniz ki, bəs səhnədə ayaq üstə durub tar çalmağın üstünlükləri hansılardır?
İfaçı səhnəyə qədəm basarkən tamaşaçının diqqəti ona yönəlir. Tamaşaçı ifaçının yerişinə, geyiminə, saç düzümünə, səliqə-sahmanına, bir sözlə hər şeyə diqqət yetirir və daha sonra fikirləri ifaya cəmlənir. Bu anda səhnəyə stul gətirib aparan səhnə işçisinin hərəkəti nəticəsində yayınmış diqqətini ifaçının çalğısına cəmləməyə çalışan tamaşaçının vəziyyətini düşünün. Bundan əlavə ifaçının oturduğu stul narahat ola bilər, mikrofondan bəlli bir məsafədə qoyulmuş olsa belə mikrofonun səs səviyyəsi az və ya çox ola bilər. Belə bir vəziyyətdə ifaçı istədiyi qədər mikrofona yaxınlaşıb uzaqlaşmaq imkanından məhrum olur və dinləyicilərlə təmasda çətinlik çəkir.
Mən 1982-ci ildə Tbilisidə dövlət tədbirinə həsr olunmuş konsertdə ilk dəfə tarı ayaq üstə duraraq skripka kimi çaldım və yuxarıda saydığım problemlərin bir anda aradan qalxdığının canlı şahidi oldum.
…Və bundan sonra dünyanın böyük və əzəmətli konsert səhnələrində – Almaniya Federativ Respublikasında, Əfqanıstanda, Fransada, Avstriyada, Əlcazairdə, Tunisdə, Zambiyada, Yuqoslaviyada, Türkiyədə və adını demədiyim neçə-neçə xarici ölkələrdə Həmid tarı ayaq üstə çalıb. 1979-cu ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Almaniyanın Münhen şəhərində olarkən Həmidin çalğısı əcnəbi dinləyiciləri və sevimli xalq şairimiz Cabir Novruzu necə ovsunlayıb ilhamlandırıbsa böyük söz ustası elə oradaca “Gör harda dinirdi qədim tarımız” adlı məşhur şeirini yazıb. Həmin şeiri olduğu kimi diqqətinizə çatdırıram:
Münxen… AFR-in
düz mərkəzində
Həmid, sən tarımı
dilləndirirdin.
Min arzu coşurdu
onun səsində,
Mənim vüqarımı
dilləndirirdin.
Çaldığın nə idi?
Muğamatımız,
Solmaz şöhrətimiz,
ölməz adımız,
Bizim nəsil-nəsil
iftixarımız!
Gör harda dinirdi qədim tarımız?!
O adi pərdələr,
o simlər idi,
Fəqət dinləyənlər,
gör, kimlər idi?!
Özünü təzədən təzə sananlar,
Ali zövqü ilə
lovğalananlar.
Necə sakit-sakit oturmuşdular,
Tamam özlərini unutmuşdular…
Cənab diplomatlar qulaq asırdı,
Neçə çinlər, adlar qulaq asırdı.
Diqqət kəsilmişdi səfirlər belə,
Bədxahlar, lovğalar, səfehlər belə…
Pıç-pıç danışanlar seyrəlirdilər,
Yelpazə xanımlar kövrəlirdilər,
Bir zaman dünyaya güllə atanlar,
Günahsız ev yıxıb qana batanlar
Simlərin sehrində, oynundaydılar,
Dərin düşüncələr qoynundaydılar.
Səhnədə bir səndin, bir də tar idi…
Salona baxırdım, salon lal idi…
Bura AFR-in mərkəzi idi,
Bura mədənidən mədəni idi.
Bura Bethovenlər ölkəsi idi,
Şillerlər, Hötelər vətəni idi…
Sən burda tarımı dilləndirirdin,
Mənim vüqarımı dilləndirirdin,
Münxenə “Heyratı” seli axırdı…
Salona diqqətlə durub baxırdım.
Yubkası bir qarış olanlar belə,
Saçı metrə-metrə oğlanlar belə
Simlərin gücünü duymaqda idi.
Qəribə heyrətdə, maraqda idi…
Sən isə çalırdın, elə çalırdın,
Tarımı gətirib dilə çalırdın…
Bura Avropanın mərkəzi idi,
Super musiqilər ölkəsi idi,
Bir vaxt bizi soyan bir ölkə idi,
Bir vaxt bizi danan bir ölkə idi…
Gülləylə uyuyan bir ölkə idi,
Gülləylə oyanan bir ölkə idi.
