Hikmət Nazim
Bir jurnalistlə dərdləşirdik, söhbət onun kənar müəllif kimi müsahibələr, reportajlar hazırlayıb yolladığı saytın ortaya qoyduğu siyasi mövqeyə gəlib çıxanda saytdan uzaqlaşmaq istədiyini bildirdi. Hazırladığı reportaj və müsahibələrin yayımlandığı saytın dərc etdiyi materialları ara-sıra izlədiyim üçün onu fikrindən danışdırmağa çalışdım; çünki sayt ağı ağ yazır, qaranı qara yazmağa gələndə bir balaca fikirləşir. Yəni hamı mitinqə gələn iştirakçı sayını 10 min yazanda onlar 3 min yazır. Olsun. Ola bilər, xəbəri təsdiqləyən mənbələr fərqlidir. “Qara”nı da sən yaz! Öz yazılarınla onları dəyişməyə çalış. Elə o jurnalistə də bunu dedim. Keçən gün baxdım, təzədən yazmağa başlayıb, sevindim.
Düzdür, özüm də bir neçə dəfə məhz redaksiyanın mövqeyi ilə razılaşmadığım üçün xəbər göndərməyi dayandırmışam. İndi elə düşünmürəm. Daha doğrusu, düşünürəm ki, bir az çılğınlıq etmişəm. Bir sözlə, iki-üç ildir ağıllanmışam, “redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər” cümləsinin mənasını təzə-təzə anlamağa başlamışam.
Əslində xəbərdə, müsahibədə müəllifin mövqeyi olmamalıdır. Təəssüf, son illərdə “ixtiyar sahibləri” ölkə mediasını o vəziyyətə salıblar ki, artıq jurnalistin problemə baxışı, sual vermə tərzi belə onun “mövqeyi” hesab olunur. Dəfələrlə görmüşəm, müsahib müxbirin üstünə “ölkədəki inkişafı gözün götürmür, ona görə belə sual verirsən” deyə qışqırıb. Bunu nəzərə alaraq yenə təkrarlayıram: redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.
Bu məqamda ortaya bir başqa problem çıxır: sən “mövqeyim redaksiyanın mövqeyi ilə üst-üstə düşməsə də olar” düşüncəsiylə material yollayırsan, baş redaktor onu redaksiyanın mövqeyinə uyğunlaşdırmağa çalışır. Burada variant qalmır, yazım-yazmayım deyə düşünmürsən, sadəcə həvəsin ölür, “sınır qol-qanadın yanına düşür”, özgə yerə yazmağa marağın olmur. Beləcə yazmağı dayandırırsan.
Demək olmaz ki, o baş redaktorlar tutduqları vəzifənin təyinatını bilmirlər. Elə redaktorlar tanıyıram – onlar mənə jurnalistikanın əlifbasını öyrədən adamlardır. Hər halda, bu vəzifənin səlahiyyətlərinin qanunla tənzimləndiyini də bilirlər. Bəli, onlar da gözəl bilirlər ki, “baş redaktor” deyiləndə redaksiyaya başçılıq edən, materialların yayımına icazə verən şəxs; “jurnalist” deyiləndə redaksiya üçün xəbər və materialların toplanması, redaktəsi ilə məşğul olan şəxs ağla gəlir.
Yəqin bu məsələlərdən xəbərdar olan adamlar onu da bilirlər ki, baş redaktor birbaşa yazılarla işləyən şəxs deyil. O, daha çox təşkilatçılıq işlərinə baxmalıdır. Yazılarla işləsə belə, müəlliflərin mövqeyinə “redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər” prinsipindən yanaşmalıdır. Yazılara düzəliş etmək zərurəti yarananda isə bunu müəlliflərlə razılaşdırmalı, ya da ümumiyyətlə həmin yazının başçılıq etdiyi media qurumunda yayımlanmamasına qərar verməlidir.
Baş redaktorlar yəqin onu da oxuyub-öyrənmiş olarlar ki, yazıları lüzumsuz yerə kəsib-doğramaq, materialların dərcini əsassız yerə məhdudlaşdırmaq, yaxud müsahibələri “yuxarılar”la razılaşdırmaq da qəti qadağandır, qanunla tənzimlənir. “Kütləvi informasiya vasitələri haqqında” qanunun “kütləvi informasiya azadlığından sui-istifadə”ni qadağan edən maddəsi ilə yanaşı “senzuranın yolverilməzliyi”ni bəyan edən maddəsi də var.
Təbii, o baş redaktorlar bu qanunun müddəalarından xəbərsiz deyillər. Gəl ki, işlərini itirməmək, rəhbəri olduqları media qurumunu bağlanmaq təhlükəsi ilə üz-üzə qoymamaq üçünmü, yaxud hər hansı işləri “yuxarlar”ın əlinin altından keçdiyi üçünmü “Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, …pornoqrafik materiallar çap etdirmək, …digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir” kimi müddəalara cidd-cəhdlə riayət etdikləri halda senzuranın yolverilməzliyini bəyan edən maddədəki “məlumatın və ya müsahibənin müəllifi olduqları hallardan başqa, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin, habelə siyasi partiyaların kütləvi informasiya vasitələrində yayılan məlumat və materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və ya yayılmasını qadağan etmək hüququ yoxdur” kimi müddəaları gözdən qaçırır, jurnalisti müsahibin ayağına verirlər.
Müəllifin başqa yazıları:
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Bakılının erməni musiqisinə qulaq asmağı
Medianın azad fikrə reaksiyası
Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?
Qanalı Əhməd və azərbaycanlı Rasim
Senzura haqqında bir neçə kəlmə
Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər
İntim görüntüləri yayılan kimdir?