Ürəyim fərəhdən dağa dönürdü,
Çalırdın, qürurla mən düşünürdüm…
Bu incə simlərlə, zərif tar ilə,
Bu sirli, sehirli barmaqlar ilə
Ordular ayağa qaldıra billik,
Mərdlik himnləri çaldıra billik,
Bu köhnə simlərlə, qədim tar ilə,
Bu sirli, sehirli barmaqlar ilə
Nifrət nəhrlərin söndürə billik,
Ən daş ürəkləri dindirə billik,
Ən daş ürəkləri kövrəldə billik,
Çox-çox təzələri köhnəldə billik.
…Həmid Vəkilov Azərbaycan xalq çalğı ifaçılığı tarixində ilk dəfə dünya musiqisinin bir çox incisini, o cümlədən F.Mendersonun “Skripka ilə orkestr üçün konserti”ni, P.Sarasatenin “Əndəlüs” romansını, F.Şopenin, D.Şostakoviçin əsərlərini tar üçün işləyib və öz repertuarını daha da zənginləşdirib.
İfaçılıq fəaliyyətinin inkişafı yeni-yeni çalğı üsullarının, yeni ştrixlərin və tarda çalınmamış akkordların meydana gəlməsinə zəmin yaradıb. Gənc tarzənin qəlbində mövcud tar konsertlərindən fərqli bir konsert çalmaq arzusu tumurcuqlanıb. Yaranacaq yeni əsərdə onun tarda etdiyi yeniliklər öz əksini tapmalıydı. Bəm simdən və zəng simlərdən daha məntiqli və daha fəal istifadə olunmalı, yeni akkordlara, dördüncü barmaqdan ilk dəfə rəsmən istifadə edilməsinə və yeni ştrixlərə (mizrablara) yer verilməliydi.
Bu tumurcuq istəyin çiçəklənməsi üçün 1983-cü ildə Həmid bəstəkar Zakir Bağırova müraciət edib və onu tar və simfonik orkestr üçün konsert yazmağa razı sala bilib. Əsər düz 9 aya başa gəlib. Azərbaycan Bəstəkarlar İttifaqının xüsusi komissiyası tərəfindən konsert dinlənib və Cövdət Hacıyev, Arif Məlikov, Ramiz Zöhrabov, Dadaş Dadaşov, Azər Dadaşov, Ağaverdi Paşayev və digər dəyərli sənətkarların müsbət rəyi ilə qiymətləndirilib. Konsertdə ilk dəfə olaraq flajoletdən, bəm simdən, nonakkordlardan, dördüncü barmağın rəsmən işlədilməsindən və s. virtuoz üsullardan istifadə olunub.
Bir çox yeniliklərin yer aldığı bu konsert tar ifaçılığı tarixində yeni bir mərhələnin başlanğıcı olub. Zakir Bağırovun Həmid üçün işlədiyi “Tar və simfonik orkestr üçün konserti”ni SSRİ xalq artisti Nikolay Nekrasov bəyənib və rus xalq çalğı alətləri orkestri üçün işləyib. Bu möhtəşəm əsər 1985-ci ildə Həmidin özünün ifasında N.Nekrasovun rəhbərliyi ilə Ümummittifaq Televiziya və Radiosunun akademik rus xalq çalğı alətləri orkestrinin müşayiətilə lentə yazılıb və qızıl fonda daxil edilib.
1992-ci ildə Həmid Azərbaycan Dövlət Konservatoriyasında dosent vəzifəsinə layiq görülüb və elə həmin ildən də Türkiyə Respublikasının Kültür Bakanlığının dəvəti ilə “Güzəl sanatlar” genel müdirliyinin nəzdində solist tarzən kimi çalışıb. Azərbaycan xalq çalğı ifaçılığı tarixində ilk dəfə olaraq postsovet məkanından kənarda – Türkiyədə simfonik orkestrin müşayiəti ilə konsert verib.
Belə konsertlərin birində – Ankarada Türkiyə Cümhur Başqanlığı simfonik orkestrinin müşayiəti ilə Hacı Xanməmmədovun “Tar ilə orkestr üçün 2 nömrəli konserti”ni Həmid ifa etdikdən sonra orkestrin dirijoru, görkəmli rumın musiqiçisi İonesku Qalatin heyrətini gizlədə bilməyib və “bravo, heyran qaldım” deyə tarzəni bağrına basıb.
Çox tezliklə Adanada, Ankarada, İstanbulda və İzmirdə çalınan bu uğurlu konsertlərin əks-sədası nəinki yerli tamaşaçılar, eyni zamanda əcnəbi ölkə dinləyiciləri arasında da rəğbətlə qarşılanıb. Həmid az zaman içərisində qardaş diyarda “Uzman sanatkar” kimi ad çıxarıb, hörməti əziz tutulub, hər yerdə şükranla, təşəkkürlərlə qarşılanıb.
“Uzman sanatkar” xarici ölkə səfirlikləri tərəfindən müntəzəm olaraq musiqi və xeyriyyə tədbirlərinə dəvətlər alıb. ABŞ-ın Ankaradakı səfirliyində kimsəsiz uşaqlar üçün xeyriyyə konsertində iştirak edən Həmid sürpriz olaraq ilk dəfə burada Amerika bəstəkarı Skott Coplinin “Rektaym” klassik caz musiqisini tarda ifa edib və bununla da Azərbaycan xalq çalğı alətlərində cazın ifasının təməlini qoyub.
Bundan sonra o, ispan bəstəkarı və gitaraçısı F.Tarreqanın “Alhambra xatirələri” əsərini də tar üçün işləyib. Həmid melodiyanı malik olduğu harmonik səslərlə, eyni zamanda müşayiət etmək özəlliyini itirmədən bu əsəri ilk dəfə özünün icad etdiyi yeni üsulla – polifonik ifa üsulu ilə tarda çalıb.
Heç kimə sirr deyil ki, ustad tarzənlərimiz bir-birindən həmişə özlərinə məxsus ifaçılıq xüsusiyyətləri ilə: kimisi ştrixlərin-mizrabların çeşid zənginliklərindən, kimisi “xun”dan, kimisi də vibrasiyalardan daha geniş istifadə etməklə fərqləniblər. Lakin həmin ustad ifaçıların təfsirləri not yazısında tam dolğunluğu ilə əksini tapa bilmədiyndən tarixi baxımdan sənədləşməyib. Buna səbəb ştrix, üsul və üslubları yazıda təcəssüm etdirən işarələrin, adların müəyyən edilməməsi olub.
Həmid tara məxsus musiqi əsərlərinin təfsirini (interpretasiyasını) gələcək nəsillərə çatdırmaq üçün tar ifaçılığında mövcud olan ştrix, üslub və üsulları – “Ayırmasim”, “Dəmli mizrab”, “Əndər mizrab”, “Ləng mizrab”, “Cırmaqlı barmaq”, “Diringə cırmaq”, “Lal barmaq”, “Gərmə” və “Qapama” müəyyənləşdirib və yeni işarələri bildirən kəlmələrdən bir termin kimi istifadə olunmasını tövsiyə edib.
Sirr deyil ki, Həmidin səmərəli təklifləri heç də hamının ürəyincə olmayıb. Kimlərsə onu alətin milli görkəminin dəyişməsində, kimlərsə də səslənmə akustikasının azalmasında və sairədə günahlandırıb. Lakin Həmid özü də etiraf edir ki, günü bu gün də o, işlərini tam başa çatdırmayıb və tarın rekonstruksiya olunmasında yaradıcılıq axtarışlarını səylə davam etdirir.
1987-ci ildə Həmidin musiqi-ifaçılıq sənətinin inkişafında xidmətləri yüksək dəyərləndirilib və o “Azərbaycan SSR əməkdar artisti” kimi yüksək fəxri ada layiq görülüb.
Sənətin dərin sirlərinə bələd olan Həmid ömrünün ixtiyar çağına çatsa da sədəfli tardan ayrılmayıb. Həmişə musiqi ilə yaşayan, daim axtarışlar edən, yenilkiçi sənətkar böyük müəllimi Mirzə Sadıq Əsədoğlunun tar məktəbini nəinki davam etdirib, həm də bu məktəbi daha da zənginləşdirib.
Onun musiqisevərlərin ixtiyarına verilmiş “Pyeslər” məcmuəsi rəğbətlə qarşılanıb. Məcmuə N.Əliverdibəyovun “Vals skertso”, P.Çaykovskinin “Sentimental vals”, T.Quliyevin “Qaytağı” əsərlərini əhatə edir. Bu əsərlərin hamısını, habelə Niyazinin “Arzu”sunu tar ilə fortepiano üçün ilk dəfə Həmid işləyib. N.Əliverdivəyovun “Elegiya”sını tarda ilk dəfə o çalıb.
Musiqi yaradıcılığı ilə bərabər, qırx ildən çox pedaqoji fəaliyyətlə – müəllimliklə məşğul olan Həmid neçə-neçə istedadlı tarzənlər yetişdirib. Onlarla gənc tarzən onun sənət dünyasından bəhrələnib, musiqi dünyasına ifaçı “vəsiqə”sini ondan alıb. Bu gün o, tələbələrə Azərbaycan musiqisinin melodik və ritmik xüsusiyyətlərini, çalğı imkanlarını, tembrini, səs palitrasını əyani-estetik əsaslarla izah edən professional pedaqoqlardandır.
Həmid Vəkilovu tarın tədrisi həmişə düşündürüb. Təhsil Nazirliyi Elmi-Metodik Şurasının “İncəsənət və musiqişünaslıq” bölməsinın məsləhət gördüyü və tarzən-pedaqoqun yazdığı “Tarın bəzi ifaçılıq problemləri (metodik vəsait)” kitabı ali və orta ixtisas musiqi məktəblərində çalışan müəllimlərə, tələbələrə dəyərli töhfə olmaqla bərabər, bir daha təsdiq edib ki, çevik ifası və böyük təsir qüvvəsinə malik çalğı texnikası, təravətli ahəng, obrazlı ifadə, hissi dərinlik kimi fərdi yaradıcılıq siması ilə səciyyələnən bu virtuoz tarzən özünəməxsus axtarışlı yol ilə inamla və qətiyyətlə irəliləyir.
Mozaika – axırıncı haşiyə və ya canım sizə söyləsin, daha nələr və nələr…
“Musiqi insan bədəninin bir hissəsidir. Elə bir hissəsidir ki, ürəkdən sinəyə axıb insanı vəcdəyə gətirir, ruhlandırır, düşündürür”.
İbn Sina, (əlyazmadan)
…Yazının əvvəlində müxtəlif rənglər kimi qəlbimizə dolan muğamlardan, musiqilərdən söz açmışdım. Yazının sonunu isə musiqi kimi ahəngi olan rənglərin bir insan ömrünün, mübarizəsinin və taleyinin gözümüzdə canlandırdığı rəngarən çalarlarla bitirəcəyəm…
Ağ rəng… Ömrün o başındakı Həmiddən ömrün bu başındakı Həmidə nə qalıb görəsən? Azərbaycan Milli Konservatoriyası xalq çalğı alətləri kafedrasının professoru, əməkdar artist, beynəlxalq müsabiqə laueratı, novator və ustad sənətkar Həmid Vəkilov zil qara saçları həmişə səliqə ilə daranmış, baxışlarında qətiyyət hiss olunan, o balaca oğlana çoxmu borcludur?
– Təbii ki, çox!
Sual verə bilərsiniz:
– Yaxşı, onda o Həmiddən bu Həmidə nə qalıb?
Ağ rəngin məhəbbət çaları… Cavab şübhəsiz ki, birmənalı şəkildə belədir:
– Əvvəla, hər böyük yaradıcı insan üçün əvəzsiz bir vergi; Sənətkar sadələiyi! Həm yetkinlik dövründə, həm də kamillik və müdriklik yaşında da dünyaya uşaq kimi baxmaq bacarığı!
– İkincisi, bütövlük duyğusu. Həm həyatda, həm də sənətdə. Uşaqlıqdan xırdaçılıqla arası yoxdur, özü də bütövdür, sözü də bütövdür! İndi Həmid Vəkilovun sənətində hamının bəyəndiyi böyük ifaçılıq məharətinin və monumentallığın kökü, mayası, canı və qanı da məhz bu bütövlükdədir!
– Üçüncüsü, təvazökarlıq. Uşaqlıqdan ölçüsüz tərifdən xoşallanan deyil. Bəlkə, hələ tərifdən də çox, hətta qərəzli-qərəzsiz tənqid də edilib. Fəqət çox vədə susub. Niyə? Ona görə ki, tarzənin dili onun mizrabıdır!
– Dördüncüsü, etibarlılıq, səmimilik və mehribanlıq. Böyüyün-kiçiyin yerini, duz-çörəyin qədr-qiymətini biləndir.
– Və nəhayət. Həmidi Həmid eyləyən qranit kimi möhkəm bir özül. Sənətinə ölçüsüz-biçisiz məhəbbət!
Şirmayı… İllər də keçəcək, qərinələr də ötəcək. Tarzən Həmid Vəkilov sənəti neçə-neçə sənətsevərin zövqünü, ruhunu oxşayacaq, ona xoş duyğular bəxş edəcək. Çünki bu sənət əbədi sənətdir, yaşarı sənətdir…
Gümüşü… “Hünər yüksəkliklərə qalxmaqda deyil, hünər yüksəkliklərdə məharətlə qalmaqdadır”. Bu sözləri nə vaxtsa Vilyam Şekspir deyib.
Püstəyi… “Günəş şəfəqlərini saçan kimi, mən də öz hisslərimi ən yaxşı nəğmələrimə saçıram”. Bu sözləri də haçansa Mirzə Şəfi Vazeh söyləyib.
Al qırmızı… “Mənim hər şeyə – sənətə də, həyata da öz şəxsi münasibətim var. Və bu elə bir münasibət, elə bir düşüncədir ki, bütün həyatım boyu mənə vəfasız çıxmayıb”.
Qırmızının inam çalarları… Bu sözlər isə tar sənətinin mahir bilicisi və ən layiqli ifaçılarından biri, 68 illik “ömür dənizinin sahilinə çatmış” ustad Həmid Vəkilova məxsusdur.
Bu fikirlərdə böyük həqiqət var.
Sentyabr, 2017-ci il
“525-ci qəzet” – № 183 (4920), 184 (4921), 185 (4922),
10, 11 və 12 oktyabr 2017-ci il